Məhkəmə qərarları › İş №2(103)-8734/2021

Bakı Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(103)-8734/2021

15.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(103)-8734/2021 15.10.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Sadıqov Vahid Nəriman oğlu (sədrlik edən və məruzəçi), Əsgərov Qürbət Ağa oğlu və İmanov Azad Nizam oğlundan ibarət tərkibdə, Allahverdiyev Fuad Zahir oğlunun katibliyi, İddiaçı nümayəndəsi-vəkili Nümayəndə, Cavabdeh3 və onun, eyni zamanda Cavabdeh1 nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbinə dair” və iddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi tələbinə dair” mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsindən Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 tərəfindən birgə verilmiş apelyasiya şikayətlərinə əsasən mülki işə Bakı Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən istifadə hüquqlarının itirilməsi, Cavabdeh2 ilə bağlanmış 04.02.2020-ci il tarixli icarə müqaviləsi üzrə 04.08.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manat olmaqla, ümumilikdə 7000 manatın cavabdehlərdən onun xeyrinə tutulması və cavabdehlərin Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzilindən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı Cavabdeh1 cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı Bakı şəhəri 9 saylı Notariat ofisi və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər olmaqla qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2-yə dair bağlanmış 28 oktyabr 2019-ci il tarixli AN-İ seriyalı ******* nömrəli 4Ə/1205 reyestr nömrəli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, İddiaçı adına verilmiş Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarışın ləğv olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10-cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzili 28.10.2019-cu il tarixdə Bakı şəhəri 9 saylı Notariat Kontorunda bağlanmış "Alqı-satqı müqaviləsi"nə əsasən Cavabdeh1 230000 manata almışdır. Həmin ünvandakı mənzil ƏMDK yanında DƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş 02.11.2019-cu il **********012-05301-093022 reyestr və ********* qeydiyyat nömrəli “Hüquqların Dövlət Qeydiyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən Çıxarış”a əsasən onun xüsusi mülkiyyətindədir. Aralarında bağlanmış müqavilənin 5-ci bəndinə görə, almış olduğu mənzilin dəyərini 01 ay müddətində ödəməli olsa da, ümumi məbləğin 132000 manatını müqavilənin bağlandığı gün, 90000 manatını 02.11.2019-cu il tarixdə və yerdə qalan 8000 manatını isə 08.11.2019-cu il tarixdə ödəyərək, müqavilə üzrə üzərinə düşən öhdəliyi vaxtından əvvəl icra etmişdir. Həmin müqavilənin 11-ci maddəsinə əsasən, satıcı Cavabdeh1 28.11.2019-cu il tarixədək mənzili boşaldaraq ona təhvil verməyi, 13-cü maddəsinə görə isə 28.07.2020-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Sonradan cavabdeh ailə üzvləri ilə birlikdə ev tapa bilmədiyini bildirdiyindən, onlara 2020-ci ilin yanvar ayının sonuna kimi mənzili boşaltmalarına vaxt vermişdir. Həmin vaxt cavabdeh yenə də mənzili boşalda bilməyəcəyini söyləyib, həmin mənzili onlara aylıq 500 manat olmaq şərtilə kirayə verməyini təklif etmişdir. Bu məqsədlə Cavabdeh2 ilə mənzilin aylıq 500 manat kirayə haqqı olmaq şərtilə 04.02.2020-ci il tarixdə icarəyə verilməsi barədə Bakı şəhəri 19 saylı Notariat Kontorunda icarə müqaviləsi bağlamış və müqaviləyə görə icarə müddəti 04.08.2020-ci il tarixədək müəyyən edilmişdir. Lakin, Cavabdeh2 yalnız fevral ayı üçün ilk icarə haqqını ödəsə də, 04.03.2020-ci il tarixdən hazıradək heç bir icarə haqqı ödəmədiyindən, 03.07.2020-ci il tarixə icarə haqqı üzrə 2000 manat borcu yaranmış və bununla bağlı cavabdehə həmin tarixdə xəbərdarlıq məktubunu təqdim etmişdir. Buna baxmayaraq, cavabdehlər bu günədək mənzili boşaltmamış və müqavilə üzrə öhdəliklərini icra etməmişlər. Cavabdehlərin günahı üzündən mənzil üzərindəki sahib olmaq, istifadə etmək və sərəncam vermək hüquqlarını tam həyata keçirə bilmir. İddiaçı Cavabdeh1 iddia tələbini onunla əsaslandırmışdır ki, 10 avqust 2020-ci il tarixdə ona məlum olmuşdur ki, ünvan 2 ünvanında yerləşən və onun xüsusi mülkiyyətində olan mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan oğlu Cavabdeh2 tərəfindən tanımadığı İddiaçı satılmışdır. İş materiallarına əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, ünvan 2 xüsusi mülkiyyət hüququ ilə ona məxsus olmuşdur. Lakin 10 avqust 2020-ci il tarixdə mənzilinə tanımadığı adamlar gələrək ona bildirmişlər ki, onun mənzilini alıblar və mənzil onlara məxsusdur. Kimdən və nə vaxt aldıqlarını gələn adamlardan soruşsa da, yalnız mənzilin oğlu Cavabdeh2 tərəfindən satıldığını bildirmiş və başqa heç bir məlumat vermədən getmişlər. Oğlundan bununla bağlı aydınlıq gətirilməsini tələb etmiş, oğlu isə öz növbəsində bildirmişdir ki, mənzillə bağlı yalnız borc münasibətləri olmuş, amma borc verən şəxslər sənədləşməni alqı-satqı kimi rəsmiləşdirmişlər. Ona məxsus mənzilin alqısatqısı ilə bağlı notariat işi ilə müəyyən olunur ki, mənzil dələduzluq yolu ilə razılığı və məlumatı olmadan tanımadığı şəxslərlə əlbir olaraq oğlu Cavabdeh2 tərəfindən 28.10.2019-cu il tarixdə İran İslam Respublikasının vətəndaşı olan X8 vasitəsi ilə İddiaçı satılmışdır. Mülkiyyətində olan ünvan 2-ni heç kimə satmamış, ümumiyyətlə kiməsə satmaq fikri belə olmamışdır. Mənzil barəsində alqı-satqı müqaviləsi bağlanılması haqda yaşadığı evə tanımadığı şəxslər daxil olduqdan sonra xəbər tutmuşdur. Notariat işinə görə mənzil onun adından 230.000 manata satılmışdır. Mənzilin bazar dəyəri 230.000 manat deyil, ən azı təxminən 360.000 manatdır, çünki qonşusu bu yaxınlarda eyni tipli mənzili tələsik 360.000 manata satmışdır. Belə olan halda əgər mənzilinin qiyməti ən azı 360.000 manat təşkil edirsə, nəyə görə o, bu mənzili 230.000 manata satmalı idi. Digər tərəfdən, onlar mənzilin satılması barədə hər hansı bir elan vermədikləri və ya daşınmaz əmlak bürolarına evin satılması ilə bağlı tapşırıq vermədikləri halda cavabdeh İddiaçı mənzilin satılmasını haradan öyrənmiş və mənzili necə almışdır. Cavabdeh bir dəfə də olsun onun mənzilini görmədən, baxmadan və bəyənmədən necə olur ki, mənzilə 230.000 manat pul verir. Baxmayaraq ki, alqı-satqı müqaviləsi 2019-cu ilin oktyabr ayında bağlanmışdır, nədənsə İddiaçı iddia qaldırılana kimi bir dəfə belə olsun mənzilin boşaldılması barədə onlara xəbərdarlıq etməmişdir. Onun ev satmaq niyyəti olmamış və ev satmamışdır. Yuxarıda qeyd etdiyi kimi onun ümumiyyətlə mənzil satmaq fikri olmamış və bu haqda heç kimə, o cümlədən oğlu Cavabdeh2 bununla bağlı tapşırıq verməmişdir. Yəni onun mənzillə bağlı müqavilə, əqd bağlamaq iradəsi olmamışdır ki, bunu ifadə etmək üçün kiməsə tapşırıq versin. Notariat işinə əlavə edilmiş etibarnamə ilə müəyyən olunur ki, o, məhz ünvan 2 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət verməmişdir. Verilmiş etibarnamə ümumi xarakter daşıyır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 26 fevral 2021-ci il tarixli 2(006)-546/2021 saylı qərardadı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh1 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə cavabdehlər İddiaçı və Cavabdeh2 qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və s. tələbinə dair” 2(006)-546/2021 nömrəli mülki iş həmin məhkəmənin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s. tələbinə dair” 2(006)-538/2021 saylı mülki işlə bir icraatda birləşdirilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qərardadı ilə iddiaçı (eyni zamanda cavabdeh) İddiaçı cavabdehlər Cavabdeh1 (eyni zamanda iddiaçı), Cavabdeh3 və Cavabdeh2 qarşı "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və s." tələbinə dair və iddiaçı (eyni zamanda cavabdeh) Cavabdeh1 9 saylı notariat kontoru və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər qismində cəlb edilməklə cavabdehlər İddiaçı (eyni zamanda iddiaçı) və Cavabdeh2 qarşı "alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və çıxarışın ləğv edilməsi" tələbinə dair mülki iş üzrə icraata "mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” hissəsində xitam verilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 24 may 2021-ci il tarixli 2(006)-538/2021 saylı qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilmiş, ödənilməmiş icarə haqqının əvəzi olaraq 2500 manat pulun Cavabdeh2 alınaraq İddiaçı ödənilməsi, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 Bakı şəhəri, Nəsimi rayonu, Vladislav Plotnikov küçəsi, 21A saylı evin 10cu mərtəbəsində yerləşən ümumi sahəsi 138,65 kv.m. olan 3 otaqlı 22 saylı mənzildən çıxarılması, iddianın digər hissələrdə təmin edilməməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməməsi qət edilmişdir. Qətnamədən cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi, iddiaçı Cavabdeh1 iddiasının təmin edilməsi, İddiaçı isə iddiasının rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Apelyasiya şikayətində göstərilmişdir ki, qətnamə qanunsuz və əsassızdır, müqavilə bağlanarkən, mülkiyyətçinin, yəni onun iradə ifadəsi olmamışdır. Məhkəmədə şahid kimi dindirilmiş X3 ilə X1 ifadələri arasında olan ziddiyətlər aydınlaşdırılmamış, hüquqi qiymət verilməmişdir. Məhkəmə iclasında Cavabdeh2 bildimişdir ki, Əli Vəkiliyə aylıq 5000 ABŞ dolları faiz borcunu sonralar ödəyə bilmədiyindən sonuncu evi banka girov qoyaraq və lizinq müqaviləsi bağlayaraq ona olan borcunu bağlamasını təklif etmiş və bu məqsədlə Əli Vəkili onun evinə bank işçilərini göndərmişdir, Əli Vəkili məhkəmə iclasında bununla bağlı Cavabdeh2la aralarında razılaşma olmadığını bildirsə də, şahid Nurlan Baxışov ifadəsində bunu təsdiq etmiş və Əli Vəkilinin Kamranla olan yazışmalarında bu məsələ öz əksini tapmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3, eyni zamanda Cavabdeh1 nümayəndəsi-vəkili apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etdi. Həmçinin qeyd etdi ki, Kamrana Əli Vəkili 170000 manat pul vermiş və qarşılıqlı razılıq əsasında Kamran ona 35000 ABŞ dolları və 500 manat notariat xərclərini ödəməli idi, 500 manat və 35000 ABŞ dolları birlikdə 59500 manat edir ki, əsas borc olan 170000 manatın üzərinə 60000 gəldikdə, 230000 manat təşkil edir, buna görə də alqı-satqı zamanı evin dəyərini 230000 manat qeyd edilmişdir. Sonra da Kamran 3000 manat bir, 54000 manat da bir ödəniş etmişdir. Hazırda Kamranın 53000 manat borcu qalmışdır, iyul ayına qədər Əli Vəkili Kamrandan pul tələb etməmişdir. Əli Vəkili məhkəmə iclasında bildirib ki, evi icarə məqsədi ilə almışdır, 10 ay ona görə vaxt vermişdir ki, Kamran valideynlərinin yanına xaricə gedəcəyini bildirmişdir, halbuki müqavilədən görünür ki, Cavabdeh1 evdən çıxmaq üçün müqaviləyə əsasən 1 ay vaxt verilmişdir, 9 ay isə qeydiyyatdan çıxmaq üçün vaxt verilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh3 qeyd etdi ki, xəstə olduğu üçün oğluna müəyyən işlərin görülməsi məqsədi ilə etibarnamə vermişdir. Bu hadisələrdən sonradan məlumatı olmuşdur. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi-vəkili apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Qeyd etdi ki, 2019-cu ildə təmsil etdiyi şəxs ev almaq niyyəti ilə makler Aynur Məmmədovaya müraciət etmiş, bir müddət sonra X7 Cavadova hazırki mübahisəli mənzilin satıldığını bildirmiş, evə baxmışlar, lakin məbləğdə razılaşmamışlar. Sonradan isə 230000 manata razılaşmışlar və əmlakı satan şəxs qismində Cavabdeh2la danışmışlar, sonuncu bildirmişdir ki, atası və anası xaricdə yaşayır, onlara təcili pul göndərməlidir, buna görə evi satır. Kamran həmin vaxt evdən çıxmaq imkanı olmadığını bildirdiyi üçün təmsil etdiyi şəxslə sonuncu arasında icarə müqaviləsi bağlanmışdır. Kirayə haqqı isə yalnız 2020-ci ilin fevral ayında ödənilmiş, sonra isə ödənilməmişdir. İddiaçı ev alqı-satqısı ilə məşğul olur. İşə baxılmasının vaxtı və yeri barədə məlumatlandırılmış digər tərəflər məhkəmə iclasına gəlmədiklərinə görə, işə onların iştirakı olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apelyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş edərək qeyd etmişdir ki, 2019-cu ilin sentyabr ayında oğluna etibarnamə vermişdir. Özü xarici məktəbdə işləyir və işdən tez-tez icazə ala bilmir, avtomobilini satmaq istədiyi üçün bununla bağlı nəsə lazım olduqda oğlunun icra etməsi məqsədi ilə etibarnamə vermişdir. 2020-ci ilin iyun ayında binanın mühafizəçisi zəng edərək, bildirmişdir ki, iki şəxs gəlib onların evini aldıqlarını bildirir. Həmin vaxta qədər heç kim onların evinə gəlməmiş, baxmamışdır. Həmin şəxslərdən Əli Vəkili qeyd etmişdir ki, oğlu ona olan borcunu qaytarmadığından onun qarşılığında evi almışdır. 2020-ci ilin fevral ayına qədər oğlu Kamran Əli Vəkiliyə pulu ödəmiş, lakin onların xəbəri olmamışdır. Fevral ayından sonra Kamran pulu ödəyə bilməmiş, buna baxmayaraq fevral ayından iyun ayına qədər də evlərinə heç kim gəlməmiş, evin satılmağından məlumatları olmamışdır. Evin açarı yalnız onda olmuş, oğlu Kamran isə həmin vaxt evli olmuş və başqa evdə yaşamışdır. İddiaçı adlı şəxsi görməmişdir və tanımır. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh2 qeyd etmişdir ki, ərzaq mağazası işlədirdi və pul lazım olmuşdur. Bu səbəblə tanışlardan maraqlanmış və ona bildirmişlər ki, evi girov qoyub ayda 5% ödəməklə faizə pul götürə bilər, elə bu qaydada da etmişdir. 8 ay 5 % ödəmiş, lakin sonra ödəyə bilməmişdir. İddiaçı görməmişdir, tanımır. Alqı-satqıda Əli Vəkili iştirak etmişdir. Notarial qaydada alqı-satqıdan əvvəl heç vaxt gəlib evə baxmamışlar. Evin açarını heç kimə verməmişdir. Fevral ayına qədər hər ay 5000 ABŞ dolları faiz ödəmiş, faizdən əlavə əsas borcdan da 52000 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X9 göstərmişdir ki, “o, İddiaçı adından Cavabdeh2 ev almışdır. Onu Kamranla tanış edib demişlər ki, evini satır. Gedib evə baxmış, ev baha olduğu üçün razılaşmamışdır. Kamran demişdir ki, valideynləri Amerikadadır, orada məktəb açacaqlar, ona görə pul lazımdır. Evin qiymətini 230.000 manata razılaşmış, nisyə alqı-satqı etmişlər. 1 ay müddətində 230.000 manat ödəmişdir. Kamran ondan xahiş etmişdir ki, 9 ay evdən çıxmasın, Amerikaya gedəcək, hələlik orda yaşasın. Sonra icarə müqaviləsi bağlamışlar, Kamranı tapa bilmədiyi üçün icarə müqaviləsi 4 ay sonra bağlanmışdır. Kamran icarə pulunu ödəmədiyi üçün ona zəng etmiş, telefonuna zəng çatmamışdır. Evlərinə getdikdə, binanın mühafizəçisi Kamranın anası ilə əlaqə saxladıqdan sonra, Kamran özü mənimlə əlaqə saxladı. Kamran dostları ilə birgə tutulduğunu, 2-3 gün ərzində dostalarında pulu olduğunu bildirərək, alıb mənim pulumu verəcəyini, valideynlərinin bilməməsini demişdir. Amma pulu yenə verməmiş, uzatmış, atasının xəstə olduğunu, DİN-nin hospitalında yatdığını demişdir. Sonra da Cavabdeh2 atasının rəhmətə getdiyini demişdir. Təsadüfən həmin vaxt həyətdə yas olduğundan o, buna inanmışdır. Kamran atasının ölüm kağızını çıxarmaq üçün ondan 500 manat pul istəmişdir. Sonra atasının qırxı olduğunu demiş, onu da gözləmişdir. Sonra demişdir ki, banka gəlsin, anası pul çıxarıb verəcək. O, banka getmiş və məlum olmuşdur ki, həmin bank artıq bir ildir ki, işləmir. Sonra Kamranın telefonuna zəng çatmamış, polis Kamranın anasına zəng etmiş, onun telefonunu vermişdir ki, ona zəng etsin. Lakin zəng etməmişdir. Sonra Kamran ona demişdir ki, “səndə açar var, get qapını aç otur, anamla gəlirəm”. O, getməmişdir. Mühafizə demişdir ki, həftədə 3-4 dəfə sırf bunlarla bağlı belə bir proses var. Növbəti gün o, yenə qapılarına getmişdir. Kamran aşağı düşmüş, sonra görmüşdür ki, anası Kamranı vurur, polisə zəng vurmuş, polis gəlməmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X3 göstərmişdir ki, o, Əli Vəkili ailəvi olaraq onun ailəsini tanıyır. Əli müəllim ona demişdir ki, ev almaq istəyən var. Nurlan da demişdir ki, qonşusu Kamran adlı şəxsə pul lazım olduğundan ev satır. O, Əli müəllimə belə bir ev olduğunu demiş, gedib həmin evə baxmışlar. Həmin gün alqı-satqı olmamış, Əli müəllim o qədər pulu olmadığını demişdir. Kamran valideynlərinin Amerikada olduğunu, orada məktəb tikirlər deyə pul lazım olduğunu demişdir. Alqı-satqıdan bir neçə ay sonra Əli müəllimlə birlikdə evə getmişlər, lakin Kamran gəlib çıxmamışdır. Məhkəmə kollegiyasının əvvəlki iclasında şahid qismində dindirilmiş X2 göstərmişdir ki, Kamranla eyni məhəllədə qalır. Bir dəfə Kamran ona demişdir ki, evi girov qoymaq istəyir, pul lazımdır, o da Aynurla danışmış, Aynur Əli adlı bir şəxsin faizə pul verdiyini demişdir. Aralarında razılaşmışlar ki, Əli Kamrana 100000 ABŞ dolları pul verir, verilmiş borcun təminati kimi evin alqı-satqısına dair formal müqavilə bağlayırlar. Kamranla alqı-satqı olunmuşdur. 12 faiz də “şapka” verilməli idi. Alqı-satqıdan ona 2% pul verilmişdir. Alqı-satqıdan əvvəl evə gedib baxmışlar, həmin vaxt evdə yalnız Kamran olmuşdur. Məhkəmə kollegiyası izahatları dinləyib, apelyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 05 oktyabr 2019-cu il tarixliİ, AR-İ 890399 saylı etibarnamədən görünür ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı,.... 05.10.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Cavabdeh1 (satıcı) ilə İddiaçı (alıcı) arasında bağlanmış 28 oktyabr 2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, satıcı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzili tam mülkiyyət hüququ üzrə 230.000 manata alıcının mülkiyyətinə vermişdir. Müqaviləni Cavabdeh1 əvəzinə Bakı şəhəri 51 saylı notariat ofisində 05.10.2019-cu il tarixdə verilmiş 9509 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2, İddiaçı əvəzinə Bakı şəhəri 19 saylı notariat ofisində 07.10.2019-cu il tarixdə verilmiş 15168 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X10 imzalamışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 02.11.2019-cu il tarixdə ********** nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı (icarəyə verən) ilə Cavabdeh2 (icarəçi) arasında bağlanmış 04 fevral 2020ci il tarixli icarə müqaviləsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, icarəyə verən İddiaçı ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzili aylıq 500 manat icarə haqqı ödənilməklə 04.08.2020-ci il tarixədək Cavabdeh2 icarəyə vermişdir. Müqaviləni İddiaçı əvəzinə Bakı şəhəri 19 saylı notariat ofisində 07.10.2019-cu il tarixdə verilmiş 15168 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi X10 imzalanmışdır. İddiaçı tərəfindən Cavabdeh2 ünvanlanan məktubun surətindən görünür ki, İddiaçı tərəfindən 04.03.2020-ci il tarixdən icarə haqqı ödəmədiyindən icarə haqqı üzrə yaranmış 2000 manat borcun 3 gün müddətində ödənilməsi barədə Cavabdeh2 xəbərdarlıq edilmişdir. Apelyasiya baxışı zamanı Cavabdeh1 tərəfindən ünvanlanmış ərizəyə əlavə edilmiş Premium Legal Services MMC-nin 08.10.2021-ci il tarixli hesabatından görünür ki, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilin bazar qiyməti 345000 manat müəyyən edilmişdir. İşin müəyyən edilmiş hallarına əsasən, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzil alqı-satqı müqaviləsi əsasında dövlət reyestrində İddiaçı adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Cavabdeh1 mənzilin əvvəlki mülkiyyətçisidir. Mübahisəli mənzilin alqı-satqısı etibarnamə əsasında Cavabdeh1 adından onun oğlu Cavabdeh2 tərəfindən həyata keçirilmişdir. 04 fevral 2020-ci il tarixli icarə müqaviləsinə əsasən İddiaçı ünvan 2-ni aylıq 500 manat icarə haqqı ödənilməklə 04.08.2020-ci il tarixədək Cavabdeh2 icarəyə vermişdir. Hazırda İddiaçı Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 alqı-satqı müqaviləsi əsasında əldə etdiyi mənzildən çıxarılmalarını və sonuncuların həmin mənzilə istifadə hüquqlarının itirilməsini, Cavabdeh2 ilə bağlanmış 04.02.2020-ci il tarixli icarə müqaviləsi üzrə 04.08.2020-ci il tarixədək ödənilməmiş 2500 manat icarə haqqının və əldən çıxmış fayda kimi 4500 manat olmaqla, ümumilikdə 7000 manatın Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 onun xeyrinə tutulmasını xahiş etmiş, iddiaçı Cavabdeh1 isə evin satılması zamanı onun razılığının alınmadığını, bununla da aldadıldığını əsas gətirərək ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 138,65 kv.metr olan 3 otaqlı mənzilə dair 28 oktyabr 2019-cu il tarixli, AN-İ ******* saylı “Daşınmaz əmlakın alqı-satqı müqaviləsi”nin etibarsız hesab edilməsini xahiş etmişdir. Cavabdeh1 oğluna verdiyi etibarnamənin ümumi xarakter daşıdığına, ünvan 2 ilə bağlı nə tapşırıq, nə də səlahiyyət vermədiyinə və bağlanmış alqı-satqı müqaviləsinin onun iradəsini əks etdirmədiyinə əsaslansa da, qeyd edilən etibarnamədən müəyyən edilmişdir ki, Cavabdeh1 harada yerləşməsindən asılı olmayaraq onun adına olan bütün əmlakını idarə etməyi və onun üzərində sərəncam verməyi, buna müvafiq olaraq hallarda öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə, qanunla icazə verilmiş bütün əqdləri, o cümlədən: almaq, satmaq, bağışlamaq, hədiyyə qəbul etmək, dəyişmək, əmlakı ipoteka qoymaq və ipotekanı qəbul etmək haqqında əqdləri bağlamağı, bu əqdlər üzrə haqq-hesab aparmağı və s. 05.10.2024-cü il tarixədək Cavabdeh2 etibar etmişdir. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. Mülki qanunvericiliyə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 324.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1 və 339-cu maddələri). Beləliklə, hər hansı əqdin etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin predmetinin, habelə forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Göstərilən tələblərə cavab verməyən əqd etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Məhkəmə qeyd olunanlara əsasən bu hissədə belə nəticəyə gəlmişdir ki, hazırkı mübahisə üzrə qeyd edilən müqavilənin etibarlılığını şübhə altına alan bir hal müəyyən edilməmişdir, əksinə, işin həqiqi halları ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan daşınmaz əmlaka dair əqd bağlanarkən tərəflər səlahiyyətli olmuş, o cümlədən fəaliyyət qabiliyyətli olmuş, onların iradə ifadəsi və onun bildirilməsinin vahidliyi mövcud olmuş, əqdin forma və məzmunu qanunvericiliyin tələblərinə müvafiq olmuşdur. Buna görə də qeyd edilən müqavilələrin etibarsız hesab edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Həmçinin mübahisələndirilən alqı-satqı müqavilələri bağlanarkən müəyyənləşdirilmiş satış qiyməti tərəflərin iradəsi əsasında formalaşdığından həmin müqavilələrin etibarsız hesab edilməsinə zəmin yaratmır. Kollegiya hesab edir ki, məhkəmənin qənaəti qanuni və əsaslıdır. Belə olan halda, mübahisəli mənzil İddiaçı adına tam mülkiyyət hüququ ilə dövlət qeydiyyatına alındığından, o, mənzilin mülkiyyətçisi olmaqla, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzildən çıxarılmasını tələb etməkdə haqlı olmuşdur. Mülkiyyət hüququ Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit edilməklə birbaşa qüvvəyə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Mülki Məcəllənin 157.1-ci, 157.2-ci və 157.4-cü maddələrinə əsasən mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Hazırki iddia tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2-ci maddəsi təşkil edir. Həmin maddi hüquq normasına əsaslanan iddianın təmin edilməsi üçün isə maddənin özündə sadalanmış üç dispozisiya şərtinin birgə mövcudluğu tələb olunur: 1) iddiaçı cavabdehdən qaytarılmasını tələb etdiyi əşyaların mülkiyyətçisi olduğunu sübut etməlidir; 2) iddiaçı tələb edilən anda əşyaların cavabdehin sahibliyində olduğunu sübut etməlidir və 3) cavabdehin əşyaya sahiblik hüququ qanunsuz olmalıdır. Göründüyü kimi, iddiaçı mübahisəli mənzilin mülkiyyətçisidir, öz əmlakı üzərində faktiki sahiblikdən məhrum olmuşdur, onun məhrum olduğu əmlak naturada mövcuddur, cavabdehlərin faktiki sahibliyindədir, cavabdehlərin əşyaya sahiblik hüququ yoxdur. Tərəflər arasında bağlanmış icarə müqaviləsinə əsasən öhdəliyin daşıyıcısı Cavabdeh2dur. Lakin Cavabdeh2 icarə müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu (icarə haqqını) müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilə şərtlərini pozmuşdur. Ona görə də icarə haqqı üzrə ödənilməmiş 2500 manatın Cavabdeh2 tutularaq İddiaçı ödənilməsi barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur; 700.3-ci maddəsinə əsasən əgər bu Məcəllənin bu fəslinin müddəalarından ayrı qayda irəli gəlmirsə, torpaq icarəsi istisna olmaqla, icarəyə bu Məcəllənin əmlak kirayəsi haqqında müddəaları müvafiq surətdə tətbiq edilir. “İcarə haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən icarəyəverənin icarəçi ilə münasibətlərini tənzimləyən əsas sənəd icarə müqaviləsidir. İcarə müqaviləsi üzrə vəzifələri icra etməmək və ya lazımınca icra etməmək, o cümlədən müqaviləni birtərəfli qaydada dəyişdirmək və pozmaq üstündə tərəflər Azərbaycan Respublikasının qanunvericiliyi və müqavilə ilə müəyyən edilən məsuliyyət daşıyırlar. Kollegiya hesab edir ki, məhkəmə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcllənin 77.1-ci maddəsinə tələbinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəlləsinin 385.2-ci maddəsinə əsasən isə birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni, əsaslı və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Apelyasiya şikayəti təmin edilməsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-538/2021 saylı iş üzrə 24 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun surəti rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar