Məhkəmə qərarları › İş №2(006)-750/2025

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-750/2025

28.01.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-750/2025 28.01.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X16 oğlunun katibliyi, Ərizəçi, vəkili-nümayəndəsi Vəkil, X1 iştirakları ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:

1. Ərizəçi Mir X2 rayon Qeydiyyat Şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1972-ci il təvəllüdlü X3 yaşadığı ünvan 1 ünvanında ölməsi faktının müəyyən edilməsini xahiş etmişdir (ərizəyə texniki düzəliş edilmişdir).

2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçi ilə mərhum həyat yoldaşı xx.xx.1972-ci il təvəllüdlü X5 ünvan 1 ünvanında yaşamışlar. Uzun müddət imiş ki, mərhum ağır ağciyər xərçəngi xəstəsi imiş. Ərizəçi uzun illərin həkimi olduğundan və mərhum xəstəxana şəraitini qəbul etmədiyindən, onu evdə özü müalicə edirmiş. xx.xx.2024-cü il tarixdə mərhumun halı lap pisləşmiş, ərizəçi təcili yardım çağırmış, tibbi yardım gələnədək ərizəçinin həyat yoldaşı vəfat etmişdir. TTY həkimləri artıq ölüm baş verdiyindən, ərizəçiyə ölüm haqqında xəbərdarlıq vərəqəsi vermiş, vərəqədər “həkimə qədər ölüm” yazaraq şifahi bildirmişlər ki, “görünür ki, öz xəstəliyindən ölüb, lakin ölüm biz gələnə qədər olduğundan, zəruri sənədi verə bilmirik”. Ertəsi gün mərhum dəfn olunmuşdur. Ərizəçi müvafiq sənədlə ərazi üzrə poliklinikaya müraciət etsə də, poliklinika ölüm haqqında şəhadətnamə verməkdən imtina etmişdir. Buna səbəb kimi ölümün səbəbinin vərəqədə qeyd edilməməsini göstərmişlər. Ölüm haqqında şəhadətnamənin olmaması mərhumun vərəsələrinin hüquqlarını həyata keçirə bilməməsi ilə nəticələnir. Buna görə də bu fakt məhkəmə qaydasında müəyyən edilməlidir.

a) Məhkəmə prosesi:

3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

4. Məhkəmə iclasında Ərizəçi vəkili-nümayəndəsi Vəkil ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.

5. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, Maraqlı şəxs tərəfindən nümayəndəsinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, səbəbləri barədə məlumat verilməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X14 ifadəsində bildirdi ki, mərhum Zalina xanımın dayısı oğludur. Ərizəçini mərhumun həyat yoldaşı kimi tanıyır. Mərhumun səhhətində problem olduğunu bilirdi, dəfnində də iştirak etmişdir.

7. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində bildirdi ki, mərhum Zalina xanımın dayısı oğlunun həyat yoldaşıdır. Ərizəçini mərhumun həyat yoldaşı kimi tanıyır. Ərizəçi vəfat edən gün onlara getmişlər. Həmin vaxt təcili tibbi yardım işçilərinin və polis əməkdaşlarının orada olduğunu görmüşdür.

8. Məhkəmə ərizəçinin və vəkili-nümayəndəsinin izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.

Əsaslandırıcı hissə: a) İş materialları:

9. Nikah haqqında AZ-İ seriyalı 072968 nömrəli şəhadətnamədən görünür ki, Ərizəçi ilə X8 nikahı xx.xx.2003-cü il tarixdə 510 nömrə ilə qeydə alınmış, nikah bağlandıqdan sonra arvada “Mir- Qasımova” soyadı verilmişdir.

10. BŞT və TTYB-nin 8 saylı Bölməsi tərəfindən verilmiş ölüm haqqında xx.xx.2024-cü il tarixli xəbərdarlıq vərəqəsindən görünür ki, həmin tarixdə saat 07:10-da Nəsimi rayonu, Mərdanov qardaşları küçəsi, ev 102, mənzil 57 ünvanında Mir-Qasımova Zalinanın adına çağırış daxil olmuş, çağırışı həkim və tibb bacısı yerinə yetirmiş, “həkimə qədər ölüm, qadın cinsli meyit” qeydi edilmişdir.

11. “Bakı Baş Səhiyyə Mərkəzi” X17 3 nömrəli şəhər poliklinikasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1972-ci il təvəllüdlü X3 ölümü qəfləti və səbəbi məlum olmadığından, mərhumun adına “ölüm haqqında tibbi şəhadətnamə” verilməsi mümkün deyil.

12. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.

13. Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, ölümün qeydə alınması üçün zəruri olan sənəd təqdim edilmədiyindən, hazırda ölümün dövlət qeydiyyatına alınması qeydiyyat şöbəsində mümkün olmamışdır.

14. İş materiallarına, həmçinin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2025-ci il tarixli məktubu da əlavə edilmişdir.

b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:

15. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş X5 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir.

16. Ərizəçi mərhum arvadının ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 3 nömrəli şəhər poliklinikasına müraciət etsə də, həmin sənədi əldə edə bilməmiş, buna görə də Maraqlı şəxs ölümün dövlət qeydiyyatına alınmasından imtina etmişdir.

17. Ölüm haqqında şəhadətnamə vərəsəlik işi üçün zəruridir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.

c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:

18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.

19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

20. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir.

Nəticə:

21. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1972-ci ildə Bakı şəhərində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində (ev şəraitində) ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Günay Abidova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar