Məhkəmə qərarları › İş №2(007)-1796/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1796/2023

28.08.2023 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1796/2023 28.08.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Məhkəmə iclasının katibi Quluzadə Emil Mirələm oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə iştirakları ilə, İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesabın və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh MMC-yə qarşı “əmək haqqı, məzuniyyət pulu, son haqq-hesabın və maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona ödənilməmiş (əvvəlki aylar üçün əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab olaraq) 5532 (beş min beş yüz otuz iki manat) əmək haqqı məbləğinin və 50 (əlli manat) maddi ziyanın “AZNETDEVELOPMENT" Məhdud Məsuliyyətli Cəmiyyətdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onunla işəgötürən Cavabdeh (əvvəlki adı “X2 MMC) arasında bağlanan xx.xx.2022-ci il tarixli xidməti əmək müqaviləsi əsasında araşdırmaçı vəzifəsinə işə qəbul olunmuşdur. Aylıq əmək haqqı 700 manat təşkil etmişdir. Müqavilə bağlandıqdan sonra işə götürən tərəfindən əmək haqqım vaxtlıvaxtında ödənilməmiş, buna görə də o, öz təşəbbüsü əsasında əmək müqaviləsinə Əmək Məcəlləsinin 68.2 “a" yarımbəndinə əsasən xx.xx.2023-cü il tarixində xitam verilmişdir. Belə ki, o, həmçinin digər işçilər işə qəbul olunduqları vaxtdan işə çıxarılmaqlarına baxmayaraq əməklərinin dəyəri tam formada ödənilməmişdir. İşə başladığı ilk aylardan əmək haqqının ödənilməsində gecikmələr olmuşdur. 2022-ci ilin iyun və iyul aylarının əmək haqqısı noyabr və dekabr aylarında verilmişdir. Avqust ayından etibarən 7 ay müddətində onun əmək haqqı ödənilməmişdir. Cavabdeh tərəfindən ona son haqq-hesab vaxtında və düzgün hesablanmayaraq ödənilməmişdir. Beləliklə, cavabdeh tərəfindən ona 7 aylıq əmək haqqı (5532 manat) pulu ödənilməmişdir. Cavabdehin qanunsuz hərəkətlərindən onunla eyni vəziyyətdə olan iş yoldaşları X1 Xidmətinin Bakı şəhər idarəsinə cavabdeh tərəfindən əmək hüquqlarının pozulması ilə bağlı müraciət etmişdir. Araşdırma nəticəsində əmək hüquq pozuntuları ilə bağlı şirkət rəhbərliyi barəsində inzibati tənbeh vermə haqqında qərarlar qəbul edilmişdir. Cavabdeh “AZNETDEVELOPMENT" MMC rəhbərliyi tərəfindən müqavilə üzrə öhdəliklər yerinə yetirilməmiş və onun əmək hüquqları ciddi surətdə pozulmuşdur. Hər dəfə Şirkət başqa müəssisələrin onlara borclarının olduğunu bəhanə gətirmişdir. Beləliklə, cavabdeh tərəfindən onunla əmək müqaviləsinə xitam verilərkən onun işlədiyi son haqq-hesab və məzuniyyət pulu daxil olmaqla son 7 ayın əmək haqqısı, 5532 manat ödənilməmişdir. Əlavə olaraq 50 manat maddi ziyan (nəqliyyat xərci və.s) vurmuşdur. Cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə xx.xx.2023-cü il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbini qəbul etdiyini və iddiaya etrazının olmadığını qeyd etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə izahat verərək bildirdi ki, 5532 manat əmək haqqı məbləğinin və 50 manat maddi ziyanın tutulmasına dair iddia tələbini qəbul edir, iddiaya etirazı yoxdur. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdırıb, sübutlara məcmu halda obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - Əmək müqaviləsinə xitam verilməsi barədə 029-AND-İR saylı xx.xx.2023-cü il tarixli əmrin surətindən görünür ki, Cavabdehndə “layihə üzrə araşdırmaçı” vəzifəsində işləyən İddiaçı ilə bağlanmış xxxxxxxO000100 nömrəli əmək müqaviləsinə “Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2 nömrəli maddəsinin “a” – tərəflərin birinin təşəbbüsü” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. İşçinin xx.xx.2022ci il tarixdən xx.xx.2023-cü il tarixinə qədər istifadə edilməmiş 20 məzuniyyət gününün son haqq-hesabının qanunvericiliyə uyğun şəkildə hesablanıb ödənilməsi Maliyyə/departamentinə həvalə edilmişdir. - İddiaçı sosial arayışınından görünür ki, o, Cavabdehndə layihə üzrə araşdırmaçı vəzifəsində xx.xx.2022-ci il tarixdə işə qəbul olmuş, əmək haqqı məbləği 784 manat təşkil edir. Əmək müqaviləsi xx.xx.2023-cü il tarixdən qüvvədən düşmüşdür. Məhkəmə iclasında müəyyən olundu ki, İddiaçı ilə AZNETDEVELOPMENT” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış xx.xx.2022-ci il tarixli əmək müqaviləsinə əsasən iddiaçı layihə üzrə araşdırmaçı vəzifəsinə işə qəbul edilmişdir. Bundan sonra Cavabdeh xx.xx.2023-cü il tarixli əmrinə əsasən İddiaçı ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin a” bəndinə əsasən xx.xx.2023-cü il tarixdən xitam verilmişdir. Hazırda iddiaçı ona ödənilməmiş əmək haqqı, məzuniyyət pulu, son haqq-hesab kimi 5532 manatın və 50 manat maddi ziyanın ödənilməsi tələb etmişdir. Cavabdeh tərəf isə buna etiraz etməyərək iddia tələbini qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonar MPM): 52.2-ci maddəsinə əsasən cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir; 52.5-ci maddəsinə əsasən iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır; 191.3-cü maddəsinə əsasən cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır; 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və digər hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və digər hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. 223.1-ci maddəsinə əsasən məhkəmə əmlakın və ya pul məbləğlərinin verilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətləri etməyə cavabdehi məcbur edən qətnamə çıxardıqda, qətnamənin nəticə hissəsində kimin, harada, nə vaxt və ya hansı müddətdə həmin hərəkəti etməyə borclu olmasını göstərir. Məhkəmə baxışında müəyyən edilmişdir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə iddia tələbini etiraf etmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Cavabdeh nümayəndəsi (qanuni təmsilçisi) Nümayəndə iddia tələbini etirafı qanuna zidd olmadığı və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmadığı üçün qəbul olunmalıdır Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM): 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdehndən İddiaçı xeyrinə 5532 manat pul və 50 manat maddi ziyan tutulmalıdır. “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında rüsum məbləği ödənilməlidir (hazırkı iddia tələbinə münasibətdə 75,82 manat). Həmin qanunun 9.1.1-ci maddəsinə əsasən, əməyin ödənilməsi və əmək fəaliyyəti ilə bağlı digər tələblər üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Belə olan halda məhkəmə xərcləri Dövlət Büdcəsinin vəsaitləri hesabına aid edilməlidir. Hazırda iddia tələbi təmin edildiyindən, iddiaçı dövlət rüsumu ödəməkdən azad olduğundan, dövlət rüsumu cavabdehə aid edilməli və "xxxx" MMC-dən 75,82 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülməlidir. Şərh olunanlara əsaslanaraq və MPM-in 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehndən İddiaçı xeyrinə 5532 manat pul və 50 manat maddi ziyan tutulsun. Cavabdehndən 75,82 manat dövlət rüsumu tutularaq Dövlət Büdcəsinə köçürülsün. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar