Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-102/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Cavabdeh1 və onun vəkili-nümayəndəsi Vəkil oğlunun iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “kredit borcunun tutulması və tələbin ipotekaya qoyulmuş əmlaka yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi imzalanmışdır. Bağlanmış kredit müqaviləsinin şərtlərinə görə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik 26 faiz dərəcəsi ilə 24 ay müddətinə 25000 (iyirmi beş min) manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsinin təminatı olaraq, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsi 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli ipoteka müqaviləsinə əsasən banka ipoteka qoyulmuşdur. Borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Bununla əlaqədar, dəfələrlə yazılı formada xəbərdarlıqlar edilməsinə baxmayaraq, cavabdeh bundan heç bir nəticə çıxarmamışdır. Bu halda, bank tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 36.1-ci maddəsinin tələblərinə uyğun olaraq, ipoteka predmetinə tutma yönəldilməsi barədə 07.01.2021-ci il tarixli, 001/007/0044/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 07.01.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 13.01.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır (bildirişin dövlət qeydiyyatına alınması barədə ərizə, X2 vasitəsi ilə müraciətin qəbulu və dövlət rüsumunun ödənilməsi barəcə təsdiqetmə bildirişi iddia ərizəsinə əlavə edilir). Kredit Müqaviləsi üzrə borclu Cavabdeh1 öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyinə görə, İddiaçı ASC-nin ipoteka predmetinə tutmanın yönəldilməsinə başlamaq hüququ yaranmışdır. Bununla bağlı olaraq, qanunvericiliyin tələbinə uyğun ipoteka predmetinə tutmanın yönəldilməsinin tam əsaslı olması qanunvericiliklə bağlı müddəalarda ətraflı qeyd edilmişdir. Qeyd olunanlardan göründüyü kimi, bank və Cavabdeh1 arasında yaranmış münasibətlərə müqavilə öhdəliyindən irəli gələn qanun normaları tətbiq edilməlidir. Bu normaların tələblərinə əsasən verilmiş kreditə görə cərimələr, faizlər kredit məbləği qaytarılana kimi hesablanır. Cavabdeh tərəfindən öz öhdəliyini yerinə yetirməməsi bağlanmış kredit müqaviləsinin 4.4-cü bəndinin pozulmasını özündə şərtləndirmişdir. Həmin bəndin tələbinə əsasən, müqavilə üzrə müəyyən olunmuş şərtlərlə və qaydada əsas borcu və faiz borcunu ödəmək Borc alanın (Cavabdeh1) öhdəliyidir. Cavabdehin (Borcalanın) öz öhdəliyini icra etməməsi nəticəsində onun banka olan borcu 25 fevral 2021-ci il tarixə aşağıdakılardan ibarətdir: kredit müqaviləsi üzrə əsas borc məbləği- 14013.79 (on dörd min on üç manat, yetmiş doqquz qəpik) manat, kredit məbləğindən istifadəyə görə yaranmış faiz borcunun məbləği - 3236.84 (üç min iki yüz otuz altı manat, səksən dörd qəpik) manat, cəmi - 17250.63 (on yeddi min iki yüz əlli manat, altmış üç qəpik) manat. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka- öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. Cavabdeh2 ilə bank arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli, 90081C-639870/1 nömrəli ipoteka müqaviləsi 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsinin təminatı kimi çıxış etmişdir (İpoteka müqaviləsinin 3.2-ci bəndi). Bank tərəfindən 07.01.2021-ci il tarixli, 001/007/0044/2021 nömrəli bildiriş ipotekaqoyan Cavabdeh2 07.01.2021-ci il tarixdə sifarişli poçt göndərişi üsulu ilə göndərilmişdir. Poçt göndərişi vasitəsilə göndərilmiş həmin bildiriş onun poçta təqdim edildiyi gündən 5 təqvim günü keçdikdən sonra, yəni 13.01.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi üzrə əsas borc- 14013.79 (on dörd min on üç manat, yetmiş doqquz qəpik) manat, əsas borca hesablanmış faiz borcu- 3236.84 (üç min iki yüz otuz altı manat, səksən dörd qəpik) manat olmaqla, cəmi- 17250.63 (on yeddi min iki yüz əlli manat, altmış üç qəpik) manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 (on) manat dövlət rüsumu və 120 (bir yüz iyirmi) manat xidmət haqqı olmaqla, cəmi 130 (bir yüz otuz) manat xərcin və iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30.40 manat dövlət rüsumunun tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyriyaşayış sahəsinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılması və həmin qeyri-yaşayış sahəsinin boşaldılması barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş İddiaçı ASC-nin nümayəndələri Nümayəndə və X4 iddia tələbini müdafiə edib, ərizənin dəlillərinə uyğun izahat vermişlər və iddianın təmin olunmasını məhkəmədən xahiş etmişlər. Hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, iddiaçının nümayəndəsi Nümayəndə elektron qaydada ərizə ilə müraciət edərək, işə onların iştirakı olmadan baxılaraq yekun qətnamə qəbul edilməsini və iddianın tam həcmdə təmin edilməsini xahiş etmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbini qismən qəbul edib, izahat verərək göstərdi ki, onun bankın iddia ərizəsində qeyd etdiyi məbləğdə borcu yoxdur, faizlər şişirdilmişdir. 05.03.2020-ci il tarixi də daxil olmaqla ödəniş cədvəlində qeyd edilmiş formada ödənişləri etmişdir. Pandemiya dövrü olduğundan və oğlu 2 dəfə ürəyindən ağır əməliyyat olunduğundan ödənişləri edə bilməmişdir. Əvvəlki dövrdə isə ödənişləri vaxtında etmişdir. Göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 vəkili-nümayəndəsi Vəkil iddia tələbini qismən qəbul edib, Cavabdeh1 izahatını və xahişini müdafiə etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh2 iddianı qismən qəbul edib, Cavabdeh1 izahatı ilə eyni məzmunlu izahat vermiş və göstərdiklərinin nəzərə alınmasını məhkəmədən xahiş etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 hazırkı məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə həmin cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli 900810- 639870/1 nömrəli kredit müqaviləsindən görünür ki, bank tərəfindən Cavabdeh1 illik 26 faizlə, 24 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 24 ay ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. - İddiaçı ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli 900810-639870/1 nömrəli ipoteka müqaviləsindən görünür ki, Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 25.000 manat kredit məbləğinin, ona hesablanmış faizlərin və digər ödənişlərin təminatı kimi ipoteka qoymuşdur. - 30 yanvar 2019-cu il tarixli kassa məxaric orderinin surətindən görünür ki, həmin tarixdə Cavabdeh1 25.000 manat pulu İddiaçı ASC-dən nağd olaraq almışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi xüsusi mülkiyyət hüququ üzrə 11 iyul 2015-ci il tarixdə Cavabdeh2 adına qeydiyyata alınmışdır. - Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX Seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, xüsusi mülkiyyət hüququ üzrə Cavabdeh2 adına olan, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsinin təminatı olaraq İddiaçı ASC-nin xeyrinə yüklü edilərək 29 yanvar 2019-cu il tarixdə qeydiyyata alınmışdır. - İddiaçı ASC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvanlanmış 08 aprel 2020-ci il tarixli xəbərdarlıqdan görünür ki, 06 aprel 2020-ci il tarixdə 1351,62 manat borclarını ödəməyərək müqavilənin şərtini pozmuşlar. Borclu olduqları 14013,79 manat əsas borc, 292,06 manat faiz borcu və 40,75 manat cərimə olmaqla cəmi 14347,14 manat məbləğində vəsaiti xəbərdarlığı aldıqları günün növbəti iş günündən başlayaraq 5 gün müddətindən gec olmayaraq ödəmələri tələb olunmuşdur. Əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuşlar. - İpoteka predmetinə tutmanın yönəldilməsinə dair 07 yanvar 2021-ci il tarixli bildirişdən görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 06 yanvar 2021-ci il tarixinə banka 14013.79 manat məbləğində əsas borc, 2975.78 manat məbləğində faiz borcu olmaqla, ümumilikdə 16989.57 manat məbləğində borcu yaranmışdır. Cavabdehlər xəbərdar edilmişlər ki, bildirişi aldıqları gündən sonrakı 3 iş günü ərzində, borcun ödənilməsi təmin olunmazsa, “İpoteka haqqında” Azərbaycan RespubliKası Qanunun 36.2.3-cü maddəsinə əsasən notariat qaydasında razılaşmanın məhkəməyə müraciət edilmədən bağlanması üçün banka gəlməlidirlər. Əks təqdirdə, məhkəmədə cavabdehlərə qarşı kredit müqavilələri üzrə yaranmış borcun tutulması tələbinə və tələbin ipoteka qoyulmuş əmlaka yönəldilməsinə dair iddia qaldırılacağı və 25 yanvar 2019-cu il tarixli, 900810-639870\1 nömrəli ipoteka müqaviləsinə əsasən banka girov qoyulmuş, cavabdehin xüsusi mülkiyyətinizdə olan Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev pr-ti, 51\57, qapı- 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahə 130.1 kv.m) məhkəmə vasitəsilə hərracda məcburi satışa çıxarılacağı barədə xəbərdarlıq edilmişdir. - İddiaçı ASC-nin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış 11 yanvar 2021-ci il tarixli ərizəsindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinə tutmanın yönəldilməsi haqqında ipoteka qoyana bildirişin göndərilməsi və alınması nəzərə alınaraq, tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması xahiş edilmiş, ərizə həmin tarixdə qeydə alınmışdır. - 30 yanvar 2019-cu il tarixli kredit müqaviləsinə 1 nömrəli əlavə olan ödəniş cədvəlində görünür ki, Cavabdeh1 hər ayın 05-dən gec olmayaraq 1351,62 manat banka ödəniş etmə idi. - 13 yanvar 2021-ci il tarixli bildirişlərin surətindən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı ödənilmişdir. - 12 mart 2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddia ərizəsinin verilməsi üçün İddiaçı ASC tərəfindən 30,0 manat dövlət rüsumu ödənilmişdir, bununla bağlı iddiaçıdan 0,40 manat xidmət haqqı tutulmuşdur. - İddiaçı ASC-nin 25 fevral 2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 25 yanvar 2019-cu il tarixli müqavilə üzrə 25 fevral 2021-ci il tarixə əsas borc üzrə 14013.79 manat, faiz borcu üzrə 3236.84 manat olmaqla, cəmi 17250.63 manat borcu vardır. - Məhkəmənin qərardadına əsasən “X3 Mərkəzi” MMC tərəfindən iş üzrə ipoteka predmetinin qiymətləndirilməsi həyata keçirilmişdir, verilmiş 23 avqust 2021-ci il tarixli 059 nömrəli hesabat aktından görünür ki, Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin hazırkı dövrə bazar qiyməti 216300 manat, likvid dəyəri isə 195000 manat təşkil edir. - Məhkəmə qərardadı əsasında keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 03 fevral 2022-ci il tarixli, 9/7847 saylı rəyindən görünür ki, banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları, 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 25.01.2021-ci il tarixə (kredit müqaviləsinin son tarixi) banka olan əsas borcu 13948.07 manat, faiz borcu 3223.55 manat olmaqla, cəmi borcu 17171.62 manat müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli 900810-639870/1 nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh1 illik 26 faizlə, 24 ay müddətinə 25.000 manat məbləğində kredit verilmişdir. Cavabdeh1 həmin müddət ərzində kreditin əsas məbləğinin və ona hesablanmış faizlərin kredit müqaviləsinin şərtlərinə uyğun vaxtlı-vaxtında ödənilməsini öhdəsinə götürmüşdür. İddiaçı ASC ilə borcalan Cavabdeh1 və ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli 900810-639870/1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 özünə məxsus Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsini Cavabdeh1 həmin tarixli kredit müqaviləsi üzrə götürdüyü 25.000 manat kredit məbləğinin, ona hesablanmış faizlərin və digər ödənişlərin təminatı kimi ipoteka qoymuşdur. Cavabdeh1 30 yanvar 2019-cu il tarixdə kassa məxaric orderinə imza edərək müqavilə üzrə pul məbləğini İddiaçı ASC-dən nağd olaraq almışdır. Lakin cavabdeh kreditin ödənilməsi ilə bağlı müqavilə ilə üzərinə düşən öhdəliklərə əməl etməmiş, iddiaçının bununla bağlı xəbərdarlıqlarını yerinə yetirməmiş, nəticədə cavabdehin iddiaçıya borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ləğv edilə bilər. 442-ci maddəsinə görə, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh1 İddiaçı ASC ilə bağladığı 25 yanvar 2019-cu il tarixli kredit müqaviləsi üzrə götürdüyü öhdəliyə əməl etməyib, krediti və ona hesablanmış faizləri ödəməməklə və kreditorun bununla bağlı tələb etdiyi vəzifəsini icra etməməklə Mülki Məcəllənin 385.1-ci maddəsinin tələblərini pozmuşdur və Cavabdeh1 öhdəliyini icra etməyən borclu kimi Mülki Məcəllənin 448.1-ci maddəsi ilə müəyyən edilən qaydada iddiaçıya dəymiş zərərin əvəzini ödəməyə borclu olmaqla, qeyd edilən müqavilə üzrə onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Cavabdeh1 kredit müqaviləsi üzrə borc məbləğlərinin müəyyən edilməsi üçün məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş, ekspertizanın rəyi ilə müəyyən edilmişdir ki, tərəflər arasında bağlanmış 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 saylı kredit müqaviləsinin şərtləri nəzərə alınmaqla, Cavabdeh1 25.01.2021-ci il tarixə banka olan əsas borcu 13948.07 manat, faiz borcu 3223.55 manat olmaqla, cəmi borcu 17171.62 manat müəyyən edilir. İddiaçı tərəfindən isə, cavabdehdən 14013.79 manat əsas borc, 3236.84 manat faiz borcu tələb edilmişdir. İddiaçı tərəfindən tutulmalı olan əsas və faiz borcu məbləğlərinin azaldılması ilə bağlı ərizə təqdim edilməməsinə baxmayaraq, cavabdehin mənafeyini nəzərə alaraq, məhkəmə belə qənaətə gəlir ki, ekspertizanın rəyi həmin hissədə mötəbər sübut növü qismində qəbul edilərək əsas və faiz borca dair hissələrdə iddia qismən təmin edilməlidir. Məhkəmə Cavabdeh1, həmçinin onun nümayəndəsi və vəkilinin məhkəmə iclasında göstərdikləri ilə bağlı isə qeyd edir ki, faiz məbləğlərinin şişirdilməsinə dair irəli sürülən dəlillərin əsası olmamaqla sübut qismində qəbul edilə bilməz və iddianın yuxarıda qeyd olunan qaydada təmin edilməsinə maneə deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 269.1-ci maddəsinə görə girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. 269.4-cü maddəsinə görə ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 269.5-ci maddəsinə görə girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. 279-cu maddəsinə əsasən əgər müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, girov saxlayanın tələbini girov faktik təminat məqamında malik olduğu həcmdə təmin edir. Bu tələbə həmçinin faizlər, dəbbə pulu, icranın gecikdirilməsi ilə vurulmuş zərərin əvəzinin ödənilməsi, habelə girov qoyulmuş əşyanın saxlanması və salamatlığı üçün girov saxlayanın zəruri xərcləri və tutma xərcləri daxildir. 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. 319.4-cü maddəsinə əsasən açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. 319.6-cı maddəsinə əsasən ipoteka predmetinin satışından götürülən məbləğ ipoteka saxlayanın tələbinin ödənilməsi üçün yetərli deyildirsə, o, çatışmayan məbləği, əgər ipoteka müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, borclunun başqa əmlakından almaq hüququna malikdir. Bu halda ipoteka saxlayanın ipotekaya əsaslanan üstünlük hüququ yoxdur. Əgər satışdan götürülən məbləğ ipoteka saxlayanın tələblərindən artıqdırsa, artıq məbləğ ipoteka verənə qaytarılmalıdır. 295-ci maddəsinə əsasən girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmiş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. 296.1-ci maddəsinə əsasən girov saxlayanın tələbinin məhkəməyə müraciət edilmədən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: 34-cü maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; bu Qanunda nəzərdə tutulmuş digər hallarda. 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər. Mühafizə və satış xərcləri ipoteka predmetinin satılması başa çatdıqdan sonra müəyyən edilir. İpoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; zəruri hallarda ipoteka predmetinin satılmasına qədər onun mühafizəsinin təmin edilməsi tədbirləri. 47.2-ci maddəsinə əsasən bu Qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Məhkəmə hesab edir ki, mənzil hərracda satıldıqdan sonra bir ay ərzində Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxmalıdırlar və həmin qeyri-yaşayış sahəsi boşaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinin həmin Məcəllənin 158.2 və 158.4-cü maddələri baxımından şərh edilməsinə dair 03 noyabr 2015-ci il tarixli qərarında Azərbaycan Respublikası Mülki Məcəlləsinin 271.1-ci maddəsinə əsasən girov (ipoteka) müqaviləsinin bağlanması zamanı mülkiyyətçi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərinin və digər şəxslərin razılıqlarının alınmaması girov (ipoteka) müqaviləsinin etibarsız hesab edilməsi üçün əsas ola bilməməsi qeyd edilmişdir. Sözügedən qərarda göstərilmişdir ki, “İpoteka haqqında” Qanunun 59.1-ci maddəsinə görə yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsində ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələri üçün iki əsas şərt göstərilmişdir. Bunlardan birincisi yaşayış evi və ya mənzilin ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olması, ikinci şərt isə ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslərin ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olmalarıdır. Bununla da, müəyyən olundu ki, borcalan Cavabdeh1 ipoteka qoyan Cavabdeh2 özünə məxsus qeyri-yaşayış sahəsini ipoteka qoyma yolu ilə təmin etdiyi kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyi üçün “İpoteka haqqında” Qanunun qeyd edilən maddələrinə və Mülki Məcəllənin 295-ci maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASCnin tələbləri həmin ipoteka predmetinə yönəldilməli, ipoteka predmetinin hərracda ilkin satış qiyməti 195.000 manat məbləğində müəyyən edilməli, iddia tələbi üzrə borc məbləği Mülki Məcəllənin 296.1-ci maddəsinə əsasən ipoteka predmeti olan qeyri-yaşayış sahəsinin dəyərindən Mülki Məcəllənin 279-cu maddəsində nəzərdə tutulduğu qaydada borcun və digər xərclərin ödənilməsinə yönəldilməli, ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitdən artıq pul vəsaiti qaldığı halda ipoteka qoyan Cavabdeh2 qaytarılmalı, hərrac yolu ilə satıldıqdan sonra 1 ay ərzində cavabdehlərin yaşadıqları mənzil boşaldılaraq iddiaçıya təhvil verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi üzrə 13948.07 manat əsas borc, 3223.55 manat faiz borcu olmaqla, cəmi 17171.62 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 130 manat xərc, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilməli, tutma bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilməli, həmin daşınmaz əmlak açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, hərracda ilkin satış qiyməti 195.000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh2 verilməli, ipoteka predmeti hərracda satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılmalı və həmin qeyri-yaşayış sahəsi boşaldılmalı, iddia qalan hissədə təmin edilməməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, məhkəmə hesab edir ki, məhkəmə-mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat və aparılmış qiymətləndirilmənin dəyəri olan 400 manat məbləğində pul Cavabdeh1 alınaraq müvafiq bank hesablarına ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 25 yanvar 2019-cu il tarixli, 900810-639870/1 nömrəli kredit müqaviləsi üzrə 13948.07 manat əsas borc, 3223.55 manat faiz borcu olmaqla, cəmi 17171.62 manat məbləğində borc, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 10 manat dövlət rüsumu və 120 manat xidmət haqqı olmaqla, cəmi 130 manat xərc, iddia ərizəsinin verilməsi üçün köçürülmüş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidmət haqqı tutularaq İddiaçı ASC-yə ödənilsin. Tutma bank qarşısında ipotekaya qoyulmuş və mülkiyyət hüququ ilə Cavabdeh2 tam mülkiyyətində olan Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsinə yönəldilsin. Həmin daşınmaz əmlak açıq hərrac vasitəsi ilə satılaraq, əldə edilən vəsait hesabına İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənilsin, hərracda ilkin satış qiyməti 195.000 (yüz doxsan beş min) manat məbləğində müəyyən edilsin, hərrac yolu ilə əldə edilən pul vəsaitindən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borc ödənildikdən sonra, artıq pul vəsaiti qaldığı halda, Cavabdeh2 verilsin. İpoteka predmeti hərracda satıldıqdan sonra Cavabdeh2 və Cavabdeh3 Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev prospekti 51/57, qapı 3 ünvanında yerləşən ümumi sahəsi 130.1 kv.m-dən ibarət qeyri-yaşayış sahəsindən çıxarılsınlar və həmin qeyri-yaşayış sahəsi boşaldılsın. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə mühasibatlıq ekspertiza tədqiqatının dəyəri olan 200 manat məbləğində pul Cavabdeh1 tutulsun, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilsin. Aparılmış qiymətləndirilmənin dəyəri olan 400 manat məbləğində pul Cavabdeh1 tutulsun, VÖEN: **********, HESABLAŞMA HESABİ: AZ75PAHA40060AZNHC**********, Bank: PAŞA BANK ASC, VÖEN: **********, Müxbir hesab: AZ82NABZ********************, KOD: 505141; SWİFT BİK PAHAAZ22 “X3 Mərkəzi” MMC-nin hesabına keçirilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-102/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-102/2022
30.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver