Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5852/2024 05.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abbasov Nail İbad oğlu, İddiaçı iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə və Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 ünvanında yerləşən evin 25 nömrəli mənzilinə dair hərracın nəticələrinin və xx.xx.2012-ci il tarixli Y-1011 nömrəli hərrac protokolunun etibarsiz hesab edilməsi, Bakı şəhəri, Binəqədi rayonu, Koroğlu Rəhimov 53 ünvanında yerləşən evin 25 nömrəli mənzilinə dair "xxxx" BOKT ASC-nin adına verilmiş çıxarışın ləğv edilməsinə dair qətnamə qəbul edilməsini edilməsini xahiş etmişdir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, iddianın yolverilməzliyinə görə müəyyən hissədə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, digər hissədə isə geri qaytarılmalıdır. Belə ki, iddia tələbində cavabdehlərdən biri Bakı şəhəri Nəsimi rayon icra şöbəsidir. Məhkəmə bununla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 10 oktyabr 2017-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi özünün aşağıdakı hüquqi mövqeyini ifadə etmişdir: “...Konstitusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllə) bir sıra normalarına əsaslanaraq hesab edir ki, qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. İcra icraatının gedişində icra qurumu tərəfindən həyata keçirilən fəaliyyət şərti olaraq iki hissəyə ayrıla bilər: 1) icra sənədinin icra olunmasının təmin edilməsinə yönəlmiş fəaliyyət - bu zaman icra məmuru tərəfindən qəbul edilən qərarların və edilən hərəkətlərin qanuniliyinin və əsaslılığının qiymətləndirilməsi həmin fəaliyyətin icra sənədinin icrasının təmin edilməsi baxımından zəruri olub-olmaması meyarı üzrə aparılır. 2) icra sənədinin icrasının təmin edilməsi zamanı icra orqanı tərəfindən qanunsuz hərəkətlərə yol verilməklə ziyan vurulmasına gətirib çıxarmış hüquqazidd fəaliyyət - bu zaman isə icra sənədinin icrasının təmin edilməsindən kənara çıxan hərəkətlərin qanuniliyi yoxlanılır. “İcra haqqında” Qanunun 87.1-ci maddəsi birinci hal üzrə icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən verilən şikayətlərə dair məsələni tənzimləyir. Həmin halla bağlı aydınlaşdırılmalı məsələ isə ondan ibarətdir ki, icra sənədinin icra olunması ilə bağlı icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə məhkəmələrdə necə baxılmalıdır. Bunun üçün aşağıdakı məsələlər nəzərə alınmalıdır. “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən icra icraatının tərəfləri olan borclu və tələbkar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn məsələləri mübahisələndirmək hüququna malikdirlər. İcra qurumunun icra sənədinin icra olunması ilə bağlı qərarı, hərəkəti və hərəkətsizliyi belə mübahisənin predmetini təşkil edir. Tələbkar və borclu icra sənədinin icra olunması ilə bağlı məsələləri mübahisələndirmək hüququna malikdirlər. “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Bununla da, qanunverici hüququn müdafiəsi üçün vasitə kimi ayrıca iddianın qaldırılmasını istisna etmişdir. Burada inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəməyə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərar və hərəkətlərindən (hərəkətsizliyindən) şikayətlərə də məhz icra sənədini vermiş və icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Sözügedən şikayətlərə bu qaydada baxılmasının təmin edilməsi ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsi və prosessual qənaətə nail olunması baxımından da olduqca önəmlidir. İcra qanunvericiliyinin 85.1-ci maddəsində “...maraqlarına toxunduqda icra məmuru müvafiq qərar qəbul edir və bu qərarlarından tərəflər 10 gün müddətində şikayət verə bilərlər...” müddəalarından istifadə etməklə ədalət mühakiməsinin tərkib hissəsi kimi icra mərhələsində icra məmurunun da hərəkətlərinin qərarlarda ifadə olunmalı olması, həmin qərarlarla tərəflər razılaşmadıqları halda şikayət verə bilməsi və eyni zamanda bu şikayətlərə məhkəmə tərəfindən baxılarkən ilkin müraciət üzrə qəbul edilmiş qərarların icrasına nəzarət etmə imkanınının təmin edilməsini nəzərdə tutmuşdur. Qeyd edilənlərin hazırkı işə tətbiqi baxımından məhkəmə hesab edir ki, icra sənədinin icrasının təmin edilməsi ilə bağlı icra məmuru tərəfindən həyata keçirilən fəaliyyətə və bu zaman qəbul edilən qərarlara (güman edilən edilən hərəkət və ya hərəkətsizliyə) onun müahisələndirilməsi məsələsi icra sənədini vermiş və icra icraatına nəzarət edən məhkəmə tərəfindən həll edilməli məsələdir. Ona görə də, icra icraatında tələbkar və ya borclu müvafiq əsasların mövcudluğunda icra məmurunun hərəkətsizliyi məsələsinə qiymət verilməsi üçün icra icraatına nəzarət edən məhkəməyə müraciət etməlidir. Hazırki halda icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə (yəni, icra icraatının gedişində icra sənədinin icrası ilə bağlı yaranan mübahisələrə baxılmasının müəyyən edilmiş xüsusi qaydası şəklində, MPM-nin 231-ci maddəsinin tələbləri qaydasında) müraciət edilməmiş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində ona qarşı ayrıca iddia qaldırmışdır. Halbuki, belə iddialara iddia icraatı qaydasında baxılması yol verilməzdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Məhkəmə həmçinin qeyd edir ki, ərizəyə qanunla müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməmişdir. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 manat dövlət rüsumu ödənilir. Hazırda iddianın qiymətləndirilməyən iddia olmasını nəzərə alaraq, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilməli idi. Azərbaycan Respublikası MPM-in 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən, müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Sadalanan qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə bir hissədə məhkəmə qaydasında baxılmalı olmadığından, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilməli, bir hissədə isə geri qaytarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Bununla bağlı “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-nin hüquqi ünvanının ünvan 2izəsinin növbəti dəfə verilməsi zamanı ərazi aidiyyət məsələsinin düzgün müəyyən edilməsi iddiaçının diqqətinə çatdırılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-153, 263- 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər “Daşınar və Daşınmaz Əmlakların Satışı X1” MMC-yə və Bakı şəhəri Nəsimi Rayon icra şöbəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməklə çıxarışın ləğv edilməsi tələbinə dair iddia ərizəsinin “Bakı şəhəri Nəsimi Rayon icra şöbəsi”nə aid hissədə iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə MPM-nin 231-ci maddəsinin tələbləri qaydasında müraciət etmək hüququnun olması izah olunsun. İddia “Daşınar və Daşınmaz Əmlakların Satışı X1 MMC”-yə olan hissədə ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Nail Abbasov
Məhkəmə qərarları › İş №2(006)-5852/2024
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5852/2024
05.12.2024 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver