Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-5994/2024 19.12.2024 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Şəmmədova Şəhla Eynur qızının katibliyi ilə, Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/9/2024-01019 nömrəli barışıq sazişinin məcburi icrası üçün həmin barışıq sazişini (2-ci bəndinə Maraqlı şəxs tərəfindən əməl olunmadığı üçün) “tərəflər etiraf edir ki, ikinci tərəf vurulmuş 13000 manat ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixədək 1000 manat ödəniş etmişdir. Nəticədə ikinci tərəfin birinci tərəfə 12000 manat borcu qalmışdır. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf dərhal məhkəməyə müraciət edərək ikinci tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcəkdir” şərtləri ilə təsdiq edilməsi, həmçinin ödənilmiş 100 manat dövlət rüsumunun Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizədə qeyd olunmuşdur ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixli, MŞB\9\2024-01019 nömrəli barışıq sazişi imzalanmışdır. Həmin barışıq sazişinə əsasən, tərəflər etiraf edir ki, ikinci tərəf vurulmuş 13000 manat ziyana görə Ərizəçi MMCyə xx.xx.2024-cü il tarixədək 1000 manat ödəniş etmişdir. Nəticədə ikinci tərəfin birinci tərəfə 12000 manat borcu qalmışdır. Tərəflər razılaşırlar ki, ikinci tərəf xx.xx.2024-cü il tarixdən etibarən 24 ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 25-dən gec olmayaraq aylıq 500 manat olmaqla hər ay hissə-hissə borcunu ödəyəcəkdir. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf dərhal məhkəməyə müraciət edərək ikinci tərəfdən borcunu tam şəkildə ödəməyi tələb edəcəkdir. Eyni zamanda sazişin imzalanması eyni mübahisə predmetinə aid əvvəllər mövcud olan razılaşmalara istinad edilməsini istisna edir və hüquqi statusundan asılı olmayaraq mübahisə predmeti ilə əlaqədar tərəflər üçün yalnız sazişin şərtləri etibarlı olur. Sazişin imzalanması sadəcə bu sazişlə əhatə olunan məsələlərə aiddir və tərəflər arasında digər irad və tələblərə aid edilmir. Bu sazişdə nəzərdə tutulan hallar istisna olmaqla, tərəflər hazırki mübahisə ilə əlaqədar bir-birini, işçilərini və ya varislərini, vəkillərini və nümayəndələrini bu sazişin bağlandığı ana kimi yaranmış, məlum olan və ya olmayan bütün mübahisələr, iddialar, şikayətlər, ittihamlar, tələblər, zərərlər, borclar və öhdəliklərlə bağlı məsuliyyətdən qarşılıqlı şəkildə azad edirlər. Saziş, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 (on) təqvim gün müddətində könüllü şəkildə icra olunmalıdır. Tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB\9\2024- 01019 nömrəli barışıq sazişi Maraqlı şəxs tərəfindən icra edilmir. Maraqlı şəxs tərəfindən aylıq ödənişlər könüllü şəkildə icra edilmədyi üçün barışıq sazişinin 2-ci bəndi əsas götürülməklə borc məbləğinin tam şəkildə ödəməsi şərti ilə saziş təsdiq edilməlidir. Ərizəçi MMC tərəfindən məhkəməyə ərizə ünvanlanaraq, məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsi və barışıq sazişinin təsdiqinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə qeyd edilən ərizəni nəzərə alıb, barışıq sazişinin təsdiq edilməsinə dair ərizəyə ərizəçi tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-25.2-ci maddəsinə əsasən, məhkəmə ərizəyə baxılması barədə işdə maraqlı olan şəxslərə məlumat verir, lakin həmin şəxslərin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2024-cü il tarixdə Bakı 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış MŞB/9/2024-01019 saylı «Barışıq sazişi»ndən görünür ki:
1. Tərəflər etiraf edir ki, ikinci tərəf vurulmuş 13000 manat ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixinədək 1000 manat ödəniş etmişdir. Nəticədə ikinci tərəfin birinci tərəfə 12000 manat borcu qalmışdır.
2. Tərəflər razılaşır ki, ikinci tərəf xx.xx.2024-cü il tarixdən etibarən 24 ay ərzində xx.xx.2026-cı ilədək hər ayın 25-dən gec olmayaraq aylıq 500 manat olmaqla hər ay hissə-hissə borcunu ödəyəcək.
3. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf dərhal məhkəməyə müraciət edərək ikinci tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək. Barışıq sazişinin şərtlərindən göründüyü kimi, həmin sazişin təsdiq edilməsinə maneə yaradan (MPM-nin 355-26-cı maddəsində sadalanmış) hallar yoxdur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 355-23.1-ci maddəsinə görə “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-23.2-ci maddəsinə görə mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizə ərizəçi fiziki şəxsin yaşadığı yer, hüquqi şəxsin ünvanının olduğu yer üzrə, ərizə dövlət orqanı (qurumu) tərəfindən verildikdə, barışıq sazişinin icrasından imtina edən fiziki şəxsin yaşadığı, hüquqi şəxsin ünvanının olduğu yer üzrə məhkəməyə verilir. 355-24-cü maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizədə barışıq sazişinin könüllü icrası üçün “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsi ilə müəyyən olunmuş müddətin keçməsi və ərizəçinin xahişi göstərilməlidir. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1-ci maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1-ci maddəsinə əsasən, barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2-ci maddəsinə əsasən, barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2-ci maddəsinə əsasən, barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. Həmin qanunun 34.3-cü maddəsinə əsasən, əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Həmin qanunun 34.4-cü maddəsinə əsasən, barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). Ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, tərəflər mediasiya prosesində barışıq əldə etmişlər, bu baxımdan məhkəmə hesab edir ki, Bakı 9 saylı Mediasiya Təşkilatının mediatoru İlham Fərzəliyev tərəfindən təsdiq edilən tərəflər arasında xx.xx.2024-cü il tarixdə bağlanılmış barışıq sazişinin 1 və 3-cü bəndləri qeyd olunmuş şərtlərlə təsdiq olunmalıdır. Belə ki, hazırda ərizəçi barışıq sazişinin 1 və 3-cü bəndlərinin maraqlı şəxs tərəfindən icra edilməsini xahiş edir, həmin hissədə maraqlı şəxs tərəfindən üzərinə götürülmüş öhdəliyin icra edilmədiyini bildirir. Bu səbəbdən də, məhkəmə barışıq sazişini yalnız həmin hissədə təsdiqləməyi əsaslı hesab edir. Ərizəçinin barışıq sazişinin təsdiqi üçün məhkəməyə müraciəti ilə əlaqədar dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Ərizəçi MMC-nin (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilsin. Ərizəçi MMC (birinci tərəf) ilə Maraqlı şəxs (ikinci tərəf) arasında Bakı 9 saylı Mediasiya Təşkilatı vasitəsi ilə bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/9/2024-01019 saylı Barışıq Sazişinin 1 və 3-cü bəndlərində qeyd edilən “Tərəflər etiraf edir ki, ikinci tərəf vurulmuş 13000 manat ziyana görə Ərizəçi MMC-yə xx.xx.2024-cü il tarixinədək 1000 manat ödəniş etmişdir. Nəticədə ikinci tərəfin birinci tərəfə 12000 manat borcu qalmışdır. İkinci tərəf hər hansı ayın ödənişini ödəməzsə və ya gecikdirərsə, birinci tərəf dərhal məhkəməyə müraciət edərək ikinci tərəfdən borcunu tam şəkildə ödəməyini tələb edəcək” hissəsi təsdiq edilsin. Dövlət rüsumu qismində ödənilmiş 100 manat pul vəsaiti Maraqlı şəxs tutularaq Ərizəçi MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Ceyhun Tağıyev