Məhkəmə qərarları › İş №2(006)-538/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-538/2021

24.05.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-538/2021 24.05.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Mustafayeva Solmaz Rafael qızının sədrliyi, məhkəmə iclas katibi Fərəcova Təranə Aydın qızının katibliyi, iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iştirakı ilə, iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair və iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış 04.02.2020-ci il tarixli icarə müqaviləsi üzrə 04.08.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manat olmaqla, ümumilikdə 7000 manatın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə tutulması və cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 m2 olan 3 otaqlı 22 saylı mənzili 28.10.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış "Alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh1 230000 manata almışdır. Həmin ünvandakı mənzil AR ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02.11.2019-cu il **********012-05301-093022 reyestr və ********* qeydiyyat nömrəli "Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən onun xüsusi mülkiyyətindədir. Aralarında bağlanmış müqavilənin 5-ci bəndinə görə, almış olduğu mənzilin dəyərini 01 ay müddətində ödəməli olsa da, ümumi məbləğin 132000 manatını müqavilənin bağlandığı gün, 90000 manatını 02.11.2019-cu il tarixdə və yerdə qalan 8000 manatını isə 08.11.2019-cu il tarixdə ödəyərək, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtından əvvəl icra etmişdir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən, satıcı Cavabdeh1 28.11.2019-cu il tarixədək mənzili boşaldaraq ona təhvil verməyi, 13-cü maddəsinə görə isə 28.07.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh ailə üzvləri ilə birlikdə ev tapa bilmədiyini bildirdiyindən, onlara 2020-ci ilin yanvar ayının sonuna kimi mənzili boşaltmalarına vaxt vermişdir. Həmin vaxt cavabdeh yenə də mənzili boşalda bilməyəcəyini söyləyib, həmin mənzili onlara aylıq 500 manat olmaq şərtilə kirayə verməyini təklif etmişdir. Bu məqsədlə Cavabdeh2 ilə mənzilin aylıq 500 manat kirayə haqqı olmaq şərtilə 04.02.2020-ci il tarixdə icarəyə verilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontorunda icarə müqaviləsi bağlamış və müqaviləyə görə icarə müddəti 04.08.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin, Cavabdeh2 yalnız fevral ayı üçün ilk icarə haqqını ödəsə də, 04.03.2020-ci il tarixdən hazıradək heç bir icarə haqqı ödəmədiyindən, 03.07.2020-ci il tarixə icarə haqqı üzrə 2000 manat borcu yaranmış və bununla bağlı cavabdehə həmin tarixdə xəbərdarlıq məktubunu təqdim etmişdir. Buna baxmayaraq, cavabdehlər bu günədək mənzili boşaltmamış və müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarımı tam həyata keçirə bilmir. Belə ki, cavabdehlər alqı-satqı müqaviləsi bağlandıqdan sonra, göstərilən ünvandakı mənzildə icarə müqaviləsinə əsasan yaşasalar da, müqavilə üzrə öhdəliklərini, yəni icarə haqqını ödəmədiklərindən mənzildən məhkəmə qaydasında çıxarılmaqla istifadə hüquqları itirilmiş hesab edilməlidir. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 2020-ci il tarixdə ona məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan oğlu Cavabdeh2 tərəfindən tanımadığı İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Lakin 10 avqust 2020-ci il tarixdə mənzilinə tanımadığı adamlar gələrək ona bildirmişlər ki, onun mənzilini alıblar və mənzil onlara məxsusdur. Kimdən və nə vaxt aldıqlarını gələn adamlardan soruşsa da, yalnız mənzilin oğlu Cavabdeh2 tərəfindən satıldığını bildirmiş və başqa heç bir məlumat vermədən getmişlər. Oğlundan bununla bağlı aydınlıq gətirilməsini tələb etmiş, oğlu isə öz növbəsində bildirmişdir ki, mənzillə bağlı yalnız borc münasibətləri olmuş, amma borc verən şəxslər sənədləşməni alqı-satqı kimi rəsmiləşdirmişlər. Ona məxsus mənzilin alqısatqısı ilə bağlı notariat işi ilə müəyyən olunur ki, mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan tanımadığı şəxslərlə əlbir olaraq oğlu Cavabdeh2 tərəfindən 28.10.2019-cu il tarixdə İran İslam Respublikasının vətəndaşı olan X1 vasitəsi ilə İddiaçı satılmışdır. Mülkiyyətində olan ünvan 2-ni heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Mənzil barəsində alqı-satqı müqaviləsi bağlanılması haqda yaşadığı evə tanımadığı şəxslər daxil olduqdan sonra xəbər tutmuşdur. Onun mənzili kiməsə satmaq fikri olsaydı bu haqda birinci özünün məlumatı olardı, sonra həyat yoldaşı Cavabdeh3 məlumatı olardı və bu işlə özləri məşğul olardılar. Notariat işinə görə mənzil onun adından 230.000 manata satılmışdır. Mənzilin bazar dəyəri 230.000 manat deyil, ən azı təxminən 360.000 manatdır, çünki qonşusu bu yaxınlarda eyni tipli mənzili tələsik 360.000 manata satmışdır. Belə olan halda əgər mənzilinin qiyməti ən azı 360.000 manat təşkil edirsə, nəyə görə o, bu mənzili 230.000 manata satmalı idi. Hələ ki o, ağlını itirməmişdir. Əgər itirmişdisə, bu halda əqdi bağlamış şəxs fəaliyyət qabiliyyəi olmayan şəxs tərəfindən bağlanmışdır ki, bu da əqdin etibarsızlığından xəbər verir. Digər tərəfdən, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda cavabdeh İddiaçı mənzilin satılmasını haradan öyrənmiş və mənzili necə almışdır. Cavabdeh bir dəfə də olsun onun mənzilini görmədən, baxmadan və bəyənmədən necə olur ki, mənzilə 230.000 manat pul verir. Baxmayaraq ki, alqı-satqı müqaviləsi 2019-cu ilin oktyabr ayında bağlanmışdır, nədənsə İddiaçı iddia qaldırılana kimi bir dəfə belə olsun mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməmişdir. Onun ev satmaq niyyəti olmamış və ev satmamışdır. Göründüyü kimi xüsusi mülkiyyəti olan ünvan 2 dələduzluq yolu ilə razılığı və məlumatı olmadan Cavabdeh2 tərəfindən İddiaçı satılmışdır ki, bu da qanunvericiliyə görə bağlanmış əqdin etibarsızlığına səbəb olur. Digər tərəfdən isə ünvan 2-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsi aldatma nəticəsində bağlandığından etibarsızdır. Yuxarıda qeyd etdiyi kimi onun ümumiyyətlə mənzil satmaq fikri olmamış və bu haqda heç kimə, o cümlədən oğlu Cavabdeh2 bununla bağlı tapşırıq verməmişdir. Yəni onun mənzillə bağlı müqavilə, əqd bağlamaq iradəsi olmamışdır ki, bunu ifadə etmək üçün kiməsə tapşırıq versin. Notariat işinə əlavə edilmiş etibarnamə ilə müəyyən olunur ki, o, məhz ünvan 2 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət verməmişdir. Verilmiş etibarnamə ümumi xarakter daşıyır və onun sözügedən mənzillə bağlı iradəsini əks etdirmir ki, bu hal yuxarıda göstərdiyi faktlarla öz təsdiqini tapır. Əgər sözügedən alqı-satqı müqaviləsi Cavabdeh2 ilə İddiaçı arasındakı borc münasibətləri ilə bağlı imzalanmışdırsa, bu halda əqdin pərdələnməsi baş vermişdir ki, Mülki Məcəlləyə görə bu da əqdin etibarsızlığına səbəb olur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı nümayəndəsi və vəkili Vəkil1 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat vermiş, iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair iddiasının təmin edilməsi, iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiasının isə rədd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, onun evi satmaq fikri olmamışdır. Əgər evi satmaq fikri olsaydı özü satardı. Mənzili alan şəxs heç vaxt həmin mənzilə gəlməmişdir. Onun həmin mənzilin satılmasından xəbəri olmamışdır. Kamran Əli Vəkilidən borc pul almış, bütün münasibətlər Əli Vəkili ilə Kamran arasında olmuş, İddiaçı heç bir söhbətdə iştirak etməmişdir. Onların şahidləri var, hansılar ki, təsdiq edə bilərlər ki, Kamran Əli Vəkilidən faizə pul götürmüşdür. Faizləri verə bilməyəndə də Əli Vəkili evin boşaldılmasını tələb etmişdir. Göstərilənlərə əsasən iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh2 bildirdi ki, onunla İddiaçı arasında ev alqı-satqısı olmamışdır. O, Baxışov Nurlanla bir məhəllədə qalırdı. Ona pul lazım idi. Nurlan onu Aynur və Röya xanımla tanış etmişdir. Onların vasitəsilə Əli Vəkilini tanımışdır. Ondan aylıq 5% ödəmək şərti ilə 100.000 ABŞ dolları məbləğində borc pul almışdır. Hər ay 5.000 ABŞ dolları faiz ödəmişdir. 9 ay ödədikdən sonra 10-cu ay çətinliklər olmuş, ödəyə bilməmişdir. Faizə pul götürməyindən valideynlərinin xəbəri olmamışdır. Göstərilənlərə əsasən iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 bildirdi ki, o, bir müddətdir ki, xəstə idi, infarkt vurmuşdu. Bir avtomobili var idi, oğlunun adına baş etibarnamə vermişdi ki, onun adından işlər görsün. Onun bütün bu hadisələrdən xəbəri olmamışdır. Biləndən sonra etibarnaməni ləğv elətdirmişdir. O, Kamranın faizə pul götürdüyünü sonradan bilmişdir. Kamran faizə götürdüyü pula görə evi vermiş, əslində alqı-satqı olmamışdır. Göstərilənlərə əsasən iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair iddiasının rədd edilməsi, iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair iddiasının isə təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il Qərarına əsasən mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göründüyü kimi, iddiaçı ona məxsus yaşayış sahəsindən istifadə hüququ olmayan şəxsin (şəxslərin) qeydiyyatına xitam verilməsi ilə bağlı ilk növbədə inzibati orqana müraciət etməli, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə isə həmin orqanın imtinasından şikayət ərizəsi ilə müvafiq inzibati məhkəməyə müraciət etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qeyd olunanlara və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 153.2, 153.2.1, 260.0.1, 263-264 və 267-268-ci maddələrinə əsaslanaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair və iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Solmaz Mustafayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar