Məhkəmə qərarları › İş №2(007)-1243/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1243/2023

17.03.2023 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1243/2023 17.03.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Quluzadə Emil Mirələm oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, o və cavabdeh Maraqlı şəxs arasında Bakı 10 saylı Mediasiya Təşkilatının mediasiya reyestrində M-00259 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə bağlanan 16 dekabr 2022-ci il tarixli barışıq sazişinin məcburi icrası üçün barışıq sazişin təsdiq edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlə nikahları 08 iyul 2022-ci il tarixində pozulmuş və bu barədə Xətai rayon qeydiyyat şöbəsi müvafiq şəhadətnamə vermişdir. Birgə nikahlarından 10 iyun 2021-ci il təvəllüdlü X4 doğulmuşdur. Xətai Rayon Məhkəməsinin nikahın pozulması haqqında 20 aprel 2022-ci il tarixli qətnaməsi əsasında, oğulları cavabdehin yanında qalmışdır. Lakin cavabdeh uşağa baxa bilmədiyini bildirmişdir və 2022-ci ilin sentyabr ayından etibarən oğlu onunla yaşayır. Oğlunun yaşayış şəraitini rəsmi qaydada müəyyən etmək üçün Bakı 10 saylı Mediasiya Təşkilatına müraciət etmişdir. Keçirilən mediasiya prosesi nəticəsində mediasiya reyestrində M-00259 nömrəsi ilə qeydiyyatdan keçmiş mediator X1 iştirakı ilə o və cavabdeh arasında 16 dekabr 2022-ci il tarixli barışıq sazişi imzalanmışdır. Qeyd edilən barışıq sazişinə əsasən, cavabdeh övladı X3 atası yanında saxlanılmasına razılıq vermiş və həmin saziş ilə müəyyən saatlarda (həftənin şənbə günü saat 07:00-dan bazar günü saat 23:00 qədər gecə qalmaqla) görüş təşkil olunması razılaşdırılmışdır. Həmçinin, barışıq sazişinə əsasən, cavabdeh hər ayın 16-sına qədər ata Ərizəçi adına açılmış bank hesabına 200 (iki yüz) manat aliment ödəməsinə razılıq vermişdir. Alimentin miqdarı, ödənilmə qaydası və şərtləri müəyyən edən barışıq sazişin bağlanılmasına baxmayaraq, cavabdeh heç bir maddi köməklik göstərmir və müvafiq ödənişləri həyata keçirmir. Belə ki, cavabdeh barışıq sazişini imzalayaraq, üzərinə götürülən öhdəlikləri yerinə yetirmir və sazişin könüllü icrasından boyun qaçırır. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq ərizə ilə məhkəməyə müraciət edərək, ərizəsində Maraqlı şəxs cavabdeh kimi göstərdiyindən, onun Maraqlı şəxs kimi nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs izahat verərək bildirdi ki, uşağın atanında yanında qalması, ataya 200 manat aliment ödəməyə və uşaqla görüş günlərinin vaxtı barədə razılığa gəlmişlər. Məhkəmə proses iştirakçılarının izahatlarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi ilə Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar, birgə nikahlarından 10 iyun 2021-ci il təvəllüdlü X4 adlı uşaqları doğulmuşdur. Tərəflər arasında nikah pozulmuşdur. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində 16 dekabr 2022-ci il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında Maraqlı şəxs övladı xx.xx.2021 təvəllüdlü X2 atası Ərizəçi yanında saxlanılması, həftənin şənbə günü saat 07:00-dan bazar günü saat 23:00 qədər gecə qalmaqla ana ilə görüş təşkil olunması, ana Maraqlı şəxs hər ayın 16-sına qədər ata Ərizəçi adına açılmış bank hesabına 200 (iki yüz) manat aliment ödəməsi barədə razılıq əldə edilmişdir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi 16 dekabr 2022-ci il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən 16 dekabr 2022-ci il tarixli barışıq sazişi MPM-nin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilməli, xx.xx.2021-ci il təvəllüdlü X4 atası Ərizəçi yanında saxlanılmalı, Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq hər ayın 16dək Ərizəçi adına açılmış bank hesabına ödənilməli, Maraqlı şəxs övladı xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 07:00-dan bazar günü 23:00-adək gecə qalmaqla ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş 51 manat dövlət rüsumu Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2022-ci il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin.

1. xx.xx.2021-ci il təvəllüdlü X4 atası Ərizəçi yanında saxlanılsın.

2. Maraqlı şəxs xx.xx.2022-ci il tarixdən başlayaraq hər ay 200 (iki yüz) manat sabit pul məbləğində aliment tutularaq hər ayın 16-dək Ərizəçi adına açılmış bank hesabına ödənilsin.

3. Maraqlı şəxs övladı xx.xx.2021-ci il təvəllüdlü X4 ilə hər həftənin şənbə günü 07:00-dan bazar günü 23:00-adək gecə qalmaqla ünsiyyətdə olması üçün görüş vaxtı müəyyən edilsin. Qətnamə alimentin tutulmasına dair hissədə dərhal icra edilsin. Məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar