Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1104/2022 30.03.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 19.03.1962-ci il təvəllüdlü arvadı X1 06.08.2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, X3 onun arvadıdır. O, 06.08.2021-ci ildə xəstəliyi ilə əlaqədar vəfat etmişdir. Həmin vaxt təcili yardım çağırsalar da onlar gələndə həyat yoldaşı artıq vəfat etmişdir. Bununla bağlı təcili yardımın həkimi onlara ölüm haqqında xəbərdarlıq vərəqəsi verdi. Həyat yoldaşı vəfat edərkən başının dəfn işlərinə qarışması ilə ölüm şəhadətnaməsi üçün müraciət edə bilməmiş, lakin sonradan müraciət etsə də vaxtın keçməsi ilə əlaqədar ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Həmin ölüm haqqında şəhadətnamə vərəsəliyin açılması və s. məqsədlər üçün hüquqi əhəmiyətli fakt olması səbəbi ilə məhkəməyə müraciət etmiş, həmçinin müharibə veteranı olmağı səbəbi ilə dövlət rüsumundan azad olunmuşdur. Hal-hazırda ölüm haqqında şəhadətnamənin alınması onlar üçün həyati əhəmiyyət kəsb edir. Belə ki, onkoloji xəstəliklə bağlı müalicə üçün mərhumun adına olan evin vərəsəlik qaydasında əldə edilib satılması və həmin pulla müalicə xərclərinin ödənilməsi üçün tez bir zamanda ölüm haqqında şəhadətnaməsinin alınması vacibdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. O, əlavə olaraq X1 onun həyat yoldaşı olduğunu və xərçəng xəstəliyindən rəhmətə getdiyini bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin əvvəlki iclasında şahid qismində iştirak etmiş X8 ifadə verərək göstərmişdir ki, X3 onun anasıdır. Anası uzun illərdir, xərçəng xəstəsi idi. Son vaxtlar xəstəliyi çox ağırlaşmış, xəstəliyi ilə əlaqədar 06.08.2021-ci il tarixində rəhmətə getmişdir. Həmin vaxt təcili tibbi yardım çağırmışlar, amma təcilli tibbi yardım gəlib anasının artıq keçindiyini bildirmişdir. Onlar anasını Zabrat 1 qəsəbəsində dəfn etmişlər. Anası poliklinikada qeydiyyatda idi. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - İV жг 318500 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X3 və Ərizəçi 17.06.1987-ci iİ tarixdə nikahlarını bağlamışlar. Bu barədə nikahın bağlanması akt qeydləri kitabında 23 nömrə ilə qeyd edilmişdir. - Bakı Şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən X5 göndərilmiş 02.02.2022ci il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Bakı şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 10.02.2022-ci il tarixli arayışından görünür ki, X4, Sabunçu rayonu Zabrat 1 qəbristanlığında 06.08.2021-ci il tarixində dəfn edilmişdir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhəri Təcili və X2 6 saylı bölmənin təcili tibbi yardım briqadasının 06.08.2021-ci il tarixli Ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xəstə X1 ünvan 1 ünvanında həkimə qədər ölüm, qadın cinsli meyit olması müəyyən edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi həyat yoldaşı X3 06.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi həyat yoldaşının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi həyat yoldaşı X1 06.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Ərizəçi müharibə veterinarı olduğu və dövlət rüsumu ödəməkdən azad olduğu üçüni ərizəçinin ödəməli olduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına aid edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 19.03.1962-ci il təvəllüdlü X1 06.08.2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi ödəməkdən aza olduğu 100 manat dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabına aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1104/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1104/2022
30.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver