Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1540/2022 01.06.2022 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, anası X7 27.03.2022-ci il tarixində vəfat etmişdir və o, Suraxanı rayonu, Ziğ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn edilmişdir. Hazırda onun qəbri Suraxanı rayonu Ziğ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında yerləşir. Azərbaycan Respublikasının "Sosial sığorta haqqında" və "Sosial müavinətlər haqqında" qanunların əsasında dəfn üçün müavinət alınması ilə bağlı ASAN xidmət mərkəzinə müraciət etmişdir. Əmək pensiyaçıları üzrə dəfn üçün müavinətin məbləği əmək pensiyaları haqqında qanunvericiliklə müəyyən edilir. Əmək pensiyaçısı vəfat etdikdə əmək pensiyasının minimum məbləğinin üç misli məbləğində dəfn üçün müavinət verilir. Bunun üçün ölüm haqqında şəhadətnamə tələb olunur. Anasının ölüm faktını şahidlər, müvafiq orqanlardan alınmış arayışlar təsdiq edə bilər. Qeyd edilənlərə əsasən ərizəni təmin edib, 12.10.1954-cü il təvəllüdlü X3 27 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmə faktının müəyyən edilməsi və onun adına ölüm haqqında şəhadətnamənin verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Əlavə olaraq bildirdi ki, ölüm faktının müəyyən edilməsi ona anasının ölümü haqqında şəhadətnamənin alınması üçün lazımdır. Belə ki, anasını dəfn etmək üçün borc pul götürmüşdür və dəfn üçün müavinəti alıb borc pulunu geri qaytaracaqdır. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və qeydiyyat şöbəsi ərizə ilə məhkəməyə müraciət edərək, işin çoxluğunu nəzərə alıb məhkəmə prosesinin nümayəndənin iştirakı olmadan keçirilməsinin xahiş etmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid1 ifadə verərək göstərdi ki, ərizəçi onun rəfiqəsi, vəfat edən şəxs isə rəfiqəsinin anasıdır. Mərhum xərçəng xəstəsi idi. 2022-ci ilin mart ayının sonunda dəfn edilmişdir. O, dəfn mərasimində həyat yoldaşı ilə birlikdə iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən Şahid2 ifadə verərək göstərdi ki, ərizəçi onun keçmiş iş yoldaşı, vəfat edən şəxs isə ərizəçinin anasıdır. O, dəfn mərasimində iştirak etmişdir. Mərhum Suraxanı rayonu ərazisində yerləşən qəbiristanlıqda 2022-ci ilin mart ayında dəfn edilmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 08611290 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 12 oktyabr 1954-cü ildə X2-Podolsk şəhərində anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü ildə Bakı şəhərində anadan olmuşdur, ünvan 2 ünvanında qeydiyyata alınmışdır; - İ-AZ seriyalı 172388 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxx 1993-cü il tarixdə doğulmuşdur. X1, anası X4. - Bakı şəhəri Təcili və X5 Stansiyasının 6 saylı Bölməsinin 27.03.2022-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 10:55-də ünvan 1 ünvanında X3 yanına gəldikdə, qadın cinsli meyit, həkimə qədər ölüm müəyyən edilmişdir; - 2 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 30.03.2022-ci il tarixli, 05-96/75 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31.10.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı Ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəninin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi məsləhət görülmüşdür. - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələyyəsinin 31.03.2022-ci il tarixli, 155 saylı arayışından görünür ki, mərhum X7 29.03.2022-ci il tarixdə Zığ qəsəbəsində yerləşən Dədə Qorqud qəbiristanlığında dəfn olunmuşdur; - Məhkəməyə mərhum X3 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 12 oktyabr 1954-cü il tarixdə X2- Podolsk şəhərində doğulmuş anası X7 27 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin ərizəçi ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışdır. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 12 oktyabr 1954-cü il tarixdə X2- Podolsk şəhərində doğulmuş anası X3 27 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 12 oktyabr 1954-cü il tarixdə X2-Podolsk şəhərində doğulmuş X3 27 mart 2022-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 102 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1540/2022
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1540/2022
01.06.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver