Məhkəmə qərarları › İş №2(006)-5238/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5238/2025

24.11.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5238/2025 24.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ X2 oğlunun sədrliyi, X1 qızının katibliyi, İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1, Cavabdeh2in nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh2ə qarşı “işə bərpa və s.” tələbinə tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Təhsil İdarəsinə qarşı “işə bərpa və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 297 saylı tam orta məktəbdə iş fəaliyyətinə davam etmək üçün işə bərpa olunması və məcburi işburaxma dövrü üçün ona kompensasiya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Bakı şəhəri 297 saylı tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsində işləmişdir. O, Nəsimi Rayon Məhkəməsinin 24.*9.2*21-ci il tarixli hökmü ilə 3 il spirtli içkilər satışı ilə bağlı sahədə rəhbər və maddi məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 16.*6.2*22-ci il tarixli qərarı ilə həmin hökm dəyişdirilərək iddiaçı barəsində tətbiq olunan cəza 3 il 6 aya endirilmişdir. Sabunçu Rayon Məhkəməsinin *4.1*.2*22-ci il tarixli qərarı ilə cəzadan şərti olaraq vaxtından 9 ay 2 gün əvvəl azad edilmişdir. Cəza müddəti bitdikdən sonra iddiaçı dəfələrlə 297 saylı məktəbə, Bakı Təhsil İdarəsinə, Azərbaycan Respublikası Təhsil İnstitutuna işinə davam etməsi üçün müraciət etsə də, heç bir nəticə olmamış, qeyd etdiyi qurumlar məsuliyyəti bir-birinin üstünə ataraq, müxtəlif bəhanələrlə onu yubatmışlar. Bu səbəbdən iddiaçı məhkəməyə müraciət etməli olmuşdur. 297 saylı tam orta məktəbə işinə davam etməsi üçün müraciət edərkən məktəb rəhbərliyi tərəfindən ona işdən çıxarılması ilə bağlı əmr təqdim olunmaması ilə yanaşı, eyni zamanda Bakı Təhsil İdarəsinə müraciət etməli olması qeyri-rəsmi olaraq ona bildirilmişdir. Halbuki, iddiaçının əmək müqaviləsində işəgötürən 297 saylı tam orta məktəbin direktorudur. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi etiraz təqdim edərək, iddia ərizəsinin təmin olunmaması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı E.Əliyev adına 297 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi kimi çalışmışdır. 2*2*-ci ildə həmin şəxs cinayət məsuliyyətinə cəlb edilmiş və barəsində ittiham hökmü çıxarılmışdır. İddiaçı 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin müddətdən işdən çıxarılana qədər işçi işə gəlməmiş və öz əmək funksiyalarını icra etməmişdir. Bakı şəhəri 297 nömrəli tam orta ümumtəhsil məktəbinin 3*.*6.2*25-ci il tarixli OU25*296*1\e nömrəli əmri ilə onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə məhz müvafiq məktəbin əmri əsasında xitam verilmişdir. Buna görə iddia tələbi Bakı şəhəri üzrə Təhsil İdarəsinə qarşı deyil, məktəbə qarşı qaldırılmalı idi. İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizələr təqdim edərək, cavabdehin Bakı şəhəri üzrə Təhsil İdarəsi kimi qəbul edilməsini, ikinci cavabdeh kimi isə 297 saylı orta məktəbin cəlb olunmasını, məcburi işburaxma müddəti üçün kompensasiya məbləğinin 1*.*** manat məbləğində müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi iddia müddətinin tətbiqi ilə bağlı ərizə təqdim edərək, iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən irəli sürülmüş iddia tələbləri qanunvericiliklə müəyyən olunmuş iddia müddətləri ötürülməklə irəli sürüldüyündən təmin olunmamalıdır. İş materiallarından göründüyü kimi, İddiaçı fərdi əmək mübahisələrinin həll edilməsi məqsədilə Bakı 2 saylı mediasiya təşkilatına müraciət etmişdir. 16.12.2*24-cü il tarixində ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış məhkəməyə təqdim edilmişdir. Lakin o, işə bərpa tələbi ilə yalnız 22.*9.2*25-ci il tarixində məhkəməyə müraciət etmişdir. Bu isə qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətinin ötürüldüyünü göstərir. Məhkəmə iclasında İddiaçı vəkili-nümayəndəsi Nümayəndə1 iddianı müdafiə edib bildirdi ki, iddiaçı cəzadan şərti olaraq azad olunan andan işə qayıdıb işləmək istəsə də, məktəb rəhbərliyi tərəfindən ona maneələr yaradılmışdır. Bakı şəhəri üzrə Təhsil İdarəsi rəsmi olaraq icazə versə, onun işləməsinə məktəb rəhbərliyi tərəfindən də şərait yaradılacağı bildirilmişdir. İddiaçı dəfələrlə hər iki cavabdehə müraciət etsə də, müsbət nəticə əldə edə bilməmişdir. Nəhayət, 2*24-cü ilin dekabr ayında müvafiq mediasiya təşkilatına işə bərpa tələbi ilə müraciət edən iddiaçı sonradan həmin tələblə digər məhkəməyə müraciət etmişdir. Yalnız bundan sonra onu işdən azad etmişlər. İddiaçı ona görə maneələrin aradan qaldırılması tələbini irəli sürməmişdir ki, maneənin nədən ibarət olması aşkar deyildi. İşdən azad edilmə barədə əmr iddiaçıya rəsmi olaraq təqdim edilməmiş, həmin əmrlə hazırkı iş üzrə məhkəmə iclası zamanı tanış olmuşlar. Buna görə də hesab edirlər ki, mübahisə ilə bağlı iddia müddətini ötürməmişlər, sözügedən əmr də qanunsuz olduğundan ləğv edilməli, iddiaçı işə bərpa edilərək ona məcburi işburaxma müddəti üçün kompensasiya ödənilməlidir. Kompensasiya məbləğini isə iddiaçının işlədiyi dövrlərdə aldığı əmək haqqı məbləğlərinə müvafiq olaraq hesablamışlar. Kompensasiyanı həbsdən azad edilən gündən işə bərpa olunan tarixədək istəyirlər. Qeyd etdiklərinə əsasən və iddiaçının məhkum edilənədək iş kollektivi, şagirdlər və valideynlər arasında hörmətli biri olmasının nəzərə alınaraq, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2in nümayəndəsi Nümayəndə2 iddianı qəbul etməyib bildirdi ki, iddiaçı barəsində verilən hökmü mübahisələndirdiyini bildirdiyindən, həmin vaxt məktəbin direktoru olmuş şəxs onu işdən azad etməmiş, yekun qərar barədə məlumat verməsini gözləmişdir. Lakin iddiaçı tərəfindən yekun qərar barədə məlumat məktəbə təqdim edilməmişdir. Özü direktor təyin ediləndən sonra iddiaçının işə çıxmadığını müəyyən etmiş, 2*25-ci ilin yanvar ayında onun ünvanına bunun səbəbləri barədə məlumat verməsi ilə bağlı məktub göndərsə də, bu məktub uzun müddət cavabsız qalmışdır. Belə olan halda 2*25-ci ilin iyun ayında Həmkarlar Təşkilatına iddiaçının işdən azad edilməsinə münasibət bildirilməsi ilə bağlı təqdimat verilmişdir. Həmkarlar Təşkilatı tərəfindən iddiaçının işdən azad edilməsinə razılıq verildiyindən onlar həmin gün iddiaçını işdən azad etmişlər. Cəza çəkdiyi dövrdə onun dərsləri tədris edilmək üçün başqa müəllimə verilmiş, adına dərs saatı yazılmadığından iddiaçıya əmək haqqı da hesablanmamışdır. Buna görə də iddiaçının işə bərpa və məcburi işburaxma müddəti üçün kompensasiya tələbi əsassızdır. Əvvəlki rəhbərliyin iddiaçı tutulandan sonra onu işdən azad etməməsi düzgün olmasa da, hazırkı rəhbərlik bu vəziyyətə göz yuma bilməz. Valideynlər və şagirdlər də məhkum olunmuş birinin sonradan işə bərpa olunmasını xoş qarşılamaz, şikayət edərlər. İddiaçının dəlillərinin əsassız olmasının nəzərə alınaraq iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada xəbərdar edilməsinə baxmayaraq, digər cavabdeh Bakı şəhəri üzrə Təhsil İdarəsi nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə digər cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün saymışdır. Belə ki, əvvəlki məhkəmə iclaslarında iştirak edən nümayəndələr iddianı qəbul etməyib bildirmişlər ki, iddia tələbi əsassızdır. Təhsil İdarəsinin tələb üzrə əsl cavabdeh olmadığını və iş üzrə iddia müddətinin ötürüldüyünü əlavə edib, iddia tələbinin təmin edilməməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Əsaslandırıcı hissə: a) İş materialları: Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən İddiaçı ünvanlanmış 13.*2.2*23-cü il tarixli məktubdan görünür ki, işlə təmin olunması barədə Elm və Təhsil Nazirliyinə daxil olmuş 28.12.2*22-ci və 1*.*1.2*23-cü il tarixli müraciətlərinə İnstitutun İnsan resursları mərkəzində baxılmışdır. Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqə başa çatdıqdan sonra tutulmayan və ya yeni yaranan vakant yerlərə müvafiq keçid balını toplayan namizədlərin müddətli müqavilə ilə işə qəbulu Nazirlik tərəfindən proqram təminatı tətbiq edilməklə mərkəzləşmiş qaydada həyata keçirilir. Vakant yerlərin seçimi üçün nəzərdə tutulmuş vaxt başa çatdıqdan sonra test imtahanının nəticələri nəzərə alınmaqla namizədlərin vakant yerlərə yerləşdirilməsi bal ardıcıllığı gözlənilməklə aparılır. Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən İddiaçı ünvanlanmış 14.*3.2*23-cü il tarixli məktubdan görünür ki, o, 3*.12.2*22-ci il tarixdə Cavabdeh2 fiziki tərbiyə müəllimi vəzifəsinə yenidən bərpa olunmaq üçün müraciət etmişdir. Həmin müraciətlə əlaqədar onun tərəfindən təqdim edilən sənədlərdən məlum olmuşdur ki, barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2**.4-cü maddəsi ilə 3 il 6 ay müddətinə həbs qərarı verilmişdir. Cəzanın 2 il 9 ay müddətini cəzaçəkmə müəssisəsində çəkdikdən sonra *4.1*.2*22-ci il tarixində şərti azadlığa buraxılmışdır. Bəraət almaq üçün məhkəmə hökmündən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etmişdir. 297 nömrəli tam orta məktəbdə fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa olunmasına dair müraciətinə baxılması üçün yekun məhkəmə aktının təqdim edilməsi və ya tətbiq edilmiş cəza müddətinin bitməsi zəruridir. Qeyd edilən müvafiq sənədlər təqdim edildikdən sonra müraciətinə yenidən baxılmasının mümkün olması bildirilmişdir. Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən İddiaçı ünvanlanmış 28.*4.2*23-cü il tarixli məktubdan görünür ki, işlə təmin olunması barədə Azərbaycan Respublikası Milli Məclisindən Elm və Təhsil Nazirliyinə daxil olmuş 17.*3.2*23-cü il tarixli müraciətinə İnstitutun İnsan resursları mərkəzində baxılmışdır. Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müddətsiz müqavilə ilə ixtisaslı müəllim kadrlarının işə qəbulu Nazirlik tərəfindən mərkəzləşdirilmiş müsabiqə yolu ilə həyata keçirilir. Müəllimlərin işə qəbulu üzrə müsabiqənin bütün mərhələlərində uğur qazanan şəxslərlə müddətsiz əmək müqaviləsi bağlanılır. Müsabiqənin nəticələrinə görə hər bir ixtisas üzrə boş qalan və yeni yaranan vakansiyalar üçün əlavə yerləşdirmə keçirilə bilər. Əlavə yerləşdirmə mərhələsində namizədlərin faktiki yaşayış yeri və imtahan nəticəsi nəzərə alındıqda onların mövcud olan vakansiyalara yerləşdirilməsi həyata keçirilir. Nəzərə alması xahiş olunmuşdur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş *9.1*.2*24-cü il tarixli arayışdan görünür ki, Nazirliyin mərkəzləşdirilmiş uçotlarındakı məlumata əsasən İddiaçı məhkumluğu ilə bağlı aşağıdakılar müəyyən edilmişdir: Nəsimi Rayon Məhkəməsinin 24.*9.2*21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 2**.4, 46.2-ci maddələrinə əsasən *3 il spirtli içkilər satışı ilə bağlı sahədə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə *5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur. Bakı Apellyasiya Məhkəməsinin 16.*6.2*22-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası *3 il *6 aya endirilmişdir. *4.1*.2*22-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə *9 ay *2 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı 2 saylı Mediasiya Təşkilatı tərəfindən verilmiş 16.12.2*24-cü il tarixli arayışdan görünür ki, İddiaçı işə bərpa, məcburi işburaxma dövrü üçün kompensasiya tələbinə dair əmək mübahisəsi üzrə işlə bağlı təyin edilmiş ilkin mediasiya sessiyasında Bakı şəhər Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. Emin Əliyev adına 297 nömrəli tam orta məktəb tərəfindən İddiaçı ünvanlanmış 1*.*1.2*25-ci il tarixli məktubdan görünür ki, məktəbdə fiziki tərbiyə fənni üzrə müəllim kimi işlədiyi halda, 2*2*-ci ildən etibarən işə çıxmadığı qeydə alınmışdır. Həmin tarixdən işə çıxmaması ilə bağlı məktəbə rəsmi sənəd təqdim etməmişdir. İşə çıxmamasının səbəbləri barədə ətraflı yazılı məlumat verməsi və təsdiqedici sənədləri təqdim etməsi xahiş olunmuşdur. Emin Əliyev adına 297 nömrəli tam orta məktəb tərəfindən Həmkarlar Təşkilatına ünvanlanmış 3*.*6.2*25-ci il tarixli məktubdan görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı 2*2*-ci ildə həbs olunmuşdur. 2*22-ci ildə həbs icbari işlə əvəz olunmuşdur. 3*.*6.2*25-ci ilədək işə gəlməmişdir. İşə çıxmamasının səbəbi ilə bağlı 2*25-ci ilin yanvar ayında məktəb tərəfindən yazılı sorğu göndərilmişdir. Yazılı sorğuda işə çıxmama səbəbini əsaslandırmaq və təsdiqedici sənədlər təqdim etmək xahiş olunmuşdur. Lakin sorğuya heç bir cavab verilməmişdir. Həmin şəxslə əmək münasibətlərinin tənzimləmək məqsədilə müqaviləyə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. E.Əliyev adına 297 nömrəli tam orta məktəb əmək münasibətlərinin tənzimlənməsinə münasibət barədə komissiyanın iclasının 3*.*6.2*25-ci il tarixli *6 nömrəli protokolundan görünür ki, məktəb tərəfindən verilmiş 3*.*6.2*25-ci il tarixli 56 nömrəli təqdimata baxılaraq İddiaçı əmək müqaviləsinə xitam verilməsinin məqsədə uyğun hesab edilməsi qərara alınmışdır. Bakı şəhəri E.Əliyev adına 297 nömrəli tam orta məktəb tərəfindən verilmiş 3*.*6.2*25-ci il tarixli əmrdən görünür ki, məktəbin fiziki tərbiyə müəllimi İddiaçı ilə bağlanmış əmək müqaviləsinə həmin tarixdən xitam verilməsi və son haqq-hesab ödənilməsi barədə əmr verilmiş, əmrin əsasının Azərbaycan Respublikası Əmək Məcəlləsinin 7*-ci maddəsinin “ç” bəndi olması göstərilmişdir. İş materiallarına 2*19-cu ilin bütün aylarında və 2*25-ci ilin iyul ayında tərtib edilmiş ödəniş tapşırıqları da əlavə edilmişdir. b) Məhkəmə tərəfindən müəyyən edilən hallar: Beləliklə, məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı Cavabdeh2 fiziki tərbiyə müəllimi vəzifəsində işlədiyi dövrdə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24.*9.2*21-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5, 2**.4, 46.2-ci maddələrinə əsasən 3 il spirtli içkilər satışı ilə bağlı sahədə rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı Apellyasiya Məhkəməsinin 16.*6.2*22-ci il tarixli qərarı ilə hökm dəyişdirilərək cəzası 3 il 6 aya endirilmişdir. *4.1*.2*22-ci ildə Sabunçu Rayon Məhkəməsinin qərarı ilə 9 ay 2 gün vaxtından əvvəl şərti azad edilən iddiaçı 28.12.2*22-ci və 1*.*1.2*23-cü il tarixlərdə Elm və Təhsil Nazirliyinə müraciətlər edərək, işlə təmin olunmasını xahiş etmiş, Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən 13.*2.2*23-cü il tarixli məktubla ona müəllimlərin işə qəbul proseduru barədə məlumat verilmişdir. 3*.12.2*22-ci il tarixdə Cavabdeh2 fiziki tərbiyə müəllimi vəzifəsinə bərpa olunmaq üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edən iddiaçıya bəraət almaq üçün məhkəmə hökmündən Azərbaycan Respublikası Ali Məhkəməsinə müraciət etdiyinə görə, yekun məhkəmə aktının təqdim edilməsi və ya tətbiq edilmiş cəza müddətinin bitməsinin zəruri olması ona bildirilmişdir. İddiaçının 17.*3.2*23-cü il tarixdə analoji məzmunlu ərizə ilə Azərbaycan Respublikası Milli Məclisinə də müraciət etməsi iş materiallarından müəyyən olunur. Bütün bu müddət ərzində iddiaçının məktəbdəki vəzifəsindən azad edilməməsi işin mübahisəsiz halıdır. İddiaçı bu müraciətlərinin səbəbi kimi həbsdən azad edilən andan məktəb tərəfindən ona əvvəlki işində işləməyə şərait yaradılmamasını, bunun üçün Bakı şəhəri üzrə Təhsil İdarəsinin də razılığının tələb olunduğunu bildirməsini göstərir. Məktəbdən və Təhsil İdarəsindən müsbət cavab ala bilməyən iddiaçı Bakı 2 saylı Mediasiya Təşkilatına müraciət etmiş, 16.12.2*24-cü il tarixdə keçirilmiş ilkin mediasiya sessiyasında Təhsil İdarəsinin nümayəndəsi iştirak etməmişdir. İddiaçının dəlillərini qəbul etməyən Cavabdeh2 1*.*1.2*25-ci il tarixdə 2*2*-ci ildən etibarən işə çıxmamasının səbəbləri barədə ətraflı yazılı məlumat verməsi və təsdiqedici sənədləri təqdim etməsi barədə məktubu iddiaçıya göndərdiyini, lakin bu məktuba cavab almadığını bildirir. İş materiallarından müəyyən edilir ki, 3*.*6.2*25-ci il tarixdə məktəb tərəfindən iddiaçının işdən azad edilməsi ilə bağlı məsələyə münasibət bildirilməsi barədə Həmkarlar Təşkilatına edilmiş müraciətə razılıq verilmiş, həmin tarixdə iddiaçı işdən azad edilmişdir. Hazırda iddiaçı məktəbi və Təhsil İdarəsini cavabdehlər qismində cəlb edərək, işə bərpa edilməsini və məcburi işburaxma müddəti üçün 1*.*** manat kompensasiya ödənilməsini tələb edir. Cavabdehlər iddiaçının heç bir dəlilini qəbul etməyərək, iddianın rədd edilməsini xahiş edirlər. Cavabdeh Təhsil İdarəsi həmçinin, iş üzrə əsl cavabdeh olmadığını və tələb üzrə iddia müddətinin ötürüldüyünü mübahisələndirir. c) Məhkəmənin mövqeyi və iş üzrə gəldiyi nəticə: Məhkəmənin mövqeyinə görə, cavabdeh məktəb iddiaçı barəsində hökm qanuni qüvvəsini aldığı andan onu Əmək Məcəlləsinin 74-cü maddəsinin ç bəndinə əsasən işdən azad etməli idi. Belə ki, qanunun bu norması tərəflərin iradəsindən asılı olmayan hallardan biri hesab olunur və cavabdeh məktəb həmin vaxt iddiaçının işdən azad edilməsini bu formada rəsmiləşdirməli idi. Lakin işin faktiki halı ondan ibarətdir ki, həmin vaxt cavabdeh məktəbin direktoru olmuş şəxs iddiaçını işdən azad etməmiş, yeni təyin olunan direktor da iddiaçını hökm qanuni qüvvəyə mindiyi tarixdən işdən azad olunmuş hesab etməli olsa da, bunu etməmişdir. İddiaçı hazırkı ərizə ilə məhkəməyə müraciət edərkən yalnız işləməsinə maneələr yaradıldığını iddia edərək iş fəaliyyətinə davam etmək istədiyini bildirmiş və məcburi işburaxma dövrü üçün kompensasiya tələb etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı işləməsinə maneələr yaradılmasını heç bir mötəbər sübutla təsdiqləməmiş, onun işə gəlməməsi səbəbindən 3*.*6.2*25-ci il tarixdə Əmək Məcəlləsinin 7*-ci maddəsinin ç bəndinə əsasən işdən azad edilməsi müəyyən edilmişdir. İddiaçının iddia ərizəsindən görünür ki, o, işdən azad olunması barədə 3*.*6.2*25-ci il tarixli əmrin ləğvini tələb etməmişdir. Məcburi işburaxma dövrü üçün kompensasiya tələbi ilə bağlı isə qeyd edilməlidir ki, müəllimlərin dərs saatlarına uyğun olaraq əmək haqqı almaları, iddiaçının isə müvafiq dövrlər üzrə faktiki olaraq əmək funksiyalarını icra etməməsi, onun dərs saatlarının başqa müəllim tərəfindən tədris edilməsi işin mübahisələndirilməyən halıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassız olduğundan və iddiaçının dəlilləri sübuta yetirilmədiyindən, iddia təmin edilməməlidir. Əlavə olaraq qeyd edilməlidir ki, iddiaçının işəgötürəni məktəb olduğundan, Təhsil İdarəsi hazırkı iş üzrə iddiaya cavab verməli olan şəxs - əsl cavabdeh deyildir. Buna görə də onun bu barədə etirazı məhkəmə tərəfindən haqlı sayılır. Beləliklə, hazırkı iddia tələbi Təhsil İdarəsinə münasibətdə həm də bu əsasla təmin edilməməlidir. İş materiallarından görünür ki, Təhsil İdarəsi həm də hazırkı iş üzrə iddia müddətinin tətbiqi barədə ərizə də vermişdir. Əsl olmayan cavabdeh tərəfindən verildiyindən, məhkəmə bu ərizəyə münasibət bildirilməsinə zərurət olmadığını vurğulayır. d) Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 7*. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər: ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda; Maddə 8*, 1-ci hissə. Bu Məcəllənin 7*-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığı alınmaqla ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır; Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh2ə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-22*-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Bakı şəhəri üzrə Təhsil İdarəsinə və Cavabdeh2ə qarşı “işə bərpa və s.” tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. X3

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar