Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1860/2021 22.04.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Hüseynova Bəturə Xaqani qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, anası X1 27 fevral 2021-ci il tarixdə evdə olarkən gecə yatdığı yerdə xırıltılı səs eşitmişdir. Həkim çağırana qədər artıq gec olmuş, anası vəfat etmişdir. Hadisə ilə bağlı Təcili və X6 Stansiyasının 6 saylı bölməsindən onlara 27 fevral 2021-ci il tarixli “ölüm haqqında xəbərdarlıq” vərəqəsi verilmişdir. Həmin vərəqəyə əsasən, anasının rəhmətə getməsi təsdiq edilir. Bundan sonra onlar ölüm haqqında şəhadətnamənin alınması üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmişlər. Onlara imtina məktubu ilə bildirilmişdir ki, “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Buna əsasən şəhadətnamənin verilməsindən imtina edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. 11 may 1971-ci il təvəllüdlü anası X2 27 fevral 2021-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizənin dəlillərini müdafiə edib, eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X4 ifadə verərək göstərdi ki, mərhum X3 onun qonşusudur, 27 fevral 2021-ci il tarixdə vəfat etmişdir. O, bu barədə səhər saatlarında məlumat almışdır. Mərhumun yasında qonşularla birlikdə iştirak etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında şahid qismində dindirilən X5 ifadə verərək göstərdi ki, mərhum X3 onun 31 illik qonşusudur, 27 fevral 2021-ci il tarixdə vəfat etmişdir. O, bu barədə səhər saatlarında məlumat almışdır. Mərhumun yasında qonşularla birlikdə iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı, 08821756 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X3 11 may 1971-ci ildə Gürcüstan Respublikası, Tetriskaro rayonunda doğulmuş, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - İX-ТИ seriyalı, 472476 saylı doğum haqqında şəhadətnamənin və AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsinin surətlərindən görünür ki, Ərizəçi xx xxxxxx 1989-cu ildə Gürcüstan Respublikası, Bolnisi şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyata alınmışdır; - Bakı şəhəri Təcili və X6 Stansiyasının 6 saylı Bölməsinin 27 fevral 2021-ci il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, saat 04:54-də ünvan 3 ünvanında X2 yanına gəldikdə, qadın cinsli meyid, həkimə qədər ölüm müəyyən edilmişdir; - Bakı şəhəri Suraxanı rayonu Zığ Bələdiyyəsinin 02 aprel 2021-ci il tarixli, 89 saylı arayışından görünür ki, Ərizəçi “Dədə Qorqud” qəbiristanlığına müraciətinə əsasən, mərhum anası X3 27 fevral 2021-ci il tarixdə qəbiristanlıqda yer ayrılaraq dəfn olunmuşdur. -Məhkəməyə mərhum X2 qəbrinin yerləşdiyi yerin fotoşəkilləri təqdim edilmişdir; -Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 05 mart 2021-ci il tarixli, 05Q-467/15 saylı məktubda göstərilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 31 oktyabr 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı” Qaydalarının 8.5-ci bəndinə uyğun olaraq ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iclasında müəyyən olundu ki, Ərizəçi 11 may 1971-ci ildə Gürcüstan Respublikası, Tetriskaro rayonunda doğulmuş anası X3 27 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etmişdir. Lakin mərhumun ailə üzvləri ölüm faktını təsdiq edən tibbi şəhadətnamə almamışlar. Ərizəçi anasının ölümünün qeydə alınaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün Bakı şəhəri Nizami rayon Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən tibbi şəhadətnamə təqdim edilmədiyi üçün ölümün qeydə alınmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır; 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır; 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın; 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir; 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Göründüyü kimi, ərizəçi mərhumun ölümünü qeyd etdirə və bu haqda şəhadətnaməni başqa qaydada ala bilmədiyindən bununla bağlı məhkəməyə müraciət etmişdir. Ölümün qeyd edilməsi ərizəçiyə müvafiq sənədlərin hazırlanması üçün lazımdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi 11 may 1971-ci ildə Gürcüstan Respublikası, Tetriskaro rayonunda doğulmuş anası X2 27 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 11 may 1971-ci ildə Gürcüstan Respublikası, Tetriskaro rayonunda doğulmuş X2 27 fevral 2021-ci il tarixdə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 10,0 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-1860/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1860/2021
22.04.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver