Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-620/2021 02.03.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Salatın Müzəffər qızının katibliyi, İddiaçı, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili X2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (43 saylı Notariat Kontoru 3-cü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (43 saylı Notariat Kontoru 3-cü şəxs qismində cəlb edilməklə) “vərəsəlik şəhadətnaməsinin ləğv edilməsi və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri 43 saylı notariat kontoru tərəfindən verilmiş 2V-24 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamənin ləğv edilməsi, qızı X4 miras əmlakına faktiki sahiblik etdikləri üçün onun, Cavabdeh2 və Cavabdeh3 miras əmlakda bərabər paylı vərəsə kimi tanınmaları və vərəsəlik şəhadətnaməsinin verilməsi, məhkəməyə müraciət üçün çəkdiyi 450,00 (dörd yüz əlli) manat məbləğində pul vəsaitinin və 10,00 (on) manat məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, qızı xx.xx.1965-ci il təvəllüdlü X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Bakı şəhəri, 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzili qızı vəfat edən zaman onun mülkiyyətində olmuşdur. Həmçinin qızı həmin ünvanda qeydiyyatda olmuşdur. Qızı vəfat edən gündən bugünədək o, qızının 2 övladı (Cavabdeh3 və Cavabdeh2l ilə birlikdə həmin mənzildə yaşayır. 12 ildən artıq müddətdir ki, həm qızının övladlarını saxlayıbböyütmüş, həm də ondan qalan həmin miras əmlaka sahiblik etmişdir. Bunu qonşular tərəfindən tərtib edilmiş akt da sübut edir. Qızı vəfat etdikdən sonra qızının qanun üzrə birinci dərəcə vərəsəsi hesab olunan cavabdeh, əri Abidli Hicran Abdulla oğlu həmin mənzildə yaşamamış, yenidən ailə quraraq özünə yeni mənzil alıb ora köçmüşdür. O, son zamanlar birlikdə yaşadığı nəvələrinin evi öz adlarına keçirmələrindən şübhələnmişdir. Buna görə də tərəfindən Ədliyyə Nazirliyi Notariat və Qeydiyyat Baş İdarəyə qızı ilə bağlı vərəslik işinin açılıb-açılmaması barədə məlumatın verilməsi üçün ərizə ünvanlamışdır. Məktubuna cavab olaraq göndərilmiş AR Ədliyyə Nazirliyi Notariat Baş İdarənin xx xxxx 2020-ci il tarixli, 05/6-14-13 saylı məktubunda qızına dair vərəsəlik isinin açılmadığı və onun notariat ofisinə müraciət etməli olduğu qeyd olunmuşdur. Xüsusi karantin rejimi tətbiq edildiyindən dərhal müraciət edə bilməmişdir. İyun ayında yenidən xeyli miqdarda pul vəsaiti qarşılığında evin nəvəsinin adına keçirilməsi barədə xəbərlər eşitmişdir. AR Ədliyyə Nazirliyinin elektron xidmətləri bölümündə aldığı məlumata əsasən qızı ilə bağlı xx xxxx 2020-ci il tarixdə vərəsəlik işi açılmışdır. Bundan sonra o, xx xxxx 2020-ci il tarixdə vərəsə kimi tanınmaq üçün 43 saylı notariat ofisinə müraciət etmişdir. Notariat ofisindən ona göndərilmiş xx xxxx 2020-ci il tarixli məktubda xx xxxx 2020-ci il tarixdə 2V-24 saylı “Qanun üzrə vərəsəlik hüququ haqqında” Şəhadətnamə verilmişdir. Qeyd olunan şəhadətnamə ilə cavabdehlər vərəsə hesab olunaraq hər birinə qızına məxsus miras əmlakda 1/3 olmaqla paylar verilmişdir. Hesab edir ki, qanunun tələbinə əsasən qızına məxsus miras əmlaka faktiki olaraq sahiblik etdiyindən həmin mənzilə onun da pay hüququ tanınmalıdır. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, mirasın qəbul edilməsi faktının müəyyən edilməsi, vərəsəlik hüququnun tanınması, vərəsəlik haqqında şəhadətnamənin ləğv edilməsi, yeni şəhadətnamənin verilməsi vəzifəsinin notariat kontoruna həvalə edilməsi, X6 miras əmlakına faktiki sahiblik etdikləri üçün iddiaçının, Cavabdeh2 və Cavabdeh3 miras əmlakda bərabər paylı vərəsə kimi tanınması, məhkəməyə müraciət üçün çəkdiyi 450 AZN (dörd yüz əlli) məbləğində pul vəsaitinin və 10 (on) AZN məbləğində dövlət rüsumunun cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil yuxarıda göstərilən məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. İştirak etdiyi məhkəmə iclasında Cavabdeh3 bildirmişdir ki, nənəsi onlarla qalmışdır. Xəstə olan zaman anasına nənəsi baxmışdır. Anası rəhmətə gedəndən sonra nənəsi ona və qardaşına baxmışdır. Xəstəliyi ilə əlaqədar bir müddət xalası gildə qalmağına baxmayaraq nənəsi 2008-ci ildən onlarla birgə yaşayır. Nənəsi evi onun adına keçirtmək istəmişdir. Maddi baxımdan hər şeyi atası etmişdir. Vərəsəlik şəhadətnaməsinin alınması ilə bağlı onlar bu il müraciət etmişdir. Evin çıxarışı hazırdır. Nənəsi ilə münasibətləri həmişə yaxşı olmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 nümayəndəsi və vəkili X5 iddiaya etiraz edərək bildirmişdir ki, İddiaçı tələbləri mülki işin həqiqi hallarına tamamilə uyğun olmamaqla yalandır. Belə qənaətdədirlər ki, məhkəmə baxışında iddiaçının mülkkiyyətindəki mənzilə dair onun qanun üzrə vərəsə hüququnun rəsmiləşdirmədiyi, yəni qanun üzrə vərəsəlik şəhadətnaməsini əldə etmədiyi, habelə sözügedən şəhadətnamənin əldə etməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpa olunmasına dair məhkəməyə müraciət etməli olduğuna dair təkzib edilməz dəlilərə uyğun hüquqi qiymət verilməlidir. Yəni məhkəmədə tərəf olaraq subyektiv hüququnun olmadığına dair təkzibedilməz faktlar ona dəlalət edir ki, hazırkı iddiaçının onların mənzilində qeydiyyatı heç vaxt olmayıb, o, onlarla hər hansı birgə təsərrüfat aparmayıb, digər qızına məxsus mənzildə qeydiyyatdadır və hazırda davamlı olaraq həmin mənzildə yaşayır. Onlarla eyni mənzildə faktiki yaşamasına dair qonşuların Aktı əsasında mirası faktiki qəbul etməsini iddia etməsi faktı ağ yalandır. Sübut növü kimi istinad edilən qonşuların Aktı da həmin ağ yalanı işin faktiki halı kimi qəbul edilməsinə hesablanıb. Digər tərəfdən iddiaçı mirasa vərəsəlik şəhadətnaməsinin alınması üçün ötürülmüş müddətin bərpasına görə məhkəməyə müraciət etməkdən yayınmaq məqsədli ilə saxta və əsassız Akta istinad etməyi özünə rəva bilir. Zənn edirlər ki, məhkəmə sözügedən Aktı əhəmiyyətsiz sübut hesab edəcək, bununla da iddiaçının subyektiv hüququnun yaranmadığına dürüst hüquqi qiymət verəcəkdir. Ümidvardır ki, mülki işin həqiqi hallarını və hüquqmüəyyənedici sənədlərin qanunla müəyyən edilmiş qaydada əldə etmədiyinə görə iddiaçının subyektiv hüququnun yaranmadığı səbəbindən işin məhkəmədə baxılmasının yolverilməzliyi, eyni Məcəllənin 261.0.1-ci maddəsinin tələbi qaydasında etirazlarına əlavə edilmiş vəsatətləri məhkəmə tərəfindən obyektiv hüquqi qiymət verilləcək və sözügedən mülki işin icraatına xitam verilməsinə dair qərardad çıxarılacaqdır. Zənn edirlər ki, məhkəmə mülki mübahisəyə mahiyyəti üzrə baxarkən iş üzrə tələblərin iddiaçının sübyektiv mülahizəsi olduğu qənaətinə gələcək, işin icraatına xitam verilməsinə dair vəsatətləri də təmin ediləcəkdir. Qeyd edilənlərə əsasən İddiaçı onlara qarşı iddia tələbinə dair hazırkı etirazlarının əsaslarını nəzərə alıb, iş üzrə icraata xitam verilməsinə dair qərdad çıxarılmasını xahiş edirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı şəhəri 43 saylı Notariat Kontoru nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, təmin etməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Bakı şəhəri Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, Az-İ 980073 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.2008-ci il tarixdə ürək-damar tənəffüs çatışmazlığı səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.2008-ci il tarixdə 57 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Notariat idarəsinin rəisi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2020-ci il tarixli, 05/C-14-13 saylı məktubdan görünür ki, “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən Yeganə Ağayevanın adına respublikanın notariat ofislərində vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir. Göstərilənlərlə yanaşı izah edilmişdir ki, vərəsəlik işinin açılması üçün qanunvericilikdə nəzərdə tutulmuş sənədlərlə mirasın açıldığı və ya əmlakın yerləşdiyi yer üzrə notariat ofisinə müraciət edilməsi tövsiyə olunur. Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş, reyestrdə 2V-24 nömrə ilə qeyd edilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamədən görünür ki, Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 xx.xx.2008-ci il tarixdə ölmüş X4 vərəsələridir və onlar miras əmlakdan hər biri bərabər olaraq 1/3 hissədə pay almalıdır. Şəhadətnamə verilən əmlak ünvan 1 mənzil 52 ünvanında yerləşən yaşayış sahəsi 23,89 kv.m. olan daşınmaz əmlakdan (torpaq sahələrindən başqa) ibarətdir. Bu barədə məlumat İddiaçı Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən xx.xx.2020-ci il tarixli məktubla verilmişdir. Rəşidə Gözəlova, İradə Əliyeva, Firəngiz Məmmədova tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan görünür ki, Bakı şəhəri, 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzilinin sahibi, qonşuları X8 xx xxxxxx 2008-ci il tarixdə vəfat etdikdən sonra onun anası İddiaçı sözügedən evdə yaşayaraq mərhum Yeganə Ağayevanın 2 övladına (Cavabdeh3 və Cavabdeh2) baxmış və əmlaka sahiblik etmişdir. Mərhumun əri Abildli Hicran Abdulla oğlu isə o vəfat etdikdən az müddət sonra yenidən ailə quraraq mənzili tərk etmişdir. Şahid qismində məhkəmə iclaslarına gələ bilmədiklərinə görə məhkəməyə təqdim edilməsi üçün bu aktı tərtib etmişlər. Nəsimi Rayon İH MKTB 31 saylı MKİS-i tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzilində qonşuların tərtib etdikləri akta əsasən qeydiyyatsız yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X12 bildirmişdir ki, İddiaçı onun nənəsidir. X1 öldükdən sonra nənəsi mərhumun evində yaşamağa başlamış və onun uşaqlarına baxmışdır. Nənəsini daima mərhum xalasının evində görmüşdür. Nənəsinin həmin evdə qeydiyyatda olubolmaması barədə məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 bildirmişdir ki, İddiaçı onun bacısıdır. X1 işlədiyi üçün bacısı mərhumun mənzilində uzun illər ərzində onun uşaqlarına baxmış, Yeganə xəstə olandan sonra həmin mənzildə qalmağa başlamışdır. Mübahisəli mənzil bacısına 1964-cü ildən 20 saylı poliklinikada işlədiyinə görə dövlət tərəfindən verilmişdir. Bu mənzil bacısının əməyinin qarşılığıdır. Beləliklə işin mübahisələndirilməyən halları ondan ibarətdir ki, X8 xx.xx.2008-ci il tarixdə vəfat etmişdir. Miras qoyan vəfatından dərhal sonra, 12 il ərzində miras əmlakın qəbulu ilə bağlı heç bir vərəsə tərəfindən hüquqi addım atılmamış, yalnız mirasın faktiki qəbulu həyata keçirilmişdir. Cavabdeh3 (oğlu), Cavabdeh2 (oğlu) və Cavabdeh1 (əri) müvafiq müraciətlərinə əsasən Bakı şəhəri 43 saylı Notariat ofisinin xüsusi notariusu X9 tərəfindən təsdiq edilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə onlar X4 vərəsələri kimi tanınmış və miras əmlakdan hər birinin bərabər pay hüquqları müəyyən edilmişdir. Həmçinin Bakı şəhəri 20 yanvar küçəsi 40 saylı evin 52 saylı mənzilinin X4 Cavabdeh1 ilə birgə nikah dövründə əldə edilmiş əmlak olmadığı müəyyən edilmişdir. Göründüyü kimi iş üzrə mübahisələndirilən hal miras qoyanın anası olan İddiaçı tərəfindən mirasın qəbul edilib-edilməməsidir. İddiaçının qızı 2008-ci il tarixdə vəfat etdiyindən mübahisə həmin dövrdə qüvvədə olmuş Mülki Məcəllənin normalarına əsasən həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1159.1.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı birinci növbədə - ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulmuş uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr sayılırlar. Həmin Məcəllənin 1243 və 1246-cı maddələrinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Vərəsəlik institutunun vacib aspektlərindən biri olan mirasın qəbul edilməsi müddəti hüquq münasibəti iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Əgər varis göstərilən müddət ərzində mirası qəbul etməzsə, o, mirası qəbul etmə hüququnu itirir. İddia müddətindən fərqli olaraq mirası qəbul etmə müddətinin ötürülməsi həm hüququn xitamına, həm də onun müdafiəsi hüququnun xitamına səbəb olur. Mirasın qəbul edilməsi müddəti ərzində vərəsə mirası qəbul etməyə yönələn hərəkətləri edərək, ya mirası qəbul etdiyi barədə notariat kontoruna ərizə verməli, ya da əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiyini şəksiz nümayiş etdirməlidir. Beləliklə mirası qəbul etmək hüququ həm birbaşa iradə ifadəsi ilə (mirasın açıldığı yer üzrə notariat kontoruna miras qəbul etmə barədə ərizə verməklə), həm də vərəsənin miras qəbul etmək niyyətini ifadə edən konklyudent hərəkətlərlə (vərəsənin əmlakı faktiki idarə etməsi və ona faktiki sahiblik etməsi) həyata keçirilə bilər. Yuxarıda adı çəkilən sübutlar əsasında müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş qızı X4 ölümündən dərhal sonra miras qoyanın digər vərəsələri hesab edilən və mirasın açıldığı vaxtda azyaşlı olduğundan kənar şəxslərin qulluğuna ehtiyacı olan Cavabdeh3 və Cavabdeh2 baxmaq məqsədilə Bakı şəhəri 20 yanvar küçəsi 40 saylı evin 52 saylı mənzilinə köçməklə və orada yaşamaqla faktiki olaraq həmin mənzildən ibarət miras əmlakı qəbul etmişdir. İddiaçı mübahisəli mənzildə xx.xx.2008-ci il tarixdən hal-hazıradək yaşaması faktı Cavabdeh3 iştirak etdiyi məhkəmə baxışı iclasında verdiyi izahatı ilə də öz təsdiqini tapmışdır. Bu baxımdan məhkəmə hesab edir ki, İddiaçı tərəfindən mirasın qəbul edilməsi faktı müəyyən edildiyindən və o, miras qoyanın birinci növbəli vərəsəsi olduğundan Cavabdeh3 (oğlu), Cavabdeh2 (oğlu) və Cavabdeh1 adına verilmiş xx.xx.2020-ci il tarixli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ləğv edilməli, yeni şəhadətnamənin verilməsi vəzifəsi müvafiq notariat ofisinə həvalə edilməlidir. Məhkəmə iddianın “X4 miras əmlakına faktiki sahiblik etdikləri üçün yalnız iddiaçının və cavabdehlər Cavabdeh2 və Cavabdeh3 miras əmlakda bərabər paylı vərəsə kimi tanınması”na dair hissəsi ilə əlaqədar qeyd edir ki, miras qoyanın vərəsələri siyahısından Cavabdeh1 çıxarılması üçün məhkəməyə hər-hansı sübut təqdim edilmədiyindən iddia bu hissədə rədd edilməlidir. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» xx xxxxxx 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir». Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı tərəfindən xx.xx.2008-ci il tarixdə Bakı şəhərində vəfat etmiş qızı X3 qalan miras əmlakın qəbul edilməsi faktı müəyyən edilməli, onun vərəsəlik hüququ tanınmalı, X1na məxsus Bakı şəhəri, 5-ci mkr, 20 yanvar küçəsində yerləşən 40 saylı evin 52 nömrəli mənzilində İddiaçı birinci növbəli vərəsə kimi miras payı müəyyən edilməli, iddia digər hissədə rədd edilməlidir. Məhkəmə iş üzrə nəticəyə gələrkən, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: İddiaçı həmçinin hüquqlarının müdafiəsi üçün 450 manat məbləğində hüquqi xidmət haqqının, o cümlədən iddia ərizəsinin verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 10 manatın da cavabdehlərdən tutulmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 115.0.5-ci maddəsinə əsasən nümayəndələrə etdikləri kömək üçün ödənilən xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Bu Məcəllənin 121.1-ci maddəsinə görə məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddiaçı hüquqi yardıma görə 450 manat məbləğində xərc çəkdiyini iddia etsə də, bununla bağlı hər hansı bir maliyyə sənədini məhkəməyə təqdim etməmişdir. Ona görə də, məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilən dövlət rüsumunu nəzərə alır. Belə ki, iddia tələbinin 50%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri, Nəsimi rayonu, 20 yanvar küçəsi 40 saylı evin 52 saylı mənzilindən ibarət miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi faktı və onun qızı X4 birinci növbədən olan bərabər pay hüquqlu vərəsəsi olması faktı müəyyən edilsin. Qanun üzrə vərəsəlik haqqında xx.xx.2020-ci il tarixli şəhadətnamə ləğv edilməklə, yeni şəhadətnamənin verilməsi öhdəliyi Bakı şəhəri 43 saylı Notariat ofisinin üzərinə qoyulsun. İddia digər hissədə rədd edlsin. Cavabdehlərdən ödənilmiş dövlət rüsumu kimi 10 manatın 5 manatı müştərək qaydada tutularaq iddiaçıya ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-620/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-620/2021
02.03.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması - Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver