Məhkəmə qərarları › İş №2(007)-1620/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1620/2023

03.07.2023 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1620/2023 03.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı nümayəndəsi X3, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb edilməklə cavabdeh 3 saylı Xüsusi təhsil məktəbinə qarşı “əmrin ləğv edilməsi, iş yükünün bərpası və əmək haqqı” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Bakı Şəhəri üzrə Təhsil İdarəsi cəlb edilməklə cavabdeh 3 saylı Xüsusi təhsil məktəbinə qarşı “əmrin ləğv edilməsi, iş yükünün bərpası və əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh dərs yükünün 08 saat azaldılması barədə xx.xx.2023-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi, dərs yükünün 2 (iki) stavka)-36 saatadək bərpa olunması və xx.xx.2023-cü il tarixdən dərs yükü bərpa olunan tarixədək həftəlik 08 saatlıq əmək haqqında yaranmış fərqin ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 2008-ci ildən etibarən pedaqoji fəaliyyətlə məşğul olur. 2014-cü ildən isə Cavabdehndə ev təhsil müəlliməsi işləyir. 2022-2023-cü tədris ili üzrə dərs bölgüsü aparılarkən dərs yükü 36 saat müəyyən edilmiş və buna uyğun olaraq 04 (dörd) şagirdə evdə təhsil tədris edərək müvafiq məvacib almışdır. Lakin xx.xx.2023-cü il tarixdə əmək haqqı hesabına köçürüldükdə 260 manat pulun az hesablanması tərəfindən müəyyən olunmuşdur. Məktəbin mühasibi ilə əlaqə saxladığı zaman ona 8 saat dərs yükünün azaldılması və bu barədə məktəbin direktoru Nüşabə Məmmədova ilə əlaqə saxlamalı olduğunu bildirilmişdir. Daha sonra məktəbin direktoru Nüşabə Məmmədova isə əmək haqqı tabelində onun dərs yükünün fevral ayı üzrə 36 saat göstərdiyini və anlaşılmazlığın qısa müddət ərzində aradan qaldırılacağını bildirdi. Qısa müddət sonra isə o, mühasiblikdən kənar, öz şəxsi vəsaiti hesabına onun kartına 260 manat pul yüklədi. O, direktorun dediyi kimi anlaşılmazlığın arada götürüləcəyini gözlədiyi bir zamanda ünvanına xx.xx.2023-cü il tarixdən ev təhsili şagirdi E.Qədirovun götürülməsi ilə 8 saat dərs yükünün azaldılması barədə xx.xx.2023-cü il tarixli akt daxil oldu. xx.xx.2023-cü il tarixdə məktəbdə olarkən ona bu dəfə ünvanına xx.xx.2023-cü il tarixdən deyil, bir ay daha əvvəlki tarixə xx.xx.2023-cü il tarixədək diaqnostik qiymətləndirmədən keçmədiyi bəhanəsi ilə dərs yükündən 1c sinif şagirdi X4 - 08 saatın götürülməsi və dərs yükünün 28 saat hesablanması barədə xx.xx.2023-cü il tarixli 71 saylı əmrdən çıxarış təqdim olundu. Məhkəmənin nəzərinə çatdırır ki, aşağıda göstərilənlərə əsasən Cavabdeh dərs yükünün 08 saat azaldılması barədə 06 03.2023-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli, dərs yükü bərpa olunmalı və xx.xx.2023-cü il tarixdən dərs yükü bərpa olunan tarixədək həftəlik 08 saatlıq əmək haqqında yaranmış fərq ona ödənilməlidir. Əvvəla məhkəmənin nəzərinə çatdırır ki, müəllimənin həftəlik dərs yükünün 36 saat (iki stavka) təşkil etməsi tam qanuni olmaqla onun konstitusion hüququdur. Bu hüquq həm Azərbaycan Respublikasının Konstitusiyasından, həm Əmək Məcəlləsindən, həm də müxtəliv normativ hüquqi aktlardan irəli gəlir. Odur ki, hələ keçən ilin yay aylarında Cavabdeh tərəfindən 2022-2023-cü il tədris ili üçün onun dərs yükü bölüşdürülərkən yuxarıda qeyd olunan qanunveciliyin tələblərinə uyğun olaraq 2 (iki) stavka müəyyən edilmişdir. Lakin ona da məlum olmayan səbəblərdən müəmmalı şəkildə 2022-2023-cü il tədris ilinin başa çatmasına cəmi 3 (üç) ay qalmış cavabdeh onun dərs yükünü 8 (səkkiz) saat azaltmışdır. Məktəb bu barədə əmr imzalayarkən Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-59/2-823/2023 saylı məkubuna istinad etmişdir. Həmin məktubda isə cavabdehin dərs saatlarının bölünməsinə dair sorğusuna əsasən qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrlarin işə qəbulu və yerdəyişməsi (15 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təsdiq edilmiş qaydalar) qaydalarının 2.2-ci bəndinə əsasən dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda, həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saat hesabı qaydasında müəllim dəvət olunması məsələsinə baxılır, bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və müsabiqəyə çıxarılması üçün təqdim edilir. Burada üç məsələ diqqəti xüsusilə cəlb edir. Birincisi, tədris ilinin başa çatmasına üç ay qalmış Cavabdeh dərs saatları bölüşdürülməsi zərurəti hiss edərək özünə dəstək almaq məqsədilə Bakı şəhəri üzrə Təhsil İdarəsinə müraciət edir. İkincisi, Bakı şəhəri üzrə Təhsil İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-29-59/2-823/2023 saylı məkubunda “Amerikanı yenidən kəşf etməyərək” hələ 15 mart 2017-ci il tarixdən mövcud olmuş qaydaların 2.2-ci bəndinin ilk 2 (iki) cümləsi istisna olmaqla digər cümlələrini qeyd edir. Görəsən, Bakı şəhəri üzrə Təhsil İdarəsi qeyd olunan məktubda qaydaların 2.2-ci bəndinin ilk iki cümləsini bilərəkdənmi, yazmamışdır. Odur ki, diqqəti cəlb edən 3-cü (üçüncü) hal ondan ibarətdir ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrlarin işə qəbulu və yerdəyişməsi qaydalarının 2.2-ci bəndinin ilk iki cümləsinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Deməli, 15 mart 2017-ci il tarixli, 54 nömrəli əmrlə təsdiq edilmiş qaydalara müvafiq olaraq 2022-ci ilin yay aylarında dərs yükü bölüşdürülərkən onun 2022-2023-cü il tədris ili üçün 36 saat - 2 (iki) stavka müəyyən edilmişdir. Qaydaların 2.2-ci bəndinin ikinci cümləsinə əsasən iki stavkalıq dərs yükü sabit saxlanılmalı olduğu halda hər hansı bir yenilik olmadan məktəb direktoru qanunları kobud şəkildə pozaraq dərs yükünün bölüşdürülməsinə icazə verilmədiyi vaxtda, yəni tədris ilinin başa çatmasına 03 (üç) ay qalmış dərs bölüşdürülməsi zərurəti hiss edib qaydalara müvafiq olaraq ona təhkim etdiyi dərs yükünü yenidən qaydalara zidd şəkildə ondan götürmüşdür. Əmri qanunsuz edən digər bir əhəmiyyətli hal isə əmr xx.xx.2023-ci il tarixdə imzalanmasına baxmayaraq dərs yükü isə ondan xx.xx.2023-cü il tarixdən götürülmüşüdür. Təbii ki, fevral ayı ərzində onun bu əmrdən xəbəri olmadığından, eləcə də, münəccimlik vərdişləri mövcud olmadığından fevral ayı üzrə 36 saat - 2 (iki) stavka işini tam yerinə yetirmişdir. Əslində isə cavabdeh əmri imzalayarkən yol verdiyi qanunsuzluğu bu əmrlə pərdələmək istəmiş, lakin özünü gülünc vəziyyətdə qoymuşdur. Belə ki, məktəb direktoru ondan bu dərs yükünü o, məlumat vermədən fevral ayından götürdüyü üçün mübahisələndirilən 8 saatı fevral ayının əmək haqqı tabelində göstərməmiş və buna müvafiq olaraq əmək haqqında yaranmış fərq ona ödənilməmişdir. Ümumiyyətlə cavabdeh xx.xx.2023-ci il tarixli əmrlə onun dərs yükünü xx.xx.2023-cü il tarixdən azalda bilməzdi. Bu özü özlüyündə absurddur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 iddia tələbini müdafiə edərək bildirmişdir ki, fevral ayında əmək haqqından 260 manat az pul ödənilmişdir. Sonradan məktəbin direktoru Nüşabə xanım anlaşılmazlıq olduğunu bildirərək öz kartından ona 260 manat pul göndərmişdir. Dərs ilinin sonuna 3 ay qalmış direktor guya yeni hal aşkar edibmiş kimi Könülün 2018-ci ildə keçirilən diaqnostik qiymətləndirmə imtahanında ümumiyyətlə iştirak etməməsini bəhanə edib dərs saatını azaldıb. Diaqnostik qiymətləndirmədən keçmək məcburi deyil. Bakı Təhsil İdarəsinə təqdimatı da direktor göndərmişdir. Dərs yüküunü 8 saat azaldıb şagird Qədirov Elcanın dərsini götürüb. xx.xx.2023-cü il tarixli akt poçt vasitəsilə evə göndərilmişdir. Əmr isə xx.xx.2023-cü il tarixdə yazılmışdır. “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən dərs yükü müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir. Müəllimlərin dərs yükü tədris ili ərzində bir qayda olaraq sabit saxlanılır. Lakin direktor dərs ilinin sonuna 3 ay qalmış dərs yükünü heç bir əsas olmadan müəllimədən götürür. Odur ki, qanunsuz əmrin ləğv edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Vəkil bildirmişdir ki, iddia tələbini qəbul etmirlər. Əmək haqqının ödənilməsi Bakı Təhsil İdarəsinə aiddir. Müəllimlərin diaqnostik qiymətləndirilməsi sonuncu dəfə 2018-ci il tarixdə olmuşdur. Könül xanım imtahanda iştirak etməmişdir. İşdən isə mart ayında azad olmuşdur. Dərs yükü isə şagird Qədirov Elcanın dərs yükünə görə 8 saat azaldılmışdır. Fevral ayında valideyn narazılıq edərək direktora müraciət etmişdir ki, Könül xanım dərs keçmir. Nüşabə xanım bildirmişdir ki, dərs yükünü azaltmağa direktorun səlahiyyəti çatmır. Ona görə Bakı Təhsil İdarəsinin məktubu əsasında diaqnostik qiymətləndirilməni keçmədiyi üçün dərs saatını azaltmışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. 24 iyun 2023-cü il tarixli məhkəmə iclasında iştirak edən müstəqil tələb irəli sürməyən üçncü şəxs Bakı şəhəri üzrə Təhsil İdarəsinin nümayəndəsi quliyev Türhan Ceyhun oğlu bildirmişdir ki, tabelə direktor qol çəkir göndərir Bakı Təhsil İdarəsi yox. Əmrdə müəllimin dərs keçmədiyi qeyd olunmayıb, sadəcə diaqnostikaya istinad edilmişdir. Qiymətləndirmədən keçməyəndə dərs yükü azaldıla bilər. Direktorun səlahiyyəti var ki, 2 stavkadan artıq olmamaqla dərs yükünü bölsün. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlar məcmusuna hüquqi qiymət verib, hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı şəhəri üzrə Təhsil İdarəsinin Cavabdeh direktoru Nüşabə Məmmədovaya ünvanlandığı 18 yanvar 2023-cü il tarixli məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən məktəblərdə dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdikləri nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Müəssisədə hər hansı ixtisasdan kadr olmadıqda həmin ixtisas üzrə tədris planına əsasən müəyyənləşdirilmiş həftəlik dərs yükü 18 saatadək olduğu halda digər müəssisələrdən əvəzçiliklə və ya saathesabı qaydasında müəllim dəvət olunur. Bu mümkün olmadıqda həmin dərs saatları vakant hesab olunur və Elm və Təhsil Nazirliyinin internet səhifəsində elan edilir. - Bakı şəhəri Cavabdeh 03 mart 2023-cü il tarixli aktından görünür ki, rəhbərlik BŞTİdən rəsmi cavab alınana qədər xx.xx.2023-cü il tarixdən müəllimənin dərs yükünün 8 saat azaldığını və şagirdin vakansiyaya verildiyi barədə müəlliməni məlumatlandırdı. Aktın surəti yazılı xəbərdarlıq olaraq İddiaçı müəlliməyə göndərilsin ki, xx.xx.2023-cü il tarixdən ev təhsil şagirdi 8 saat E.Qədirov dərs yükündən götürülür. - Bakı şəhəri Cavabdeh 06 mart 2023-cü il tarixli, 71 nömrəli “Dərs yükü barədə” əmrindən çıxarışdan görünür ki, İddiaçı diaqnostik qiymətləndirmədən keçmədiyinə görə onun dərs yükündən 4-cü sinif şagirdi 1c sinif şagirdi X9 8 saat xx.xx.2023-cü il tarixdən götürülsün və onun dərs yükü xx.xx.2023-cü il tarixdən 28 saat hesablansın. - Bakı şəhəri Cavabdeh 06 mart 2023-cü il tarixli, “71 nömrəli əmrə düzəliş edilməsi barədə” 73 nömrəli əmrdən çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə verilmiş əmr 71 №-li əmrdə tarix mexaniki olaraq səhv getdiyi üçün düzəliş edilərək, xx.xx.2023-cü il tarixi qüvvədən düşmüş hesab edilsin və tarix “xx.xx.2023-cü il” kimi qəbul edilsin. - “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə 26 aprel 2023-cü il tarixli, MŞB/8/2023-00572 saylı arayışdan görünür ki, Cavabdeh direktoru X2 26 aprel 2023-cü il tarixdə keçirilən ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün 55 manat ödəmişdir. - Cavabdeh 01 fevral 2023-cü il tarixli fevral ayı üçün əmək haqqı tabelindən görünür ki, İ-İV siniflər üçün 16 saat, V-İX siniflər üçün 20 saat ev dərsi, cəmi 36 saat qeyd edilmişdir. - 13 iyun 2023-cü il tarixli ödəniş kartından çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı hesabına 260 manat pul köçürülmüşdür. - X4 anası X1 ərizəsindən görünür ki, o, İddiaçı 2022-ci ildən 2023-cü il mart ayının 6-na qədər dərs keçməsindən çox razıdır və heç bir şikayəti yoxdur. Müəllimənin hər dərs günündən razı qaldığını oğlunun məktəbli kitabçasında öz imzası ilə təsdiq edib məktəbə təqdim etmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı 2008-ci ildən pedaqoji fəaliyyətlə məşğul olur. 2014-cü ildən isə Cavabdehndə ev təhsil müəlliməsi işləyir. 06 mart 2023-cü il tarixli əmrlə onun dərs saatından 8 saat götürülmüş və 28 saat dərs saatı müəyyən edilmişdir. Fevral ayında onun dərs saatı 36 saat hesablanmışdır. Fevral ayının əmək haqqından 260 manat əskik köçürüldüyündən sonradan məktəbin direktoru Nüşabə Məmmədova şəxsi vəsaitindən 260 manat İddiaçı hesabına köçürmüşdür. Hazırda iddiaçı Cavabdeh dərs yükünün 08 saat azaldılması barədə xx.xx.2023-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsini, dərs yükünün 2 (iki) stavka 36 saatadək bərpa olunması və xx.xx.2023-cü il tarixdən dərs yükü bərpa olunan tarixədək həftəlik 08 saatlıq əmək haqqında yaranmış fərqin ona ödənilməsini xahiş edir. Məhkəmə hesab edir ki, tərəflər arasında yaranmış fərdi əmək mübahisəsi aşağıda qeyd olunan qanunvericilik normalarının tətbiq olunması əsasında həll olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinə əsasən hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: - 3-cü maddəsinə əsasən əmək müqaviləsi işəgötürənlə işçi arasında fərdi qaydada bağlanan əmək münasibətlərinin əsas şərtlərini, tərəflərin hüquq və vəzifələrini əks etdirən yazılı müqavilədir. - 287-ci maddəsinə əsasən fərdi əmək mübahisələri, işəgötürənlə işçi arasında əmək müqaviləsinin, kollektiv müqavilənin şərtlərinin, habelə əmək qanunvericiliyinin və digər normativ hüquqi aktların tətbiqi zamanı yaranan və bu Məcəllə ilə müəyyən edilmiş qaydada, üsullarla və şərtlərlə tərəflərin hüquq bərabərliyi və qanunun aliliyi prinsipləri əsasında həll edilən fikir ayrılığıdır. - 288-ci maddəsinə əsasən fərdi əmək mübahisələrinin predmetinə daxil olan hallardan biri də əmək müqaviləsinin ləğv olunması ilə bağlı işçi ilə işəgötürən arasında yaranan mübahisələrdir. - 292-ci maddəsinə əsasən işçi hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, həmin Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara və ya məhkəməyə müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər. “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci bəndinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınır. Dərs bölgüsü aparılarkən müəssisədə işləyən müəllim üçün həftəlik dərs yükü 18 saat (bu zaman həftəlik dərs yükü 2 stavkadan artıq olmamalıdır) müəyyənləşdirilir. Vakant dərs yükü 18 saatdan az olarsa, həmin saatlar ilk növbədə müəssisənin ixtisaslı müəllimləri arasında bölüşdürülür. Məhkəmə iddia tələbinin “Cavabdeh dərs yükünün 08 saat azaldılması barədə xx.xx.2023-cü il tarixli əmri qanunsuz və əsassız olduğundan ləğv edilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.2-ci tələbinə əsasən müəllimlərin yeni tədris ili üçün dərs yükü müəssisə rəhbəri tərəfindən müəllimlər əmək məzuniyyətinə çıxanadək müəyyənləşdirilir və onlara bu barədə məlumat verilir. Müəllimlərin dərs yükü tədris ili ərzində, bir qayda olaraq, sabit saxlanılır. Dərs yükü bölüşdürülərkən mövcud qanunvericiliyin və təlimati sənədlərin tələbləri, müəllimlərin diaqnostik qiymətləndirmədə göstərdiyi nəticələri müəssisə rəhbəri tərəfindən nəzərə alınması qeyd olunmuşdur. Göründüyü kimi yuxarıda qeyd olunan Qaydalarda dərs yükünün “bir qayda olaraq, sabit saxlanılır” müəyyən etmişdir. X6 İddiaçı dərs yükünü dərs ilinin sonuna 3 ay qalmış azaltmışdır. 06 mart 2023-cü il tarixli, 71 nömrəli “Dərs yükü barədə” əmrindən çıxarışdan görünür ki, İddiaçı diaqnostik qiymətləndirmədən keçmədiyinə görə onun dərs yükü azaldılaraq 28 saat hesablanması qərara alınmışdır. Mülki işin araşdırması zamanı müəyyən olundu ki, İddiaçı sonuncu dəfə 2018-ci ildə keçirilən diaqnostik qiymətləndirmədə iştirak etməmişdir və 2018-ci ilən 06 mart 2023-cü il tarixli əmr verilənə kimi 36 saat dərs yükü ilə işləmişdir. Bundan başqa müəyyən olundu ki, diaqnostik qiymətləndirmədən keçmək məcburi qaydada deyil. Daha sonra cavabdehin vəkili və nümayəndəsi dərs yükü götürülmüş X4 valideyninin İddiaçı şikayət etdiyini bildirmişdir. Bunun əksinə X4 valideyni ərizə ilə məhkəməyə müraciət edərək İddiaçı dərs keçməsindən çox razı olduğunu və heç bir şikayəti olmadığını bildirmişdir. Həmçinin müəllimənin hər dərs günündən razı qaldığını oğlunun məktəbli kitabçasında öz imzası ilə təsdiq edib məktəbə verdiyini qeyd etmişdir. Məhkəmə şikayətin və Elcan Qədirovun məktəbli kitabçasını məhkəməyə təqdim etməsini tələb etsə də Cavabdeh vəkili və nümayəndəsi təqdim edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Cavabdeh direktoru Nüşabə Məmmədova “Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2018-ci il tarixli F-346 nömrəli əmri ilə təsdiq edilmiş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində və peşə liseylərində müəllimlərə tələbatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”na zidd olaraq heç bir əsaslı səbəb olmadan dərs ilinin sonuna 3 ay qalmış dərs yükü sabit saxlanılmalı olduğu halda yeni təxirasalınmaz hal olmadan 2018-ci ildən məlum olan halı əsas gətirərək dərs yükünü azaltmışdır. Beləliklə, məhkəmə belə qənaətə ki, 06 mart 2023-cü il tarixli, 71 nömrəli əmr əsassız və qanunvericiliyin tələblərinə zidd olduğundan ləğv edilməlidir və dərs yükü 2 (iki) stavka 36 saatadək bərpa olunmalıdır. Məhkəmə iddia tələbinin “xx.xx.2023-cü il tarixdən dərs yükü bərpa olunan tarixədək həftəlik 08 saatlıq əmək haqqında yaranmış fərqin ona ödənilməsi” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi bu hissədə əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, İddiaçı 4-cü sinifdə oxuyan 1c sinif şagirdi X5 2023-cü ilin mart ayınadək dərs keçməsi və fevral ayının əmək haqqını alması işin mübahisəsiz halıdır. Belə olan halda Əmək Məcəlləsinin tələbinə görə əmək haqqı müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün işçinin gördüyü işə görə ödənilən puldur. Demək ki, iddiaçı keçmədiyi dərsə görə əmək haqqı ala bilməz. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 154-cü maddəsinə əsasən əmək haqqı - müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, ona görə də məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xüsusi təhsil məktəbinin İddiaçı dərs yükünün azaldılması barədə 06 mart 2023-cü il tarixli əmri ləğv edilməli və dərs yükü 2 (iki) stavka 36 saatadək bərpa olunmalıdır. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360, 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Bakı şəhəri üzrə Təhsil İdarəsi 3 saylı Xüsusi təhsil məktəbinin İddiaçı dərs yükünün azaldılması barədə 06 mart 2023-cü il tarixli əmri ləğv edilsin və dərs yükü 2 (iki) stavka 36 saatadək bərpa olunsun. İddia tələbi qalan hissədə təmin edilməsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar