Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-168/2025 10.03.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ X19 Tağı oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Əliyeva Leyla Mirfazil qızının katibliyi ilə, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Heydər Əliyev adına X20 və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında Heydər Əliyev adına X20 və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti mülki iş üzrə mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmişlər. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Heydər Əliyev adına Bakı X20nun və X1 15.1.12 nömrəli, xx.xx.2008-ci il tarixli qərarı ilə Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, yataqxana ev 89, 220 nömrəli mənzil onun istifadəsinə verilmişdir. Bununla bağlı ona yataqxanadan yaşayış sahəsi almaq üçün 28 nömrəli order təqdim olunmuşdur. Həmin orderin surətini də hazırkı ərizəsinə əlavə etmişdr. Həmin orderdə də Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, yataqxana-ev 89, 220 nömrəli mənzilin onun istifadəsinə verilməsi açıq-aşkar öz əksini tapmışdır. Torpaqlarımız mənfur düşmənləri tərəfindən işğal olunan zaman Zəngilan rayonun Ağalı kəndindən məcburi köçkün düşmüş cabdehlər- Cavabdeh1 və onun ailə üzvləri olan qızları- Cavabdeh3, Cavabdeh2 onun istifadəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, yataqxana-ev 89, 220 nömrəli mənzildə məskunlaşmışdılar. Cavabdehlərin həmin mənzildə yaşamasının təsdiq edən arayışın surətini də hazırki ərizəsinə əlavə etmişdir. O da vətənini, millətini, xalqını sevən bir azərbaycanlı kimi bu çətin günlərində onlara kömək olmaq, dəstək vermək üçün istifadəsinə verilmiş mənzildən cavabdehlərin istifadə etməsinə etiraz etməmişdir. Lakin, hazırda qalib xalqın və müzəffər ordunun Cənab Ali Baş X14 rəhbərliyi altında 41 günlük vətən müharibəsi nəticəsində işğal altında olan torpaqlarımız yenilməz ordumuz tərəfindən erməni işğalından azad edilmiş, mənfur düşmənlərimiz həmin torpaqlardan çıxarılmışdır. Hazırda da işğaldan azad edilmiş ərazilərdə sürətlə təmir-bərpa, quruculuq işləri aparılaraq, doğma el-obasından məcburi köçkün düşmüş soydaşlarımız, öz doğma torpaqlarına qaytarılmaqdadır. Artıq cavabdehlərin məcburi köçkün düşdükləri Zəngilan rayonunun Ağalı kəndi tam bərpa olunmuş, həmin kəndin sakinləri ora köçürülmüşdür. Həmçinin digər məcburi köçkünlər kimi cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri olan qızları Cavabdeh3 və Cavabdeh2 də məcburi köçkün düşdükləri Zəngilan rayonunun Ağalı kəndində mənzillə təmin olunmuşdur. Buna görə də hazırda cavabdehlərin onun mənzilindən çıxarılması zərurəti yaranmışdır. Dövlət tərəfindən onun istifadəsinə mənzil verilsə də, o, uzun illərdir ki, kirayələrdə yaşayır. Bundan əlavə hazırda onun maddi imkanı da kiafayət qədər ağırdır. Eyni zamanda kirayə haqqı ödəməyə də maddi imkanı çatmır. Buna görə də hesab edir ki, hazırkı iddia ərizəsi mütləq qaydada təmin edilərək cavabdehlər- Cavabdeh1 və onun ailə üzvləri olan qızları- Cavabdeh3, Cavabdeh2 onun istifadəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, yataqxana-ev 89, 220 nömrəli mənzildən çıxarılmalıdır. Əks halda qanuni əsaslarla dövlət tərəfindən ona verilmiş mənzildən uzun müddətdir istifadə edə bilmədiyi kimi yenə də istifadə edə bilməyəcək. Bu da onun pozulmuş konstitusion hüquqlarının bir daha pozulmasına səbəb olacaqdır. Göstərilənlərə əsasən, hazırkı ərizəsini nəzərə alıb cavabdehlər Cavabdeh1 və onun ailə üzvləri olan qızları- Cavabdeh3, Cavabdeh2 Kövşən qızının Heydər Əliyev adına Bakı X20ııun 28 nömrəli orderilə istifadəsinə verilmiş Bakı şəhəri, Nizami rayonu, Babək prospekti, yataqxana-ev 89, 220 nömrəli mənzildən çıxarılması və onun həmin mənzilə köçürülməyi barədə qətnamə çıxarılması xahiş edilmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2, iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq göstəmişdir ki, mübahisə predmeti olan mənzil order əsasında iddiaçıya verilmişdir, lakin cavabdehlər həmin mənzildə məskunlaşdıqlarından iddiaçı oradan istifadə edə bilmir. Cavabdehlər həmin ünvana 2010-cu ildən gəlmişlər. Mənzil hazırda 142 saylı MİKS-in balansındadır. İddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdeh X9 iddia tələbini qəbul etməyərək izahatında bildirmişdir ki, Yaqut xanım o evdə heç vaxt yaşamamışdır. Heç bir qonşu onu, o da heç bir qonşunu tanımır. Onlar orada 1993-cü ildən qaçqın kimi yaşamışlar. Qeydiyyatları yataqxanadadır. X15 kəndindəndir və onlara hələ ev verilməmişdir. O evi ona zavod vermişdir ki, yaşasın. Çünki o, zavodda işə götürülmüşdür. Sənədlər saxtadır. 2018-ci ildə yataqxananı köçürtməklə bağlı məhkəmə işi olan zaman Yaqut ona zəng edərək hədələmişdir ki, verilən pul ona çatacaq. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmənin əvvəlki iclasında iştirak edən cavabdehlər Cavabdeh3 və Cavabdeh2 iddia tələbini qəbul etmədiklərini bildirmişlər. Hazırkı məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə2, cavabdehlər X9, Cavabdeh2 və Cavabdeh3 və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Heydər Əliyev adına X20 və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyətinin nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak etmiş şəxslərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: -Heydər Əliyev adına Bakı X20 müdriyyəti və həmkarlar ittifaqı komitəsinin birgə iclasının 15.1.12 saylı, xx.xx.2008-ci il tarixli qərarının surətindən görünür ki, İddiaçı (“Bənövşə” u/b) ünvan 1 ünvanında məskunlaşması üçün yaşayış orderi verilməsi qərara alınmışdır. -Heydər Əliyev adına BNEZ yataqxanada yaşayış sahəsi almaq üçün verilmiş 28 nömrəli orderin surətindən görünür ki, Babək prospekti 89 ünvanında yerləşən yataqxananın 220 nömrəli otağı xx.xx.2008-ci il tarixdə “Bənovşə” adlı sexin işçisi İddiaçı verilmişdir. Order direktor müavini R.M.Məmmədov tərəfindən xx.xx.2008-ci il tarixdə imzalanmışdır. -Heydər Əliyev adına BNEZ yataqxanada yaşayış sahəsi almaq üçün verilmiş 28 nömrəli orderin 30 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş surətindən görünür ki, Babək prospekti 89 ünvanında yerləşən yataqxananın 220 nömrəli otağı xx.xx.2008-ci il tarixdə “Bənovşə” adlı sexin işçisi İddiaçı verilmişdir. Order direktor müavini M.Ələkbərov tərəfinfən xx.xx.2008-ci il tarixdə imzalanmışdır. -142 saylı Mənzil-Kommunal İstismar Sahəsinin xx.xx.2022-ci il tarixli, 044 saylı məlumatından görünür ki, balanslarında olan Nizami rayonu, Babək prospekti 89 saylı evin 220 saylı otağında Zəngilan rayonundan məcburi köçkün olan Cavabdeh1, qızları Cavabdeh3 və Cavabdeh2 ilə birlikdə yaşayır. -xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, iddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən 100 manat dövlət rüsumu ödəmişdir. -142 saylı Mənzil Kommunal İstismar Sahəsinin 371 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Nizami rayonu, Babək prospekti, 89 saylı evin, 2520 nömrəli otağında Zəngilan rayonundan məcburi köçkün olan X9 qeydiyyatsız yaşayır. - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsi Nizami rayon sektorunun 98 saylı, xx.xx.2024-cü il tarixli arayışından görünür ki, X2 rayonu, Babək prospekti 89 ünvanında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. -xx.xx.2018-ci il tarixli, 208 saylı Heydər Əliyev adına X20 tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 Heydər Əliyev adına X20ndan kimyəvi təhlil laborantı vəzifəsində xx.xx.1994-cü il tarixdən çalışır. - Azərbaycan Respublikası Qaçqınların və X7 üzrə Dövlət Komitəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Zəngilan rayonundan məcburi köçkün düşmüş vətəndaşlar, X9, Cavabdeh3 və Cavabdeh2 Nizami rayonu, Babək prospekti 89 ünvanında yataqxana binasında məcburi köçkün kimi müvəqqəti qeydiyyatdadır. -142 saylı MKİS rəisi N. Cabbarovun 3 saylı XT MKTB-nin rəisi Rüstəm Kocayevə ünvanladığı məktubdan görünür ki, Heydər Əliyev adına BNEZ-in İddiaçı verdiyi 28 saylı orderə əsasən sonuncu, X5, X3 həmin ünvanda qeydiyyatdadır, yerli sakinlərdir, heç biri orada yaşamır. Qeyd olunan ünvanda faktiki olaraq 1993-cü ildən X9, Cavabdeh3 və Cavabdeh2 məskunlaşmış və hal-hazırda yaşayırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın; 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). İnsan və vətəndaş hüquq və azadlıqlarının dövlət müdafiəsinin təminatlılığı dövlətin Konstitusiyanın 12-ci maddəsində ifadəsini tapmış ali məqsədi ilə bağlıdır. Həmin maddəyə müvafiq olaraq vətəndaşların hüquq və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir. Hakimiyyətin ayrı-ayrı qolları insan hüquq və azadlıqlarının qorunmasına görə cavabdehlik daşıyır. Konstitusiyanın 71-ci maddəsinin 1-ci hissəsinə müvafiq olaraq Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquq və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Avropa Şurasının üzvü kimi “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına qoşulmuş, Konvensiyada təsbit olunmuş hüquqların yurisdiksiyasında olan insanlar üçün təmin etməyi öhdəsinə götürmüşdür. Azərbaycan Respublikasının həmin Konvensiyaya qoşulması milli məhkəmələr tərəfindən İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqini şərtləndirir. Milli məhkəmələr üçün həmin presedentlərin mahiyyəti ondan ibarətdir ki, məhkəmələr onu əvvəllər Avropa Məhkəməsi tərəfindən baxılan işlərə bənzər işlərdə tətbiq etməlidirlər. Milli qanunverici və məhkəmə orqanları həmin qərarları qanunyaradıcılıq və Konvensiyanın hər hansı tətbiqi prosesində nəzərə almalıdırlar. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı ilk dəfə 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsi subyektiv hüquqlarına qəsd etməməyini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyətçini qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Mülkiyyət hüququnun təbii xarakteri heç də həmin hüququn məhdudlaşdırıla bilinməməsi anlamını vermir. Lakin mülkiyyət hüququnun məhdudlaşdırılması hər bir halda dəqiq və kifayət qədər detallaşdırılmış, konkretləşdirilmiş olmalıdır. Mülkiyyət hüququnun məhdudlaşdırılmasına qayda kimi deyil, qaydadan istisna kimi baxılmalıdır. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsində göstərilən “mülkiyyət” və “əmlak” anlayışı iqtisadi maraqların geniş spektrini özündə ehtiva edir. Təşəkkül tapmış presedent hüququna əsasən 1-ci maddənin təsir dairəsinə daşınar və daşınmaz əmlak, maddi və qeyri maddi maraqlar, məsələn, səhmlər, patentlər, iddia barədə arbitraj qərarı, pensiya hüququ, ev sahibinin icarə almaq hüququ, biznes fəaliyyətinin həyata keçirilməsi ilə bağlı iqtisadi maraqlar, hüquqi həllini gözləyən konkret situasiyaya müəyyən şərtlərin tətbiqinə ümid edilməsi və sair daxildir. Nəzərə almaq lazımdır ki, 1 saylı Protokolun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından “mülkiyyət” anlayışı müstəqil məna daşıyır. “ “Van Marle və başqaları Niderlanda qarşı” iş üzrə qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, maddi dəyəri olan hər hansı hüquq 1-ci maddədə ifadə olunmuş “əmlak” anlayışı ilə əhatə olunur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 30 noyabr 2004-cü il tarixli Qərarında göstərmişdir ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin 1-ci hissəsində “mülkiyyət” anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: məsələ bütövlükdə nəzərdən keçirilən işin halları ilə həmin maddə əsasında müdafiə olunan əhəmiyyətli mənafelər üzərində titulun ərizəçiyə təqdim edilib-edilməməsinin müəyyənləşdirilməsindən ibarətdir. Müvafiq olaraq, bu müddəanın məqsədləri üçün fiziki mallarla yanaşı, əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “əmlak hüquqları” və beləliklə, “mülkiyyət” kimi qiymətləndirilə bilər. “Mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və ərizəçinin maraqlarını, o cümlədən mülkiyyət hüququnun səmərəli həyata keçirilməsinin əldə olunmasına ən azı əsaslı və “qanuni gözləntiyə” malik olduğuna dair tələblərini də əhatə edə bilər. Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsinə əsasən “..hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz mülkiyyətindən məhrum edilə bilməz..”. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin məqsədləri üçün hər bir konkret işdə ictimai maraq tələbləri ilə ayrı-ayrı şəxslərin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlığa riayət edilib-edilməməsi müəyyənləşdirilməlidir. Hər bir mübahisəyə baxılarkən mülkiyyət hüququna bu və ya digər müdaxilənin mülkiyyət hüququnun müdafiəsi ilə ictimai maraq tələbləri arasındakı ədalətli tarazlığı pozub-pozmamasını müəyyən etmək lazımdır. Bu cür tarazlıq o halda pozulur ki, mülkiyyət hüququna malik olanlar “xüsusi və həddən artıq məhrumiyyətlərə” məruz qalırlar. Maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Yuxarıda qeyd olunan qanunvericilik müddəalarının mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddaratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. O cümlədən, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin icraatında olmuş 2(007)-3482/2018 saylı mülki iş materiallarından görünür ki, İddiaçı Cavabdeh1 qarşı “maneələrin aradan qaldırılması və mülkiyyətdən istifadə hüququnun təmin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə Bakı şəhəri, ünvan 2 ünvanında yerləşən mənzilin İddiaçı adına xx.xx.2018-ci il tarixdən, ********** nömrə ilə qeydiyyata alınmasını təsdiq edən RX seriyalı, 10241220 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surəti əlavə edilmişdir. Həmin mülki iş üzrə məhkəmənin xx.xx.2018-ci il tarixli sorğusuna 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il tarixli və məhkəmənin xx.xx.2018-ci il tarixli sorğusuna 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2018-ci il cavab məktubu ilə müəyyən edilmişdir ki, sorğuya əlavə edilmiş RX seriyalı, 10241220 saylı hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış barədə məlumat idarənin arxivində aşkar edilməmişdir. Məhkəmə həmçinin qeyd edir ki, hazırki iş üzrə məhkəmə təqdim edilmiş Heydər Əliyev adına Bakı X20nun 28 saylı yaşayış sahəsinin alınması orderinin surətləri bir-biri ilə eynilik təşkil etmir. Belə ki, Heydər Əliyev adına BNEZ yataqxanada yaşayış sahəsi almaq üçün verilmiş 28 nömrəli orderin surətində Babək prospekti 89 ünvanında yerləşən yataqxananın 220 nömrəli otağının xx.xx.2008-ci il tarixdə “Bənövşə” adlı sexin işçisi İddiaçı verilməsi və orderin direktor müavini “R.M.Məmmədov” tərəfindən xx.xx.2008-ci il tarixdə imzalanması əks olunsa da, Heydər Əliyev adına BNEZ yataqxanada yaşayış sahəsi almaq üçün verilmiş 28 nömrəli orderin 30 saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş surətində Babək prospekti 89 ünvanında yerləşən yataqxananın 220 nömrəli otağının xx.xx.2008-ci il tarixdə “Bənovşə” adlı sexin işçisi İddiaçı verilməsi və orderin direktor müavini “M.Ələkbərov” tərəfinfən “xx.xx.2008-ci il” tarixdə imzalanması göstərilmişdir. Qeyd olunanlar onu deməyə əsas verir ki, mübahisə predmeti olan yaşayış sahəsinin İddiaçı məxsus olması işin mübahisəsiz halı deyil. Həmçinin burada cavabdehlərin qəbul etmədiyi hal ondan ibarətdir ki, cavabdehlər mübahisə predmeti olan yaşayış sahəsində 1993-cü ildən etibarən yaşadıqlarını və iddiaçının həmin mənzildə heç vaxt yaşamadığını, bundan başqa sənədlərin saxtalaşdırıldığını bildirirlər. Bu yerdə məhkəmə qeyd edir ki, sözügedən yaşayış sahəsinin iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı sübutlar (orderin əsli və s.) məhkəməyə təqdim edilməmişdir. Mülki prosessual qanunvericiliyə görə, mülki işlər üzrə məhkəmə icraatında çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyinin müdafiə edilməsi üçün irəli sürdüyü tələb və etirazların əsaslarının sübut edilməsi imkanlarını və vasitələrini müəyyən edən sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq mülki məhkəmə icraatının tərəfləri öz tələb və etirazlarının əsası kimi əsaslandığı halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunubolunmadığını müəyyən edir. Göründüyü kimi, qətnamə çıxarıldıqda hakim mülki iş üzrə toplanmış, həmin iş üzrə əhəmiyyət kəsb edən, məhkəmə iclasında tədqiq olunmuş sübutları qiymətləndirməlidir. Bunun üçün işin konkret halları və həmin halları təsdiq və ya inkar edən, işin düzgün həlli üçün əhəmiyyətə malik olan sübutlar müəyyən olunmalıdır. İş üçün əhəmiyyəti olan hallar dedikdə isə hər bir tərəfin öz tələblərinin və ya etirazlarının əsası kimi istinad etdiyi və məhkəmə iclasında tədqiq olunmuş sübutlarla təsdiq və ya rədd olunan hallar başa düşülür. Qanunvericilik mülki işə baxılmasını və çıxarılan qətnaməni tələblə, həmin tələbi müəyyən edən hallarla və bu halları təsdiq edən sübutlarla məhdudlaşdırır. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və biri-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§ 68). İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana” qarşı 06 mart 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Belə olan halda, məhkəmə xüsusi ilə vurğulamağı zəruri hesab edir ki, sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşdüyündən, iddiaçı öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etməlidir. Hazırkı halda iddiaçı iddia ərizəsində göstərdiyi dəlillərini sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Heydər Əliyev adına X20 və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilməməlidir. Bundan başqa, məhkəmə hesab edir ki, iddia təmin edilmədiyindən, iş üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Heydər Əliyev adına X20 və Bakı şəhər Nizami Rayon İcra Hakimiyyəti cəlb edilməklə cavabdehlər X4, Cavabdeh2 və Cavabdeh3 qızına qarşı “yaşayış evindən çıxarılma” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri tərəflərə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov
Məhkəmə qərarları › İş №2(007)-168/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-168/2025
10.03.2025 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver