Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1732/2024 05.07.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mərhum X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, mərhum X6 ilə onun arasında xx.xx.2018-ci il tarixdə renta müqaviləsi bağlanmışdır. Həmin müqavilənin şərtlərinə əsasən o, renta ödəyicisi olaraq renta alan X5 özgəninkiləşdirilən tam hissə (32,4 kv.m) müqabilində aylıq 200 manat haqq ödəməli, həmin 200 manat məbləğindən o, X5 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olam qulluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə də ona hər ay 50 manat nəğd pul ödəməyi öz üzərimə götürmüşdür. Müqavilə şərtlərinə uyğun olaraq X6 ölən günədək o, öz üzərinə düşən vəzifələri layiqincə yerinə yetirmişdir. X6 xx.xx.1948-ci il təvəllüdlü olmaqla, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, həmin ünvanda yaşamışdır. xx.xx.2019-cu il tarixdə X1 səhhəti pisləşdiyi üçün Bakı şəhəri Təcili və X7 Stansiyasına müraciət etmiş X9 həkimləri həmin tarixdə X1 yaşadığı ünvana gələrək, ona tibbi yardım etdikdən sonra onun səhhəti normallaşmış və onun müalicəsi üçün müəyyən dərman preparatlarının alınmasını və tövsiyyələrini verdikdən sonra çıxıb getmişlər. Növbəti gün X1 səhhəti daha da pisləşmiş və o, xx.xx.2019-cu il tarixdə yaşadığı ünvan 1 ünvanında vəfat etmişdir. X1 ölümü ilə bağlı Bakı şəhəri Təcili və X7 Stansiyasının 01 saylı yardım stansiyasına müraciət edilmiş, lakin stansiyanın nümayəndələri gələndə artıq gec olmuş, mərhum artıq keçinmişdir. TTTYS-nin xx.xx.2019-cu il tarixli arayışına əsasən, həmin tarixdə saat 16:25də ünvan 3 ünvanına X1 adına çağırış olmuş, çağırışa gələn həkim tərəfindən qadın cinsli meyit aşkar edilmişdir. X1 ölümündən sonra ona ölüm haqqında şəhadətnamə almaq üçün Maraqlı şəxsnə müraciət etmiş, lakin onun ölümü barədə tibbi şəhadətnamə olmadığından akt qeydinin aparılmasından imtina edilmiş və buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin Bakı şəhər Baş Səhiyyə İdarəsi 8 nömrəli Şəhər Poliklinikasına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanında qeydiyyatda olmuş, xx.xx.1948-ci il təvəllüdlü X1 ölümü haqqında tibbi şəhadətnamə (F106/u) barədə müvafiq arayışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-323()/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddianın rədd edilməsi qərara alınmışdır. Həmin qərardan apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)- 3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-1536/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından aydın olur ki, məhkəmə kollegiyası öz qərarında vurğulamışdır ki, hazırki halda ölümün səbəbinin inzibati icraat qaydasında müəyyən edilməsi nəzərdə tutulmadığından iddiaçı fakt təsdiqi qaydasında ümumi məhkəməyə müraciət edə bilər.
İş materialları :
3. xx.xx.2018-ci il “Renta müqaviləsi”ndən görünür ki, renta ödəyicisi Ərizəçi renta alan X5 özgəninkiləşdirilən tam hissə (32.4 kv.m) müqabilində aylıq 200 manat 00 qəpik haqq ödəməlidir. Həmin 200 manat məbləğində Ərizəçi X5 ömrünün sonuna qədər hər ay 150 manat dəyərində ərzaq, geyim, həkim xidməti, dərman, lazım olan quluq və tələb olunan digər yardımla təmin etməyi, bundan əlavə ona hər ay 50 manat nəğd ödəməyi öz öhdəsinə götürmüşdür.
4. Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-2637-15/23 saylı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnamə ilə təsdiq olunmalıdır. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək mümkün olmamışdır.
5. 5 saylı Bakı “Asan Xidmət” Mərkəzinin Qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli 819-05/70 nömrəli arayışından görünür ki, X6 barəsində Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində Bakı şəhəri üzrə ölüm haqqında akt qeydi aşkar olunmamışdır. Arxiv məlumatları xx.xx.2019-cu ildən xx.xx.2019-cu il tarixədək yoxlanılmışdır.
6. Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-1536/23 saylı xx.xx.2023-cü il tarixli qərarına əsasən müəyyən olunur ki, Ərizəçi cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi” publik hüquqi şəxsinə qarşı “ölüm haqqında tibbi şəhadətnamənin verilməsi” tələbi ilə Bakı İnzibati Məhkəməyə müraciət etmiş və və Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3230/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi rədd edilmiş və Bakı İnzibati Məhkəməsinin qərarından verilmiş şikayət təmin edilməmişdir.
7. Təcili və X7 Stansiyası Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2019-cu il saat 11:31-də çağırış əsasında Bakı şəhəri, Nizami rayonu, Çəmənzəminli küçəsi, ev 104, mənzil 14-ə gəlmiş və halı pisləşən X5 ilkin tibbi yardım göstərmişlər.
8. Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2019-cu il saat 16:25-də çağırış əsasında Bakı şəhəri, Nizami rayonu, Çəmənzəminli ünvanına gəlmiş və həkimə qədər ölüm, qadın cinsli meyid aşkar edilmişdir.
9. Azərbaycan Respublikası Bakı şəhəri Biləcəri Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2021-cü il tarixli 01-06/08-146 nömrəli arayışa əsasən müəyyən edilir ki, X8 xx.xx.2019-cu il tarixdə 2 saylı Biləcəri qəristanlığında dəfn olunmuşdur.
10. İş materiallarına X1 qəbir daşının fotoşəkli əlavə edilmişdir.
11. xx.xx.2024-cü il tarixli 10763 nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
12. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir.
13. Məhkəmə iclasında iştirak edən Ərizəçi nümayəndəsi və vəkili Vəkil ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq izahatında bildirmişdir ki, ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədləri X2 pensiya kartına hər ay pensiya ödənişinin həyəta keçirilməsidir. Belə ki, ərizəçi pensiya ödənişinin dayandırılması üçün müraciət etmiş, lakin mərhumun ölüm haqqında şəhadətnaməsi olmadığı üçün onun ölümü barədə məlumatları sistemə daxil etmək mümkün olmamışdır. Bu səbəbdən hər ay pensiya ödənilir. Ərizəçiçi isə bundan narahat olduğu üçün ölüm faktının müəyyən edilməsini istəyir ki, ölüm haqqında şəhadətnamə alınsın.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan ərizəyə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri:
15. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur və eyni zamanda mərhumu da tanıyırmış. O, ərizəçinin və mərhumun yaşadığı bina ilə üzbəüz yerləşən binada yaşayır. Həmin binalar bir-birinə çox yaxındır. Mərhumun adının Lyudmila olmasına baxmayaraq ona “Mila” deyə səslənir, binanın həyətində toplaşır və bir yerdə söhbət edərlərmiş. O, Lyudmilanın vəfatından binanın həyətində onu dəfn etmək üçün aparanda xəbərdar olmuşdur. Qeyd etdi ki, mərhum təxminən 3 ildir ki vəfat etmişdir və vəfat etməmişdən öncə uzun müddət xəstə yatmışdır. Mərhum ərizəçi tərəfindən dəfn edilmiş və yas mərasimində onun övladı iştirak etmişdir.
16. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 izahatında bildirmişdir ki, o, ərizəçinin qonşusudur və ərizəçinin yaşadığı binanın arxasında yerləşən binada yaşayır. Həmin binada 30-40 ilə yaxın yaşadığını və mərhumunda həmin mənzildə tək yaşadığını qeyd etmişdir. Mərhumun adının Lyudmila olmasına baxmayaraq ona “Mila” deyə səslənirlərmiş. Mərhum Biləcəri qəbristanlığında dəfn edilmişdir. Mərhumun dəfn mərasimində iştirak etməsə də, mərhum vəfat etdikdən bir həftə sonra ərizəçinin evinə gedib ona başsağlığı vermişdir. Mərhumun təxminən bundan 2 il əvvəl yay aylarında vəfat etdiyini və onun yas mərasimində qohum-qonşuların iştirak etdiyini bildirmişdir. Həmçinin qeyd etdi ki, Lyudmila uzun müddət xəstə yatmış və ərizəçi ona xəstə vaxtından etibarən baxmışdır.
Tətbiq edilən hüquq :
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
18. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
19. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
20. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının:
1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
İşin faktiki halı :
21. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi ilə X6 arasında bağlanmış renta müqaviləsinə əsasən ərizəçi mərhumun zəruri ehtiyaclarını qarşılamış və Serikova Lyudmilaya məxsus mənzil isə müqaviləyə uyğun olaraq ərizəçinin adına rəsmiləşdirilmişdir.
22. Ərizəçi hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə məqsədi X2 kart hesabına köçürülən pensiya ödənişinin dayandırılmasıdır.
23. Belə ki, Serikova Lyudmilanın ölümü barədə ölüm haqqında şəhadətnamə verilmədiyi üçün Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona təyin olunmuş pensiya hələ də mərhumun kart hesabına köçürülür. Ərizəçi ölüm haqqında şəhadətnamə alaraq həmin şəhadətnaməni Dövlət Sosial Müdafiə Fonduna təqdim edərək mərhumun hesabına pensiya ödənişlərinin köçürülməsinin dayandırılmasını istəyir.
24. xx.xx.1948-ci il təvəllüdlü X6 xx.xx.2019-cu il tarixdə ünvan 5 ünvanında təcili tibbi yardım gələnədək vəfat etmiş və “Biləcəri Qəbirsanlığı”nda dəfn edilmişdir.
25. X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
26. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X3 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
27. Məhkəmə qeyd edir ki, xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Məhkəmənin mövqeyi :
28. Məhkəmə ərizəçinin nümayəndəsi və vəkilinin izahatını dinləyib, şahid ifadələrini, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
29. Belə ki, xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində vəfat etməsi faktı iş materialları, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
30. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.
31. İşin məhkəmə tərəfindən tədqiq edilən halları ilə müəyyən edilmişdir ki, ərizəçinin məhkəmə qaydasında müəyyən edilməsini istədiyi hüquqi əhəmiyyətli faktın məhkəmə qaydasında müəyyən edilməsi hüquqi nəticəyə, mərhuma məxsus kart hesabına Dövlət Sosial Müdafiə Fondu tərəfindən müvafiq qeydlərin aparılmaqla pensiya ödənişinin dayandırılmasına səbəb olacaqdır.
32. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və X1 ölüm faktı müəyyən olunmalıdır.
Nəticə :
33. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
34. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
35. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1948-ci il təvəllüdlü X1 xx.xx.2019-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Starə Əliyeva