Məhkəmə qərarları › İş №2(006)-6635/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qərardad — İş №2(006)-6635/2021

30.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(006)-6635/2021 30.09.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızı, Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, X1 ölüm faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə geri qaytarılmalıdır. Belə ki, qeyd edilən ərizə araşdırılaraq müəyyən edilmişdir ki, ərizəçi ərizəsində maraqlı şəxsi göstərməməklə qanunvericilikdə nəzərdə tutulan ərizənin forma və məzmununa aid tələblərə düzgün riayət etməmişdir. Halbuki Azərbaycan Respublikası MPM-nin 149.2-ci maddəsinə əsasən iddia ərizəsində ərizənin verildiyi məhkəmənin adı, işdə iştirak edən şəxslərin adları, onların poçt ünvanları; iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb; müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla bu, nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya) qaydada nizama salınmasına riayət edilməsinə dair məlumat; ərizəyə əlavə edilən sənədlərin siyahısı göstərilməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Maddənin məzmunundan göründüyü kimi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələrdə faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olması qeyd olunmalı və ərizəyə faktı təsdiq edən sənədləri ərizəçinin başqa qaydada ala bilməməsini təsdiq edən sübutlar əlavə olunmalıdır. Qeyd edilən ərizə isə araşdırılaraq müəyyən edilmişdir ki, ərizə tərtib edilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinin tələblərinə riayət edilməmiş, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu göstərilməmişdir. Bu hal isə mülki prosessual qanunvericilikdə ərizənin məzmununa dair nəzərdə tutulan müvafiq tələblərin pozulması kimi qiymətləndirilməli, ərizə məhkəmə tərəfindən icraata götürülməməlidir. Həmin Məcəllənin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Məhkəmə hesab edir ki, ərizənin verilməsi zamanı MPM-nin tələblərinə riayət edilmədiyindən, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı, ərizəçiyə qeyd olunan nöqsan aradan qaldırıldıqdan sonra məhkəməyə yenidən müraciət etmək hüququ izah edilməlidir. Həmçinin ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264 və 269-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi”nə dair ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçiyə izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Ərizəçi tərəfindən dövlət büdcəsinə dövlət rüsumu kimi ödənilmiş 10 manat məbləğində pul ona geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Nəsimi Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar