Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5593/2021 04.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMC-nin nümayəndəsi X1 iştirakı ilə, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilinin sökülməsinə dair mülkiyyətçi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilənin etibarsız hesab edilməsi və onların həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişlər. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, onlar uzun müddətdir ki, Bakı şəhəri Yasamal rayonu Cabbar Qaryağdı (Sereteli) küçəsində yerləşən 46 saylı evin 12 saylı mənzilində yaşayırlar. Sözügedən mənzilin mülkiyyətçisi Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli müqavilə əsasında yaşadıqları mənzil onların razılıqları olmadan sökülməsi üçün Cavabdeh1 MMC-yə verilməsi barədə razılığa gəlinmişdir. Onların razılıqları olmadan onlara aid şəxsi əşyalar yaşadıqları mənzildən çıxarılmış, mənzilin qapısı cavabdeh şirkət tərəfindən bağlanılmışdır. Onlar hal-hazırda həmin mənzilə buraxılmırlar. Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30 dekabr 2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmuşdur. Bu səbəbdən hesab edirlər ki, müqavilə etibarsız hesab edilməli, onlar istifadə hüquqları olan həmin mənzilə məhkəmənin qətnaməsi əsasında köçürülməlidirlər. Onların üçü mənzilə 1992-ci ildə köçmüşlər, İddiaçı4 isə 1995-ci ildən həmin ünvanda yaşayır. Onların həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən mənzildən istifadə hüquqları yaranmışdır. Müqavilə bağlanarkən onların razılığı alınmamış, onlar həmin mənzildən zorla çıxarılmışlar. Bununla da, müqavilə bağlanan zaman mülki qanunvericiliyin normalarının tələbləri kobud şəkildə pozulmuşdur. Ona görə də, iddia ərizəsi ilə məhkəməyə müraciət etmişlər. İddiaçı1 məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə məhkəmə iclasında iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh1 MMC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddianı qəbul etmədi və izahatında bildirdi ki, iddia ərizəsi Cavabdeh1 MMC-yə münasibətdə, o cümlədən ümumiyyətlə əsassızdır. Belə ki, Bakı şəhər İcra Hakimiyyəti başçısının 18.03.2020-ci il tarixli 59 saylı sərəncamı ilə Bakı şəhəri Yasamal rayonu Cəfər Cabbarlı, İbrahim Əbilov, Nabatxanım Aşurbəyova, Fuad İbrahimbəyov və Sübhi Salayev küçələrinin əhatə etdiyi ərazinin Cavabdeh1 MMC-yə ayrılması və Azərbaycan Respublikası FHN Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi «Azərdövlətsənayelayihə» DLİ tərəfindən təsdiq olunmuş 17.03.2020-ci il tarixli rəyini əsas tutaraq bu ərazidə yerləşən, şəhərin və ərazinin ümumi görünüşünə xələl gətirən köhnə tipli və istismar müddəti keçmiş, əsasən qəzalı vəziyyətdə olan binaların sökülərək, həmin ərazidə yaşayan sakinlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədi ilə müasir tələblərə uyğun yeni çoxmərtəbəli, çoxmənzilli yaşayış və qeyri-yaşayış binalarının tikilməsi nəzərdə tutulmuşdur. İlk olaraq qeyd etmək istəyir ki, Cavabdeh2 hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən MH seriyalı ******* saylı çıxarışa əsasən Bakı şəhəri Yasamal rayonu A.Sereteli küçəsində istifadədə olan, 0,055 ha torpaq sahəsində yerləşən 46 nömrəli 2 mərtəbəli binanın 1-ci girişində, 1 və 2-ci mərtəbədə yerləşən, 190,4 m2 ümumi, 127,6 m2 yaşayış sahəsindən ibarət 5 otaqlı, 12 nömrəli mənzilin 23,5 m2 sahəsi olan 2 otağının tam hüquqlu mülkiyyətçisidir. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında müqavilə bağlanarkən bütün sənədlər qanunauyğun şəkildə toplanmış və əvəzləşdirmə müqaviləsi bağlanmışdır. İddiaçıların qeyd etdiyi kimi sökmək üçün deyil, əvəzində Cavabdeh2 yeni mənzil verilməsi ilə bağlı müqavilə bağlanmışdır. İddia ərizəsində iddiaçılara aid əşyaların onların xəbəri olmadan çıxarıldığı və onların həmin mənzilə buraxılmadıqları bildirilsə də, bu tamamilə yanlışdır. Belə ki, müqavilə bağlandıqdan sonra mənzildəki əşyalar Cavabdeh2 tərəfindən daşınmış və mənzilin qapı və pəncərələri Cavabdeh2 tərəfindən sökülərək aparılmışdır, bu barədə müvafiq akt da tərtib edilmişdir. Daha sonra iddiaçıların mübahisəli mənzildə 1992-ci il tarixdən yaşadıqları və onların istifadə hüquqlarının pozulması qeyd edilsə də, orada yaşamalarını təsdiq edən heç bir sübut təqdim edilməmişdir. Belə olduğu halda, iddiaçıların Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarına istinad etmələri əsaslı olmamışdır. Çünki onların həmin mənzildə yaşamaları sübut olunmur. Daha sonra, iddiaçıların iddia ərizələrində müqavilənin etibarsız hesab edilməsi ilə bağlı iddiaları da əsassızdır. Belə ki, Cavabdeh1 MMC mübahisə edilən mənzilin tam mülkiyyətçisi olan Cavabdeh2 ilə bağlı müqavilə bağlamış və onun şəxsiyyətini təsdiq edən sənəddən də Cavabdeh2 subay olduğu müəyyən edilir. Həmçinin sözügedən mənzilə dair bağlanmış müqavilədə mənzilin özgəninkiləşdirilməsi və ya hər hansı bir formada mülkiyyətçidən alınması nəzərdə tutulmamışdır, əksinə mənzilin əvəzində ona daha geniş və müasir tələblərə cavab verən mənzil verilməsi nəzərdə tutulmuşdur. Mənzil Cavabdeh2 verildikdən sonra iddiaçıların həmin mənzilə istifadə hüququ özlüyündən yaranacaq ki, bunun da əlavə məhkəmə predmeti olaraq mübahisə müstəvisinə çıxarılması mənasızdır. Bundan əlavə, iddiaçıların sözügedən mənzildə həqiqətən də yaşamaları barədə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Göründüyü kimi, Cavabdeh1 MMC-nin hazırkı mülki iş üzrə cavabdeh qismində cəlb edilməsi üçün heç bir hüquqi əsas mövcud deyildir. Qeyd edilənləri nəzərə alaraq, iddianın Cavabdeh1 MMC-yə münasibətdə mülki işin icraatına xitam verilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Digər iddiaçılara və Cavabdeh2 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişlər. Məhkəmə mülki işə digər iddiaçıların və Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı1, İddiaçı3 nümayəndəsi və vəkili Nümayəndə, Cavabdeh1 MMCnin nümayəndəsi X1 izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, istinad olunan maddənin mənasından göründüyü kimi sübutetmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Eyni zamanda «Qavazov Bolqarıstana qarşı» iş üzrə 06 mart 2008-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hüquqi mövqeyini belə ifadə etmişdir ki, sübutları qiymətləndirərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir (§93). İddiaçılar tərəfindən iddia tələbinin əsası kimi istinad etdikləri hallara dair sübutlar məhkəməyə təqdim edilməmişdir. Bundan başqa, Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30 dekabr 2020-ci il tarixli müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmamışdır. Tərəflər arasında bağlanmış 30 dekabr 2020-ci il tarixli 45/3 saylı müqavilənin 2.1-ci bəndinin tələbinə görə Cavabdeh2 mənzildə qeydiyyatda olan və 18 yaşı tamam olmuş şəxslərin notarial qaydada təsdiq edilmiş razılıq ərizələrini Cavabdeh1 MMC-yə təqdim etməyi öhdəsinə götürmüşdür. Müqavilənin 3.3.4-cü bəndinə əsasən mülkiyyətçi öhdəsinə götürmüşdür ki, təhvil verilmiş mənzilə dair vərəsələr və həmin ünvanda qeydiyyatda olan şəxslər tərəfindən mübahisə olduğu təqdirdə onlara düşəcəyi payların (və ya payların dəyərini) verilməsini təmin edəcək. Göründüyü kimi, mübahisələndirilən müqavilə bağlanarkən qanunvericiliyin tələbləri pozulmamış, hüquq sahiblərinin hüquqlarını pozacaq hər hansı hərəkət və ya hərəkətsizliyə yol verilməmiş, müqavilə bəndləri ilə müqavilə tərəflərinin, təhvil alınan, həmçinin təhvil veriləcək mənzillərə hər hansı hüququ ola biləcək, yaxud maraqlarına toxuna biləcək şəxslərin mənafeləri nəzərə alınmışdır. Bundan başqa, iddiaçıların qeyd olunan mənzildə yaşamalarına, mənzildə onların hər hansı əmlaklarının olmasına, həmin əmlakların və onların özlərinin mənzildən məcburi şəkildə çıxarılmalarına dair sübutlar təqdim olunmamışdır. Əksinə, işin faktiki hallarından görünür ki, mənzil mülkiyyətçisi Cavabdeh1 MMC ilə müqavilə bağladıqdan sonra özü, müstəqil şəkildə mənzildə özünə məxsus olan əşyaları yığaraq aparmış, hətta mənzilin pəncərələrini və qapılarını sökdürərək (demontaj etdirərək) özü ilə aparmışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublİkasının Qanununun 100-cü maddəsinin 3-cü hissəsinə əsasən, məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı «müqavilənin etibarsız hesab edilməsi» tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş 10 manat dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov
Məhkəmə qərarları › İş №2(006)-5593/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-5593/2021
04.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver