Məhkəmə qərarları › İş №2(006)-678/2022

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-678/2022

02.02.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-678/2022 02.02.2022 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Səmədov Rəşid Əfraim oğlunun sədrliyi, Fərəcova Təranə Aydın qızının katibliyi, Ərizəçi, onun vəkili Seyidov Tofiq Seyidqulu oğlunun iştirakları ilə Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin ailəsi məlum hadisələrlə əlaqədar 1988-ci ildə Ermənistan SSR-nin Qafan rayonundan Azərbaycan Respublikasına köçkün kimi gəlmişlər və hazırda da Bakı şəhərində yaşayırlar. Ərizəçinin 17 mart 1969-cu ildə anadan olmuş mərhum qardaşı Nəzərəliyev Şakil Məhərrəm oğlu da onlarla birlikdə 1988ci ildə Bakıya gəlmişdir. O, 2000-ci ildə Qobustan rayon sakini Məlikova Sevil Səlim qızı ilə qeyri-rəsmi evlənmişlər, birgə qeyri-rəsmi nikahlarından 19 aprel 2004-cü ildə Fidan, 28 oktyabr 2006-cı ildə Aydan adlı iki uşaqları anadan olmuşdur. Ərizəçinin qardaşı 18 oktyabr 2017-ci il tarixdə evdə ürək tutmasından vəfat etmişdir. Təcili yardım həkimləri gələnə kimi artıq o, ölmüşdür. Ona görə də həkim onlara yalnız xəbərdarlıq vərəqəsi verə bildi. Ərizəçinin qardaşını Zabrat qəbirstanlığında dəfn etmişlər. Lakin həmin vaxtı ərizəçinin qardaşına ölüm haqqında şəhadətnamə almamışlar. Hal-hazırda ərizəçi qardaşının qeyri-rəsmi nikahından doğulmuş uşaqlarına atalıq verilməlidir ki, uşaqlara şəxsiyyət vəsiqəsi alsınlar və dövlətin yardımından, güzəştlərindən istifadə etsinlər, maddi yardım alsınlar. Buna görə qeydiyyat şöbəsinə müraciət edilmiş, onlar həkim arayışı olmadığına görə ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişlər. Göstərilənlərə əsasən ərizəçinin qardaşı Nəzərəliyev Şakil Məhərrəm oğlunun 18 oktyabr 2017-ci il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında Ərizəçi, onun vəkili Seyidov Tofiq Seyidqulu oğlu ərizədə göstərilənləri təsdiq edərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdilər. Maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat şöbəsi tərəfindən məhkəməyə məktub göndərilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması xahiş edilmişdir. Məhkəmə işə maraqlı şəxs Bakı şəhəri Nəsimi rayon Qeydiyyat Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizənin təmin edilməsi üçün kifayət qədər əsaslar vardır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Məlikova Sevil Səlim qızı ifadə verərək göstərmişdir ki, o, ərizəçinin qardaşı mərhum Nəzərəliyev Şakil Məhərrəm oğlunun həyat yoldaşıdır. Onun həyat yoldaşı 18 oktyabr 2017-ci il tarixdə ürək tutmasından vəfat etmişdir. Onu Bakı şəhəri, Zabrat qəbirstanlığında dəfn etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Dadaşov Azil Mehman oğlu ifadə verərək göstərmişdir ki, mərhum Nəzərəliyev Şakil Məhərrəm oğlu onun xalası Məlikova Sevil Səlim qızının həyat yoldaşı olmuşdur. O, 18 oktyabr 2017-ci il tarixdə ürək tutmasından vəfat etmişdir. Onu Bakı şəhəri, Zabrat qəbirstanlığında dəfn etmişlər. Dəfn mərasimində o da iştirak etmişdir. İş materiallarında olan 22.09.1987-ci il tarixdə verilmiş V-SL № 445159 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Nəzərəliyev Şakil Məhərrəm oğlu 17.03.1969-cu il tarixdə Ermənistanın Qafan rayonunda anadan olmuş, atası Nəzərəliyev Məhərrəm Bəşir oğlu, anası Nəzərəliyeva Gülövşə İsa qızıdır. İş materiallarındakı Bakı şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası tərəfindən verilmiş 18.10.2017-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, 18.10.2017-ci il tarixdə Nəzərəliyev Şakil Məhərrəm oğlunun adına çağırış daxil olmuşdur. Həmin ünvanda həkimə qədər ölüm, kişi cinsli meyit aşkar edilmişdir. İş materiallarındakı Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin 21.08.2020-ci il tarixli məktubdan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsi tərəfindən mümkün olmamışdır. Beləliklə, məhkəmədə ərizəçinin izahatından, şahidlərin ifadələrindən və mülki işin materiallarından müəyyən olundu ki, ərizəçinin qardaşı Nəzərəliyev Şakil Məhərrəm oğlu 18 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etmiş və Bakı şəhəri, Zabrat qəbirstanlığında dəfn edilmiş, lakin ərizəçi qardaşının ölüm haqqında şəhadətnaməsini ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsində göstərilir ki, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsinə dair işlərə məhkəmədə baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyətli olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Göründüyü kimi ərizəçi qardaşının ölümü haqqında şəhadətnaməsini başqa qaydada ala bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Həmin Qərarın 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Həmin Qərarın 9-cu bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli və Ərizəçi qardaşı Nəzərəliyev Şakil Məhərrəm oğlunun 18 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi təmin edilsin. Ərizəçi qardaşı Nəzərəliyev Şakil Məhərrəm oğlunun 18 oktyabr 2017-ci il tarixdə Bakı şəhərində (ev şəraitində) vəfat etməsi faktı müəyyən edilsin. Hazırkı qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən tərəflərə rəsmən təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Rəşid Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar