Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-1964/2021 05.07.2021 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Nizami rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “birgə nikah dövründə əldə edilmiş mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və mənzilə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini onunla əsaslandırdı ki, o, Cavabdeh1 ilə 1994-cü ildə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşdur. Həyat yoldaşı doğma əmisi qızıdır. Rəsmi nikaha daxil olduqdan sonra bir müddət Sumqayıt şəhərində yataqxanada yaşamış, qaynatası (əmisi) həmin müddətdə Bakı şəhərində ailəsi ilə birlikdə yataqxanada yaşayırdı. Ona bildirdi ki, yaşadıqları yataqxanada onların qonşuluğunda olan mənzili 3000 manata satırlar, o deyilən məbləği düzəldib qaynatasına verdi və onlar həmin mənzilə köçmüşlər. Birgə nikahdan iki övladı dünyaya gəlmişdir. Yataqxana plana düşüb söküldüyü üçün orda yaşayan sakinlərə kompensasiya verildi. Onlara verilən kompensasiyanı aldıqdan sonra 2000-ci ildə Bakı şəhəri, B.Nuriyev küçəsi ev 4 mənzil 47ni alıb ailəsi ilə birlikdə həmin mənzilə köçmüşdür. Mənzil Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yanında DƏDRX-nın 123456 qeydiyyat nömrəsi, 07654897 reyestr nömrəsi ilə qeydə alınaraq ümumi razılğa əsasən müvafiq qaydada Cavabdeh1 Şıxverdı qızının adına qeydə alınaraq Çıxarış verilmişdir. Cavabdehlə münasibətlərinin pozulmasına cavabdehin anasının həddən artıq ailə işlərinə və ailənin idarə olunmasına yerli-yersiz müdaxilələri səbəb olmuşdur. Həyat yoldaşı ilə onun arasında tez-tez mübahisələr olduğuna görə, yoldaşı Bahar ona bildirmişdir ki, evin satılmasına müştəri tapmış və 120.000 manata razılığa gəlmişdir. Evin satılmasına dair etibarnamə istəmiş, mənzil satılandan sonra pulun yarısını ona verəcəyini bildirmiş, hər kəs özünə ayrıca mənzil alsın. O, cavabdehin bu sözlərinə inanaraq 04 avqust 2020-ci ildə onun adına etibarnamə verdi. Həyat yoldaşı Bahar onun etibarından sui-istifadə edərək həmin etibarnamə əsasında Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 4, 47 saylı mənzil 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən 23.09.2020-ci il tarixdə qızı Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Həyat yoldaşı Bahar ona qarşı dələduzluq edərək onu aldatmış və onun bağışlanma müqaviləsindən heç bir xəbəri olmamışdır. Birgə nigah dövründə aldığı mənzildə son günlərədək ailəsi ilə birlikdə yaşamışdır. Sonradan qaynanasının təsiri və təzyiqi nəticəsində o cavabdehlər tərəfindən mənzilə buraxılmamışdır. Mənzilin qapısının açarları cavabdehlər tərəfindən dəyişdirilib, onun cavabdehlə birgə nikah dövründə aldığı mənzildən istifadəsində maneələr yaradılmışdır. Cavabdehlər onu mənzilə buraxmadığına görə qalmağa yeri yoxdur. Qohumların evlərində və küçədə gecələməli olur. Kirayə mənzil tutmağa da maddi imkanı yol vermir. Bu barədə sahə müvəkkilinə bildirsə də müsbət nəticə verməmiş, ona bildirmişdir ki, bu mülki iş olduğuna görə məhkəməyə müraciət olunmalıdır. Ona görə də məcburiyyət qarşısında qalıb məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 4, 47 saylı mənzilə dair 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsini etibarsız hesab edilməsi, onun cavabdehlə birgə nikah dövründə aldığı Bakı şəhəri, B.Nuriyev küçəsi ev 4 mənzil 47-də yerləşən mübahisəli, ümumu sahəsi 45 kvm-dən ibarət olan 3 otaqlı mənzilə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, iddiaçı Cavabdeh1 təxminən 5-6 ay əvvəl etibarnamə vermişdir. Bahar Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi ev 4, 47 saylı mənzili 120000 manata satacağına və həmin puldan iddiaçıya 60000 manat verəcəyinə söz verdi. Onlar evlidirlər, boşanmayıblar. İddiaçı mənzilin satılmasına razi deyildir. Bahar mənzili satıb əldə olunan məbləği yarı böləcəyinə dair iddiaçını inandırmışdır. Etibarnaməni bağışlama niyyətilə verməmişdir, mənzili satmaq üçün vermişdir. Notariusa onunla yoldaşı yox, qızı Fatimə getmişdir. Qızına etibarnaməni evin satılması və əldə olunan məbləğin bölünməsi niyyətilə vermişdir. Qızının xahişindən sonra razı olmuşdur. İddiaçı etibarnaməni Fatiməyə 04.08.2020-ci ildə vermişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh1 izahatında bildirdi ki, iddianı qəbul etmir. İddiaçının dedikləri yalandır. O, etibarnaməni öz razılığı ilə vermişdir. Özü onkoloji xəstədir, bu səbəbdən evi qızı Fatimənin adına rəsmiləşdirmişdir. Rasim etibarnaməni verəndə o xəstə idi. Ona görə Fatimə notariusa gedib. Ev hal-hazırda satışdadır, ev satıldığı təqdirdə iddiaçıya düşən pay ona veriləcək. İddiaçı ilə bir evdə yaşamaq mümkünsüzdür. Ev onun atasının adına idi. Atası rəhmətə gedib. Qızı Fatimə onunla yaşayır. İddiaçı etibarnaməni Fatiməyə evin satılması məqsədilə verib. Mənzili Fatiməyə 03.09.2020-ci ildə bağışlamışdır. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 izahatında bildirdi ki, iddianı qəbul etmir. Atası ilə bir evdə yaşamaq mümkünsüzdür. O, içki içir. Notariusa o, getmişdir. Atası etibarnaməni 04.08.2020-ci ildə vermişdir. Anası xəstə idi. Məhkəmə proses iştirakçılarının izahatlarını, iş materiallarını araşdırıb, iş üzrə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi aşağıdakı əsaslara görə təmin edilə bilməz. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.03.2021-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzil haqqında məlumat və müvafiq sənədlərin surətinin verilməsi ilə bağlı 15.02.2021-ci il tarixli 102 saylı sorğuya baxılmışdır. Bununla əlaqədar olaraq bildirilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzil 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinə əsasən 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. Müvafiq sənədlərin surəti yalnız məhkəmə müraciəti əsasında verilə bilər. İş materiallarında olan Nərimanov rayon Qeydiyyat Şöbəsinin 23.01.2021-ci il tarixli arayışından görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 20 avqust 1994-cü il tarixdə Bakı şəhəri Nərimanov rayon Qeydiyyat Şöbəsində bağlanmış və bu barədə 383 nömrəsi ilə akt qeydi tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdıma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 154147 nömrəli qeydiyyat vəsiqəsinin surətindən görünür ki, Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi qeydiyyatdan keçirilmişdir və bu barədə 11762 saylı reyestr kitabında 17595-ci səhifə qeydə aınmış, 30.05.2003-cü il tarixində qeydiyyat aparılmışdır. İş materiallarında olan 03.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh2 bağışlamışdır. İş materiallarında olan 08.08.2020-ci il tarixli (**********040) ərizədən görünür ki, İddiaçı, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin satılmasına və bağışlanmasına etiraz etməyini bildirmişdir. İş materiallarında olan 02.09.2020-ci il tarixli (**********533) ərizədən görünür ki, X4, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin bağışlanmasına etiraz etməyini bildirmişdir. İş materiallarında olan Bakı şəhəri 15 saylı notariat ofisinin AR-İİ saylı 079784 nömrəli etibarnaməsinin surətindən görünür ki, İddiaçı Cavabdeh1 etibarnamədə qeyd edilən səlahiyyətlərini ona etibar etmişdir. Etibarnamə 1 il müddətibə verilmişdir və 04.08.2021-ci il tarixinədək etibarlıdır. İş materiallarında olan 30.03.2021-ci il tarixli (**********718) İddiaçı tərəfindən Bakı şəhəri 15 saylı notariat ofisinə verilmiş ərizədən görünür ki, 04.08.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində Cavabdeh1 reystrdə 7E-11770 nömrə ilə qeyd olunmuş etibarnamə vermişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 365.1.3-cü maddəsinə əsasən qeyd olunan etibarnamənin qüvvəsinə xitam verilməsi barədə “Elektron notariat” informasiya sistemində qeyd yazılmasına və etibarnamə başqa notariat ofisində təsdiq edilibsə ərizənin dərhal sistem vasitəsilə etibarnaməni təsdiq etmiş notariusa göndərilməsinin təmin edilməsini xahiş edir. Etibarnamə verilmiş şəxsin etibarnaməyə xitam verildiyini bildiyi və ya bilməli olduğu vaxtadək yerinə yetirdiyi hərəkətlər nəticəsində əmələ gələn hüquq və vəzifələr etibarnaməni vermiş şəxs və onun hüquq varisləri üçün üçüncü şəxslər barəsində qüvvəsini saxlayır. Əgər üçüncü şəxs etibanamənin qüvvəsinə xitam verildiyini bilirdisə və ya bilməli idisə, bu qayda tətbiq edilmir. Etibarnaməyə xitam verildikdə, onun verildiyi şəxs və ya hüquq varisləri dərhal etibarnaməni qaytarmağa borcludurlar. İş materiallarında olan AZ-T seriyalı 128875 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 birgə nikahından 16.09.1996-dı il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Ata qrafasında İddiaçı, ana qrafasında isə Cavabdeh1 qeyd olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 2(060)887/2021 saylı 19.05.2021-ci il tarixli qətnaməsinə əsasən iddiaçı Cavabdeh1 cavabdeh İddiaçı qarşı nikahın pozulması tələbinə dair iddiasının təmin olunması qət edilmişdir. İş materiallarında olan 10 saylı Mənzil Komumal İstismar Sahəsinin 22 aprel 2021-ci il tarixli Aktından görünür ki, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzildə 2013-cü ildən bu günə kimi yaşamır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh1 arasında nikah 20 avqust 1994-cü il tarixdə nikaha daxil olmuşlar. Birgə nikahdan 16.09.1996-сı il təvəllüdlü Cavabdeh2 anadan olmuşdur. Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnvertarlaşdıma və Mülkiyyət hüquqlarının Qeydiyyat İdarəsinin ÖM seriyalı 154147 nömrəli qeydiyyat vəsiqəsinə əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh1 adına xüsusi mülkiyyət hüququ kimi 30.05.2003-cü il tarixində qeydiyyatdan keçirilmişdir. 03.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Cavabdeh1 Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzili Cavabdeh2 bağışlamışdır. Bu fakt Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin 02.03.2021-ci il tarixli məktubu ilə öz təsdiqini tapır. Həmin məktuba əsasən Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzil 15 saylı DNK-nın 4Ə/326 reyestr nömrəli 03.09.2020ci il tarixli bağışlama müqaviləsinə əsasən 23.09.2020-ci il tarixdə Cavabdeh2 adına qeydiyyatdan keçmişdir və hazırda onun mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş ərizədən də göründüyü kimi, İddiaçı, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin satılmasına və bağışlanmasına etiraz etməyini bildirmişdir. Həmçinin 10 saylı Mənzil Komumal İstismar Sahəsinin 22 aprel 2021ci il tarixli Aktından da göründüyü kimi İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzildə 2013-cü ildən bu günə kimi yaşamır. İddia tələbində və məhkəmə iclasında İddiaçı Cavabdeh1 vermiş olduğu 04 avqust 2020-ci il tarixli Etibarnaməni verərkən Bakı şəhəri 15 saylı notariat ofisinə Cavabdeh1 yox qızı Cavabdeh2 gəlmiş olduğunu iddia edərək Etibarnaməni Baharın əvəzinə Fatimə aldığını və cavabdehlərin qanunsuz hərəkət edərək onu aldatdıqlarını bildirimişdir. Lakin qanunvericiliyin tələbinə görə Etibarnamə bir tərəfli əqd olduğundan Notariat ofisinə yalnız etibar edənin getməsi kifayətdir etibar edilən ümümiyyətlə Notariat ofisinə getməyə bilər. Bir tərəfli əqdlərdə tərəflərin razılaşmasına uyğun olaraq bir tərəfin iradə ifadəsi zəruri və yetərlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 7 mart 2016-cı il tarixli Qərarına əsasən Mülki Məcəllənin 6-cı maddəsində sadalanan mülki hüquq subyektlərinin bərabərliyi, iradə sərbəstliyi, mülki dövriyyə iştirakçılarının əmlak müstəqilliyi, müqavilələr azadlığı prinsipləri mülki dövriyyəni təmin etməyə, sahibkarlıq fəaliyyətini dəstəkləməyə, sərbəst bazar iqtisadiyyatının inkişafına yönəldilmiş fundamental doktrina hesab olunur və mülki-hüquq münasibətləri iştirakçılarının maraqlarının (qanunvericilikdə nəzərdə tutulan hədlərdə) tarazlaşdırılmış tənzimlənməsinə xidmət edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.2-ci maddəsinə əsasən əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. 324.3-cü maddəsinə əsasən bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. 362.1-ci maddəsinə əasən bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. 362.2-ci maddəsinə əsasən notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. Bundan başqa, iddiaçı Cavabdeh1 ilə birgə nikah dövründə əldə olunmuş mübahisəli mənzili qızına bağışlamaq üçün deyil həmin mənzilin satılaraq pulun yarısının ona veriləcəyi barədə razılaşdığını bildirdi. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 15 saylı Notariat ofisinin Xüsusi X1 tərəfindən təsdiq edilmiş 08 avqust 2020-ci il tarixli (**********040) ərizədən görünür ki, İddiaçı, Cavabdeh1 məxsus Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilin satılmasına və bağışlanmasına etiraz etmədiyini bildirmişdir. Həmçinin İddiaçı 04.08.2020-ci il tarixdə Bakı şəhəri 15 saylı notariat ofisində Cavabdeh1 vermiş olduğu etibarnaməni 30.03.2021-ci il tarixli (**********718) ərizə əsasında Etibarnaməyə xitam vermişdir. Cavabdeh1 mənzili birgə nikahdan anadan olmuş qızlarına bağışlamağına dair razılıq ərizəsini iddiaçı 08 avqust 2020-ci il tarixdə vermişdir. Lakin 04 avqust 2020-ci il tarixli Etibarnaməyə 30.03.2021-ci il tarixli (**********718) ərizə əsasında xitam vermişdir. Bagışlama müqaviləsi isə 03.09.2020-ci ildə bağlanmışdır. İddiaçı 7 ay sonra etibarnaməyə xitam vermiş və bağışlama müqaviləsinin etibarsız hesab olunması barədə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 33.1-ci maddəsinə əsadən ər-arvadın ümumi əmlakı üzərində sahiblik, istifadə və sərəncam hüququ onların qarşılıqlı razılığı əsasında həyata keçirilir. 33.3-cü maddəsinə əsasən ər-arvaddan biri digərinin razılığı olmadan onların ümumi əmlakı üzərində sərəncam əqdi bağlamışsa və əqdin iştirakçısı olan digər tərəf bu cür razılığın olmadığını bilirdisə və ya bilməli idisə, əqd bağlanmasına razılığı olmayan ər (arvad) tərəfindən mübahisələndirilə bilər. 33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 225.1-co maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. 666.1-ci maddəsinə əsasən, bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. 668.1.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların və ya həmin əşyalara hüquqların bağışlanması zamanı bağışlama müqaviləsi notariat qaydasında təsdiqləndikdə bağışlama etibarlı sayılır. İddiaçı Cavabdeh1 bütün əmlakı üzərində sərəncam vermək hüququ verən etibarnamə vermiş və həmin etibarnamənin aldadılma təsiri altında verilməsini məhkəmədə sübuta yetirə bilməmiş, eləcə də İddiaçı etibarnaməni ləğv etdirmək üçün yetərincə zamanı olsa da, o, 7 ay sonra etibarnaməyə xitam vermişdir. Bununla yanaşı İddiaçı mübahisəli evin bağışlanmasına, və satılmasına etiraz etməməsi barədə notariat kontoruna ərizə vermişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 7 mart 2016-cı il tarixli Qərarında “ilk növbədə, aydınlaşdırılmasına ehtiyac olan hal təmsil edilən şəxsin belə etibarnamənin verilməsində hansı əqdləri bağlamasına yönələn iradə ifadəsi olması nəzərə alınmalıdır. Belə ki, həmin şəxs tərəfindən verilən etibarnamədə konkret subyektə münasibətdə konkret şərtlərlə əqdin bağlanmasına dair səlahiyyətlər əks olunmuşdursa, o zaman təmsil olunanın iradə və maraqları müəyyən şəkildə ifadə olunur və təmsilçi təmsil olunanın özünün formalaşdırdığı iradənin vasitəçisi qismində çıxış edir.” qeyd olunmuşdur. Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, məhkəmələrdə mülkiyyət hüququ ilə bağlı olan işlər üzrə mülki qanunvericiliyin müvafiq maddələrinin məzmunu, mülki qanunvericiliyin prinsiplərinə uyğun olaraq mülki hüquq subyektlərinin bərabərliyi və iradə sərbəstliyi, mülkiyyətin toxunulmazlığı, müqavilələr azadlığı, pozulmuş hüquqların bərpasının təmin edilməsi və s. tətbiq edilməlidir. Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında təlimatin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli qərarının 2-ci maddəsinin 7-ci hissəsinə əsasən notarius sənədlərdəki imzaların həqiqiliyini təsdiq edir. Yuxarıda da qeyd edildiyi kimi Bakı şəhəri 15 saylı notariat ofisinin xüsusi notariusu X3 razılıq ərizəsinin ərizəni təqdim edən şəxs tərəfindən imzalandığını təsdiq etmişdir. İddiaçı məhkəmə iclasında izahat verərkən bildirmişdir ki, notariusda ərizəni təqdim edərkən ona heç kim təzyiq etməmiş, ona hədəqorxu gəlməmiş və ona hər hansı başqa bir təsir olmamışdır. Hazırkı halda məhkəmə tərəfindən 03.09.2021-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün hallar müəyyən edilməmiş, bağışlama müqaviləsi qanunvericiliyin tələblərinə uyğun olaraq bağlanmış və təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbində bağışlama müqaviləsinin etibarsız hesab edilməsi üçün qeyd edilən dəlillər əsassızdır. «Mahmudov Rusiyaya qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Kovnensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) Prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənanətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. (§68) Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93). Həmçinin, İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilə köçürülmə tələbinə dair məhkəmədə iddia irəli sürmüşdür. Məhkəmə iddia tələbinin həmin hissəsinə də qiymət verərək hesab etmişdir ki, iddia tələbi həmin hissədə təmin oluna bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Konstitusion hüquqi təbiəti etibarilə mülkiyyət hüququ nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikasının qanunvericiliyi də mülkiyyətin toxunulmazlığına və onun dövlət tərəfindən qorunmasına dair konstitusion prinsip və müddəaları inkişaf etdirərək, bu hüququn əldə edilməsi, həyata keçirilməsi və müdafiəsi mexanizmlərini dəqiqləşdirir. Bu mənada, Konstitusiyanın mülkiyyət hüququna dair müddəalarını inkişaf etdirən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində təsbit edilmişdir ki, mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Yuxarıda sadalananlara əsaslanaraq məhkəmə qeyd edir ki, Cavabdeh1 Şıxverdı qızına məxsus olmuş ünvan 1 ünvanında yerləşən mənzil 03.09.2021-ci il tarixli daşınmaz əmlakın bağışlanma müqaviləsinə əsasən Cavabdeh2 bağışlamış və əmlak tam olaraq onun mülkiyyətinə verilmişdir. İş materiallarından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 12-ci mkr, 33 saylı yataqxanada qeydiyyatdadır. Həmçinin məhkəməyə təqdim olunmuş 10 saylı Mənzil Kommunal İstismar Sahəsinin 22 aprel 2021-ci il tarixli Aktına əsasən İddiaçı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzildə 2013-cü ildən bu günə kimi yaşamır. Belə olan halda isə İddiaçı mübahisəli mənzildən istifadə hüququ yoxdur, buna görə də iddiaçının tələbi əsassızdır. Belə ki, İddiaçı mübahisəli mənzilin satılmasına və bağışlanmasına dair Cavabdeh2 etibarnamə verməklə həmin mənzildən könüllü imtina etmiş və mənzilə dair bütün hüquqlarını Cavabdeh2 vermişdir. Məhkəmə, mülki prosesdə qəbul edilmiş sübut etmə yükünü tərəflərin daşıması, habelə formal həqiqət prinsiplərini rəhbər tutaraq, tərəflərin təqdim etdiyi sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, həmin sübutlara onların aidliyi, mümkünlüyü nəzərə alınmaqla, tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iş üzrə nəticəyə gələrkən yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsində qeyd olunur ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Məhkəmə qeyd edir ki, qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri isə bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmağına dair ehtimal ortaya çıxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mübasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Q.İbadovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 16 iyul 2015-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 7 mart 2016-cı il tarixli Qərarında “Konstitusiyada ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması, məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi təsbit olunmuşdur (Konstitusiyanın 127-ci maddəsinin İİ, İV və Vİİ hissələri).” qeyd olunmuşdur. Konstitusiyanın bu müddəalarına uyğun olaraq ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Hakim bütün hallarda çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsiplərinə əsasən, müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır (Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 88, 217.1 və 217.3-cü maddələri). Məhkəmə sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilə dair 15 saylı DNK-nin 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, onun cavabdehlə birgə nikah dövründə aldıqları ünvan 1 yerləşən mübahisəli, ümumi sahəsi 45 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə köçürülməsi tələbi əsasız olduğundan təmin edilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev küçəsi, ev 4, 47 saylı mənzilə dair 15 saylı DNK-nin 4Ə/326 reyestr nömrəli 03.09.2020-ci il tarixli bağışlama müqaviləsinin etibarsız hesab edib, onun cavabdehlə birgə nikah dövründə aldıqları ünvan 1 yerləşən mübahisəli, ümumi sahəsi 45 kv.m-dən ibarət olan 3 otaqlı mənzilə köçürülməsi tələbinə dair iddiası rədd edilsin. Məhkəmə xərcləri İddiaçı aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova
Məhkəmə qərarları › İş №2(007)-1964/2021
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-1964/2021
05.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver