Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-590/2021 22.12.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Əliyeva Günay Alim qızının katibliyi, İddiaçı, Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X1 iştirakları ilə İddiaçı Cavabdeh MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı “zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı uzun müddət ərzində qadın hüquqlarının müdafiəsi üzrə ixtisaslaşaraq müxtəlif beynəlxalq təlimlərin, öyrədici proqramların, konfransların iştirakçısı olmuşdur. ABŞ və Avropanın bir sıra ölkələrində “məişət zorakılığına qarşı mübarizə” mövzusunda təcrübə proqramlarının məzunu olmuşdur. Bununla yanaşı nəzəri biliklərin təkmilləşdirilməsi və biliklərindən insanların faydalanması məqsədi ilə hüquqları pozulan məişət zorakılığı qurbanları olan qadınların hüquq mühafizə və məhkəmə orqanlarında təmənnasız müdafiəsində iştirak etmişdir. 2020-ci ilin fevral ayından etibarən peşə fəaliyyətinin təkmilləşdirilməsi və genişləndirilməsi məqsədilə “erkən nikahlar və radikalizm” mövzusunu araşdırmaq qərarına gəldi. Üzərində təxminən 4 ay çalışdığı “Təhsilsizlik, erkən nikah və ekstremizm” mövzusu ilə bağlı hazırladığı araşdırmanı 30 iyun 2020-ci ildə www.gencaile.az internet portalına təqdim edərək həmin internet portalında dərc etdirdi. Məqalə dərc olunduqdan sonra kifayət qədər maraq doğurmuş, təkcə bu portalda indiki tarixə qədər 678 dəfə oxunmuşdur. Sözügedən məqalə daha sonra www.qerbxeber.com, www.xeberle.com, www.aranxeber.com, www.qadinla.com, www.kayzen.com və digər internet portallarında da dərc olunmuşdur. Məqaləyə maraq artdıqdan sonra bir neçə digər veb səhifə və bloqlarda da dərc olunmuş və ümumi olaraq 3000 (üç min) baxış sayı kimi yüksək baxış sayına çatmış və oxunmuşdur. Lakin vətəndaşlarımızın maarifləndirici araşdırmalara olan marağına və məqalənin oxunma sayının yüksəlişinə olan sevinci uzun sürmədi. Belə ki, iddiaçı məqalənin 9 iyul 2020-ci il tarixində, saat 22:25-də Azərbaycan media sahəsində kifayət qədər tanınan, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə məxsus “Milli.az” internet portalında yerləşdirildiyi ilə bağlı məlumat aldı və məqalənin oxunma sayının monitorinqini aparmaq məqsədilə həmin linkdən sözügedən portalın veb səhifəsinə keçid etdi. Lakin gördükləri onda dərin təəssüf hissi yaratmaqla bərabər eyni zamanda güclü qəzəb yaratdı. Belə ki, məqalə sözügedən portal tərəfindən bəzi hissələrdə təhrif edilmiş, araşdırmada beynəlxalq təşkilatların mənbələrinə və digər mənbələrə verdiyi istinadlar mətndən çıxarılmış, müəllif olaraq iddiaçının adı, soyadı və fotoşəkli məqalədən bilərəkdən silinmiş və onun yerinə müəllif olaraq məqalənin sonunda “Milli.az” yazısı qeyd olunmuşdur. Müəlliflik və əqli mülkiyyət hüquqlarının “Milli.az” tərəfindən pozulması oxşar neqativ hallara da yol açaraq pozuntunun davam etməsinə səbəb olmuşdur. Belə ki, digər internet portal və resursları da məqaləni “Milli.az”-a istinadən paylaşmış və bunun məntiqi nəticəsi olaraq həmin resurs və portallarda da müəllifin, yəni iddiaçının adı, soyadı, həmçinin fotoşəkli və məqalənin məğzini əks etdirən və əsas elementlərdən hesab edilən istinad materialları qeyd olunmamışdır. Qeyd edilən faktlardan da göründüyü kimi “Milli.az” internet portalı məqalənin oxunma sayının çoxluğunu gördükdən sonra özünün veb səhifəsinin baxış sayını və reklam gəlirlərini artırmaq üçün iddiaçıya məxsus məqaləni qeyri-qanuni formada mənimsəmiş, adsoyadını, həmçinin fotoşəklini məqalədən çıxarmış, bəzi hissələrdə təhrif etmiş, bir sözlə müəlliflik və əqli mülkiyyət hüquqlarını açıq-aşkar qəsb etmişdir. İddiaçı “Facebook” sosial şəbəkəsində şəxsi hesabından “Milli.az” portalının qanunsuz əməlləri barədə post paylaşaraq bu saytın əməkdaşlarını müəllif hüquqlarını pozduqlarına və məqaləni təhrif etdiklərinə görə üzr istəyib yanlış məsələni həll etməyə çağırış etmişdi. Lakin həmin portalın əməkdaşı olan Bəxtiyar Umarlı adlı şəxs postun şərh bölməsinə portalın etdiyi hərəkətlərin doğru olduğunu qeyd edərək köşə və məqalələrin digər portaldan paylaşıldığı zaman müəllifə istinad etməyə ehtiyac olmadığını bildirmişdir. Sonra isə həmin şəxs iddiaçının messenger hesabına guya onu təhqir etdiyi üçün məhkəməyə verəcəyinə dair xəbərdarlıq ismarıcı göndərmişdi. Göründüyü kimi “Milli.az” portalının iddiaçının əqli mülkiyyət hüquqlarını pozaraq məqaləni mənimsəyib mindən yuxarı baxış qazanaraq bundan gəlir əldə etməsi azmış kimi portalın əməkdaşı iddiaçını məhkəməyə verməklə də hədələmişdir. Göstərilənlərə əsasən 10.000 manat zərərin əvəzinin cavabdeh "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sonradan iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, müəlliflik hüquqlarının pozulması nəticəsində ona dəymiş 8000 manat maddi və 2000 manat mənəvi zərərin cavabdeh "xxxx" MMC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sonradan iddiaçı ərizə təqdim edərək, cavabdehin əsl cavabdeh olan Cavabdeh MMC ilə əvəz edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin həcminin artırılması barədə ərizə təqdim edərək, müəllif hüquqlarının pozulması nəticəsində cavabdehdən zərərin ödənilməsi əvəzinə 55.000 manat məbləğində kompensasiyanın tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək, təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi və vəkili X2 iddia tələbinə etiraz edərək bildirmişdir ki, “Erkən nikah və ekstremizm” mövzusunda araşdırma (məqalə) müxtəlif vaxtlarda bəzi xəbər portallarında dərc edilmişdir. İddiaçı iddia edir ki, ona aid olan bu məqalə “Milli.az” xəbər portalında ondan xəbərsiz dərc edilmiş və bu zaman bəzi hallar təhrif edilmiş, onun adı, soyadı və fotoşəkli qeyd edilməmişdir. Bununla da iddiaçı özünün müəllif hüquqlarının pozulmasını iddia edərək cavabdehdən maddi təzminat tələb edir. İddiaçının bu iddiasının nə faktiki, nə də hüquqi əsası yoxdur. Qeyd olunan məqalə həm məzmun, həm də mahiyyət baxımından müəlliflik hüququ və əqli mülkiyyət hüququnun obyekti sayıla bilməz. Ona görə ki, bu zaman həmin məqalənin elm, ədəbiyyat və ya incəsənət əsəri olması şərtdir. Bu, mövcud qanunvericiliyin tələbidir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndinə əsasən müəlliflik hüququnun obyekti dedikdə müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Eyni zamanda, qeyd olunan Qanunun 3-cü maddəsində qanunun müddəalarının şamil edildiyi obyektlər göstərilir və həmin maddənin 2-ci bəndində Azərbaycan Respublikası ərazisində ilk dəfə dərc edilmiş (buraxılmış) elm, ədəbiyyat və incəsənət əsərləri və ya fonoqramlar göstərilir. Göründüyü kimi qanunun imperativ tələbi onu deməyə əsas verir ki, insana aid hər hansı yaradıcılıq məhsulunun müəlliflik hüququnun obyekti sayılması üçün bu məhsulun elm, ədəbiyyat və incəsənət nümunəsi olmaqla yanaşı, onun ilk dəfə bir əsər olaraq ortaya qoyulması şərtdir. Bundan əlavə iddiaçı iddia ərizəsində qeyd edir ki, onun “erkən nikahlar” adlı məqaləsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinə əsasən müəlliflik hüququnun obyektinə aiddir. Bu tamamilə yanlışdır. Belə ki, hər məqalə müəlliflik hüququnun obyekti sayıla bilməz. Bunun üçün həmin məqalənin ədəbi əsər anlamı daşıması şərtdir. Qanunun 6-cı maddəsinin 1-ci bəndində müəlliflik hüququnun obyekti sayılan əsərlər kimi ədəbi əsərlər (kitablar, broşüralar, məqalələr, mühazirələr və çıxışlar, kompüter proqramları və s.) yer almışdır. Göründüyü kimi qanunun tələbi onu deməyə əsas verir ki, yalnız ədəbi əsər anlamı və mahiyyəti daşıyan kitablar, broşüralar, məqalələr, mühazirələr və s. müəlliflik hüququnun obyekti sayılan əsərlərdir. Beləliklə, qeyd olunanlar onu deməyə əsas verir ki, iddiaçının “erkən nikahlar” mövzusundakı məqaləsi “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin 1-ci bəndinin təsirinə düşmür. Ona görə ki, hazırkı halda cəmiyyətdə yenilik sayılmayan iddiaçının “erkən nikahlar” mövzusunda məqaləsi göstərilən kateqoriyanın heç birinə, yəni elm, ədəbiyyat və incəsənət əsərlərinə aid deyildir. Çünki bütün dünyada aktual bir mövzu üzərində yenilik sayılmayan fikirləri yenidən səsləndirmək əsər sayıla bilməz. Belə ki, əsər dedikdə ilk növbədə insan yaradıcılığının məhsulu sayılan kəşf, icad və yenilik başa düşülür. İddiaçının müraciət etdiyi erkən nikahlar mövzusu bir çox müəlliflər tərəfindən müraciət olunan bir sahədir və iddiaçı özü də iddia ərizəsində qeyd edir ki, həmin məqaləni yazarkən bir çox mənbələrə istinad etmişdir. Yəni bu mövzu və onun tədqiqat obyekti bilavasitə iddiaçının öz idrak və təxəyyülünün məhsulu deyildir. Ona görə də həmin məqalə elm, ədəbiyyat və incəsənət sahəsində əsər sayıla bilməz. İkinci bir məsələ ondan ibarətdir ki, məqalənin “Milli.az” xəbər portalında dərc edilməsi heç bir mötəbər sübutla təsdiq edilmir. İddiaçı tələbini əsaslandırmaq üçün ona aid məqalənin Milli.az internet xəbər portalında dərc edildiyinə dair məhkəməyə skrinşot şəkil formatında sənəd təqdim etmişdir. İş materiallarında olan həmin sənəd mötəbər sübut sayılmır. Ona görə ki, A4 formatlı kağız üzərində və hər hansı formada təsdiq edilməyən kserosurət olan bir kağız parçası mötəbər yazılı sübut kimi çıxış edə bilməz. Həmin məqalənin məhz Milli.az xəbər portalında dərc edilməsinə dair iddiaçı tərəfindən hər hansı digər sübut növü məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən də göstərilən məqalənin məhz Milli.az xəbər portalında dərc edilməsi heç bir mötəbər sübut ilə təsdiqini tapmır. Üçüncü bir məsələ isə ondan ibarətdir ki, iddia iddiaya cavab verməli olmayan şəxsə qarşı irəli sürülmüşdür. İddiaçı tərəfindən iddia ərizəsində qeyd olunur ki, ona aid məqalə Milli.az xəbər portalında dərc edilmişdir. İddiaçı həmin xəbər portalının Cavabdeh MMC-yə məxsus olmasını əsas gətirərək iddianı Cavabdeh MMC-yə qarşı irəli sürmüşdür. Lakin iddiaçı qeyd olunan Milli.az xəbər portalının Cavabdeh MMC-yə məxsus olmasına dair heç bir sübut məhkəməyə təqdim etməmişdir. Bu səbəbdən də Cavabdeh MMC hazırkı halda iddiaçının iddia tələbinə cavab verməli olmayan tərəfdir. Ona görə ki, Cavabdeh MMC-nin Milli.az xəbər portalında gedən hər hansı məlumata görə bu və ya digər şəkildə maddi-məsul şəxs kimi çıxış etməsi və öhdəlik daşıması heç bir mötəbər sübut ilə təsdiq olunmur. Bu baxımdan Cavabdeh MMC əsl olmayan tərəfdir. Göstərilənləri nəzərə alaraq iddianın rədd olunmasına dair qətnamə qəbul etməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan 27.05.2021-ci il tarixli mütəxəssis rəyindən görünür ki, “Təhsilsizlik, erkən nikah və ekstremizm” adlı məqalənin “Milli.az” saytında yerləşdirilməsi müəllif-hüquq qanunvericiliyinin tələblərinin pozulması yolu ilə həyata keçirilmişdir. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 47-ci maddəsinə əsasən, müəlliflik hüquqlarının pozulması qanunvericiliklə müəyyən edilmiş qaydada mülki, inzibati və cinayət məsuliyyəti yaradır. Agentlik tərəfindən aparılmış araşdırma nəticəsində o da aşkar olundu ki, İddiaçı tərəfindən təqdim edilmiş ekran görüntülərində (skrin-şotlarda) “Təhsilsizlik, erkən nikah və ekstremizm” adlı məqalənin yerləşdirildiyi göstərilmiş “Milli.az” saytının https://www/milli/az/interest/864423.html linkində hazırda “Psixi amillərin orqanizmə patoloji təsiri” adlı başqa bir məqalənin 2020-ci il 24 sentyabr tarixində saat 21:05 radələrində yerləşdirilməsi göstərilmişdir. İnternetdə axtarış zamanı “Təhsilsizlik, erkən nikah və ekstremizm” adlı məqalənin “xeber.media” saytının https://xeber.media/news/15173537/tehsilsizlik-erken-nikah-ve-ekstremizm linkində yerləşdirdiyi və həmin saytda istinad kimi bu xəbərin 2020-ci il 09 iyul tarixində “Milli.az” saytından götürüldüyü göstərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin 16.08.2021-ci il tarixli məktubundan görünür ki, Milli.az xəbər portalının inzibatçısı Cavabdeh MMC-dir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh MMC tərəfindən iddiaçıya məxsus “Təhsilsizlik, erkən nikah və ekstremizm” adlı məqalə üzərində müstəsna müəlliflik hüquqları pozularaq həmin məqalə cavabdeh tərəfindən “Milli.az” saytında öz adından dərc edilmişdir. Bele ki, Azərbaycan Respublikası Konstitusiyasının 30-cu maddəsinə əsasən hər kəsin əqli mülkiyyət hüququ vardır. Müəlliflik hüququ, ixtiraçılıq hüququ və əqli mülkiyyət hüququnun başqa növləri qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5-ci maddəsinə əsasən müəlliflik hüququ təyinatından, dəyərindən və məzmunundan, habelə ifadə formasından və üsulundan asılı olmayaraq yaradıcılıq fəaliyyətinin nəticəsi olan həm açıqlanmış, həm də açıqlanmamış, obyektiv formada mövcud olan elm, ədəbiyyat və incəsənət əsərlərinə şamil edilir. Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 8.1-ci maddəsinə əsasən, əsəri yaradan şəxs onun müəllifi sayılır. Əsərə müəlliflik, digər sübutlar yoxdursa, adı altında açıqlanmış şəxsə məxsusdur. Eyni Qanunun 8.4-cü maddəsinə əsasən kütləyə çatdırılmış və ya çatdırılmamış əsərə müstəsna müəlliflik hüquqlarının sahibləri onu müəlliflik hüququnun qüvvədə olduğu müddətdə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumda qeydiyyatdan keçirə bilərlər. Həmin Qanunun 8.5-ci maddəsinə əsasən, əsəri qeydiyyatdan keçirən hüquq sahibinə nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş şəhadətnamə verilir. Mübahisə yaranan hallarda, digər sübutlar olmadıqda, qeydiyyat haqqında şəhadətnamə məhkəmə tərəfindən müəlliflik prezumpsiyası kimi tanınır. Azərbaycan Respublikası “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Qanunun 14-cü maddəsinin 1-ci hissəsinə görə əsərin müəllifinin aşağıdakı şəxsi (qeyri-əmlak) hüquqları vardır: a) əsərin müəllifi kimi tanınmaq hüququ (müəlliflik hüququ); b) əsərdən öz adı ilə, təxəllüslə, yaxud adsız (anonim) istifadə etmək və ya bu cür istifadəyə icazə vermək hüququ (ad hüququ); Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, müəllifin və ya əsərə müəlliflik hüququnun digər sahibinin bu Qanunda nəzərdə tutulan hallar istina olmaqla, əsərdən hər hansı formada və üsulla istifadə etməyə müstəsna hüququ vardır. Həmin Qanunun 15.2-ci maddəsinə əsasən, əsərdən istifadəyə müstəsna hüquqlar aşağıdakılara həyata keçirməyi, həyata keçirilməsinə icazə verməyi, yaxud qadağa qoymağı bildirir: - əsərin birbaşa və ya dolayısı yolla surətini çıxarmaq (surətçıxarma hüququ); - əsərin orijinalını və ya nüsxələrini satış, yaxud mülkiyyət hüququnun başqa cür verilməsi yolu ilə yaymaq (yaymaq hüququ); - əsərin orijinalını və ya nüsxələrini kirayəyə vermək (kirayə hüququ); - əsərin nüsxələrini (o cümlədən müəllifin, yaxud əsərə müstəsna müəlliflik hüquqlarının sahibinin razılığı əsasında istehsal edilmiş nüsxələri) yaymaq məqsədi ilə idxal etmək (idxal hüququ); - əsəri kütləvi nümayiş etdirmək (kütləvi nümayiş hüququ); - əsəri kütləvi ifa etmək (kütləvi ifa hüququ); - kütləyə çatdırılması məqsədi ilə əsərin kütləvi bildirişi (verilişin efirlə və ya kabellə kütləvi bildirişi daxil olmaqla) (kütləvi bildiriş hüququ); - əsərin kütləyə çatdırılması üçün onun ilk və ya sonrakı bildirişləri də daxil olmaqla efirlə kütləvi bildirişi (efirlə kütləvi bildiriş hüququ); - kütləyə çatdırmaq üçün ilk və sonrakı bildirişlər də daxil olmaqla əsərin kabellə (kabel, naqil və ya digər oxşar vasitələrlə) bildirişi (kabellə kütləvi bildiriş hüququ); - əsəri tərcümə etmək (tərcümə hüququ); - əsəri interaktiv istifadə üçün kütləyə çatdırma (interaktiv kütləvi bildiriş hüququ); - dəyişdirmək, aranjeman etmək, yaxud başqa formada yenilən işləmək (yenidən işləmək hüququ); - memarlıq, şəhərsalma və bağ-park layihələrindən istifadə üzrə müstəsna hüquqlara həm də belə layihələrdən praktik istifadə etmə halları daxildir. Qəbul edilmiş arxitektura layihəsinin müəllifinin, müqavilədə başqa hal nəzərdə tutulmadıqda, sifarişçidən öz layihəsinin tikinti üçün sənədlərinin hazırlanmasında və binanın tikintisində (tikilidə) iştirakını tələb etmək hüququ vardır. Müəllifin özünün qonorardan imtina etdiyi hal və bu qanunla müəyyən edilmiş məhdudiyyətlər istisna olmaqla əsərdən istifadəyə görə müəllif qonorarı ödənilməlidir. Həmin Qanunun 19-cu maddəsinə əsasən müəllifin və ya müəlliflik hüquqlarının digər sahibinin razılığı olmadan və müəllif qonorarı verilmədən, lakin istifadə olunan əsərin müəllifinin adını və götürülmə mənbəyini mütləq göstərməklə elmi, tədqiqat, polemika, tənqidi və informasiya məqsədi ilə qanuni dərc edilmiş əsərdən, həmçinin qəzet və jurnallardan, sitatın məqsədinə müvafiq həcmdə çap icmalı formasında qısa parçaların orijinalda və ya tərcümədə sitat kimi verilməsinə yol verilir. Həmin Qanunun 44.1-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri, habelə müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum və əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatlar müəlliflik hüquqlarını və əlaqəli hüquqları pozan və ya pozmaq təhlükəsi yaradan hərəkətlərin dayandırılmasını tələb etmək hüququna malikdirlər. Həmin Qanunun 44-cü maddəsinin 3-cü hissəsinə görə əsərlərə və fonoqramlara münasibətdə aşağıdakılara yol verilmir: a) müvafiq texniki mühafizə vasitələri ilə əsərlərdən və fonoqramlardan istifadəyə qoyulmuş məhdudiyyətlərin müəllifin (və ya digər hüquq sahibinin) və fonoqramın hüquq sahibinin icazəsi olmadan aradan qaldırılmasına yönəldilmiş hərəkətlərə; b) əsərin və fonoqramın istənilən texniki mühafizə vasitələrinin və ya onun hissələrinin istehsalına, yayılmasına, kirayəyə verilməsinə, müvəqqəti istifadəsinə, idxalına, reklamına, gəlir götürmək məqsədi ilə istifadəsinə, yaxud texniki mühafizə vasitələrinin tətbiqini qeyri-mümkün edən və ya texniki vasitələrlə bu hüquqların lazımi müdafiəsinin təmin edilməsinə yönəldilmiş xidmətlərə. Hüquq sahibinin icazəsi olmadan hüquqların idarə edilməsi haqqında informasiyanın dəyişdirilməsi və ya ləğv edilməsi də hüquq pozuntusu sayılır. Həmin Qanunun 45.1-ci maddəsinə əsasən, müəlliflik hüququnun və əlaqəli hüquqların sahibləri öz hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət edə bilərlər. Göründüyü kimi istinad olunan maddəyə əsasən, müəllifin tələbi ilə ona dəymiş zərər və onun hüquqlarının pozulması nəticəsində hüquq pozuntusuna yol vermiş şəxsin əldə etdiyi gəlir tutula bilər və ya həmin gəlirin əvəzi olaraq kompensasiya ödənilməsi barədə qərar qəbul edilə bilər. “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 45.2-ci maddəsinə əsasən müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxarkən, mülki-hüquqi müdafiənin ümumi vasitələrindən başqa, iddiaçının tələbi ilə aşağıdakılar barədə qərar qəbul edə bilər: 1) zərərin ödənilməsi əvəzinə pozuntuya yol verən şəxsdən müəlliflik hüququnun və əlaqəli hüquqların pozulması nəticəsində əldə etdiyi gəlirin tutulması; 2) zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə 110 manatdan 55 min manatadək məbləğdə kompensasiya ödənilməsi; 3) hüquq pozuntusunun ağırlıq dərəcəsi və digər şəxslərin qanuni maraqları nəzərə alınmaqla, məhkəmə qərarına əsasən pirat nüsxələrin surətinin çıxarılması (istehsalı) üçün istifadə edilmiş material və avadanlıqların müsadirə olunması; 4) pirat nüsxələrin hüquqları pozan tərəfə heç bir kompensasiya ödənilmədən məhkəmə qaydasında müsadirə olunması və ya məhv edilməsi. Məhkəmə, həmçinin, hüquq pozuntusuna yol vermiş şəxsin bunu bilib-bilməməsindən asılı olmayaraq, pozuntulara görə həmin şəxsin müəllifə (digər hüquq sahibinə) və ya əlaqəli hüquqların sahibinə kompensasiya ödəməsi barədə qərar çıxara bilər. Məhkəmə maddi hüquq normalarının tələblərinə əsasən qeyd edir ki, müəlliflik hüququ və əlaqəli hüquqlar ilə əlaqədar mübahisələrə baxılarkən iki cür müdafiə üsulu tətbiq edilir: a) mülki-hüquqi müdafiənin ümumi üsulları; b) xüsusi xarakterli müdafiə üsulları. Müəlliflik hüququ ilə əlaqəli hüquqların mülki-hüquqi müdafiəsinin ümumi üsulları dedikdə qanunla müəyyənləşdirilən və sanksiyalaşdırılan qoruyucu xarakterli elə tədbirlər başa düşülür ki, bu tədbirlərin vasitəsi ilə pozulmuş hüquqlar bərpa edilir və ya mübahisə edilən hüquqlar tanınır. Bu üsullar məcburi təbiətə malik olmaqla müəlliflik hüququnu və əlaqəli hüquqları pozan şəxsə təsir göstərmək məqsədini güdür. Məhkəmə zərərin ödənilməsi və ya gəlirin tutulması əvəzinə kompensasiya ödənilməsi barədə qərar qəbul edə bilər. Kompensasiya ödənişi 110 manatdan 55000 manatadək pul məbləğini ifadə edir. Beləliklə də, toplanmış sübutlara qiymət verib yuxarıda qeyd olunan qanunvericilik aktı normalarına əsaslanaraq məhkəmə bu nəticəyə gəlir ki, müəllif İddiaçı icazəsi olmadan müəllifi olduğu “Təhsilsizlik, erkən nikah və ekstremizm” adlı məqalənin “Milli.az” portalı tərəfindən öz adlarına istifadə olunması İddiaçı qızının qanunla qorunan müəllif hüquqlarının pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə göstərilən maddi hüquq normalarının tələblərini və işin faktiki hallarını nəzərə alaraq, kompensasiyanın ödənilməsi kimi cavabdehdən 1.000 (bir min) manat məbləğin tutulmasını ağlabatan və ədalətli hesab edir. Məhkəmə həmçinin cavabdeh tərəfin iddiaçının qeyd olunan Milli.az xəbər portalının Cavabdeh MMC-yə məxsus olmasına dair heç bir sübut məhkəməyə təqdim etmədiyini, bu səbəbdən də Cavabdeh MMC-nin hazırkı halda iddiaçının iddia tələbinə cavab verməli olmayan tərəf olduğuna dair dəlillərini əsassız hesab edir. Belə ki, məhkəmə sorğusuna cavab olaraq göndərilmiş Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin 16.08.2021-ci il tarixli məktubundan görünür ki, Milli.az xəbər portalının inzibatçısı Cavabdeh MMCdir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı xeyrinə Cavabdeh MMC-dən 1.000 (bir min) manat məbləğində kompensasiya tutulmalı, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. İddiaçı xeyrinə Cavabdeh MMC-dən 1.000 (bir min) manat məbləğində kompensasiya tutulsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov
Məhkəmə qərarları › İş №2(006)-590/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-590/2021
22.12.2021 · Əqli mülkiyyət hüququ ilə əlaqədar mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver