Məhkəmə qərarları › İş №2(006)-5908/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-5908/2025

08.11.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-5908/2025 08.11.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Abidova Günay Çingiz qızı, iddiaçı Ərizəçi Cavabdeh qarşı “nikahın könüllü ləğvi – barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Təsviri hissə:

1. İddiaçı Ərizəçi Cavabdeh qarşı “nikahın könüllü ləğvi – barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış nikahın könüllü şəkildə ləğv edilməsi barədə barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini, nikahın ləğvi barədə qərar qüvvəyə mindikdən sonra müvafiq qeydiyyat orqanına göndərilməsini xahiş etmişdir.

2. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir.

Əsaslandırıcı hissə: a) Məhkəmənin mövqeyi:

4. Belə ki, iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin ilkin araşdırılması nəticəsində müəyyən edilir ki, tərəflər mediasiya təşkilatında barışıq sazişi bağlayaraq, nikahlarının pozulmasının məhkəmə qaydasında həllinə razılaşmış, bununla yanaşı, yetkinlik yaşına çatmayan uşağın yaşayış yeri, aliment, digər valideynin onunla ünsiyyəti və əmlak məsələsinə dair şərtləri müəyyən etmişlər. Hazırda iddiaçı tərəflər arasında bağlanmış nikahın könüllü şəkildə ləğv edilməsi barədə barışıq sazişinin məhkəmə tərəfindən təsdiq edilməsini, nikahın ləğvi barədə qərar qüvvəyə mindikdən sonra müvafiq qeydiyyat orqanına göndərilməsini xahiş edir. İddiaçının niyyətinin nikahın məhkəmə qaydasında pozulmasından ibarət olması aşkardır, lakin o, iddia icraatı qaydasında məhkəməyə müraciət etsə də, müvafiq tələblə deyil, məhz barışıq sazişinin “nikahın pozulması” ilə bağlı hissəsinin təsdiq edilməsi tələbi ilə iddia irəli sürmüşdür. İddia ərizəsində qarşı tərəfin barışıq sazişinin digər şərtlərini könüllü icra etməməsi ilə bağlı heç bir dəlil də irəli sürülməmişdir.

5. Məhkəmə qeyd edir ki, mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin məhkəmə tərəfindən təsdiq olunması üçün müraciətin prosessual əsası Mülki Prosessual Məcəllənin 355-23.1-ci və “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun 34.3-cü maddəsidir. MPM-in həmin maddəsinin tələbinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.21-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununun istinad olunan maddəsinə əsasən isə əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Normaların məzmunundan göründüyü kimi, barışıq sazişinin təsdiq edilməsi barədə məhkəməyə müracət etmək üçün 2 şərtdən biri mövcud olmalıdır: - barışıq sazişi könüllü qaydada icra edilməməlidir; - barışıq sazişinin könüllü icrasından imtina olunmalıdır. Hər 2 normanın mahiyyəti ondan ibarətdir ki, mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişinin məhkəmə tərəfindən xüsusi icraatda təsdiqlənməsi yalnız razılaşmanın məcburi icrasını təmin etmək məqsədi daşıyır.

6. Ümumiyyətlə, barışıq sazişi tərəflərin mübahisəli münasibətlərinə dair yeni bir hüquqi nəticə - hüquq və öhdəliklər əmələ gətirmək məqsədilə bağladıqları qarşılıqlı ikitərəfli (çoxtərəfli) müqavilədir. Barışıq sazişi tərəflər arasındakı mübahisənin və ya fikir ayrılığına səbəb olma potensialı daşıyan qeyri-müəyyənliyin aradan qaldırılmasına yönəlir. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin isə əsas cəhəti ondan ibarətdir ki, bu zaman tərəflərin iradə bəyanları məhkəməyə getmə potensialı olan mübahisənin tamamlanmasını təmin edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 881.1-ci və 881.2-ci maddələrində qeyd edildiyi kimi, barışıq razılaşması haqqında müqaviləyə görə tərəflər öz aralarında hüquqlar və ya iddialar barəsində mübahisəni və ya qeyri-müəyyənliyi qarşılıqlı güzəştlər yolu ilə həll edirlər. Barışıq razılaşmasının qüvvəsi ondan ibarətdir ki, əvvəllər mübahisəli və ya qeyri-müəyyən olmuş hüquqlara və iddialara istinad edilməsi həmin razılaşmaya əsasən istisna edilir və hüquqi statusundan asılı olmayaraq, iştirakçılar üçün yalnız barışıq razılaşmasında təsbit edilənlər etibarlı olur.

7. Hazırkı barışıq sazişindən isə görünür ki, bu sazişlə tərəflər arasında olan mübahisə həllini tapmışdır, hər hansı bir qeyri-müəyyənlik mövcud deyildir, icrası nəzərdə tutulan şərt isə cavabdehin uşağın iddiaçının yanında qalmasına etiraz etməməsi və iddiaçının üzərinə cavabdehlə uşağın ünsiyyətinə şərait yaratmasına dair öhdəlik qoyulması ilə bağlıdır. Belə olan halda, sazişin məhkəmə qaydasında təsdiq olunmasına (məcburi icraya) zərurətin olmaması aşkardır. İddiaçı da iddia ərizəsini ümumiyyətlə bu istiqamətdə əsaslandırmamışdır. Lap əsaslandırsaydı da belə, o, xüsusi icraat qaydasında deyil, iddia icraatı qaydasında məhkəməyə müraciət etdiyindən, yenə də ərizəsinə baxıla bilməzdi.

8. Yuxarıda da qeyd edildiyi kimi, MPM-nin 355-23.1-ci maddəsi müvafiq ərizə ilə məhkəməyə müraciət etmənin əsaslarını müəyyən edir. Başqa sözlə, hazırkı qərardadın 5-ci bəndində sadalanan şərtlər mövcud olmadıqda şəxsin məhkəməyə müraciət etmək üçün əsasları yaranmır, belə vəziyyətdə isə ərizəyə məhkəmədə baxılması mümkün deyildir. Qeyd edilən şərtlər mövcud olmadıqda ərizəyə baxılması MPM-nin 5.1-ci maddəsinin tələbinə də ziddir. Həmin normanın tələbinə əsasən hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır (Azərbaycan Respublikası Ali Məhkəməsinin vahid məhkəmə təcrübəsini müəyyən edən (üç ulduzlu) 2-(102)-385/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı).

b) Tətbiq olunan hüquq və gəlinən nəticə:

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 5.1-ci maddə. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. 114.1, 114.1.2-ci maddə. Bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizəni baxılmaq üçün qəbul etməkdən imtina edilərsə, ödənilmiş dövlət rüsumu qaytarılır. 153.2.1-ci maddə. Ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddə. Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana və ya məhkəməyə müraciət etməli olmasını orada göstərir. 153.6-cı maddə. İddia ərizəsini qəbul etməkdən imtina barədə qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi ilk gündən verilmiş hesab edilir. 355-23.1-ci maddə. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər.

10. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 33.1. Barışıq sazişi tərəflər arasında yazılı formada bağlanır. Barışıq sazişində aşağıdakı məlumatlar göstərilir: 33.1.6. barışıq sazişinin şərtlərinin icra edilməməsinin və ya düzgün icra edilməməsinin nəticələri. Maddə 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Maddə 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. Maddə 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Maddə 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Maddə 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. Azərbaycan Respublikasının Ailə Məcəlləsi: Maddə 19.1. Bu məcəllənin 17.2-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla ərarvadın yetkinlik yaşına çatmayan ümumi uşaqları olduqda və ya ər (arvad) nikahın pozulmasına razı olmadıqda nikah məhkəmə qaydasında pozulur.

12. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 noyabr 2023-cü il tarixli 19 №-li Qərarı ilə təsdiq edilmiş “Vahid məhkəmə təcrübəsi baxımından əhəmiyyətli olan məhkəmə aktlarının indeksləşdirilməsi Qaydaları”: 2.1 və 2.1.3-cü bənd. Bu Qaydalara uyğun olaraq indeksləşmə məhkəmə aktlarına aşağıdakı “ulduz” nişanlarının təyin edilməsi yolu ilə həyata keçirilir: ★★★ (üç ulduz) – Azərbaycan Respublikası Ali Məhkəməsinin hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini müəyyən edən və inkişaf etdirən məhkəmə aktına təyin edilən fərqləndirici nişandır.

13. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya qaytarılmalı və iddiaçıya “nikahın pozulması” tələbinə dair qanuna müvafiq qaydada tərtib edilmiş iddia ərizəsi ilə ümumi iddia icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir.

Nəticə:

14. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq,

QƏRARA ALDİM:

İddiaçı Ərizəçi Cavabdeh qarşı “nikahın könüllü ləğvi – barışıq sazişinin təsdiqi” tələbinə dair iddia ərizəsinin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. Dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 100 (bir yüz) manat məbləğində pul iddiaçı Ərizəçi geri qaytarılsın (qəbz №: **********). Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə (“Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə ) şikayət verilə bilər.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar