Məhkəmə qərarları › İş №2(103)-2895/2020

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2(103)-2895/2020

30.07.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(103)-2895/2020 30.07.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının hakimləri - Eyvazov Rafael Əmir oğlu (sədrlik edən və məruzəçi), Şirinov Ziya Allahverdi oğlu və X1 ibarət tərkibdə, Məhkəmə iclas katibi Türkmənli Lamiyə Elman qızının katibliyi, İddiaçı, Cavabdeh1 nümayəndəsi (vəkili) X2 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «mənzilin alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair mülki iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)-3529/2019 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «mənzilin alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Nəsimi rayonu, Mir Cəlal küçəsi, 36 saylı evin 30 saylı mənzili barəsində Cavabdeh3 ilə Cavabdeh1 arasında Bakı şəhəri 32 saylı notariat kontorunda bağlanaraq xx.xx.2018-ci il tarixli 4Ə/217 nömrəli reyestrlə təsdiq edilmiş alqı-satqı müqaviləsinin ½ hissədə etibarsız hesab edilməsi, həmin hissədə Cavabdeh1 adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsində aparılmış mülkiyyət hüququna dair qeydin ləğv edilməsi və həmin ½ hissənin onun payı hesab edilərək onun üzərində mülkiyyət hüququnun tanınması və daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3529/2019 saylı qətnaməsi ilə (hakim Pərviz Hüseynov) iddia qismən təmin olunmuşdur. Cavabdeh1 birinci instansiya məhkəməsinin qeyd edilən qətnaməsindən apellyasiya şikayəti vermişdir. Apellyasiya baxışı zamanı İddiaçı iddiadan imtina barədə ərizə təqdim edərək, mübahisənin məhkəmədənkənar qaydada həll edildiyini, Cavabdeh1 10000 manat pul almasını, bu səbəbdən də iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi (vəkili) izahatında həqiqətən mübahisənin tərəflər arasında həll olunmasını,Cavabdeh1 tərəfindən iddiaçıya 10000manat pul ödənilməsini,bu səbəbdən də iddiaçının iddiadan imtina etməsini göstərərək,iddiadan imtinanın qəbul edilməsini,birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası iddiadan imtina barədə ərizəni nəzərdən keçirərək, hesab edir ki, qətnamə ləğv olunmalı, iddiadan imtina olunması ilə əlaqədar, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra, MPM) 261.0.4-cü maddəsinin tələbinə görə iddiaçı iddiadan imtina etdikdə və bu imtina məhkəmə tərəfindən qəbul edildikdə iş üzrə icraata xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiadan imtina etməsi onun cavabdehə qarşı irəli sürdüyü maddi-hüquqi tələbdən və bu tələbin məhkəmədə müdafiəsi hüququndan imtina etməsidir. Məhkəmədə mülki işlərin başlanması məhkəməyə müraciət etmiş şəxsin bilavasitə iradəsinin ifadəsi olduğuna görə, onun öz tələbindən imtina etməsi işin icraatının davam etdirilməsini lüzumsuz edir. Ona görə də qanunvericilik iddiaçının iddiadan imtina etməsini və bu imtinanın məhkəmə tərəfindən qəbul ediləcəyi təqdirdə iş üzrə icraatın xitam edilməsinin əsası kimi nəzərdə tutmuşdur. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx xxx 2011-ci il tarixli Qərarındakı hüquqi mövqeyinə görə, dispozitivlik və çəkişmə prinsiplərinə əsasənşəxsin xüsusi maraqları və hüquqları yoxlamanın predmetini və həddini müəyyən edir. Xüsusilə nəzərə alınmalıdır ki, nə qədər ki, dispozitivlik prinsipinə uyğun olaraq tərəflər prosesin taleyini həll edir, icraat işdə iştirak edən şəxslərin təşəbbüsü ilə başlanılır və dayandırılır, işə baxılmanın düzgünlüyü məsələsi yalnız maraqlı şəxslər tərəfindən verilən şikayətlərdə mübahisələndirilir və şikayət maneəsiz olaraq geri götürülə bilər, ərizəçinin maraqları ikinci plana keçirilə bilməz. MPM-in 391-ci maddəsinə əsasən Bu Məcəllənin 19-cu və 20-ci fəsillərində göstərilən əsaslar olduqda işin icraatına xitam verilməklə və ya ərizə baxılmamış saxlanmaqla məhkəmənin qətnaməsi ləğv edilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiadan imtina qəbul edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, mülki iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 261, 263-264,357-358, 391, 405.0.1-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2(006)- 3529/2019 saylı qətnaməsi ləğv edilsin. İddiaçı cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı «mənzilin alqı-satqı müqaviləsinin və onun hüquqi nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iş üzrə icraata, iddiadan imtina olunması ilə əlaqədar xitam verilsin. İzah edilsin ki, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar