Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1142/2024 23.05.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi nümayəndəsi Nümayəndə, Maraqlı şəxs1 nümayəndəsi X6 iştirakları ilə, Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi: Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi maraqlı şəxslər Maraqlı şəxs2nə və Maraqlı şəxs1nə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1929-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş mərhum atası (Babayev) Əvəz Fərruxmirzə oğlunun xx.xx.1998-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, onun atası olan (Babayev) Əvəz Fərruxmirzə oğlu xx.xx.1929-cu il tarixdə anadan olmuşdur. xx.xx.1998-ci il tarixində atasının vəziyyəti qəfil pisləşmiş və faktiki yaşadığı ünvanda vəfat etmişdir. Bu barədə həmin vaxt X16 Stansiyasından çağırış olub-olmaması barədə məlumatları yoxdur (mərhum atası (Babayev) Əvəz Fərruxmirzə oğlunun qəfil vəfat etdiyi zaman X16 çağırılıb-çağırılmadığı dəqiq bəlli deyil). Mərhum atasının yaşadığı ərazi üzrə poliklinikada tibbi qeydiyyatda olubolmaması barədə də dəqiq məlumatları yoxdur. O, Xəzər rayonu, Mərdəkan qəsəbəsi 10 saylı X16 Stansiyasına müraciət etsə də, ona məlumat verilib ki, mərhum atası X2 ölüm səbəbi ilə bağlı TTYS-da heç tibbi arayış və ya digər məlumatı əks etdirən sənəd yoxdur. X4 dəfn edilmişdir. Qəbirin şəkilləri və Mərdəkan Kənd qəbirstanlığı tərəfindən (nəzarətçi X12, əlaqə nömrəsi ***-***-**-**) verilən arayışda mərhum atası X2 həqiqətən xx.xx.1998ci il tarixdə Mərdəkan Kənd qəbirstanlığında dəfn edildiyi əks edilir. Hazırda mərhum atasından miras qalmış daşınmaz əmlakla (torpaq sahəsi və fərdi yaşayış evi) bağlı digər vərəsələrlə aralarında yaranmış vərəsəliklə əlaqədar mübahisənin hüquqi müstəvidə həlli üçün mərhum atasının ölümü haqqında şəhadətnamənin müvafiq qurumlara təqdim edilməsinə zərurət yaranmışdır. Mərhum atası X2 ölüm faktını təsdiq edən ölüm haqqında şəhadətnaməni almaq üçün Maraqlı şəxs2nə müraciət etmişdir. Ölüm faktı ilə bağlı TTYSnın tibbi sənədi olmadığından ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. Hazırda ölüm faktının məhkəmə qaydasında təsdiq edilməsi zərurəti yaranmışdır. Bu sənədin başqa qaydada alınması mümkün deyildir. Ölüm haqqında şəhadətnamə isə vərəsəliklə bağlı hüquqi mübahisənin həlli üçün zəruridir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçinin nümayəndəsi Nümayəndə ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirdi ki, ərizəçi onun anasıdır, mərhum ərizəçinin atasıdır və 1998-ci il tarixdə vəfat etmişdir. Vərəsəlik məsələsi ilə əlaqədar indi babasının ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etmişlər, çünki mərhumun ölüm qeydi olmadığına görə ölüm faktını təsdiq edən tibbi şəhadətnaməni ala bilməmişlər. Babasının adına Mərdəkanda təxminən 57-60 sot sahəsi olan torpaq sahəsi vardır və həmin torpaq sahəsinə sənəd ala bilmir. Babasının 5 uşağı olmuşdur. Anasının digər bacıqardaşları ilə mübahisəsi olmasa da, torpaq sahəsi sahibliyində olan dayısı ilə bu məsələyə görə danışmırlar. O həmçinin qeyd etdi ki, babasının dəfn edildiyi Mərdəkan qəbristanlığı köhnə qəbiristanlıq olduğu üçün möhürlü sənəd verə bilmədiklərini bildirmişlər. Xəzər rayonu Mərdəkan qəsəbəsi 10 saylı X16 Stansiyasına müraciət edən zaman bununla bağlı məlumatın olmadığını bildirmişlər. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs1 nümayəndəsi X9 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs2 nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məlumat verməmişdir. Belə olanda məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizənin baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş Maraqlı şəxs2 nümayəndəsi X5 ərizənin təmin edilməsi məsələsini məhkəmənin mülahizəsinə buraxdığını, mərhumun ölüm faktını faktiki olaraq ölüm faktını təsdiq edən tibbi şəhadətnamə olmadığı üçün qəbul edə bilmədiklərini, buna görə də imtina etdiklərini bildirmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş X10 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin həyat yoldaşıdır, mərhum Əvəz müəllim onun qayınatasıdır. Mərhum 1998-ci il tarixdə vəfat etmiş, qardaşı Danyarın yanında dəfn edilmişdir. Üstündən uzun müddət keçdiyi üçün mərhumun hansı ayda vəfat etdiyini xatırlamır. Qayınatası vəfat edən zaman o, polis orqanlarında işlədiyi üçün bir az gec gəlmiş, xəbəri alan kimi dəfnə gəlib çatmış, dəfndə, üç mərasimində, qırx mərasimində və cümə axşamları mərasimlərində iştirak etmişdir. Mərhumun xəstəliyi olmamış, sadəcə peşəsi quyu qazmaq olduğundan qulaqları pis eşidirdi. Eyni zamanda o, motosiklet ilə qəza keçirmişdir. Həyat yoldaşının vəfat edən qohumları Mərdəkanda dəfn edilmişdir. Bayramlarda qəbirüstünə ziyarətə gedirlər. Mərhumun övladlarından biri onun həyat yoldaşı Nərminə xanım, digər övladları Arzu, Sədaqət, Aslan və Ruslandır. Mərhumun bir övladı da qız vaxtında dünyasını dəyişmışdır. Mərhumdan bir torpaq sahəsi qalmışdır. Orada həyat yoldaşının qardaşları Aslan və Ruslan yaşayır. Qayınatası dünyasını dəyişəndən vərəsəlik işi açılmamışdır. Hal-hazırda ölüm haqqında şəhadətnaməni vərəsəlik işi ilə bağlı almaq istəyirlər, bu istəklərinə Aslan və Ruslan etiraz edirlər. Onun bildiyi qədərilə, o vaxt mərhum üçün X16 çağırıblar, təcili yardım da baxıb getmişdir. Lakin övladları 3 gün ərzində mərhumun ölümünü təsdiq edən bir sənəd almamışlar. Onun anası vəfat edən kimi varis olduğu üçün tez 2-3 gün ərzində sənədləri əldə etmişdir. Məhkəmənin xx.xx.2024-cü il tarixli iclasında iştirak etmiş X13 şahid qismində ifadə verərək göstərmişdir ki, ərizəçinin bacısıdır. Mərhum isə onun atasıdır. Atası 1998-ci ildə dekabr ayının 14-də saat 7-də dünyasını dəyişmiş, o, atası vəfat edən gün saat 4-dən zəng edilib çağırıldığı üçün orada olmuş və dəfndə, üç mərasimi, qırx mərasimi və il mərasimində iştirak etmişdir. Atasını Mərdəkan qəbiristanlığında dəfn etmişlər. Atası mədə xərçəngindən əziyyət çəkmiş, yataq xəstəsi olmuşdur. Atası xəstəxanada uçotda olmuş, xəstəxanada ona həkim baxmışdır. Atası xəstə olanda əvvəllər həkim gəlirdi. O, atası üçün X16 çağırıldığını görməmişdir. O, bacısı oğlu ilə birlikdə qeydiyyat şöbəsinə müraciət etmişdir. Onlar mərhum atasının ölüm haqqında şəhadətnaməsini Nərminə ilə birgə vərəsəlik işini açmaq üçün istəyirlər. Onlar ailədə iki qardaş, 3 bacı olmaqla 5 övladdırlar. Atasından qalan torpaq sahəsində qardaşları Aslan və Ruslan yaşayır. Onlara da ora gedib-gəlməyə imkan vermirlər. Hal-hazırda qardaşları ilə aralarında mübahisə vardır. Onun xəstə nəvəsi var, bunu da ona görə edir. Həmçinin, bacısı da xəstədir, neçə ildir çalışsalar da, qardaşı ilə razılaşa bilmirlər. İşin mübahisəsiz halları: İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Maraqlı şəxs2 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Azərbaycan Respublikası “Vətəndaşlıq vəziyyəti aktları” X1 Sisteminə xx.xx.1998xx.xx.2024-cü ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış, Əvəz Fərruxmirzə oğlunun ölümü haqqında akt qeydi aşkar edilməmişdir. - Maraqlı şəxs2 tərəfindən Ərizəçi etibarnamə ilə nümayəndəsi Nümayəndə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - Mərdəkan kənd qəbiristanlığının nəzarətçisi Ağayev Elvin tərəfindən verilmiş məlumatdan görünür ki, (Babayev) Əvəz Fərruxmirzə oğlu xx.xx.1998-ci il tarixində Mərdəkan kənd qəbiristanlığında dəfn edilmişdir. - Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsi “Respublika Təcili və X7 Mərkəzi” publik hüquqi şəxsinin ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 30 dekabr 2016-cı il tarixli 100 saylı əmrinə əsasən çağırış vərəqələri (AZS 110/Q) üçün saxlama müddəti 1 (bir) il müəyyənləşdirildiyi üçün vaxtaşırı həmin sənədlər aktlaşdırılıb silinir. Bu səbəbdən xx.xx.1929-cu il təvəllüdlü X3 adına 1998-ci ilin dekabr ayında Bakı Şəhər Təcili və X7 Stansiyasına çağırışın daxil olması barədə məlumat verə bilmirlər. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinin Nümayəndə ünvanladığı xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, bələdiyyədən təqdim edilmiş məlumatda Mərdəkan qəbiristanlığının Əhaliyə Vətəndaşlıq Xidməti Restinin xx.xx.2019-cu il tarixli aktı ilə Mərdəkan bələdiyyəsinə təhvil verildiyi, lakin bələdiyyəyə qəbiristanlıqda dəfn olunmuş şəxslərin siyahısına dair hər hansı sənəd təqdim edilmədiyindən müvafiq arayışın verilməsinin mümkün olmadığı bildirilmişdir. göstərilənlərin nəzərə alınaraq müvafiq arayışın əldə olunması üçün aidiyyəti quruma müraciət edilməsi tövsiyyə olunur. - Azərbaycan Respublikası Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti Başçısının Mərdəkan Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin ünvanladığı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Mərdəkan qəbiristanlığında dəfn olunanlarla bağlı Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində heç bir qeydiyyat aparılmır. Bu səbəbdən qeyd olunan xx.xx.1929-cu il təvəllüdlü (Babayev) Əvəz Fərruxmirzə oğlunun Mərdəkan qəbiristanlığında dəfn edilməsi barədə Mərdəkan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində məlumat yoxdur. - Qəbirüstü abidəsinin fotoşəkillərindən görünür ki, (Babayev) Əvəz Fərruxmirzə oğlu xx.xx.1929-cu il tarixdə anadan olmuş, xx.xx.1998-ci il tarixdə vəfat etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə iş materiallarını tədqiq edərək və ərizəçinin izahatını dinləyərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci, 307.2.8-ci, 308-ci, 309.1-ci və 311-ci maddələrinin müddəalarına əsasən, ərizə təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi atası (Babayev) Əvəz Fərruxmirzə oğlu xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Maraqlı şəxs2nə müraciət etmiş, ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, (Babayev) Əvəz Fərruxmirzə oğlunun xx.xx.1998-ci il tarixdə vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri: Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə təmin edilsin. xx.xx.1929-cu il təvəllüdlü Bakı şəhərində anadan olmuş (Babayev) Əvəz Fərruxmirzə oğlunun xx.xx.1998-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-1142/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1142/2024
23.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver