Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-681/2021 11.11.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, iddiaçının nümayəndəsi X1 iştirakı ilə, iddiaçı "xxxx" ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı “kreditin, ona hesablanmış faiz, cərimənin qaytarılması və s.” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh5 qarşı “kreditin, ona hesablanmış faiz və cərimənin qaytarılması və s.” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09.01.2015-ci il tarixli 050L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə və 16.02.2017-ci il tarixli 050R********** saylı kredit razılaşmasına xitam verilməsi, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə 38234.97 manat məbləğində kredit borcu, 9516.94 manat məbləğində faiz borcu və 15625.31 manat məbləğində cərimə borcu olmaqla, cəmi 63377 (altmış üç min üç yüz yetmiş yeddi) manat 22 (iyirmi iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının tutulması, tələbin Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsində yerləşən 185 saylı evin 32 saylı mənzilinə yönəldilməsinə, həmin əmlakın açıq hərracdan satılması və 63377 (altmış üç min üç yüz yetmiş yeddi) manat 22 (iyirmi iki) qəpik məbləğində borcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 21 manat xidmət haqqının ipoteka predmetinin açıq hərracdan satışından əldə olunan vəsait hesabına İddiaçı QSC-yə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada tutulması; Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsində yerləşən 185 saylı evin 32 saylı mənzilinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra Cavabdeh3 və Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və alıcıya təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 09.01.2015-ci il tarixli 050L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə veriləcək məbləğ və müddət ayrıca olaraq Kredit razılaşması ilə müəyyən olunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı QSC ilə bağladığı 16.02.2017-ci il tarixli 050R********** saylı kredit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 2% olmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 110140 (yüz on min yüz qırx) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları 27.09.2017-ci il tarixli 050R**********S saylı, 31.07.2018-ci il tarixli 050R**********SA saylı, 29.04.2019-cu il tarixli 050R**********SB saylı, 28.06.2019-cu il tarixli 050R**********SC saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 kredit razılaşmasının 1.2-ci bəndinin tələbini pozaraq kredit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri 16.01.2020-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü kredit borcundan 71905.03 manat ödəmiş, onun 38234.97 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən bildirirlər ki, Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 10.09.2020-ci il tarixə 238 gün üçün hesablanmış faiz borcu 9516.94 manat təşkil edir. Kredit razılaşmasının 4.2.2-ci bəndinə uyğun olaraq borclu ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda hər gecikdirilən gün üçün kredit qalığının 0.5 % məbləğində cərimə ödəməlidir. 10.09.2020-ci il tarixə 238 gün üçün hesablanmış cərimə 15625.31 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsinin 3.1.2ci bəndinin «a» yarımbəndinə əsasən kredit alan müvafiq olaraq krediti və faizi ödəniş planına uyğun olaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vermək, qalan kredit məbləğini, faiz borcunu və müqavilə üzrə hesablanmış cəriməni tələb etmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh5, Cavabdeh4 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuxarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və kredit xətti müqaviləsi üzrə kreditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra etməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədi ilə cavabdeh-ipoteka verən Cavabdeh3 iddiaçı ilə bağladığı 13.01.2015-ci il tarixli 050M**********02 saylı ipoteka müqaviləsi əsasında Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsində yerləşən 185 saylı evin 32 saylı mənzilini iddiaçının xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən 170 nömrəli reyestr kitabının 17848 nömrəli vərəqində qeydiyyata alınmış və Seriya RX ******* №-li Çıxarışa əsasən Bakı şəhəri Nəsimi rayonu Vidadi küçəsində yerləşən 185 saylı evin 32 saylı mənzilini Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək üçün İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh - ipoteka verən Cavabdeh3 qızma İpoteka haqqında Azərbaycan Respublikası Qanununun 36.2-ci bəndinə uyğun olaraq ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş 25.08.2020-ci il tarixdə göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında həmin bildirişin qeydə alınması haqqında ərizə Elektron Xidmətlər Portalı vasitəsi ilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinə təqdim olunmuş və idarədə qeydə alınmışdır. İddiaçı QSC ipoteka bildirişinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsində qeydiyyata alınması üçün ümumilikdə 10 manat dövlət rüsumu və 21 manat xidmət haqqı ödəmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümyəndəsi X3 iddia ərizəsində qeyd olunan məzmunda izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdehlərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 185.5-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: İddia qismən təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilən hallarından görünür ki, tərəflər arasında kredit, zaminlik və ipoteka müqavilələrinin bağlanmasından irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Müqavilə isə öhdəliyin əmələ gəlmə əsaslarından biridir. Mülki Məcəllənin (bundan sonra – MM) 739-cu maddəsinə əsasən kredit müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1, mənzil 32 tam mülkiyyət hüququ üzrə Cavabdeh3 adına daşınmaz əmlakın dövlət reyestrində 25.01.2013-cü il tarixdə qeydiyyata alınmışdır. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.01.2015-ci il tarixli 050L**********33 nömrəli “uzunmüddətli kredit müqaviləsi”ndən görünür ki, Cavabdeh1 adına 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) ABŞ dolları məbləğində kredit xətti açılmışdır. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.01.2015-ci il tarixli 050L**********33 nömrəli “Uzunmüddətli kredit müqaviləsi” üzrə 16.02.2017-ci il tarixli kredit razılaşmasından görünür ki, borclu Cavabdeh1 24 ay müddətinə, aylıq 2% olmaqla 110140 (yüz on min yüz qırx) manat məbləğində kredit verməyi, borcalan isə borcu qəbul edib müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 16.02.2017-ci il tarixli 050R********** saylı, 27.09.2017-ci il tarixli 050R**********S saylı, 31.07.2018-ci il tarixli 050R**********SA saylı, 29.04.2019-cu il tarixli 050R**********SB saylı, 28.06.2019-cu il tarixli 050R**********SC saylı sazişlərdən görünür ki, tərəflər arasında olan razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. "xxxx" QSC ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 arasında bağlanılmış 19.01.2015-ci il tarixli, müvafiq olaraq 050S**********02, 050S**********01, 050S**********03 və 050S**********04 nömrəli zaminlik müqavilələrindən görünür ki, zaminlər Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün birgə məsuliyyəti öz üzərinə götürmüşlər. "xxxx" QSC ilə Cavabdeh3 və borc alan Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci il tarixli 050M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus ünvan 1 ünvanında 71.4 kv.m ümumi, 57.0 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzil öhdəliklərin təminatı kimi «Accesbank” QSC-nin xeyrinə yüklü edilmişdir. Bu müqavilə 09.01.2015-ci il tarixli 050L**********33 saylı kredit müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasını təmin etmək məqsədilə bağlanmışdır. İpoteka predmeti 112000.00 ABŞ dolları (87852 manat 80 qəpik ekvivalentində) məbləğində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri üzrə Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi, 185 nömrəli evin 32 nömrəli mənzili 09.01.2015-ci il tarixli 050L**********33 nömrəli kredit müqaviləsi üzrə 120 ay müddətinə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış 02.08.2020-ci il tarixli məktubdan görünür ki, ipoteka predimeti olan ünvan 1, 32 nömrəli mənzilə tutmanın yönəldilməsi haqqında ipoteka qoyan Cavabdeh3 göndərilmiş bildirişin 25.08.2020-ci il tarixdə ünvana çatdırılmasını diqqətə çatdıraraq tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasını xahiş etmişdir. Bank tərəfindən Cavabdeh3 ünvanlanmış 25.08.2020-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 tərəfindən kredit üzrə borc ödənilmədiyindən tutmanın ipoteka predmetinə yönəldiləcəyi barədə məhkəməyə müraciət olunacağından xəbərdar edilmişdir. "xxxx" QSC-nin Cavabdeh1 Sadiq oğluna, Cavabdeh3, Cavabdeh2, Cavabdeh4 Sadix oğluna və Cavabdeh5 Sadix oğluna ünvanlanmış 25.08.2020-ci il tarixli xəbərdarlıqlardan görünür ki, kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi və borcun, faiz, cərimə məbləğlərinin alınması üçün hüquq mühavizə orqanlarına müraciət ediləcəyi barədə xəbərdar edilmişdirlər. 14.09.2020-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh1 ilə "xxxx" QSC arasında bağlanmış olduğu 16.02.2017-ci il tarixli 050R********** saylı kredit razılaşmasına əsasən 10.09.2020-ci il tarixə kimi əsas borc üzrə 38.234,97 manat; faiz borcu 9.516,94 manat, cərimə (dəbbə) borcu üzrə 15.625,31 manat, cəmi 63.377,22 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.08.2021-ci il tarixli, 9/2520 nömrəli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən «Accesbank” QSC ilə Cavabdeh1 Sadiq oğlu arasında bağlanılmış 16 fevral 2017-ci il tarixli 050R********** saylı kredit razılaşması üzrə ilə Cavabdeh1 Sadiq oğlunun 15.09.2020-ci il tarixə ( iddia ərizəsi məhkəməyə təqdim edilən tarixə) banka olan borcu 40.436,27 manat məbləğində müəyyən olunur, o cümlədədən əsas borc üzrə 35.658,09 manat, faiz borcu üzrə 4.778,18 manat müəyyən edilmişdir. "xxxx" MMC-nin 19.10.2021-ci il tarixli, H/05-PLS saylı hesabatdan görünür ki, ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində bazar və likvid qiyməti aşağıdakı kimidir: mənzilin bazar qiyməti 115.000 (yüz on beş min) manat; mənzilin likvid qiyməti 88.000 (səksən səkkiz min) manatdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən 20 manat məbləğində xidmət haqqı ödənilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Elektron Xidmətlər Portalına əsasən iddiaçı tərəfindən 10 manat məbləğində dövlət rüsum ödənilmişdir. 14.09.2020-ci il tarixli, ********* nömrəli qəbzdən görünür ki, "xxxx" QSC tərəfindən məhkəməyə müraciət etmək məqsədilə 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Beləliklə, iş materiallarından göründüyü kimi, "xxxx" QSC ilə Cavabdeh1 arasında bağlanmış 09.01.2015-ci il tarixli 050L**********33 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən borcalana 120 ay müddətinə 500.000 ABŞ dolları məbləğində kredit xətti açılmış və həmin müqavilə üzrə bağlanmış kredit razılaşmaları əsasında bank Cavabdeh1 24 ay müddətinə, aylıq 2% olmaqla, cəmi 110.140 manat kredit verməyi, borcalan isə borcu qəbul etmək, müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. Cavabdeh1 dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, o, kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri tam icra etməmişlərdir. Hazırda iddiaçının borcun cavabdehlərdən tutulması tələbi ilə məhkəməyə müraciət etdiyi məbləğ əsas borc üzrə 38.234,97 manatı, faiz borcu üzrə 9.516,94 manat, cərimə borcu üzrə 15.625,31 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 09.08.2021-ci il tarixli, 9/2520 nömrəli məhkəməmühasibatlıq ekspertizasının rəyinə əsasən cavadehin borcu 15.09.2020-ci il tarixə banka 35.658,09 manat əsas borc, 4.778,18 manat faiz olmaqla, cəmi 40.436,27 manat məbləğində hesablanmışdır. Beləliklə, cavabdeh müqavilə şərtlərinə əsasən ödənişləri vaxtında həyata keçirməməklə, MM-nin 425.1-ci maddəsinin tələblərini pozaraq, müqavilə üzrə öhdəliyini lazımınca icra etməmişdir. Yəni vicdanlılığın tələb etdiyi tərzdə - şərtləşdirilmiş vaxtda lazımi şəkildə, öhdəliyin şərtlərinə müvafiq surətdə hərəkət etməyərək, öhdəliyi vaxtında icra etməmişdir (MM, maddə 442). Halbuki tərəflər müəyyən nəticələrə nail olmaq üçün öhdəlik hüquq münasibətlərinə daxil olurlar və öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır (MM, maddə 385.1). Beləliklə, iddiaçı cavabdehdən kredit müqaviləsinin icrasını tələb etmək üzrə subyektiv hüquqa malikdir. Cavabdeh isə müqavilə üzrə üzərinə düşən öhdəliyi icra etməməklə, iddiaçının bu hüququnu pozmuşdur. Belə ki, kredit müqaviləsi üzrə borc verənin krediti verməsi borc alanın aldığı pul vəsaitini borc verənə qaytarmasını şərtləndirir. Cavabdeh öz müqavilə öhdəliklərini icra etmədiyindən, MPM-nin 4.1-ci maddəsinə əsasən iddiaçının, qanunla qorunan hüququnun və marağının təmin edilməsi üçün məhkəmə müdafiəsindən istifadə etmək hüququ yaranmışdır. Məhkəmə qeyd edir ki, ekspert rəyi ilə cavabdehin əsas borcu 38.234,97 manat deyil, 35.658,09 manat kimi, həmçinin faiz borcu üzrə məbləğ 9.516,94 manat deyil, 4.778,18 manat kimi müəyyən edildiyindən, ekspert rəyi ilə müəyyən olunan məbləğ cavabdehdən tutulmalıdır. MM-nin 462.1, 462.3 və 467-ci maddələrinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə, iddia tələbinin dəbbə pulunun ödənilməsi hissəsi ilə əlaqədar hesab edir ki, dəbbə pulunun miqdarı tənasübsüz sürətdə yüksək kimi qiymətləndirilməli və həmin məbləğ 500 manat kimi müyyən edilməlidir. Çünki 35.658,09 manat əsas borc məbləğinə münasibətdə 500 manat dəbbə pulu daha ədalətlidir. İddiaçı müqavilədən irəli gələn öhdəliyin icrasından başqa, həm də tərəflərin bağladıqları kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmasına xitam verilməsini də tələb etmişdir. MM-nin 421.2-ci maddəsinə müvafiq olaraq, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya MM-də və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Yuxarıda qeyd olunduğu kimi, cavabdeh – borc alan öhdəliyini icra etməməklə, müqaviləni əhəmiyyətli dərəcədə pozmuş və bunun nəticəsində iddiaçı müqavilə bağlanarkən, kreditin verilməsi müqabilində almağa ümid etdiyi pul vəsaitindən məhrum olmuşdur. Beləliklə, kredit müqaviləsi və onun əsasında bağlanmış kredit razılaşmasına xitam verilməsi barədə tələb təmin olunmalıdır. Həmçinin məhkəmə tərəfindən müəyyən edilmişdir ki, zaminlər ilə Cavabdeh5, Cavabdeh4, Cavabdeh3, Cavabdeh2 19.01.2015-cu il zaminlik müqavilələri üzrə borclu Cavabdeh1 kreditor qarşısında götürdüyü öhdəliklərin tamamilə icra edilməsi üçün məsuliyyəti borclu ilə birgə öz üzərinə götürmüşlər. MM-nin 470.1-ci və 472-ci maddələrinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər MM-də və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh-borcalan əsas öhdəliyi lazımınca icra etmədiyindən, iddiaçının cavabdehzaminlərə qarşı da tələb hüququ yaranmışdır. Bundan başqa məhkəmə tərəfindən müəyyən edilmişdir ki, "xxxx" QSC ilə Cavabdeh3 və borc alan Cavabdeh1 arasında bağlanmış 13.01.2015-ci il tarixli 050M**********02 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 185 saylı evin 71.4 kv.m ümumi, 57.0 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzili kredit müqaviləsindən irəli gələn öhdəliklərin təminatı kimi "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 269 və 270.1-ci maddələrinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur. Girov və ipoteka əlavə (aksessor) əşya hüququ olmaqla yanaşı, həm də borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Öhdəliyin icrasının təmin edilmə üsulu kimi ipoteka əsas öhdəliyin icrasına zəmanət verməklə, əmlakdan məhrum olma təhlükəsi altında borclunu lazımı icraya stimullaşdırmaq məqsədi daşıyır. İpoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Göstərilən Məcəllənin 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əmlakın satılmasını tələb edə bilər. Əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərinin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Mülki Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini geçikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Qeyd olunan Məcəllənin 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən və ya əldə edilən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ borcluya qaytarılmalıdır. İpoteka müqaviləsi bağlanan zaman qüvvədə olmuş «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Həmin Qanunun 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. Qeyd olunan Qanunun 39.1-ci maddəsinə əsasən ipoteka saxlayan ipoteka müqaviləsi üzrə tələbin ödənilməsi üçün iddia ilə məhkəməyə müraciət edə bilər. Həmçinin, qeyd olunan Qanunun 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Cavabdeh1 əsas öhdəliyini lazımınca icra etmədiyindən, iddiaçının ipoteka predmetlərinə tutmanın yönəldilməsi hüququ yaranmışdır. Belə ki, Qanunun 34.1.1-ci və 34.1.2-ci maddələrində əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması, əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı kimi təsbit edilmişdir. Qanunla müəyyən olunmuş ipoteka predmetinə tutmanın yönəldilməsi qaydalarına əməl olunmuş, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında 25.08.2020-ci il tarixli, 19850 saylı bildiriş cavabdehə göndərilmiş və 02.08.2020-ci il tarixli, 19996 saylı məktubla ipotekanın dövlət qeydiyyatı orqanına müraciət olunmuş və bildiriş qeydə alınmışdır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 01.03.2021-ci il tarixli qərardadı ilə ipoteka predmetinin likvid dəyərinin müəyyənləşdirilməsi "xxxx" MMC-yə həvalə edilmişdir. 19.10.2021-ci il tarixli ekspert rəyinə əsasən ünvan 1 ünvanında yerləşən 32 saylı mənzilin likvid dəyəri 88.000 (səksən səkkiz min) məbləğində müəyyən edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09.01.2015-ci il tarixli 050L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə və 16.02.2017-ci il tarixli 050R********** saylı kredit razılaşmasına xitam verilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 əsas borc üzrə 35.658,09 manat, faiz borcu üzrə 4.778,18 manat, cərimə borcu üzrə 500 manat, cəmi 40.936,27 məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manatın 20 manatı məbləğində dövlət rüsumu müştərək qaydada tutularaq iddiaçı "xxxx" QSC-nin xeyrinə ödənilməli, tutma ipotekaya qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 185 saylı evin 71.4 kv.m ümumi, 57.0 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət 3 otaqlı 32 nömrəli mənzilinə yönəldilməli, həmin əmlak açıq hərracda satılmalı, ipoteka predmetinin ilkin satış qiyməti 88.000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə qeyd edir ki, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən qalığın qalması da istisna edilmir və belə bir hal baş verdiyi təqdirdə ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsinin müqəddaratı da həll edilməli və belə bir məbləğ yarandığı təqdirdə “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 47.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla ipoteka qoyana (Cavabdeh3) qaytarılmalıdır. Məhkəmə iddia tələbini “satışdan əldə edilən vəsaitin qətnamənin icrasına yetərli olmadığı halda, qalıq məbləğin borcalan Cavabdeh1 və zaminlər Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 ümumi qaydada tutulması” hissəsində əsaslı hesab edir və belə qənaətə gəlir ki, ipoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi Mülki Məcəllənin 319.6-cı maddəsinin tələblərinə uyğun olaraq cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 İddiaçı QSC-nin xeyrinə müştərək qaydada tutulmalıdır. «İpoteka haqqında» Azərbaycan Respublikası Qanununun 59.3-cü maddəsinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Qanunun mənasından göründüyü kimi, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutma yönəldildikdən və o satıldıqdıqdan sonra, yaşayış sahəsini tərk etməlidirlər. Yəni müvafiq iddia tələbini irəli sürmək hüququ ipoteka predmetini əldə edən şəxsə məxsusdur və belə bir iddia o zaman irəli sürülə bilər ki, ipoteka qoyan və digər şəxslər yaşayış sahəsini tərk etməsinlər. İddiaçı ipoteka saxlayandır, o, müvafiq iddia irəli sürmək üzrə subyektiv hüquqa malik deyildir. Həmçinin hazırki mərhələdə ipoteka qoyanın ipoteka predmetini tərk etməməsi ilə bağlı heç bir mübahisə yoxdur. Nəticə hissəsi: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə məhkəmə xərci kimi iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunu və məhkəmə ekspertizasının tədqiqat dəyərini nəzərə alır. Belə ki, iddia tələbinin 65%-i təmin olunduğundan məhkəmə xərci də həmin nisbətdə tərəflərə aid edilməlidir. Dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manatı cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq "xxxx" QSC-nin xeyrinə, iş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 51 manatı iddiaçı "xxxx" QSC-dən, 94 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 ilə İddiaçı QSC arasında bağlanmış 09.01.2015-ci il tarixli 050L**********33 saylı uzunmüddətli kredit müqaviləsinə və 16.02.2017-ci il tarixli 050R********** saylı kredit razılaşmasına xitam verilsin. Əsas borc üzrə 35.658,09 manat, faiz borcu üzrə 4.778,18 manat, cərimə borcu üzrə 500 manat, cəmi 40.936,27 manat məbləğində kredit borcu, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumu və 20 manat xidmət haqqı, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün dövlət rüsumu kimi ödənilmiş 30 manatın 20 manatı, cəmi 40.986,27 cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı «Accesbank” QSC-nin xeyrinə ödənilsin. Tutma ipotekaya qoyulmuş Cavabdeh3 məxsus Bakı şəhəri, Nəsimi rayonu, Vidadi küçəsi 185 saylı evin 71.4 kv.m ümumi, 57.0 kv.m yaşayış, 14.4 kv.m yardımçı sahədən ibarət olan 3 otaqlı 32 nömrəli mənzilinə yönəldilsin. Həmin əmlak ilkin satış qiyməti 88.000 manat məbləğində müəyyən edilməklə açıq hərracda satılsın. Satışdan əldə olunmuş vəsait hesabına Cavabdeh1nın "xxxx" QSC-yə olan kredit borcu ödənilsin. Satışdan əldə olunan pul vəsaiti artıq olduqda isə qalan pul vəsaiti Cavabdeh3 qaytarılsın. İpoteka predmetinin satışından əldə edilmiş məbləğ borc məbləğinin ödənilməsi üçün kifayət etmədikdə borcun qalan hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək olaraq "xxxx" QSC-nin xeyrinə ümumi qaydada tutulsun. İddia digər hissədə rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə ekspertizasının tədqiqat dəyəri olan 145 manatın 51 manatı iddiaçı "xxxx" QSC-dən, 94 manatı isə cavabdehlər Cavabdeh1, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X2, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ013601**********3944) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva
Məhkəmə qərarları › İş №2(006)-681/2021
Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-681/2021
11.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver