Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2192/2024 11.06.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin hakimi Əliyeva Qumru Yəhya qızı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişi üzrə öhdəliklərin məcburi icra edilməsi” haqqında ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Ərizəçi ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, ərizənin təmin olunmasını, Maraqlı şəxs ilə bağlanmış MŞB/8/2024-01112 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəlik şərtlərinin məcburi icra edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizədən görünür ki, ərizəçi ərizə ilə məhkəməyə müraciət edərkən müvafiq prosessual pozuntulara yol vermişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 150.1.2-ci maddəsinə əsasən iddia ərizəsinə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilir; 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun: 8.2-ci maddəsinə əsasən qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə 100 miqdarında dövlət rüsumu ödənilir. 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Hazırkı halda müəyyən edildi ki, ərizəçi tərəfindən 80 manat mediasiya xərci ödənilmiş və ərizəçi həmin məbləğ həddində dövlət rüsumu ödməkdən azad edilməlidir. Yəni ərizəçi hazırkı ərizə üzrə 20 manat dövlət rüsumu ödəməli idi. Belə ki, ərizəçi tərəfindən hazırda qanunvericiliklə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsi barədə sənəd təqdim edilməmiş, iş materiallarında dövlət rüsumunun göstərilən məbləğdə ödənilməsini təsdiq edən hər hansı bir sənəd aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə baxır. Hazırda isə ərizəçi “MŞB/8/2024-01112 saylı xx.xx.2024-cü il tarixli barışıq sazişi üzrə öz üzərinə götürdüyü öhdəlik şərtlərinin məcburi icra edilməsini” xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin tələb MPM-in 305.1.17-ci maddəsinin tələblərinə uyğun göstərilməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, qeyd olunan nöqsanlara görə ərizə ərizəçiyə qaytarılmalı, nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququnun olması ərizəçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 150, 152, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Ərizəçi Maraqlı şəxs qarşı “barışıq sazişi üzrə öhdəliklərin məcburi icra edilməsi” haqqında ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra təkrarən, ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Qumru Əliyeva
Məhkəmə qərarları › İş №2(007)-2192/2024
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2192/2024
11.06.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver