Məhkəmə qərarları › İş №2(006)-870/2021

Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi Qətnamə — İş №2(006)-870/2021

17.06.2021 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(006)-870/2021 17.06.2021 BAKI ŞƏHƏRİ NƏSİMİ RAYON MƏHKƏMƏSİ Hakim Musayeva Cəmilə Ceyhun qızının sədrliyi, məhkəmə iclasının katibi Namazova Çinarə İmaməddin qızının katibliyi, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı, ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahverdiyev Cavabdeh iştirakları ilə, ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahverdiyev Cavabdeh qarşı “yaşayış sahəsinə köçürülmə və s.” tələbinə dair ilkin iddia ərizəsi və ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahverdiyev Cavabdeh ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı qarşı “istifadə hüququna kompensasiya verilməklə xitam verilməsi” tələbinə dair qarşılıqlı iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təsviri hissə: İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin mülkiyyətində olan və ünvan 1 ünvanda yerləşən 2 otaqlı ümumi yaşayış sahəsi 37,5 kv/m olan mənzilinə onun və azyaşlı övladı 30.06.2009-cu il təvəllüdlü Şahverdiyev Nihad Cavabdeh oğlunun köçürülmələri, istifadə hüquqlarında olan maneəçiliklərin (məhdudiyyətlərin) cavabdehə qadağan edilməsi və həmin ünvanın giriş qapısının açarının cavabdeh tərəfindən dəyişdirilməsinin ona qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İlkin iddia onunla əsaslandırılmışdır ki, cavabdeh ilə nikaha daxil olmuş və birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Bir müddət normal həyat sürmüş daha sonra aralarında söz-söhbət yaranmış və Nəsimi rayon məhkəməsinin qətnaməsinə əsasən nikahları pozulmuş, azyaşlı övladı onun himayəsinə saxlanılmış və onun saxlanılması üçün aliment vəsaiti tutulması qət edilmişdir. Daha sonra cavabdeh Nəsimi rayon məhkəməsinə müraciət etmiş və onun istifadə hüququna xitam verilməsini xahiş etmişdir. Nəsimi rayon məhkəməsinin 2(006)-986/2019 saylı 08.02.2019-cu il tarixli qətnaməsi ilə cavabdehin iddia tələbi rədd edilmişdir, daha sonra həmin qətnamədən verilmiş apelyasiya şikayəti də təmin olunmamışdır. Hazırda cavabdeh tərəfindən onu evdən bir halda qovur, digər halda giriş qapısının açarlarını dəyişir və onu evə buraxmır. Şəxsi əşyaları olmadan və azyaşlı övladı ilə birlikdə müxtəlif ünvanlarda yaşayır və bu halda işsiz bir ana kimi maddi durumu çox acınaqcaqlı haldadır. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahverdiyev Cavabdeh iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh İddiaçı 5.000 manat kompensasiya verilməklə istifadə hüququna ünvan 2 ünvanı üzrə xitam verilməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, hal-hazırda xəstə olduğundan ciddi müalicə olunmağa zərurət yaranmışdır. Bu səbəbdən də İran İslam Respublikasında müalicə olunmağı üçün şəxsi evini satmaq məcburiyyətində qalmışdır. 20.000 manat məbləğində evə alıcı tapmış və həmçinin beh almışdır. Bu səbəbdən də yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında cavabdehlə aralarında razılaşma olmadığı üçün bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə biləcəyi tələbinə əsaslanaraq, cavabdeh İddiaçı 5.000 manat kompensasiya verməklə istifadə hüququna xitam verilməsi qənaətinə gəlmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı yuxarıda göstərilən məzmunda izahat vermiş və ilkin iddianın təmin edilməsi, qarşılıqlı iddianın isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahverdiyev Cavabdeh yuxarıda göstərilən məzmunda izahat vermiş və qarşılıqlı iddianın təmin edilməsi, ilkin iddianən isə rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əsaslandırıcı hissə: İlkin iddia qismən təmin, qarşılıqlı iddia rədd edilməlidir. Yasamal rayon VVAQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahverdiyev Fərid Cavabdeh oğlu 25.11.1998-ci il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Şahverdiyev Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Yasamal rayon qeydiyyat şöbəsi tərəfindən 20.08.2009-cu il tarixdə verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Şahverdiyev Nihad Cavabdeh oğlu 30.06.2009-cu il tarixdə Bakı şəhərində anadan olmuş, ata qrafasında Şahverdiyev Cavabdeh, ana qrafasında İddiaçı göstərilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddianın qismən təmin edilməsi, X1 ilə Şahverdiyeva (Bədiyeva) Günay Oruc qızı arasında 11 iyul 1998-ci il tarixdə bağlanmış və Yasamal rayon VVAQ şöbəsi tərəfindən nikahın bağlanması haqqında akt qeydləri kitabında 11 iyul 1998-ci il tarixdə 318 nömrə ilə qeyd edilmiş nikahın pozulması, 30 iyun 2009-cu il təvəllüdlü Şahverdiyev Nihad Cavabdeh oğlunun anası İddiaçı yanında qalmasının müəyyən edilməsi, 30 iyun 2009-cu il təvəllüdlü Şahverdiyev Nihad Cavabdeh oğlunun yetkinlik yaşma çatana kimi saxlanılması üçün 22 yanvar 2018-ci il tarixdən başlayaraq hər ay 150 manat sabit pul məbləğində alimentin Şahverdiyev Cavabdeh tutularaq İddiaçı verilməsi qət edilmişdir. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh Şahverdiyev Cavabdeh qarşı yaşayış sahəsinin bölünməsi tələbinə dair ilkin iddiasının rədd edilməsi, iddiaçı Şahverdiyev Cavabdeh İddiaçı qarşı mənzilə istifadə hüququna xitam verilməklə mənzildən çıxarılması tələbinə dair qarşılıqlı iddiasının rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın 03.06.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh Şahverdiyev Cavabdeh apellyasiya şikayətinin təmin edilməməsi, həmin iş üzrə Bakı şəhəri, Nəsimi Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Nəsimi rayon qeydiyyat şöbəsi tərəfindən 19.04.2019-cu il tarixdə verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Şahverdiyev Cavabdeh İddiaçı ilə nikahı ləğv edilmiş və bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 19.04.2019-cu il tarixdə 102 nömrə ilə qeyd edilmişdir. Nəsimi rayon MKTB-nin 59 saylı MKİS-si tərəfindən 12.10.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, ünvan 1 ünvanda yerləşən 2 otaqlı ümumi yaşayış sahəsi 37,5 kv/m olan mənzildə İddiaçı, Şahverdiyev Cavabdeh, Şahverdiyev Nihad Cavabdeh oğlu və Şahverdiyev Fərid Cavabdeh oğlu qeydiyyatdadırlar. “xxxx” MMC tərəfindən verilmiş 21.05.2021-ci il tarixli arayışdan görünür ki, ünvan 3 ünvanda yerləşən 2 (iki) otaqlı evin (mənzilin) orta aylıq kirayə haqqı 220 (iki yüz iyirmi) - 250 (iki yüz əlli) manat müəyyən edilmişdir. Məhkəmə qarşılıqlı iddia ərizəsində qeyd edilən dəlillərin qiymətləndirilməsinə keçməmişdən əvvəl ilkin iddia ərizəsində öz əksini tapmış xüsusatlara diqqət yetirməyi zəruri sayır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şahverdiyev Cavabdeh İddiaçı ilə 11 iyul 1998-ci ildə ailə quraraq, anasına məxsus ünvan 4 ünvanında yerləşən 5 saylı evin 18 kv.m-dən ibarət 1 otaqlı mənzilə köçmüşlər. Qeyd olunan mənzil sökülmüş və sökülən mənzilin əvəzi olaraq verilmiş kompensasiyaya 2014-cü ildə ünvan 5 ünvanında yerləşən 37,5 kv.m-dən ibarət iki otaqlı fərdi yaşayış evi alınmış, tərəflər həmin evə köçərək orada yaşamağa başlamışlar. İddiaçı ilə cavabdehin birgə nikahlarından 30 iyun 2009-cu il təvəllüdlü Şahverdiyev Nihad Cavabdeh oğlu və 30.06.2009-cu il təvəllüdlü Şahverdiyev Nihad Cavabdeh oğlu adlı iki uşaqları olmuşdur. İddiaçı Şahverdiyev Cavabdeh ilə arasındakı nikah münasibətlərinə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 20.11.2018-ci il tarixli qətnaməsi əsasında xitam verilmişdir. Eyni zamanda iddiaçı ilə cavabdehin tərəf olduqları mülki iş üzrə çıxarılmış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli və Bakı Apellyasiya Məhkəməsinin 03.06.2019-cu il tarixli qətnamələrinə əsasən 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 123-cü maddəsinin tələblərinə görə İddiaçı sökülmüş ünvan 4 ünvanında yerləşən 5 saylı evin 18 kv.m-dən ibarət 1 otaqlı mənzilə istifadə hüququnun olduğu, həmin hüququn qeyd olunan ərazinin sökülərək əldə edilən vəsait hesabına alınmış ünvan 5 ünvanında yerləşən 37,5 kv.m-dən ibarət iki otaqlı fərdi yaşayış evinə münasibətdə də davam etdiyi müəyyən edilmişdir. Belə ki, qeyd edilən mülki işin araşdırması zamanı tərəflər etiraf etmişlər ki, mübahisəli ev Bakı şəhərinin abadlaşdırılması proqramı çərçivəsində dövlət layihəsi əsasında sökülmüş mənzilin əvəzinə kompensasiya kimi verilmiş vəsait hesabına əldə edilmişdir. İddiaçının istifadə hüququ olduğu mənzil söküldükdən sonra istifadə hüququna uyğun olaraq ailə üzvləri arasında əldə olunan vəsaitin bölgüsü aparılmamış və onlar əldə edilən vəsaitdən də aşağı qiymətə mübahisəli evi satın alaraq birlikdə yaşamağa qərar vermişlər. Ona görə məhkəmələr hesab etmişdir ki, yüklülük yeni əldə edilmiş evə dair əvvəlki qaydada davam etmişdir. Beləliklə qanuni qüvvəsini almış Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 08.02.2019-cu il tarixli qətnaməsi ilə müəyyən edilmiş və iş üçün preyudisiya əhəmiyyətinə malik olan bu faktların (İddiaçı ünvan 5 ünvanında yerləşən 37,5 kv.m-dən ibarət iki otaqlı fərdi yaşayış evinə istifadə hüququnun mövcud olması) hazırkı məhkəmə baxışı çərçivəsində mübahisələndirilməsi, yenidən sübut edilməsi yolverilməzdir və artıq müəyyən edilmiş hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Həmin Məcəllənin 233.3-cü maddəsinə görə qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən edilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Baxılan mülki işdə İddiaçı mübahisəli evə istifadə hüququnun olması işin mübahisələndirilməyən halı olduğundan, o, məhkəmə qətnaməsinə əsasən himayəsinə verildiyi azyaşlı uşağı ilə birlikdə ünvan 5 ünvanında yerləşən 37,5 kv.m-dən ibarət iki otaqlı fərdi yaşayış evinə köçürülməli, onun həmin evdən maneəsiz istifadə etməsinə və yaşamasına maneələrin törədilməsi cavabdeh Şahverdiyev Cavabdeh qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27.2-ci maddəsinə əsasən on dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. Mülki Məcəllənin 157.4-cü maddəsində sahiblikdən məhrum etmə ilə bağlı olmayan pozuntuların aradan qaldırılması haqqında iddia – neqator iddia vasitəsilə mülkiyyət hüququnun müdafiəsi nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsi ilə tələb edə bilər. Neqator iddia dedikdə, əşyaya sahiblik edən mülkiyyətçinin, əmlaka sahiblik, ondan istifadə və ona sərəncam səlahiyyətlərinin həyata keçirilməsində manelərin aradan qaldırılması haqqında üçüncü şəxsə yönəlmiş tələbi başa düşülür. Neqator iddia mülkiyyətçi və üçüncü şəxsin mübahisəli əşya üzrə bir-biri ilə müqavilə münasibətlərində olmadığı və hüquq pozuntusunun subyektiv mülkiyyət hüququnun xitamına gətirmədiyi hallarda irəli sürülür. Neqator iddia irəli sürmək hüququna mülkiyyətçi, habelə titul sahibi malikdir. Cavabdeh qismində isə öz hüquqa zidd davranışı ilə mülkiyyət hüququnun (titul sahibliyinin) normal həyata keçirilməsinə maneçilik yaradan şəxs çıxış edir. Məhkəmə ilkin iddia üzrə iddiaçının yuxarıda göstərildiyi qaydada evdən maneəsiz istifadə etməsinə və yaşamasına maneələrin törədilməsinin cavabdeh Şahverdiyev Cavabdeh qadağan ediməsina dair gəlindiyi nəticənin geniş olduğunu nəzərə alaraq hesab edir ki, iddianın “evin giriş qapısının açarının cavabdeh tərəfindən dəyişdirilməsinin ona qadağan edilməsi” kimi əlavə məcburiyyət tədbirinin tətbiqinə, iddianın təmin edilmiş hissəsi ilə iddiaçının nail olmaq istədiyi hüquqi nəticələr əhatə olunduğundan, ehtiyac yoxdur. Məhkəmə həmçinin qarşılıqlı iddiada gstərilən dəlilləri araşdıraraq qeyd edir ki, hazırda iş üzrə mübahisələndirilən hal ilkin iddia üzrə iddiaçının mənzildən istifadə hüququna xitam verilməsi müqabilində təklif olunan kompensasiyanın miqdarıdır. Yaşayış sahəsindən istifadə etmək hüququnun xitamı üçün kompensasiya institutu Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi "R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarı baxımından mülkiyyətçinin öz əmlakı üzərində hüquqlarının istifadəçi və ya məhkəmənin mülahizəsinə görə deyil, məhz mövcud hüquq norması əsasında həyata keçirməsi üçün birmənalı olaraq yol açır. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Kompensasiya verilməklə istifadə hüququna xitam verildikdə, tərəflər ətraflı dinlənilməli, evin kimin mülkiyyətində olması, evə mülkiyyət hüququnun tək bir nəfərə və ya paylı mülkiyyətçilərə mənsub olması, evdən istifadə etmək hüququ olan şəxslərin sayı, onların mülkiyyətçi və kompensasiya ödənilən şəxslə münasibətləri, kompensasiya ödənilən şəxsin istifadə hüququna xitam verildikdə onun evdən tək və ya başqaları ilə birlikdə çıxması, kompensasiya ödənilən şəxsin mülkiyyətçi ilə qohumluq münasibəti, istifadə hüququnun yaranma müddəti, kompensasiya ödənilən şəxsin həmin hüquqdan hansı müddət ərzində istifadə etməsi, kompensasiya ödənilən şəxsin evin tikintisındə, təmirində və bərpasında rolu, yaşayış evinin tərkib hissəsindən istifadə hüququnun yaranma əsası, kompensasiya təklif olunan şəxsin həmin evə köçməmişdən əvvəl yaşayış sahəsinə malik olub-olmaması, həmin yaşayış sahəsinin taleyi, kompensasiya təklif olunan şəxsin kompensasiya təklif olunan vaxt hər-hansı yaşayış sahəsinə və ya başqa yerdə yaşamaq üçün hüquqa malik olub-olmaması, kompensasiya ödənilən şəxsin mübahisəli evdə faktiki yaşadığı müddət, yaşayış evinin sahəsi, orada yaşayanlara düşən yaşayış sahəsinin həcmi, kommunal şəraiti, yaşayış sahəsinin yerləşdiyi ərazi, yaşayış sahəsinin yerləşdiyi ərazidə bir otaqlı mənzildə və ya kompensasiya təklif olunan şəxsin yaşadığı şəraitə uyğun mənzildə kirayə haqqının məbləği, kompensasiya təklif olunan və təklif edən şəxsin maddi imkanları, kompensasiya müəyyən edilərkən bir mənzildə yaşamağın mümkün olmamasının səbəbləri araşdırılmalıdır. Qeyd olunanlar müəyyənləşdirildikdən sonra həmin meyarların kompensasiyanın məbləğinə təsiri nəzərə alınmaqla kompensasiya təklif edənin təklif etdiyi məbləğin istifadə hüququnun itirilməsi üçün yetərli olub-olmaması həll edilməlidir. Kompensasiya məbləği mülkiyyətçinin malik olduğu evin dəyərinin tərkib hissəsi kimi deyil, müəyyən müddət eyni şəraitdə davamlı yaşamaq üçün yetərlilik baxımından müəyyən edilməlidir. Məhkəmə kompensasiya təklif edən şəxsin təklif etdiyi məbləğdən artıq məbləğ müəyyən etməklə və ya məbləği azaltmaqla istifadə hüququna xitam verməkdə haqlı deyil. İlkin iddia üzrə İddiaçı, ilkin iddia üzrə cavabdehə məxsus mübahisəli evdə övladları ilə birgə yaşadığını, uşaqlardan birinin azyaşlı olduğunu bildirmişdir. Göründüyü kimi, təklif edilmiş kompensasiya İddiaçı övladları ilə birlikdə başqa yerdə birgə yaşamaq üçün tələbatının təmin olunmasına sərf olunmayacaq. Beləliklə məhkəmə, qarşılıqlı iddia üzrə cavabdehin övladları ilə birlikdə 6 ilə yaxın müddət ərzində mübahisəli evdə yaşadığını, himayəsində bir azyaşlı uşağın olmasını, başqa yaşayış yerinin olmamasını nəzərə alır və təklif olunan kompensasiyanı hazırki mübahisə üzrə adekvat hesab etmir. Həmçinin məhkəmə araşdırması zamanı qarşılıqlı iddia üzrə cavabdehin maddi vəziyyətinin onun müstəqil şəkildə özünün mənzil təminatını həyata keçirməyə imkan verdiyi müəyyən olunmamışdır. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Nəticə hissəsi: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İlkin iddia qismən təmin edilsin. İddiaçı azyaşlı övladı ilə birlikdə Bakı şəhəri, Nəsimi rayonu, Əbilov küçəsi 99 ünvanında yerləşən 37,5 kv.m-dən ibarət fərdi yaşayış evinə köçürülsün. İddiaçı həmin evdən istifadə etməsinə maneələrin törədilməsi Şahverdiyev Cavabdeh qadağan edilsin. İlkin iddia digər hissədə rədd edilsin. Qarşılıqlı iddia rədd edilsin. İlkin iddia üzrə iddiaçı (qarşılıqlı iddia üzrə cavabdeh) İddiaçı tərəfindən dövlət rüsumu kimi ödənilmiş 10 manatın 5 manatı Şahverdiyev Cavabdeh tutularaq İddiaçı ödənilsin. İlkin iddia üzrə cavabdeh (qarşılıqlı iddia üzrə iddiaçı) Şahverdiyev Cavabdeh tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Cəmilə Musayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar