Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-846/2025 18.02.2025 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Abidova Günay Çingiz qızının sədrliyi, X19 oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Nəsimi rayon Qeydiyyat şöbəsi və Nərimanov rayon Qeydiyyat şöbəsi və Nərimanov rayon Qeydiyyat şöbəsi maraqlı şəxslər qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Nəbiyev X2 rayon Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb edilməklə «ölüm faktının müəyyən edilməsi» tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1973-cü il təvəllüdlü mərhum qardaşı X4 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir (ərizəyə texniki düzəliş edilmişdir).
2. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin xx.xx.1973-cü il təvəllüdlü qardaşı X10 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində vəfat etsə də, Bərdə rayon Gülgəzli kənd qəbristanlığında dəfn olunmuş, ərizəçinin ana və atası da vəfat etmişlər. Valideynlərinin başı yas mərasiminə qarışdığından və uşaqlarının ölümü onlara pis təsir etdiyindən, onlar vaxtında ölüm haqqında şəhadətnaməni ala bilməmişlər. Son vaxtlar isə ərizəçi bəzi işlərlə bağlı sənədləşmə aparmaq istədikdə ondan qardaşının ölümü barədə hər hansı sənəd istəyirlər. Ərizəçi 4 saylı şəhər poliklinikasına 106 saylı forma arayışı almaq üçün rəsmi olaraq poçt vasitəsilə müraciət etsə də, ona heç bir məlumat vermirlər. Hətta ərizəçi şəxsən ora getdikdə onunla kobud danışaraq heç bir sənəd verməmişlər. Ona görə də ərizəçi vəkilə müraciət edərək, vəkil sorğusu göndərilməsini xahiş etmiş, lakin vəkil sorğusuna da cavab gəlməmişdir. Ərizəçi isə ölüm haqqında şəhadətnamə almaq üçün Nərimanov rayon Qeydiyyat şöbəsinə müraciət etsə də, əlində sənədlər olmadığı üçün onun müraciətinə imtina verilmişdir. Maraqlı şəxs tərəfindən ona məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Ölüm haqqında şəhadətnamə ərizəçiyə valideynlərindən qalma evi sənədləşdirmək üçün lazımdır. Belə ki, sistemdə mərhum qardaşının adı çıxdığı üçün bu sənədi ondan istəyirlər. Ona görə ki, o da qanun üzrə birinci dərəcə vərəsədir. Qardaşı doğulandan sonra cəmi 3 ay yaşadığı üçün ona nə doğum, nə də ölüm haqqında şəhadətnamə almayıblar. Doğum faktını “X5” AQİS-dən verilmiş çıxarış təsdiq edir.
a) Məhkəmə prosesi:
3. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, təmin edilməsini məhkəmədən xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxslər Maraqlı şəxs2 və Nərimanov rayon Qeydiyyat şöbəsi tərəfindən nümayəndələrinin məhkəmə iclasında iştirakı təmin edilməmiş, Nərimanov rayon Qeydiyyat şöbəsi məktub göndərərək, işlərinin çox olması səbəbindən iclasın onların iştirakı olmadan keçirilməsini xahiş etmiş, Nəsimi rayon Qeydiyyat şöbəsi isə nümayəndəsinin gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə maraqlı şəxslərin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
5. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 ifadəsində bildirdi ki, o, ərizəçinin anası Nəbiyeva Məlahətin qardaşıdır. Ərizəçidən başqa, bacısının İsmayıl, Fərhad, Lamiyə və Kənan adında uşaqları olmuşdur. Kənanın doğum tarixi dəqiq yadında olmasa da, onun özü də 10- 12 yaşında olanda Kənanın kəndə gətirilib qəbristanlıqda dəfn olunmasının şahidi olmuşdur.
6. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 ifadəsində bildirdi ki, Gülgəzli kəndində ərizəçinin valideynləri ilə qonşu olmuşlar. O, uşaq olanda – haradasa birinci sinifdə oxuyanda eşitmişdir ki, Nəbiyev Cəbrayıl ilə Nəbiyeva Məlahətin balaca uşağı ölüb, kənd qəbristanlığında dəfn ediblər.
7. Məhkəmə ərizəçinin izahatını dinləyib, şahidlərin ifadələrini iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlayaraq hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) İş materialları:
8. “Elektron notariat” X1 vasitəsilə “X5” AQİS-dən çıxarışdan görünür ki, X6 ilə X3 X10 adından uşaqları xx.xx.1973-cü il tarixdə anadan olmuşdur.
9. Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 62 nömrəli məktubundan görünür ki, ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ərizəsinin təmin edilməməsinin mümkün olmaması qeyd edilməklə, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmək hüququ ərizəçiyə izah edilmişdir.
10. İş materiallarına, həmçinin, 4 saylı şəhər poliklinikasına ünvanlanmış vəkil sorğusu və sorğunun göndərilməsinə dair poçt qəbzi də əlavə edilmişdir.
11. Ölüm haqqında AZ-İİ seriyalı 429416 nömrəli şəhadətnamədən görünür ki, X8 xx.xx.2024-cü il tarixdə ölmüşdür.
12. Bərdə rayon Gülgəzli kənd sakinləri tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, Bakı şəhərində anadan olmuş xx.xx.1973-cü il təvəllüdlü X10 Bakı şəhərində vəfat etməsinə baxmayaraq, Bərdə rayon Gülgəzli bələdiyyəsinin balansında olan Gülgəzli kənd qəbristanlığında dəfn olunmuşdur.
13. xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, ərizənin verilməsinə görə 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ödənilmişdir.
14. Azərbaycan Respublikasının Baş Prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İstintaq idarəsində xx.xx.1973-cü il təvəllüdlü X4 ölüm faktı ilə bağlı ibtidadi araşdırma aparılmamaqla, onun barəsində axtarış elan edilməsi barədə qərar qəbul edilməmişdir.
15. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 barəsində məlumat yoxdur. O, Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi ilə sənədləşdirilməmişdir.
16. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X10 barəsində cinayət təqibi, məhkumluğu və axtarışa elan olunması barədə müvafiq uçotlarda məlumat yoxdur.
17. Bakı şəhər Nəsimi rayon prokurorluğunun xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 ölümü ilə bağlı rayon prokurorluğuna hər hansı müraciət daxil olmamış və araşdırma aparılmamışdır.
18. Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında məlumat qeydə alınmamışdır.
19. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xəstəxana idarəetmə sistemində X4 tabelikdə olan tibb müəssisələrinə müraciət etməsi ilə bağlı qeyd tapılmamışdır.
20. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X5nın Arxivinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə baxış keçirilərkən valideynləri X6 ilə X9 olan xx.xx.1973-cü il təvəllüdlü X4 doğumunun Nərimanov rayon qeydiyyat şöbəsində qeydə alındığı müəyyən edilmişdir. Onun doğumu haqqında akt qeydi istisna olmaqla, digər vətəndaşlıq vəziyyəti haqqında akt qeydlərinə dair məlumat aşkar edilməmişdir.
21. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X12” PHŞnin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X10 xx.xx.1973-cü il tarixdən məktub verilən günə qədər mərkəzi məhkəmə-tibbi ekspertizalar, Bakı şəhərinin rayon, Sumqayıt şəhər və Abşeron rayon şöbələrində meyitlərin qeydiyyat kitabından qeydiyyatdan keçməmişdir. Həmin dövrdə Birliyin Bakı şəhərində fəaliyyət göstərən Mərkəzi meyitxananın arxivində qalan və 1991-ci il tarixdən tərtib olunmuş Meyitlərin qeydiyyat jurnallarında da xx.xx.1973-cü il təvəllüdlü X10 adlı şəxsin meyitinin məhkəmə-tibbi ekspertiza müayinəsinin keçirilməsinə dair hər hansı bir qeydiyyat aşkar edilməmişdir. Axtarılan şəxslərə məxsus meyitlərin identifikasiyasının aparılması üçün qeyd edilən şəxsləri bədəni üzərində olan hər hansı bir fərdi əlamətlər (xallar, çapıqlar, döymələr və s. ) barəsində Birliyin digər şəhər və rayon şöbələrinə yazılı məlumatlar göndərilməli və həmin şəxsin fotoşəkli təqdim olunmalıdır.
22. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, xx.xx.1973-cü il təvəllüdlü X4 xx.xx.1973-cü ildə Nərimanov rayon qeydiyyat şöbəsində tərtib olunmuş doğumu haqqında akt qeydi nəzərdən keçirilərkən atasının 1940-cı il təvəllüdlü X6, anasının isə 1950-ci il təvəllüdlü X9 olduğu məlum olmuşdur. Doğumun qeydə alınmasına əsas olan tibbi sənədin qeydiyyat şöbəsində saxlanma müddəti 1 ildir. “Elektron notariat” informasiya sistemində saxlanılan məlumatlara əsasən X4 adına hazırkı vaxtadək vərəsəlik işinin açılmadığı müəyyən edilmişdir.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş X10 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində vəfat etmiş, Bərdə rayon Gülgəzli kənd qəbristanlığında dəfn olunmuşdur.
24. Ərizəçi mərhum qardaşının ölümü haqqında tibbi şəhadətnaməni almaq üçün 4 nömrəli şəhər poliklinikasına müraciət etsə də, onun müraciəti rəsmi qaydada cavablandırılmamış, maraqlı şəxs Bakı şəhəri Nərimanov rayon Qeydiyyat şöbəsi isə ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq ölümün qeydə alınmasının mümkün olmamasını bildirmişdir.
25. Qardaşının ölüm haqqında şəhadətnaməsi ərizəçinin valideynlərinin vərəsəlik işi üçün zəruridir. Buna görə də ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
c) Tətbiq edilən hüquq və iş üzrə məhkəmənin gəldiyi nəticə:
26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5nın dövlət qeydiyyatı Qaydası”: 8.5-ci bənd. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir.
27. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 104.1-ci maddə. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. 217.4-cü maddə. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 305.1 və 305.1.1-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.2 və 307.2.8-ci maddə. Məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 307.2 və 307.2.11-ci maddə. Məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddə. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 311-ci maddə. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
28. Qeyd olunanlara əsasən məhkəmə belə qənaətə gəlir ki, xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində ölməsi faktı şahidlərin ifadəsi və təqdim olunmuş sənədlərlə tam təsdiq olunur, həmin faktın müəyyən edilməsinin qanunvericilikdə başqa qaydası nəzərdə tutulmamışdır, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, hazırki ərizə təmin edilməlidir.
Nəticə:
29. Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 307-310-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1973-cü ildə Bakı şəhərində anadan olmuş X4 xx.xx.1973-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Hazırki qətnamə ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim: Günay Abidova