Məhkəmə qərarları › İş №2(006)-6426/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-6426/2025

22.12.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-6426/2025 22.12.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Vüsalə Vahid qızının sədrliyi, məhkəmə iclasının katibi Cəfərova Şəmsiyyə Abdulla qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi üzrə mülki işə məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizənin məzmunu: Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək, onunla Maraqlı şəxs arasında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/20/2024- 00336 saylı barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2024-cü il tarixdə Maraqlı şəxs ilə MŞB/20/2024-00336 saylı barışıq sazişi bağlayaraq, birgə nikahlarından doğulmuş xx.xx.2020-ci il təvəllüdlü X1 üçün hər ay 235 manat aliment ödənilməsinə razılaşmışlar. Lakin sazişi bağladıqdan sonra 500 manat aliment ödədikdən sonra Maraqlı şəxs sazişi icra etməkdən boyun qaçırır. Artıq 1 il 2 aydır ki, Maraqlı şəxs heç bir aliment ödəmir və artıq ödəməyəcəyini bildirir. Maraqlı şəxs yığılmış aliment borcu 3.055 (13 ay * 235) manat təşkil edir. Tərəflərin iştirakı və izahatları: Ərizəçi məhkəmə iclasında ərizə tələbini müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verdi və məhkəmədən ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmiş və məhkəmə iclasının təxirə salınmasını xahiş etməmişdir. Məhkəmə ərizəyə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialları: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(006)-1902/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı Maraqlı şəxs cavabdeh Ərizəçi qarşı «nikahın pozulması» tələbinə dair iddiası təmin edilmiş, tərəflər arasında 29 noyabr 2019-cu il tarixdə 3 saylı Bakı «ASAN xidmət» mərkəzi qeydiyyat şöbəsində 4266 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması qət edilmişdir. Bakı 20 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/20/2024-00336 saylı barışıq sazişindən görünür ki, tərəflər arasında aşağıdakı şərtlər daxilində barışıq sazişi bağlanmışdır: 1) Ərizəçi və Maraqlı şəxs xx.xx.2019-cu il tarixdə aralarında bağlanmış 4.266 nömrəli nikah aktının pozulmasına razıdırlar; 2) Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə doğulmuş uşağı X2 Ərizəçi qalmasına etiraz etmir; 3) Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə doğulmuş uşağı X3 üçün hər ayın 15-nə qədər 235 manat alimenti Ərizəçi ödəməyi öhdəsinə götürür; 4) Ərizəçi xx.xx.2020-ci il tarixdə doğulmuş uşağı X3 ilə həftədə 1 dəfə Maraqlı şəxs ilə görüşməyə razılıq verir; xx.xx.2025-ci il tarixli 5329 saylı ödəniş qəbzindən görünür ki, ərizəçi tərəfindən ərizə ilə məhkəməyə müraciət olunması üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1, 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. 355-25.1-ci maddəsinə əsasən barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. 355-25.3-cü maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.2-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Məhkəmənin mövqeyi: Göründüyü kimi, tərəflər arasında barışıq sazişi bağlanmış, barışıq sazişi bağlanandan sonra Maraqlı şəxs iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Ərizəçi ilə nikahlarının pozulmasını xahiş etmiş, məhkəmə tərəfindən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmışdır. Tərəflər arasında bağlanmış sazişdə nikahın pozulmasına dair qarşılıqlı razılıq, uşaqların himayəsi, alimentin ödənilməsi və ünsiyyət qaydası ilə bağlı məsələlər öz həllini tapmışdır. Hazırda ərizəçinin tələbi məhz barışıq sazişinin aliment ödənilməsinə dair şərtinin icrası ilə bağlıdır. Sazişin digər bəndləri ilə bağlı tərəflər arasında mübahisə müəyyən edilmədiyindən saziş məhz onun məcburi icrasının tələb olunduğu hissədə təmin edilməlidir. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, Ərizəçi (Maraqlı şəxs qismində qeyd edilməklə) «mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi» tələbinə dair xüsusi icraat qaydasında ərizəsi təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024-cü il tarixli MŞB/20/2024- 00336 saylı Barışıq Sazişi – “Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2020-ci il tarixdə anadan olmuş uşağı X3 üçün hər ayın 15-də qədər 235 manat alimenti 1-ci tərəfə (Ərizəçi Kamil qızı) ödəməyi öhdəsinə götürür” - hissəsində təsdiq olunmalıdır. Ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında Bakı 20 saylı Mediasiya təşkilatında bağlanmış xx.xx.2024cü il tarixli MŞB/20/2024-00336 saylı Barışıq Sazişi – “Tərəf 2 (Maraqlı şəxs) xx.xx.2020-ci il tarixdə anadan olmuş uşağı X3 üçün hər ayın 15-də qədər 235 manat alimenti 1-ci tərəfə (Ərizəçi Kamil qızı) ödəməyi öhdəsinə götürür” - hissəsində təsdiq olunsun. Ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə («Elektron məhkəmə» informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Vüsalə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar