Məhkəmə qərarları › İş №2(007)-1578/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1578/2024

29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1578/2024 29.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” X10 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” X10 və Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, Tələb:

1. Ərizəçi 1 saylı Bakı “ASAN xidmət” X10 maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, X7 27 iyun 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Məhkəmə iclasında Maraqlı şəxs1 maraqlı şəxs qismində cəlb olunmuşdur.

Ərizənin əsaslandırıldığı hallar:

3. Ərizə onunla əsaslandırılmışdır ki, Azərbaycan SSRİ Qazax rayonu Orta Salahlı kəndi xalq deputatları sovetinin raykomu tərəfindən verilmiş 05 fevral 1980-ci il tarixli Vİ- JQ 49268 l№-li Doğum haqqında Şəhadətnamədən bəlli olur ki, X12 02 fevral 1980-ci il tarixində Qazax rayonun Orta Salahlı kəndində doğulmuşdur. Qazax Rayon Polis Şöbəsi tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli AZE 15716692 №-li Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət vəsiqəsindən bəlli olur ki, X12 xx.xx.1980-ci il tarixdə Azərbaycan, Qazax rayonu, Orta Salahlı kəndində doğulmuş, subay, hərbi mükələfiyyətli, İİ RH + qan qrupu, 2MV1NB1 FİN koduna məxsus olmaqla Qazax rayonu, Orta Salahlı kəndində qeydiyyatda olmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi" X19 “Qazax rayon Mərkəzi Xəstəxanası" X16 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 150 №-li tibbi arayışdan bəlli olur ki, xx.xx.2023-cü il tarixli 5217 nömrəli qeydiyyat ilə saat 06:45-də “Qazax rayon Mərkəzi Xəstəxanası” X14 TTYS-na çağırış daxil olmuş, həkim briqadası ambulansla çağırış gələn ünvana çatarkən vətəndaş Qazax rayonu Orta Salahlı kənd qeydiyyatında olan xx.xx.1980-ci il təvəllüdlü X12 vəfat etmişdir, həkimə qədər ölüm. Azərbaycan Respublikasının Prokurorluğu Qazax Rayon Prokurorluğundan Ərizəçi verilmiş xx.xx.2023-cü il tarixli 49-C-23 saylı məktubda qeyd edilmişdir ki, qardaşının X7 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılaraq toplanmış ilkin yoxlama materialı üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən 05 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən, cinayət işinin başlanılması rədd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 1 saylı Bakı “ASAN Xidmət” X4 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-300/24 saylı məktubla ölüm faktının qeydiyyatı ölüm faktını təsdiq edən sənədin təqdim edilməməsi səbəbindən mümkün olmamışdır. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyiniz tövsiyyə olunur. Azərbaycan SSRİ Qazax rayonu Orta Salahlı kəndi xalq deputatları sovetinin raykomu tərəfindən verilmiş 27 aprel 1977-ci il tarixli İV-JF 404044№-li Doğum haqqında Şəhadətnamədən bəlli olur ki, Ərizəçi xx xxxxx 1977-ci il tarixində Qazax rayonun Orta Salahlı kəndində doğulmuşdur.

Tərəflərin izahatları:

4.Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verərək, 02 fevral 1980-ci il tarixdə Qazax rayonu, orta Salahlı kəndində anadan olmuş X7 27 iyun 2023-cü il tarixdə Qazax rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi.

5. Maraqlı şəxs 1 saylı Bakı “ASAN xidmət” X10 və Maraqlı şəxs1 məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmalarına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndələrinin iştirakını təmin etməmişlər. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

6. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində bildirmişdir ki, X7 həkimi olmuşdur. Onlar həm də ailəvi dost olmuşlar. Zaur 27 iyun 2023-cü ildə rəhmətə gedib. O, intihar edib. Zaur panik atak keçirirdi, daim ölüm haqqında düşünürdü, cəmiyyətdən uzaqlaşırdı və bu hal 10 ildir ki, davam edirdi. Mütəmadi olaraq dərman qəbul edirdi. Mənim ixtisasım kardioloqdur. Şıxıyev Zaur yanıma ürək problemi ilə gəlmişdi, lakin müayinə etdikdən sonra məlum oldu ki onun psixoloji problemləri var. Ürəyi tam sağlam idi, ümumiyyətlə səhhətində başqa hər hansı narahatçılığı yox idi. Ailəsi onu qorumağa çalışsa da nəticəsi olmadı. O, Qazax rayonunda dəfn olunub. Dəfndə iştirak edib.

7. Məhkəmə iclasında şahid qismində dindirilən X3 ifadəsində bildirdi ki, Şıxıyev Zaur bibisi oğludur. O, 27 iyun 2023-cü ildə səhər saatlarında intihar etmişdir. Zaurun psixoloji problemləri vardı. Qazax rayonunda dəfn olunub. Dəfndə iştirak edib.

İş materialları:

8. 1 saylı Bakı “ASAN xidmət” X5 11 fevral 2024-cü il tarixli 3-16-5/8-300/24 nömrəli cavab məktubundan görünür ki, ərizəçinin xx.xx.2024-cü il tarixli ərizəsinə baxılmış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə (forma 106) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyinə görə ərizənin təmin edilməsi imkanları xaricindədir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

9. AZE seriyalı, 15716692 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X12 xx.xx.1980-ci ildə Qazax rayonu, orta Salahlı kəndində anadan olmuşdur.

10. Qazax Rayon İcra Hakimiyyəti Başçısının orta Salahlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilən 27 may 2024-cü tarixli arayışından görünür ki, X12 27 iyun 2023-cü il tarixdə vəfat etmiş və orta Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur.

11. “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X19 “Qazax Rayon Mərkəzi Xəstəxanası” X19 tərəfindən verilmiş 07 iyul 2023-cü il tarixli, 150 nömrəli tibbi arayışdan görünür ki, həkim briqadası ambulansla çağırış gələn ünvana çatarkən Qazax rayonu, orta Salahlı kənd qeydiyyatında olan xx.xx.1980-ci il təvəllüdlü X12 vəfat etmişdir.

12. Qazax Rayon Prokurorluğunun 05 iyul 2023-cü il tarixli, 49-c-23 nömrəli məktubundan görünür ki, qardaşı X7 xx.xx.2023-cü il tarixdə yaşadığı evdə özünü asaraq intihar etməsi faktı ilə bağlı rayon Prokurorluğunda araşdırma aparılaraq toplanmış ilkin yoxlama materialı üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən 05 iyul 2023-cü il tarixli qərarla Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanılması rədd edilmişdir.

13. İV-ЖГ seriyalı, 404044 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx xxxxx 1977-ci il tarixdə, Qazax rayonunun, orta Salahlı kəndində anadan olmuşdur. X1r, anası X2r.

İşin faktiki halları:

14. Məhkəmə iclasında müəyyən olundu ki, X12 02 fevral 1980-ci ildə Qazax rayonu, orta Salahlı kəndində anadan olmuşdur. X12 27 iyun 2023-cü il tarixdə Təcili və X6 Stansiyasının əməkdaşları gələnə qədər vəfat etmiş və Qazax rayonu, orta Salahlı kənd qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti 1 saylı Bakı “ASAN xidmət” X10 tərəfindən araşdırılmış və izah edilmişdir ki, ərizəçi X7 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur.

Tətbiq edilən hüquq:

15. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

16. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının:

1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmə baxışının hədləri:

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin:

14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 82.3-cü maddəsinə görə bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

18. Məhkəmə ərizəçinin vəkili və nümayəndəsinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir.

19. Göründüyü kimi X7 27 iyul 2023-cü il tarixdə Qazax rayonunda vəfat etməsi, təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X7 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur.

Nəticə:

20. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 02 fevral 1980-ci il tarixdə Qazax rayonu, orta Salahlı kəndində anadan olmuş X7 27 iyun 2023-cü il tarixdə Qazax rayonunda vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır.

21. Məhkəmə hesab edir ki, ərizə təmin edildiyindən və ərizəçi tələb etmədiyindən məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

22. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə,

Qət etdi:

Ərizə təmin olunsun. 02 fevral 1980-ci il tarixdə Qazax rayonu, orta Salahlı kəndində anadan olmuş X7 27 iyun 2023-cü il tarixdə Qazax rayonunda vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar