Məhkəmə qərarları › İş №2(007)-1237/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1237/2025

21.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1237/2025 21.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X2 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyətdə olan hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(006)-4740/2024 saylı qətnamə ilə iddia təmin edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2013-cü il tarixdə Nizami rayon Qeydiyyat Şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1742 saylı qeyd edilmiş nikahın pozulması qət edilmişdir. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 16 saylı Mediasiya Təşkilatına etdikləri müraciət əsasında təşkilatın mediatoru X2 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında xx.xx.2024-cü il tarixli Barışıq sazişi bağlanmışdır.

1. Tərəflər Maraqlı şəxs və Ərizəçi 13 sentyabr 2010-cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsində 1742 №-li nikah akt qeydinin pozulmasını məhkəmənin səlahiyyətinə buraxılır.

2. 2-ci tərəf (Ərizəçi) tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 1-ci tərəf (Maraqlı şəxs) yəni anasının yanında qalmasına etiraz etmir

3. Tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf (Ərizəçi) 1-ci tərəf Maraqlı şəxs hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat məbləğində alimenti ödəməyi öz öhdəsinə götürür.

4. Alimentin hesablanması oktyabr ayından başlanacaqdır.

5. Aliment hər ayın 10-dan 15-dək tərəflərin təqdim etdiyi bank hesabına və ya bank kartına ödəniləcəkdir.

6. Tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 arasında ünsiyyət uşaqların maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə hər iki valideynlərin səy göstərəcəyini tərəflərin öz üzərinə götürür. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişin 6-cı bəndində göstərilən öhdəliklərini bugünədək icra etməmişdir.

İş materialları :

3. Bakı 16 saylı Mediasiya təşkilatının MŞB/16-001364 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, tərəflər Maraqlı şəxs və Ərizəçi xx.xx.2010-cu il tarixdə Nizami rayon qeydiyyat şöbəsində qeydə alınmış 1742 №-li nikah akt qeydinin pozulmasını məhkəmənin səlahiyyətinə buraxılması, 2-ci tərəf (Ərizəçi) tərəflərin birgə nikahdan doğulmuş xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 1-ci tərəf (Maraqlı şəxs) yəni anasının yanında qalmasına etiraz etməməsi, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün 2-ci tərəf (Ərizəçi) 1-ci tərəf Maraqlı şəxs hər ay hər uşaq üçün 250 manat, ümumilikdə 500 manat məbləğində alimenti ödəməyi öz öhdəsinə götürməsi, alimentin hesablanması oktyabr ayından başlanması, aliment hər ayın 10-dan 15-dək tərəflərin təqdim etdiyi bank hesabına və ya bank kartına ödənilməsi, tərəflərin birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 arasında ünsiyyət uşaqların maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə hər iki valideynlərin səy göstərəcəyini tərəflər öz üzərinə götürməsinə dair razılığa gəlmişlər.

4. Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(006)-4740/2024 saylı qətnaməsindən görünür ki, iddia tələbi təmin edilmiş, Maraqlı şəxs ilə Ərizəçi arasında xx.xx.2013-cü il tarixdə Nizami rayon Qeydiyyat şöbəsində nikahın bağlanması haqqında akt qeydləri kitabında 1742 nömrə ilə qeyd edilmiş nikahın pozulması qət edilmişdir.

5. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Ərizəçi və Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (anası) Nümayəndə ilə telefon vasitəsi ilə “videogörüntülü” əlaqə saxlanılan zaman qarlı hava şəraiti ilə bağlı gələb bilmədiyini bildirməklə, ərizənin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

8. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 355-25.2-ci maddəsinə əsasən işə ərizəçi və maraqlı şəxsin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

61.1. Uşaqlarından ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyəsi və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. 61.2. Uşaqlarla yaşayan valideyn uşağın fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsiyyətinə mane olmamalıdır

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

İşin faktiki halı :

12. Ərizəçi və Maraqlı şəxs xx.xx.2013-cü il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 doğulmuşdur.

13. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/16-001364 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 6-cı bəndinə əsasən tərəflər birgə nikahdan doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 arasında ünsiyyət uşaqların maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə hər iki valideynlərin səy göstərəcəyini öz öhdəsinə götürmüşdür.

14. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyətə dair hissəsinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmənin mövqeyi :

15. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

16. Belə ki, ailə qanunvericiliyə əsasən uşaqlardan ayrı yaşayan valideyn onlarla ünsiyyət hüququna, uşaqların tərbiyə və təhsili ilə bağlı məsələlərin həll edilməsində iştirak etmək hüququna malikdir. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla uşaqla ünsiyyət qaydasını müəyyən edə bilərlər.

17. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

18. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/16-001364 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin uşaqla ünsiyyətə dair hissəsinin şərtlərini bugünədək yerinə yetirməmişdir.

19. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/16-001364 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin uşaqla ünsiyyətə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

20. Həmçinin işin müəyyən edilmiş halı odur ki, tərəflər arasında bağlanılmış barışıq sazişində ərizəçinin uşaqla ünsiyyət hüququnun təmin edilməsin dair razılıq əldə edilmiş, maraqlı şəxs üzərinə bu hüququ təmin edəcəyinə dair öhdəlik götürmüşdür. Lakin ünsiyyətin qaydası isə müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki, maraqlı şəxs üzərinə ərizəçinin uşaqla ünsiyyət hüququnu təmin edəcəyinə dair öhdəlik götürdüyündən ərizə əsaslıdır. Uşaqla ünsiyyətin qaydası isə tərəflərin razılığı ilə və ya məhkəmə qaydasında müəyyən edilə bilər.

22. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə :

23. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağlanmış xx.xx.2024-cü il tarixli, MŞB/16-001364 saylı barışıq sazişi uşaqla ünsiyyətə dair hissəsində təsdiq edilməlidir.

24. Məhkəmə qeyd edir ki, ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi : Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 16 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/16-001364 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi uşaqla ünsiyyətə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Tərəflərin birgə nikahından doğulmuş övladları xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2017-ci il təvəllüdlü X1 arasında ünsiyyət uşaqların maraqlarına və hüquqlarına toxunmamaq şərti ilə hər iki valideynin səy göstərəcəyini tərəflər öz üzərinə götürürlər”. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar