Məhkəmə qərarları › İş №2(007)-1750/2021

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1750/2021

26.05.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1750/2021 26.05.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Həsənova Vəfa Oruc qızının katibliyi, Ərizəçi vəkili X1 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, 21 sentyabr 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş X2 24 oktyabr 2003-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, atası X3 21 sentyabr 1949-cu il tarixdə Bakı şəhərində anadan olmuşdur. Atası onların yaşadıqları ünvan 1 ünvanında yaşamış və 24 oktyabr 2003-cü il tarixində orada vəfat etmişdir. Bu faktı Bakı şəhəri Təcili və Təxirəsalınmaz stansiyası 6 saylı Yardımçı stansiyası tərəfindən verilən Arayışla təsdiq edilir. Atası Bakıda Nizami rayonu ərazisində dəfn olunub. Atasının 24 oktyabr 2003-cü il tarixdə yaşadığı evdə vəfat etməsini şahidlər də məhkəmədə təsdiq edə bilərlər. O, ölüm haqqında Şəhadətnaməni almaq üçün Nizami rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, 106 saylı Poliklinika tərəfindən verilən arayışı təqdim edə bilmədiyi üçün ona ölüm haqqında Şəhadətnamə verməkdən imtina edib məhkəməyə müraciət etməsini məsləhət gömüşlər. Məhkəmə iclasında Ərizəçi vəkili X4 ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinin tələblərini nəzərə alaraq, maraqlı şəxsin iştirakı olmadan iddia ərizəsini baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Bakı Şəhəri Nizmai rayon Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi göndərilmiş 15 noyabr 2019-cu il tarixli məktubundan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5 bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Həmin sənəd olmadığına görə ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət etməsi tövsiyyə edilmişdir. - 26 saylı şəhər poliklinikası tərəfindən verilmiş 24 oktyabr 2003-cü il tarixli arayışdan görünür ki, X3 24 oktyabr 2003-cü il tarixdə vəfat etməsi aşkar edilmiş, meyiddə heç bir zorakılıq əlaməti qeydə alınmamışdır. - Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 nömrəli şəhər poliklinikasının 19 may 2020-ci il tarixli məktubundan görünür ki, 24 oktyabr 2003-cü il tarixdə vəfat etmiş X3 barəsində tibbi şəhadətnamənin verilməsi müddətin buraxılması səbəbindən mümkün olmadığı bildirilmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi atası X3 24 oktyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi atasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 21 sentyabr 1949-cu il tarixdə doğulmuş atası X2 24 oktyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 21 sentyabr 1949-cu il təvəllüldlü X2 24 oktyabr 2003-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar