Məhkəmə qərarları › İş №2(007)-1677/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1677/2023

19.07.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1677/2023 19.07.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Dadaşova Emina Bəhruz qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 6 saylı Bakı “Asan xidmət” X11 maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi 6 saylı Bakı Asan Xidmət X11 maraqlı şəxs qismində cəlb olunmaqla "ölüm faktının müəyyən edilməsi" haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 01 iyul 1972ci il tarixdə Ağsu Rayonunda anadan olmuş X4 31 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 31 mart 2023-cü il tarixdə ərizəçi və həyat yoldaşı evdə olduqlarında, ərizəçinin həyat yoldaşı X4 vəziyyəti pisləşmiş, təcili tibbi yardım çağırılsa da, təcili tibbi yardım gələnə kimi X9 rəhmətə getmişdir. Həyat yoldaşı X2 rayonu, Qızıldaş qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Ərizəçi 6 saylı Bakı “Asan Xidmət” Mərkəzində Qeydiyyat X1 ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən həmin müraciəti təmin etməmişdir. Bu səbəbdən ərizəçi ölüm faktının müəyyən olunması məqsədilə aidiyyatı üzrə məhkəməyə müraciət etmişdir. Ərizəçinin həyat yoldaşı X4 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək, 01 iyul 1972-ci il tarixdə Ağsu Rayonunda anadan olmuş X4 31 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə faktın müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 6 saylı Bakı Asan Xidmət X11 xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə poçt vasitəsilə ərizə verərək iş yükünün çoxluğu və müraciətlərin sayının artması səbəbindən qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan məhkəmə iclaslarının keçirilməsini xahiş etmişdir. Məhkəmə 6 saylı Bakı Asan Xidmət X6 nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmənin 19 iyul 2023-cü il tarixli iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində bildirmişdir ki, X9 anasıdır. Şəkər xəstəsi olmuşdur. Tez-tez həkimə gedərək müalicə alırdı. Qarnına su yığılmışdı. Axşam yedi, sonra yatdı, ayılmadı. Ağrıları var idi. Qaradağ rayon Qızıldaş qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmənin 19 iyul 2023-cü il tarixli iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X16 ifadəsində bildirdi ki, X9 qaynanasıdır. Xəstə idi. Bədəninə tez-tez su yığılırdı. Əsəbi idi. Daima müalicə alırdı. Hətta xəstəxanalarda da yatıb. Xəstəliyi ilə əlaqədar rəhmətə gedib. Qaradağ rayon Qızıldaş qəsəbə qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 6 saylı Bakı Asan Xidmət X6 03 aprel 2023-cü il tarixli, 3-16-5/7-15/706/2023 saylı məktubunun surətindən görünür ki, X4 ölümünün qeydə alınması ilə bağlı 6 saylı Bakı Asan Xidmət X11 xx.xx.2023-cü il tarixli ərizəyə cavab olaraq bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Göstərilənlərlə bağlı qeyd edilir ki, X4 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. - AZE seriyalı, 14781667 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X9 01 iyul 1972-ci ildə Ağsu Rayonunda anadan olmuşdur. - V-ЖГ seriyalı, 383666 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X5 arasında 25 mart 1991-ci il tarixdə Ağsu Rayonu Halva kəndi XDİ-də nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 02 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvad “Bədəlova” soyadını qəbul etmişdir. - 9 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının 04 aprel 2023-cü il tarixli, 53 nömrəli məktubundan görünür ki, X9 ünvan 1 ünvanında qeydiyyatda olmasına baxmayaraq, yaşayış yeri Gəncə prospekti 50 olub. - Qaradağ Rayonu Qızıldaş Bələdiyyəsi tərəfindən verilən 21 iyul 2023-cü tarixli, 162 saylı arayışından görünür ki, X9 31 mart 2023-cü il tarixdə vəfat etmiş və Qızıldaş Qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Dəfn xərcləri həyat yoldaşı Ərizəçi tərəfindən ödənilmişdir. - Təcili və X12 Stansiyasının 31 mart 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X3 və X12 gələnə qədər ölmüşdür. - xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, X18 məhkəməyə müraciət etmək üçün 101 manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X9 01 iyul 1972-ci il tarixdə Ağsu Rayonunda anadan olmuşdur. X3 və X12 gələnə qədər 31 mart 2023-cü il tarixdə vəfat etmiş və Qaradağ rayonu Qızıldaş qəsəbə qəbiristanlığında dəfn olunmuşdur. Ərizəçinin müraciəti 6 saylı Bakı Asan Xidmət X11 tərəfindən araşdırılmış, izah edilmişdir ki, ərizəçi, X4 ölüm faktını təsdiq edən sənədi təqdim edə bilmədiyindən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndinə əsasən xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X4 31 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X4 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, 01 iyul 1972-ci il tarixdə Ağsu Rayonunda anadan olmuş X4 31 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir, qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. 01 iyul 1972-ci il tarixdə Ağsu rayonunda anadan olmuş X4 31 mart 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar