Məhkəmə qərarları › İş №2(007)-1275/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1275/2025

14.02.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1275/2025 14.02.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Maraqlı şəxs ilə arasında bağlanmış 27 aprel 2024-cü il tarixli MŞB/13/2024-00428 nömrəli barışıq sazişinin təsdiq edilməsi və məcburi icra edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Maraqlı şəxs aralarında bağlanmış 27 aprel 2024cü il tarixli, MŞB/13/2024-00428 nömrəli barışıq sazişinin 2-ci bəndinə əsasən birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 onun himayəsində saxlanılması və həmin sazişin 3-cü maddəsinə əsasən birgə nikahdan olan övladları xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Maraqlı şəxs tərəfindən hər ayın 1-10-u arası 235 manat aliment ödənilməsi barədə razılığa gəlmişlər. Maraqlı şəxs aralarında bağlanmış nikaha Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixdə xitam verilmişdir. Lakin barışıq sazişinin bağlanılmasından uzun müddət keçməsinə baxmayaraq Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişini icra etməmişdir.

İş materialları :

3. Bakı 13 saylı Mediasiya təşkilatının MŞB/13/2024-00428 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2020-ci il tarixində Sumqayıt “ASAN Xidmət” Mərkəzi Qeydiyyat şöbəsində bağladıqları nikaha xitam verilməsi, birgə nikahdan anadan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması, birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunan 235 manat alimentin yetkinlik yaşına çatana kimi nikahın pozulduğu andan etibarən hər ayın 1-10-u arası aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi aid kart hesabına və ya 1-ci tərəf aid digər bank hesaba ödəməsi, icra etməsi, birgə nikahdan anadan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 2-ci tərəf Maraqlı şəxs ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü 18:00-a qədər (uşağın təhsil, tərbiyə, idman, inkişaf və.s maraqları nəzərə alınmaqla) görüşüb ünsiyyətdə olmasına dair razılığa gəlmişlər.

4. AZ-İ seriyalı, 485969 nömrəli “nikahın pozulması haqqında şəhadətnamə”nin surətindən görünür ki, Maraqlı şəxs ilə X3 arasında bağlanılmış nikah Nizami Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən pozulmuş və bu barədə nikahın pozulması haqqında akt qeydləri kitabında xx.xx.2024-cü il tarixdə 443 nömrə ilə qeyd edilmişdir.

5. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

6. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

7. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

8. Belə olan halda məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq :

9. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

11. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

12. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

13. “Uşaq Hüquqları haqqında” Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

İşin faktiki halı :

14. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2020-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2015-ci il təvəllüdlü X2 doğulmuşdur.

15. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/13/2024- 00428 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək xx.xx.2020-ci il tarixində Sumqayıt ASAN Xidmət Mərkəzi Qeydiyyat şöbəsində bağladıqları nikaha xitam verilməsi, birgə nikahdan anadan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 1-ci tərəf Ərizəçi himayəsində saxlanılması, birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün təyin olunan 235 manat alimentin yetkinlik yaşına çatana kimi nikahın pozulduğu andan etibarən hər ayın 1-10-u arası aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi aid kart hesabına və ya 1-ci tərəf aid digər bank hesaba ödəməsi, icra etməsi, birgə nikahdan anadan olan uşaqları xx.xx.2015-ci il təvəllüdlü X1 2-ci tərəf Maraqlı şəxs ilə hər həftənin şənbə günü saat 11:00-dan bazar günü 18:00-a qədər (uşağın təhsil, tərbiyə, idman, inkişaf və.s maraqları nəzərə alınmaqla) görüşüb ünsiyyətdə olmasına dair razılığa gəlmişlər.

16. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi xx.xx.2024-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmənin mövqeyi :

17. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.

19. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/13/2024-00428 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.

21. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/13/2024-00428 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

22. Məhkəmə qeyd edir ki, tərəflər arasında barışıq sazişi bağlanıldıqdan sonra sabit pul məbləğində təyin edilən alimentin miqdarının müəyyən edilməsi ilə bağlı məhkəmə təcrübəsində dəyişiklik olmuşdur.

23. Belə ki, “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 20 dekabr 2024-cü il tarixli qərarında qeyd olunur ki, Ailə Məcəlləsinin 110.2-ci maddəsinə əsasən alimentin indeksasiyası məqsədi üçün məhkəmə tərəfindən onun miqdarı müəyyən olunmuş minimum əmək haqqı məbləğinin müəyyən mislinə uyğun sabit pul məbləğində müəyyən edilir. İstinad edilən maddənin tələbindən göründüyü kimi məhkəmələr sabit pul məbləğində aliment təyin edərkən onun miqdarını ölkə üzrə minimum əmək haqqı məbləğinin müvafiq misli həddində müəyyən etməlidirlər (məsələn, Məhkəmə 2024-cü ildə bir uşağın saxlanmasına görə alimentin tutulması barədə iddiaya baxarkən alimenti 255 manat həddində müəyyən etmək istəyirsə, həmin il üzrə minimum əmək haqqı məbləğinin 0,74 mislində (345 x 0,74 = 255 manat) alimentin tutulması barədə qətnamə qəbul etməklə, qətnamənin nəticə hissəsini “xx.xx.xxxx tarixindən başlayaraq yetkinlik yaşına çatmayan A-nın saxlanılması üçün B-dən C-nin xeyrinə sonrakı artımlar nəzərə alınmaqla, hər ay ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0,74 misli həddində sabit pul məbləğində aliment tutulsun” məzmununda ifadə etməlidir).

24. Tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il barışıq sazişinə əsasən isə tərəflər xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 235 manat alimentin ödənilməsi barədə razılığa gəlmişlər.

25. Tərəflər arasında bağlanan barışıq sazişində alimentin miqdarı 235 manat miqdarında müəyyən edilsə də, ərizəçi həmin miqdarın ölkə üzrə müəyyən edilmiş minimum əmək haqqının müvafiq mislin miqdarında müəyyən edilməsini xahiş etmişdir.

26. Məhkəmə qeyd edir ki, tərəflər arasında bağlanılmış barışıq sazişində alimentin miqdarı 235 manat müəyyən edilsə də, ölkə üzrə müyyən edilmiş minimum əmək haqqı miqdarı artıqda ərizəçinin alimentin miqdarının indeksasiyası tələbi ilə məhkəməyə müraciət edəcəyi qaçınılmazdır.

27. Odur ki, prosessual qənaət prinsipi nəzərə alınmaqla, gələcəkdə tərəflər arasında yenidən məhkəmə mübahisənin yaranmasının qarşısının alınması, uşağın mənafeyinin qorunması, məhkəmə mübahisələrinin sayının artmasının qarşısının alınması üçün ərizəçinin razılığı da nəzərə alınmaqla, xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün alimentin miqdarı ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddi miqdarında müəyyən edilməlidir.

28. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə :

29. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/13/2024- 00428 saylı barışıq sazişi alimentə dair hissədə təsdiq edilməlidir.

30. Məhkəmə qeyd edir ki, Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 13 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/13/2024-00428 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin:

2. Tərəflər 1-ci tərəf Ərizəçi və 2-ci tərəf Maraqlı şəxs ilə qeyd olunan məzmunda razılığa gələrək birgə nikahdan anadan olan xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün sonrakı artımlar nəzərə alınmaqla, hər ay hər uşağa görə ölkə üzrə müəyyən olunmuş minimum əmək haqqının 0.68 misli həddində aliment yetkinlik yaşına çatana kimi nikahın pozulduğu andan etibarən hər ayın 1-10-u arası aliment məbləğini 2-ci tərəf Maraqlı şəxs 1-ci tərəf Ərizəçi aid kart hesabına və ya 1-ci tərəf aid digər bank hesaba ödəməsinə, icra etməsinə razılaşdılar. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Maraqlı şəxs tutularaq ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar