Məhkəmə qərarları › İş №2(006)-64/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-64/2021

01.07.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-64/2021 01.07.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Ceyhun Əlikram oğlunun sədrliyi, Yəhyazadə Elnur Bəhman oğlunun katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdeh, Cavabehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı BOKT QSC-nin Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə mülki işə Nəsimi rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı «X6 Edilməsi Agentliyi» MMC Cavabdeh qarşı «əsas borcun və faizin qaytarılması, tələbin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsi əsasən əsas borc üzrə 17.754 ABŞ dolları, faiz üzrə 4.595 ABŞ dolları 05 sent, ümumilikdə 22.349 ABŞ dolları 05 sent məbləğində kredit borcu və ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı QSC-nin xeyrinə ödənilməsi; kredit borcunun Cavabdeh mülkiyyətində olan «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilərək, açıq hərracda satılması və satışdan əldə edilən vəsaiti İddiaçı QSC-nin hesabına ödənilməsi, satışdan əldə olunan vəsait borc məbləğindən artıq qalan hissəsinin Cavabdeh qaytarılması; satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan əsl olmayan iddiaçı «X6 Edilməsi Agentliyi» MMC əsl İddiaçı BOKT QSC ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırilmışdır ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə «X6 Edilməsi Agentliyi» MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüquqlarının idarə edilməsini «X6 Edilməsi Agentliyi» MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında 22.12.2017-ci il tarixli S-AVK-1768 saylı sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən «X6 Edilməsi Agentliyi» MMC-yə verilmişdir. "xxxx" ASC-nin Sənaye filialı ilə Cavabdeh arasında 18.11.2013-cü il tarixdə 0946 saylı kredit müqaviləsi bağlanmışdır. Müqaviləyə əsasən cavabdehə illik 18 % tətbiq edilməklə, 60 ay müddətinə 20.730 ABŞ dolları məbləğində ********************211 saylı ssuda hesabı açılmışdır. 24.04.2013-cü il tarixli kassa məxaric orderindən də göründüyü kimi cavabdehə ayrılmış kredit hesabından istifadə etmişdir. Kredit müqaviləsinin təminatı olaraq 18.04.2013-cü il tarixli 946 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh mülkiyyətində olan «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobili ipoteka müqaviləsi ilə yüklü edilmişdir. Həmin ipoteka müqaviləsi Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən qeydiyyata alınaraq, cavabdehə məxsus nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsində müvafiq qeydiyyat aparılmış və 18.04.2013-cü il tarixli AA seriyalı 081798 saylı ipoteka müqaviləsinin qeydiyyatı haqqında şəhadətnamə verilmişdir. Kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borc verən nəqliyyat vasitəsinin alınması məqsədi ilə borc alana 20.730 ABŞ dolları (Milli Bankın məzənnəsi 18 aprel 2013-cü il tarixə 1 ABŞ dolları = 0,775 AZN) məbləğində kreditin verilməsini öhdəsinə götürmüşdür (2.2-ci bənd). Borc alan bu müqaviləyə əsasən krediti qəbul etməyi, bu müqavilədə göstərilən müddətdə və qaydada krediti və kredit üzrə hesablanacaq faizləri borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin müqavilənin 5.1-ci bəndinə əsasən kredit vəsaitinin hərəkəti borc verən tərəfindən borc alan üçün açılan ssuda hesabı ilə təmin edir (5.2-ci bənd). Kredit vəsaitindən istifadə müddətinin axımı borc alanın ssuda hesabına kredit vəsaitinin köçürüldüyü təqvim tarixindən sonrakı gün başlanır (5.3-cü bənd). Borc alana verilən kredit vəsaitindən istifadə müddəti 60 aydır (5.4-cü bənd). Kredit vəsaitindən istifadə müddəti 18.04.2018-ci il tarixdə 12.00 saatda bitir. Bu müddətin uzadılması barədə tərəflər razılığa gəldikdə, belə razılıq bu müqavilənin 14.1-ci bəndində nəzərdə tutulmuş qaydada rəsmiləşdirilir və Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq həyata keçirilir. Qeyd olunan kredit müqaviləsinin 6.1-ci bəndinə əsasən kredit üzrə faizlər şərti olaraq 360 gün götürülən illik faiz dövrünün kreditdən istifadə edilmiş gəlirlərinin faktiki sayına görə kredit verənə illik 18 faizlə hesablanır. Cavabdeh bank qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehin banka hazırda olan borcu 17.754 ABŞ dolları əsas borc, 4.595 ABŞ dolları 05 sent faiz olmaqla, cəmi 22.349 ABŞ dolları 05 sent təşkil edir. Bank tərəfindən öz növbəsində pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, kreditdən istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi qarşı tərəfdən tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bu günədək yerinə yetirilməmişdir. Bu səbəbdən, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışlar. İddiaçının nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh əvvəki məhkəmə iclasında nümayəndəsi və vəkili X5 tərəfindən verilmiş iddia tələbinə etiraz ərizəsini müdafiə edərərk məhkəmə iclasında iddianı qismən qəbul etdi və izahatında bildirdi ki, iddiaçı əsassız olaraq iddia tələbinin həcmini yüksəltmişdir. Belə ki, 18.04.2013-cü il tarixli 0946 nömrəli kredit müqaviləsinin 6.9.1-ci bəndinə əsasən gecikdirilmiş borc yarandığı tarixdən borc verən qanunvericiliklə müəyyən edilmiş qaydada borc alanın öhdəliklərinin icrasının təminatına yönədilməsi prosedurasına başlayır. Həmin müqavilənin 9.1-ci bəndinə görə borc alan üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımi qaydada yerinə yetirmədikdə borc verən öhdəliklərin icrasının təminat üsuluna yönəltmək hüququna malikdir. Müqavilənin adıçəkilən bəndlərindən də görünür ki, iddiaçı öz hüququndan sui-istifadə edərək onun vəziyyətinin digər formada ağırlaşmasına gətirib çıxarmış, öz vəzifəsinə əməl etməyərək zamanında təminat üsuluna tələb yönəltməmiş və bununla da borc məbləğinin əsassız şişirdilməsinə nail olmuş, nəticədə isə öz hüququndan sui-istifadə etmişdir. Onların tərəfindən isə MPM-in 63.1, 99.2-ci maddələrində təsbit olunmuş hüququndan istifadə edərək, «X1» MMC ilə müqavilə bağlamış, ekspertizanın tədqiqat obyekti kimi özündə olan müqavilə və digər sənədləri ekspert tədqiqatının predmeti kimi ekspertə təqdim etmiş və 22.04.2020-ci il tarixli ekspert rəyini almışdır. Həmin ekspert rəyindən də görünür ki, iddiaçı məhz müqavilənin 6.9.1-ci bəndini kobud şəkildə pozmuş, 30.05.2020-ci il tarixdən etibarən müvafiq tələb yönəltmə proseduruna başlamalı olduğu halda bunu qəsdən etməmiş və nəticədə ona artıq məbləğ hesablanmışdır. Həmin ekspert rəyinə görə onun müvafiq dövr üçün borcu iddiaçının tələb etdiyi kimi 22.349 ABŞ dolları 05 sent deyil, 14.238 ABŞ dolları 95 sent olmalı idi. O, mübahisə predmeti olan nəqliyyat vasitəsini 18.04.2013-cü il tarixdə 18.900 manata almışdır. Bu məbləğin 3.317 manatını ilkin ödəniş kimi etmiş, yerdə qalan 15.583 manatını isə bankdan kredit götürmək üçün müraciət etmişdir. Həmin dövrdə (18.04.2013) ABŞ dollarının manata məzənnəsi 0,7847 manat olmuşdur. Hərçənd müqavilədə məzənnə daha aşağı göstərilib (0,7750). Bank bu minvalla borc alana 16.065 manat 75 qəpik ekvivalentində kredit ayırmışdır. Əslində isə borc alana 15.600 manat 75 qəpik borc hesablanmalı idi. Beləliklə, ilk kredit ayırması zamanı da bank cavabdehə 465 manat aldadaraq maddi ziyan vurmuşdur. İşin hallarından da görünür ki, iddiaçı öz hüququndan sui-istifadə edərək onun borc öhdəliyinin qəsdən şişirdilməsinə nail olmuş və ilkin kredit rəsmiləşməsi zamanı ona 465 manat maddi zərər vurmuşdur. Göründüyü kimi, mülki və mülki prosessual qanunvericiliyin və kredit müqaviləsinin iddiaçının üzərinə qoyduğu mülki hüquq və vəzifələr kobud pozulmuş, iş üzrə ekspert rəyi alınmamış və nəticədə onun məsuliyyəti əsassız yüksəlmişdir. Bu səbəbdən, məhkəmədən qətnamə qəbul edilərkən bütün vacib xüsusatları və hüquqi məqamları nəzərə alaraq ədalətli və obyektiv qərar qəbul etməsini və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X7 cavabdehin sözlərini təsdiq etdi və iddianın qismən təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin, cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş 18.04.2013-cü il tarixli 0946 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC-nin «Sənaye» filialı tərəfindən Cavabdeh 60 ay müddətinə illik 18 faiz ödəmək şərti ilə 20.730 ABŞ dolları məbləğində kredit verilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 11 sentyabr 2019-cu il tarixli 8559 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 18 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 29.577 ABŞ dolları 16 sent məbləğində müəyyən edilir, o cümlədən: 18.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): - əsas borc üzrə – 18.007 ABŞ dolları 40 sent; - faiz üzrə – 11.569 ABŞ dolları 76 sent. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 fevral 2020-ci il tarixli 2347 saylı məhkəməmühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh tərəfindən banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış, arayış və 18 aprel 2013-cü il tarixli 0946 saylı kredit müqaviləsinin şərtləri əsas götürülməklə Cavabdeh 18 aprel 2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə) banka olan borcu ümumilikdə 26.653 ABŞ dolları 94 sent məbləğində müəyyən edilir, o cümlədən: 18.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarixə): - əsas borc üzrə – 18.007 ABŞ dolları 40 sent; - faiz üzrə – 8.646 ABŞ dolları 54 sent. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150 manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Həmin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinin tələbinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1-ci maddəsinin tələbinə görə, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. İş materiallarında olan sənədlərdən göründüyü kimi, Cavabdeh qeyd edilən kredit müqaviləsi üzrə iddiaçıdan 20.730 ABŞ dolları məbləğində kredit almış, ayrılmış kredit məbləğinin ödəniş planına əsasən qaytarılmasını təmin etməsinə dair bank qarşısında öhdəlik götürmüş, lakin ödənişləri vaxtı-vaxtında və tam həcmdə yerinə yetirməyərək, öhdəliklərini icra etməmişdir. 18.04.2013-cü il tarixli 946 saylı ipoteka müqaviləsindən görünür ki, yuxarıda qeyd olunan kredit müqaviləsi üzrə iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təmin edilməsi məqsədi ilə Cavabdeh iddiaçı ilə ipoteka müqaviləsi bağlayaraq, özünə məxsus olan, «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilini banka ipoteka qoymuşdur. İpoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən 18.04.2013-cü il tarixli AA seriyalı 081798 saylı çıxarışdan görünür ki, 18.04.2013-cü il tarixli ipoteka müqaviləsi qanunla müəyyən olunmuş qaydada qeydiyyatdan keçirilmişdir. Cavabdeh tərəfin təkidi ilə təyin edilmiş və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 22 fevral 2021-ci il tarixli 9/4526 saylı iqtisad ekspertizasının rəyindən görünür ki, Respublikada yerləşən avtobazalarda mövcud olan qiymətlərə, internet saytı və məhkəmə ekspertizası mərkəzinin ekspert praktikasında toplanmış məlumatlara əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1800 kub/sm, 117886 km yürüşlü, «Hyundai Elantra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 18.000 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 may 2021-ci il tarixli 9/2517 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 2013-cü il buraxılışlı, mühərrik tutumu 1800 kub/sm, 117886 km yürüşlü, «Hyundai Elantra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı avtomobilin hazırkı vəziyyətdə orta bazar qiyməti təxminən 18.000 manat, likvid qiyməti 17.000 manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat təşkil edir. Cavabdeh tərəfindən iddia tələbinə etiraz ərizəsinə əlavə edilmiş “X1” MMC-nin 22 aprel 2020-ci il tarixli 217 saylı ekspert rəyindən görünür ki, "xxxx" ASC “Sənaye” filialı ilə bağlanmış 18.04.2013-cü il tarixli, 0946 saylı kredit müqaviləsi şərtlərini, yəni borc ödənişi dəfələrlə gecikdirildiyi, borc alanın ödəniş olmadığı səbəbindən müqavilnin 6.9.1-ci bəndinin tələbləri əsas tutularaq 30.05.2014-cü il tarixdən qanunvericiliklə müəyyən edilmiş qaydada borc alanın öhdəliklərinin icrasının təminata yönəldilməsi proseduru başlayıb əmlaka iddia irəli sürüb faizlərin hesablanması bank tərəfindən dayandırıla bilərdi. Qeyd edilən hallar nəzərə alınmaqla 30.05.2014-cü il tarixdən faizlərin hesablanması dayandırılması şərti ilə 18.04.2018-ci il tarixinə Cavabdeh banka olan borcu 14.238,95 (18.607,36 + 264,81 – 4.633,22) ABŞ dolları məbləğində müəyyən edilir. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 34.1.1, 34.1.2-ci maddələrinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Göründüyü kimi, borclu Cavabdeh icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmiş və ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş avtomobili açıq hərracdan satmaq hüququna əsasən məhkəməyə müraciət etmişdir. İddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməyə subyektiv hüququnun olması iş materialları ilə təsdiq olunur. Belə ki, "xxxx" ASC-nin dövlətə məxsus səhmlərinin özəlləşdirilməyə hazırlanması ilə bağlı sağlamlaşdırılma tədbirləri haqqında» Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 194-cü maddəsinə uyğun olaraq "xxxx" ASC ilə İddiaçı QSC arasında bağlanmış «tələb hüququnun güzəşt edilməsinə dair» 11.08.2015-ci il tarixli müqaviləyə görə "xxxx" ASC-nin problemli aktivlərinin tələb hüququ İddiaçı QSC-yə keçmişdir. İddiaçı QSC ilə «X6 Edilməsi Agentliyi» MMC arasında 16.09.2016-cı il tarixdə bağlanmış xidməti müqaviləyə əsasən İddiaçı QSC-yə keçmiş, "xxxx" ASC-nin problemli aktivləri üzrə tələb hüquqlarının idarə edilməsini «X6 Edilməsi Agentliyi» MMC həyata keçirir. Yuxarıda qeyd olunan Xidməti Müqaviləyə əsasən və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 10 fevral 2017-ci il tarixli 101S saylı Sərəncamının icrası ilə əlaqədar "xxxx" ASC ilə İddiaçı QSC arasında 22.12.2017-ci il tarixli S-AVK-1768 saylı sənədlərin təhvil-təsliminə dair akt tərtib edilmiş, daha sonra isə İddiaçı QSC tərəfindən borclu şəxs Cavabdeh dair sənədlər təhvil-təslim aktına əsasən «X6 Edilməsi Agentliyi» MMC-yə verilmişdir. Bildirişdən görünür ki, İddiaçı BOKT QSC pretenziya qaydasına riayət edərək, Cavabdeh borcu ödəməsini tələb etmiş, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə onu xəbərdar etmişdir. Ödəniş tapşırığından görünür ki, məhkəmədə iddia qaldırılması üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, 17.754 ABŞ dolları əsas borc, 4.595 ABŞ dolları 05 sent faiz olmaqla, cəmi 22.349 ABŞ dolları 05 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilməli, tələb ipoteka predmeti olan «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilməli, avtomobil açıq hərracdan satılmalı, avtomobilin ilkin satış qiyməti 17.000 manat müəyyən edilməli, satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT QSC-yə ödənilməli, İddiaçı BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılmalı, satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq İddiaçı BOKT QSCyə ödənilməlidir. Ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 500 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilməlidir. İddianın qalan hissəsi rədd edilməlidir. Belə ki, satışdan əldə olunan məbləğ borcun ödənilməsinə yetərli olmadığı halda Cavabdeh məxsus və üçüncü şəxslərin istifadəsində olan digər əmlaklarına tutmanı yönəldərək açıq hərracda satılması və satışdan əldə edilən vəsaitin İddiaçı QSC-nin hesabına ödənilməsi hazırda deyil, qətnamənin icrası mərhələsində «İcra haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun həyata keçirilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. 17.754 ABŞ dolları əsas borc, 4.595 ABŞ dolları 05 sent faiz olmaqla, cəmi 22.349 ABŞ dolları 05 sent ödəniş anı üçün Mərkəzi Bankın müəyyən etdiyi məzənnə üzrə manatla və ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Tələb ipoteka predmeti olan «Hyundai Elentra» markalı ** DP *** dövlət qeydiyyat nişanlı (2013-cü il buraxılışlı, G4NBDU614174 mühərrik nömrəli, KMHDH41EBDU770499 ban nömrəli, safari rəngli) minik avtomobilinə yönəldilsin. Avtomobil açıq hərracdan satılsın. Avtomobilin ilkin satış qiyməti 17.000 manat müəyyən edilsin. Satışdan əldə olunan vəsait hesabına ümumi borc məbləği İddiaçı BOKT QSC-yə ödənilsin. İddiaçı BOKT QSC-nin tələbləri ödənildikdən sonra qalan məbləğ Cavabdeh qaytarılsın. Satışdan əldə olunan vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borc Cavabdeh tutularaq İddiaçı BOKT QSC-yə ödənilsin. Ekspertiza tədqiqatlarının ümumi dəyəri olan 500 manat Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin təqdim etdiyi hesaba ödənilsin. İddianın qalan hissəsi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar