Məhkəmə qərarları › İş №2(006)-6044/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6044/2021

30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6044/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Cəfərov Səməd Fəxrəddin oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əhmədova Məstanə Mətləb qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Bakı şəhəri Maraqlı şəxs qismində qeyd etməklə, «hüquqi əhəmiyyətli ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, əri, 04.03.1969-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş X3 12.07.2021-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1971-ci il tarixdə doğulmuşdur. 27.08.1993-cü il tarixdə X5 ilə rəsmi qaydada ailə qurmuşlar və nikahları Şəhriyar kəndi üzrə nümayəndəkdə 38 saylı akt qeydi ilə rəsmiləşdirilmişdir. Həyat yoldaşı X4 22.12.2020-ci il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzi tərəfindən hogkin limfoması diaqnozu təyin edilmişdir. Əri həmin xəstəlikdən 12.07.2021-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində vəfat etmiş və qohumları ilə birgə onu Cəlilabad rayonu Uzuntəpə kənd qəbristanlığında dəfn etmişlər. Bu barədə Cəlilabad rayon İHB-nin Uzuntəpə kənd İƏD üzrə nümayəndəliyinin 13.08.2021-ci il tarixli arayışında göstərilmişdir. Lakin ərinin ölümünü təsdiq edən sənədini almamışlar. Hazırda bəzi sənədləşmə işlərinin aparılması üçün ölüm haqqında şəhadətnamənin alınması zərurəti yaranmışdır. Belə ki, oğlu – 28.07.2007-ci il təvəllüdlü Kərimzadə Hüseyn Natiq oğluna sosial yardım alınması və digər işlərin həll edilməsi üçün sənədləşdirmə işləri aparılmalıdır. Buna görə də, mərhum həyat yoldaşı X3 ölüm faktı müəyyən edilməlidir. 19.08.2021-ci il tarixdə mərhum həyat yoldaşının ölüm haqqında şəhadətnaməsini almaq üçün ərizə ilə Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə müraciət etmişdir və müraciətinə cavab olaraq ona ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtinaya dair məktub verilmişdir. Qeyd olunan məktubda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndi rəhbər tutularaq ölüm qeydiyyatının ölüm faktı təsdiq edən tibbi şəhadətnamə əsasında qeydə alındığı bildirilmişdir. 01.09.2021-ci il tarixdə ölüm haqqında tibbi şəhadətnamənin alınması üçün Bakı şəhər Baş Səhiyyə İdarəsinin 5 saylı şəhər poliklinikasına müraciət etmişdir. Cavab məktubunda TTYS-in sənədi təqdim edilmədiyinə görə 106 saylı forma üzrə arayışın verilməsinin mümkün olmadığını bildirərək, bu barədə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. Ərinin ölüm faktını şahidlər də təsdiq edə bilər. Ərinin ölüm haqqında şəhadətnaməsinin olmamasının gələcəkdə ailələri üçün müəyyən çətinliklər yaradacağını nəzərə alaraq, həmin şəhadətnamənin alınması zərurəti yaranmışdır. Ona görə də, hazırkı ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəməyə məktub ünvanlayaraq ərizəyə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını xahiş etmiş, nümayəndənin məhkəmə iclasına gələ bilməməsinin üzürlü səbəbi kimi iş həcminin çox olmasını göstərmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, şahid X8 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X5 onun atası olmuşdur. 12.07.2021-ci il tarixdə vəfat etmişdir. X1 məhkəmə iclasında ifadə verərək bildirdi ki, mərhum X5 onun bacısının yoldaşı olmuşdur. 12.07.2021-ci il tarixdə vəfat etmişdir. Cəlilabad rayonu Uzuntəpə kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin əri X5 04.03.1969-cu il tarixdə Cəlilabad rayonunda doğulmuşdur. İş materiallarına əlavə olunmuş digər sənədlərdən görünür ki, ölüm faktının müəyyən edilməsi tələb edilən şəxs ərizəçinin əridir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Milli Onkologiya Mərkəzinin 22 dekabr 2020-ci il tarixli arayışından görünür ki, X5 22 dekabr 2020-ci il tarixdə həmin Mərkəzin Onko-Hematologiya şöbəsinə müraciət etmiş, ambulator kartasına əsasən hogkin limfoması diaqnozu ilə müalicə olunması üçün saat 10:00-dan saat 18:00-a qədər kimyaterapiya müalicəsi almışdır. İşin faktiki hallarından görünür ki, ərizəçinin həyat yoldaşı ciddi xəstəlikdən əziyyət çəkmiş və mütəmadi olaraq müalicə kursları qəbul etmişdir. Lakin təəssüf ki, xəstəliyə qalib gələ bilməmiş və vəfat etmişdir. Cəlilabad RİHB-nin Uzuntəpə kənd İƏD üzrə nümayəndəliyinin 13 avqust 2021-ci il tarixli 727 saylı arayışından görünür ki, X5 12 iyul 2021-ci il tarixdə vəfat etmiş və kənd qəbristanlığında dəfn olunmuşdur. Qəbristanlıqda çəkilmiş fotoşəkildən görünür ki, X3 dəfn edildiyi qəbrin üstü götürülmüş, mərmər materialından istifadə olunmaqla məzarüstü xatirə lövhəsi (daşı, abidəsi) qoyulmuş, mərhumun doğum və vəfat tarixləri göstərilmiş, qardaşlarından xatirə olaraq ürək sözləri həkk edilmişdir. 5 saylı şəhər Poliklinikasının 01.09.2021-ci il tarixli 1460 saylı məktubundan görünür ki, ölüm haqqında 106 saylı forma üzrə arayışın verilməsinin mümkün olmadığı bildirilmiş, məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Bakı şəhəri Maraqlı şəxs 19.08.2021-ci il tarixli 05/Q-1543/75 saylı məktubundan görünür ki, ərizəçiyə əri X3 ölümünün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən hazırda ölümün dövlət qeydiyyatına alınmasının qeydiyyat şöbəsində mümkün olmaması bildirilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təstiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi, Ərizəçi ərinin ölməsinə dair hüquqi əhəmiyyəti olan faktı təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında toplanmış və tədqiq olunmuş sübutlarla təsdiq olundu ki, 04.03.1969-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş X5 12.07.2021-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölmüşdür. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 307.2, 307.2.3, 311, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 04.03.1969-cu il tarixdə Cəlilabad rayonunda doğulmuş X3 12.07.2021-ci il tarixdə Cəlilabad rayonu Uzuntəpə kəndində ölməsi barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Hazırkı qətnamə faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Səməd Cəfərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar