Məhkəmə qərarları › İş №2(006)-620/2023

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-620/2023

14.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-620/2023 14.03.2023 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı Bakı “ASAN Xidmət” X7 maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi 3 saylı Bakı “ASAN Xidmət” Mərkəzi maraqlı şəxs qismində cəlb edilməklə «şəxsin ölmüş hesab edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu X10 14 noyabr 2022-ci il tarixdə ölmüş hesab edilməsinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi oğlu X13 12 mart 2014-cü il tarixdə Bakı şəhərində doğulmuşdur. Oğlu anadan gəlmə hidrosefaliya, spastik tetraplegiya və simptomatik epilepsiya xəstəliklərindən əziyyət çəkirmişdir. Bir neçə il valideynləri onu ev şəraitində müalicə etmələrinə baxmayaraq, səhhətində heç bir müsbət dəyişikliklər baş verməmişdir. Nəticədə 31 avqust 2021-ci il tarixdən oğlu yuxarıda qeyd olunan diaqnoz ilə 12 saylı uşaq poliklinikasına, dispanser qeydiyyatına götürülmüş və müalicə prosesini oranın həkimlərinin nəzarəti altında davan etdirmişdir. 12 noyabr 2022-ci ildən 14 noyabr 2022-ci ilədək oğlu 2 saylı Uşaq Xəstəxanasında müalicə almış, lakin 14 noyabr 2022-ci il tarixdə oğlu səhhəti lap ağırlaşdığı üçün, valideynləri onu evlərinə götürmüş və evə çatdıqdan 15 dəqiqə sonra ölüm baş vermişdir. Həmin vaxtı o, nə təcili yardım çağırmış, nə də ki poliklinikaya müraciət etmiş və faktiki olaraq ölüm faktını təstiq etməmişdir. Oğlu dəfn olunub üçünü verdiyindən sonra 18 noyabr 2022-ci il tarixdə X10 ölməyinin qeydə alınması üçün maraqlı şəxsə müraciət etmiş, lakin ölümün qeydə alınması mümkün olmamışdır. Göstərilənlərə əsasən, ərizənin təmin edilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Ərizəçi X17 dəqiqləşdirmə barədə ərizə təqdim edərək, oğlunun ölüm haqqında şəhadətnaməsinin ailə tərkibi barədə arayışın təqdim edilməsi üçün zəruri olduğunu bildirərək, maraqlı şəxs qismində 3 saylı Bakı “ASAN Xidmət” X3 cəlb olunmasını, xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş oğlu X10 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təqdim etdiyi ərizələrin məzmununa uyğun izahat verib, təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı Bakı “ASAN Xidmət” X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirmişdir ki, o, ərizəçinin bacısının yoldaşıdır. Yoldaşı ona zəng edib qardaşı oğlunun öldüyünü bildirmişdir. Onlar dəfələrlə 103 təcili yardıma zəng etmişlər. Ancaq yoldaşının qardaşı oğlu artıq ölmüşdür. Mərhumu Xırdalan qəbristanlığında dəfn etmişlər, Əmirov Nicat dəfn və yas mərasimində iştirak etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusudur. X1 9-10 yaşı olardı. Uşağın 40-ı yeni çıxmışdır. Mərhum xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Xırdalan qəbristanlığında dəfn edilmişdir. Ramazanova Sevil dəfndə iştirak etməmiş, ancaq yas mərasimində iştrak etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixində keçirilmiş hazırlıq iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, o, ərizəçinin qayınanası, mərhumun isə nənəsidir. X6 anadangəlmə xəstə olmuş, xx.xx.2022-ci il tarixdə vəfat etmiş, Xırdalan qəbristanlığında dəfn edilmişdir. Abdıyeva Selyan dəfn və yas mərasimində iştirak etmişdir. Mülki işin materiallarında olan AZ-İİİ seriyalı 260074 №-li doğum haqqında şəhadətnamədən görünür ki, X13 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli 4917 №-li epikrizdən görünür ki, xx.xx.2014-cü il təvəllüdlü xəstə X13 xx.xx.2022-ci il tarixində X4 həkim məsləhət komissiyasından keçmiş, lazımi müayinələrdən sonra G91 anadangəlmə okkluzion hidrosefaliyanın ağırlaşması G82.4 spastik tetraplegiya diaqnozu ilə yanaşı G40.2 simptomatik epilepsiya diaqnozu təsdiqlənmiş, nevroloji perspektivi olmadığı üçün xəstəxanada qalması məsləhət olunmamış, xx.xx.2022-ci il tarixində xəstəxanadan çıxmışdır. Mülki işin materiallarında olan TQS seriyalı 027 nömrəli ambulator kitabçadan (xəstəlik tarixindən) çıxarışda qeyd olunmuşdur ki, xx.xx.2014-cü il təvəllüdlü X13 xx.xx.2022-xx.xx.2022-ci il tarixlərində TTYS 9 saylı bölmədə müalicə almışdır. Xəstə yüksək hərarət, qusma, gün ərzində 10-15 dəfə fontan şəklində qara rəngdə olub şikayəti ilə gəlib. Daxil olarkən xəstənin vəziyyəti son dərəcədə ağırdır. Ağırlığı intoksikasiya əlamətləri və nevroloji statusla bağlıdır. Halsızdır, süst olur. Ətrafa qarşı reaksiyası çox zəifdir. Döş qəfəsi qabarıq, deformasiyalıdır, dərialtı piy qatı yox dərəcəsindədir. Başı İİİ 0-li hidrosefaliyadır, dəri örtüyü torpaq rəngindədir, təngnəfəsdir, tənəffüsdə döş qəfəsi köməkçi əzələləri iştirak edir. Auskultasiyadır, ağ ciyərlərdə sərt tənəffüs eşidilir. Ürək tonları karlaşıb, qarnı yumşaq palpasiyadır, ağrılıdır, nəcis sarı yaşıl, sidik ifrazı sərbəstdir. Müvafiq müalicə aparılmış, xəstəliyin gedişi ağır olmuşdur. Uşaq ailə vəziyyəti ilə əlaqədar olaraq ana tərəfindən iltizamnamə yazılaraq dəyişiksiz olaraq evə aparılmışdır. Mülki işin materiallarında olan 3 saylı Bakı “ASAN Xidmət” X7nin xx.xx.2022-ci il tarixli 05/Q-4146/15 nömrəli məktubunda qeyd edilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”-nın 8.5-ci bəndinə uyğun olaraq tələb edilən sənədlər tam olmadığından ölümün qeydə alınması mümkün deyildir. Qanunvericiliyə əsasən, ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi – yəni ölüm haqqında tibbi şəhadətnamə AZS-106 nömrəli forma olmadıqda, ölüm məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyi üçün X10 ölümünün qeydə alınması qeydiyyat şöbəsinin imkanları xaricindədir. Mülki işin materiallarında olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X20 12 №li Uşaq Poliklinikasının xx.xx.2022-ci il tarixli 177 nömrəli məktubundan görünür ki, xx.xx.2014-cü il təvəllüdlü uşaq X13 xx.xx.2021-ci il tarixdən poliklinikanın qeydiyyatında olmuşdur. Sağlamlıq imkanları məhdud uşaq “Anadangəlmə hidrosefaliya, spastik tetraplegiya, simptomatik epilepsiya” diaqnozu ilə dispanser qeydiyyatda olmuşdur. xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilədək uşaq 2 saylı Uşaq Xəstəxanasında müalicə almış, ananın təkidi ilə xx.xx.2022-ci il tarixdə ağır vəziyyətdə evə gətirilib və evə çatdıqdan 15 dəqiqə sonra ölüm baş vermişdir. Həmin gün uşaq dəfn olunmuşdur. Ölüm baş verdikdən sonra təcili yardım çağırılmamış və poliklinikaya müraciət edilməmişdir. Bu səbəbdən ölüm haqqında şəhadətnamə vermək mümkün deyil. Mülki işin materiallarında olan X4 xx.xx.2019-cu il tarixli № 746 nömrəli arayışında qeyd edilmişdir ki, xx.xx.2014-cü il təvəllüdlü X13 Bakı şəhəri Uşaq Nevroloji xəstəxanasında ambulator şəkildə xx.xx.2019-cu il tarixdə müayinədən keçirilmiş və heyətdə konsilium tərəfindən rəy verilmişdir. Diaqnoz: Anadangəlmə hidrosefaliya (Q03), Psixo-motor inkişafın geriliyi (R62.0), Simptomatik epilepsiya (G40.2). Mülki işin materiallarında olan Abşeron rayon Xırdalan Bələdiyyəsinin 24 fevral 2023-cü il tarixli 371 nömrəli məktubundan görünür ki, Xırdalan qəbristanlığında qəbirlərin reyestrinin aparılması prosesi başa çatmadığından xx.xx.2014-cü il təvəllüdlü X10 məzarı hal-hazırda sıralanmamış, nömrələnməmişdir. Lakin xx.xx.2014-cü il təvəllüdlü X10 məzarı Xırdalan qəbristanlığının giriş hissəsindən daxil olarkən, abidə sexindən sağ istiqamətdə aşağıya doğru 300 metr irəllədikdə, solda yerləşir. xx.xx.2014-cü il təvəllüdlü X2 rayonunun Xırdalan qəbristanlığında dəfn olunub. Mülki işin materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə Ərizəçi tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, məhkəmə iclasında ərizəçinin izahatından, şahidlərin ifadəsindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş oğlu – X13 anadangəlmə xəstə olmuş, 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Ərizəçi oğlunun ölümü haqqında şəhadətnamənin alınması üçün maraqlı şəxs 3 saylı Bakı “ASAN Xidmət” X5 müraciət etmiş, lakin ölüm haqqında tibbi şəhadətnamə olmadığından ölümün qeydə alınmasından imtina edilmişdir. Ölüm haqqında şəhadətnamənin alınması ərizəçiyə ailə tərkibi barədə arayışın təqdim edilməsi üçün lazımdır. Hazırda ərizəçi həmin sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə görə, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra Mülki Prosessual Məcəllənin) 305.1 və 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Mülki Prosessual Məcəllənin 307.2 və 307.2.8-ci maddəsinə görə, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Mülki Prosessual Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki Prosessual Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş X10 14 noyabr 2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilməz və bu səbəbdən ərizə təmin edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Müki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən, iş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.2014-cü ildə Bakı şəhərində anadan olmuş X10 xx.xx.2022-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar