Məhkəmə qərarları › İş №2(007)-1783/2020

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1783/2020

01.12.2020 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Əmək haqqı tələbi - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1783/2020 01.12.2020 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Ağacanov Ramin Tofiq oğlunun katibliyi, İddiaçı və Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin 04 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də ekspeditor vəzifəsinə bərpa edilməsi, səkkiz ay ödənilməmiş 4344 (dörd min üç yüz qırx dörd) manat əmək haqqının, 380 manat karantin rejiminə görə yardımın, 2000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, 04 iyul 2018-ci il tarixdən Cavabdeh MMC-də ekspeditor vəzifəsinə qəbul edilmişdir. İşlədiyi müddətdə işində heç bir qüsuru olmamışdır. Lakin 2019-cu ilin avqust ayının 1-dən rəhbərlik tərəfindən heç bir səbəb olmadan ona işdən çıxma barədə ərizə yazılması bildirilmişdir. O, ərizə yazmaqdan imtina etmişdir. Bundan sonra daha bir həftə işə getmişdir. İşə getməyinə baxmayaraq, ona işə gəlməmək və işdən azad olunma barədə ərizə yazılması tələb edilirdi, əks təqdirdə Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndi ilə işdən çıxarılacağı barədə hədə qorxular gəlmişlər. Avqust ayının əmək haqqısı ona ödənilmişdir. Onun rəsmi əmək haqqı 650 manat təşkiİ edirdi, həmin maaşın müvafiq ödəmələr çıxıldıqdan sonra əmək haqqı kartına 543 manat maaş köçürülürmüşdür. 19 sentyabr 2019-cu il tarixdə o, cavabdehə yazılı şəkildə müraciət edərək onu hansı səbəblərə görə işdən azad etmək istədiklərini məlumat almışdır. Cavabdeh tərəfindən ona yazılı cavab verilərək bildirilmişdir ki, guya ona dəfələrlə həm yazılı, həm də şifahi məlumat vermişlər, halbuki ona nə yazılı şəkilcə, nə də şifahi şəkildə işdən çıxarılma səbəbləri bildirilməmişdir. Səkkiz ay onunla cavabdeh arasında bağlanmış əmək müqaviləsinə xitam verilməmişdir. Belə ki, ölkəmizdə karantin rejiminin olması ilə əlaqədar olaraq o da işsiz vətəndaşlara dövlət tərəfindən ayrılan 190 manatı almaq üçün qeydiyyatdan keçdikdə ona imtina cnvabı gələrək cavabdehlə bağladığı əmək müqaviləsinin aktiv olduğu müəyyən olunmuşdur. Bundan sonra həqiqətən bunun bələ olduğunu yoxlamaq üçün elektron hökumət portalından müəyyən etmişdir ki, həqiqətən əmək müqaviləsi aktivdir. Məsələyə aydınlıq gətirmək üçün yenidən cavabdehə müraciət etdikdə onunla satış müdiri Qabil adlı şəxs telefonda danışaraq onu təhqir etmiş, ünvanına nalayiq söyüşlər demişdir. Bir neçə müddətdən sonra yenidən elektron hökümət portalı vasitəsilə özü haqqında məlumatlara baxdıqa ona məlum olmuşdur ki, 04 may 2020-ci il tarixdə onunla bağlınmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən xitam verilmişdir. Hesab edir ki, 04 may 2020-ci il tarixli əmr qanunsuz olduğu üçün ləğv olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında Cavabdeh MMC-nin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmədiyini bildirdi və izahat verərək göstərdi ki, Tural Məmədovun şirkətdə yeyintisi aşkar edilmişdir. İddiaçı ödəsində 10.11.2019-cu il tarixə 4.827,68 manat çatışmazlıq aşkar edilmişdir. Onun tərəfindən həmin məbləğ çirkətə qaytarılmamışdır. Bundan başqa, onunla dəfələrlə əlaqə saxlanılmış, işə gəlməsi, məsələnin ayıdnlaşdırılması təkil edilmişdir. Həmçinin bununla bağlı evinə xəbərdarlıq göndərilmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdırıb və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Cavabdeh MMC İddiaçı arasında bağlanmış 04 iyul 2018-ci il tarixli əmək müqaviləsinin müvafiq qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı Cavabdeh MMC-də sürücü-ekspeditor vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və işçinin aylıq əmək haqqı məbləği 273.67 manat müyyən edilmişdir. - Cavabdeh MMC-nin 04 iyul 2018-ci il tarixli **********-2018 nömrəli Əmrindən görünür ki, İddiaçı Cəmiyyətin satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. Bundan başqa 04 iyul 2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında tam maddi məsuliyyət haqqında əlavə müqavilə bağlanmışdır. - Əmək müqaviləsinin bağlanması ilə bağlı 04 iyul 2018-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, İddiaçı Cavabdeh MMC-də sürücü-ekspeditor vəzifəsinə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və işçinin aylıq əmək haqqı məbləği 273.67 manat müyyən edilmişdir. - Cavabdeh MMC tərəfindən İddiaçı göndərilmiş 26 avqust 2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı xidmət göstərdiyi ərazi üzrə ticarət nöqtələrindəki borcların təhvil təslimində iştirakının mütləq olması bildirilmiş və bu məqsədlə Cavabdeh MMC-nin ofisinə dəvət olunmuşdur. - Cavabdeh MMC tərəfindən İddiaçı göndərilmiş 02 oktyabr 2019-cu il tarixli məktubun surətindən görünür ki, İddiaçı dəfələrlə zəng olunsa da, şiafhi və yazılı məktub göndərilsə də, onun hər dəfə müxtəlif bəhanələrlə Cavabdeh MMC-nin ofisinə gəlməkdən boyun qaçırdığı bildirilmişdir. İşdən azad olunmasının səbəbinin tam və ətraflı izah olunması üçün İddiaçı Cavabdeh MMC-nin ofisinə dəvət olunmuşdur. - Cavabdeh MMC-nin 01 avqust 2019-cu il tarixli **********-2019 saylı Əmrindən görünür ki, İddiaçı AR ƏM-nin 62 maddəsinə əsasən işdən kənarlaşdırılması və müəssisəsnin sərəncamına çağrılması qərara əmr edilmişdir. - Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı 04 may 2020-ci il tarixli əmək müqaviləsi bildirişindən görünür ki, Cavabdeh MMC ilə İddiaçı arasında bağlanmış 04 iyul 2018-ci il tarixli əmək müqaviləsinə Əmək Məcəlləsinin 70 Ç bəndinə əsasən, 04 may 2020-ci il tarixdə xitam verilmişdir. - Audit prosedurlarının aparılmasına dair 07 aprel 2020-ci il tarixli Aktdan görünür ki,aparılan audit yoxlamasına əsasən, cəmiyyətin satış təmsilçisi İddiaçı ödəsində 10.11.2019-cu il tarixə 4.827,68 manat çatışmazlıq aşkar edilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı dəfələrlə müraciətlər olunmasına baxmayaraq İddiaçı öhdəsində olan çatışmazlığı cəmiyyətə tam ödəməmişdir. - Cavabdeh MMC-nin 04 may 2020-ci il tarixli **********-2020 nömrəli Əmrindən görünür ki, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 16 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. - İddiaçı məxsus ödəniş kartı üzrə çıxarışdan görünür ki, həmin karta 01 avqust 2019-cu il tarixdən 21 oktyabr 2019-cu il tarixədək 508.74 manat məbləğ mədaxil edilmişdir. Məhkəmə iclasında müəyyən edildi ki, İddiaçı Cavabdeh MMC ilə 04 iyul 2018-ci il tarixli əmək müqaviləsi bağlayaraq, MMC-də sürücü-ekspeditor vəzifəsinə işə qəbul edilmişdir. Əmək müqaviləsi müddətsiz bağlanmış və işçinin aylıq əmək haqqı məbləği 273.67 manat təşkil etmişdir. Bundan başqa 04 iyul 2018-ci il tarixdə Cavabdeh MMC ilə İddiaçı arasında tam maddi məsuliyyət haqqında əlavə müqavilə bağlanmışdır. Cavabdeh MMC-nin 04 may 2020-ci il tarixli **********-2020 nömrəli Əmrinə əsasən, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 16 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Hazırda İddiaçı işə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 2-ci maddəsinin 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir; 7-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək münasibətləri yazılı formada əmək müqaviləsi bağlandıqda yaranır; 11-ci maddəsinin 1-ci hissəsinin “a” və “b” bəndlərinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək hüquqları vardır; 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda, əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər; 71-ci maddəsinin 2-ci hissəsinə əsasən bu Məcəllənin 70-ci maddəsinin “ç” bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun; Göründüyü kimi, yuxarıda qeyd olunan qanunvericilik normalarının tələblərinə uyğun olaraq Cavabdeh MMC-“İşəgötürən” ilə İddiaçı-“İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsi bağlanmış və İddiaçı 04 iyul 2018-ci il tarixdə **********-2018 nömrəli əmrlə Cavabdeh MMC-də satış təmsilçisi vəzifəsinə işə qəbul edilmişdir. İşçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək kimi hüquqları olan “İşəgötürən”in “İşçi” ilə arasında olan həmin müqavilənin Əmək Məcəlləsinin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş əsaslarla və qaydalara ciddi əməl olunmaqla, tərəflərin birinin təşəbbüsü ilə ləğv edilə bilməsi nəzərdə tutulmuşdur. Məhkəmə İddiaçı “Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndini əsas götürüb 04 iyul 2018-ci il tarixindən qüvvədə olan əmək müqaviləsinin ləğvi barədə əmrin ləğv edilməsi, onun yenidən öz iş yerinə bərpa olunması” tələbini əsassız sayaraq qeyd edir ki, tərəflər arasında bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu müddətdə iddiaçı tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur. Belə ki, Audit prosedurlarının aparılmasına dair 07 aprel 2020-ci il tarixli Aktdan görünür ki, aparılan audit yoxlamasına əsasən, cəmiyyətin satış təmsilçisi İddiaçı ödəsində 10.11.2019-cu il tarixə 4.827,68 manat çatışmazlıq aşkar edilmişdir. Cəmiyyətin rəhbərliyi tərəfindən İddiaçı dəfələrlə müraciətlər olunmasına baxmayaraq İddiaçı öhdəsində olan çatışmazlığı cəmiyyətə tam ödəməmişdir. İddiaçı dəfələrlə zəng olunaraq, şiafhi və yazılı məktub göndərilərək, onun xidmət göstərdiyi ərazi üzrə ticarət nöqtələrindəki borcların təhvil təslimində iştirakının mütləq olması bildirilmiş və bu məqsədlə Cavabdeh MMC-nin ofisinə dəvət olunmuşdur. Lakin İddiaçı hər dəfə müxtəlif bəhanələrlə Cavabdeh MMC-nin ofisinə gəlməkdən boyun qaçırmışdır. Bundan sonra Cavabdeh MMC-nin 04 may 2020-ci il tarixli **********-2020 nömrəli Əmri ilə, İddiaçı AR Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndinə əsasən, tutduğu vəzifədən azad edilməsi, onunla bağlanmış əmək müqaviləsinin ləğv edilməsi, istifadə edilməmiş əmək məzuniyyətinə görə 16 gün pulun əvəzinin ödənilməsi əmr edilmişdir. Beləliklə, Cavabdeh MMC “İşəgötürən” ilə İddiaçı “İşçi” arasında əmək münasibətlərini tənzimləyən yazılı əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmiş və “işçi” işdən azad edilmişdir. Bu zaman “işəgötürən” tərəfindən əmək qanunvericiliyinin müvafiq tələblərinə əməl edilmişdir. Məhkəmə onu da qeyd edir ki, sübut etmək yükü təkzib edənin üzərinə düşmüş Cavabdeh MMC-nin nümayəndəsi, Cəmiyyətin qəbul etdiyi əmrlərin qanuni və əsaslı olması ilə bağlı halları sübut etmiş və bununla bağlı sübutlarını məhkəməyə təqdim edərək onların hərtərəfli, tam və obyektiv araşdırılmasını təmin etmişdir. Məhkəmə iddia tələbinin “səkkiz ay ödənilməmiş 4344 (dörd min üç yüz qırx dörd) manat əmək haqqının, 380 manat karantin rejiminə görə yardımın, 2000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi” hissəsinə münasibtədə qeyd edir ki, iddia tələbinin həmin hissəsi irəli sürülən “cavabdehin 04 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də ekspeditor vəzifəsinə bərpa edilməsi” tələbindən irəli gələn, törəmə tələbdir, əsas tələbin əsassız olması, təmin edilməməli olmaması müəyyən edildiyi halda törəmə tələbin də təmin edilməsi üçün əsaslar yoxdur, ona görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin 04 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də ekspeditor vəzifəsinə bərpa edilməsi, səkkiz ay ödənilməmiş 4344 (dörd min üç yüz qırx dörd) manat əmək haqqının, 380 manat karantin rejiminə görə yardımın, 2000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan respublikası Qanununun 9.1.1-ci maddəsinə əsasən əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azaddır, tələb isə təmin edilməmişdir, cavabdehə aid edilə bilməz, ona görə məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “cavabdehin 04 may 2020-ci il tarixli əmrinin ləğv edilməsi, iddiaçının Cavabdeh MMC-də ekspeditor vəzifəsinə bərpa edilməsi, səkkiz ay ödənilməmiş 4344 (dörd min üç yüz qırx dörd) manat əmək haqqının, 380 manat karantin rejiminə görə yardımın, 2000 manat mənəvi ziyanın birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə xərcləri Dövlət büdcəsinə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Əhmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar