Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6022/2021 01.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə araşdırılaraq müəyyən edilmişdir ki, ərizəçi ərizəsində maraqlı şəxsi göstərməməklə qanunvericilikdə nəzərdə tutulan ərizənin forma və məzmununa aid tələblərə düzgün riayət etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddənin məzmunundan göründüyü kimi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrdə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olması qeyd olunmalı və ərizəyə faktı təsdiq edən sənədləri ərizəçinin başqa qaydada ala bilməməsini təsdiq edən sübutlar əlavə olunmalıdır. Qeyd edilən ərizə isə araşdırılaraq müəyyən edilmişdir ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinin tələblərinə riayət edilməmiş, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Bu hal isə mülki prosessual qanunvericilikdə ərizənin məzmununa dair nəzərdə tutulan müvafiq tələblərin pozulması kimi qiymətləndirilməli, ərizə məhkəmə tərəfindən icraata götürülməməlidir. Həmçinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddənin məzmunundan göründüyü kimi, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair xüsusi icraat qaydasında daxil olmuş ərizənin məhkəmə icraatına qəbul edilməsini yalnız o halda mümkün saya bilər ki, bu faktları təsdiq edən sənədlərin məhkəmədənkənar qaydada alınması mümkün olmasın. Lakin ərizəyə əlavə edilmiş materiallardan göründüyü kimi, ərizəçi müvafiq sənədləri əldə etməyin mümkün olmamasına istinad etsə də, tərəfindən ərizənin məhkəməyə verilməsindən əvvəl aidiyyəti dövlət orqanına müvafiq tələblə müraciət edildiyini və imtina cavabının alındığını təsdiq edən hər hansı bir sübut ərizəyə əlavə edilməmişdir. Bundan başqa qeyd edilən ərizə və ona əlavə edilmiş sənədlər araşdırılaraq müəyyən edilmişdir ki, ərizəçi tərəfindən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd ərizəyə əlavə edilməmiş, dövlət rüsumunu ödəməkdən azad olunmasına əsas verən halları isə iddia ərizəsinə əlavə edilmiş sənədlərə əsasən müəyyən etmək mümkün olmamışdır. Halbuki Mülki Prosessual Məcəllənin 150.0.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsi haqqında sənəd əlavə edilməlidir. Həmçinin Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-6022/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6022/2021
01.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver