Məhkəmə qərarları › İş №2(007)-2270/2023

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2270/2023

15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2270/2023 15.09.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Yusifova Ülkər Bayram qızının sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Xədicə Rəşid qızının katibliyi, Ərizəçi vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” barədə ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxs qismində cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1949-cu il təvəllüdlü X5 22 aprel 2023-cü il tarixdə ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, atası X9 uzun müddətdir ki, müxtəlif xəstəliklərdən əziyyət çəkirdi. 22 aprel 2023-cü il tarixdə həmin xəstəliklər səbəbindən qeydiyyatda olduğu və yaşadığı ünvan 1 ünvanında dünyasını dəyişmişdir. Bununla bağlı Təcili və X3 Stansiyasının briqadası hadisə baş verən ünvana çağırılmış və 22 aprel 2023-cü il tarixli Təcili və X3 Stansiyasının 023 saylı ölüm haqqında xəbərdarlıq vərəqəsi tərtib olunaraq ona verilmişdir. Bundan sonra müvafiq hüquqi prosedur kimi forma № AZS-106-nın (tibbi şəhadətnamənin) alınması üçün nümayəndəsi tərəfindən atasının rəsmi qeydiyyatda olduğu yer üzrə ərazi aidiyyətinə müvafiq olaraq 45 saylı şəhər poliklinikasına müraciət edilmişdir. Poliklinika tərəfindən 184 saylı, xx.xx.2023-cü il tarixli yazılı cavab məktubu verilmişdir. Məktubda göstərilmişdir ki, xx.xx.1949-cu il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə evdə ölmüşdür. Ölümə qədər hər hansı bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatında olmamışdır, ölümünə səbəb olan hər hansı bir diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında tibbi şəhadətnamənin verilməsindən imtina edilmişdir. Bundan sonra ölüm haqqında şəhadətnamə əldə etmək üçün xx.xx.2023-cü il tarixdə Maraqlı şəxsnə nümayəndəsi tərəfindən müraciət edilmişdir. Qeydiyyat Şöbəsi tərəfindən müraciətə yazılı cavab verilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş ''Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 8.4-cü bəndinə əsasən ölüm haqqında məlumat qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Həmin qaydaların 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq qeydiyyat şöbəsində ərizənin təmin edilməsi mümkün deyil. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunur. Göründüyü kimi, atasının ölüm haqqında şəhadətnaməsinin tərəfindən alınması mümkün deyildir. Ölümün qeydə alınması faktının müəyyən edilməsində məqsədi çıxarılacaq qətnamə əsasında müvafiq ölüm haqqında şəhadətnaməni almaqla vərəsəlik hüquqlarının həyata keçirilməsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 31 oktyabr tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.1-ci bəndinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyəti nümayəndəliyində dövlət qeydiyyatına alınır. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq “Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubuna əsasən Rusiya Federasiyasının vətəndaşı xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi sonuncu dəfə ünvan 2 ünvanında qeydiyyata alınmışdır. Məhkəmə iclasında iştirak edən Ərizəçi vəkili və nümayəndəsi Vəkil ərizənin məzmununa uyğun izahat verdi və ərizənin təmin olunması barədə qətnamə qəbul ediməsini xahiş etdi. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməməişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan mülki işin baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak edən şahid X1 ifadəsində bildirmişdir ki, Məmmədov Arif qonşusu idi. xx.xx.2023-cü il tarixdə gecə rəhmətə gedib. Bacısı Zərifə və qardaşı oğlu yanında qalırdı. Əməliyyat olmuşdur, xəstəxanadan gələndən 4-5 gün sonra rəhmətə getdi. Dedilər ki, X10 gələnə kimi artıq ölmüşdür. Yas mərasimində iştirak etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X7 ifadəsində bildirmişdir ki, Məmmədov Arif qonşusu idi. Əməliyyat olmuşdur, xəstəxanadan gələndən sonra evdə rəhmətə getdi. X10 çağırmışdılar, lakin yardım gələnə qədər artıq ölmüşdür. Yas mərasimində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini nəzərə alıb və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - 15 sentyabr 2023-cü il tarixli, 71 nömrəli arayışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə Xətai rayonu, Keşlə qəbiristanlğında dəfn olunmuşdur. - Xİİ-MЮ seriyalı, 828732 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, X4 xx.xx.1991-ci ildə Moskva şəhərində anadan olmuşdur. Atası X9, anası Başmakova Oksana Aleksandrovnadır. - İ-MЮ seriyalı, 620728 nömrəli adın dəyişdirilməsi haqqında şəhadətnamənin notarial qaydada tərcümə olunmuş surətindən görünür ki, X2 adı Ərizəçi dəyişdirilmişdir. - Təcili və X3 Stansiyasının 22 aprel 2023-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, X9 Təcili və X3 gələnə qədər ölmüşdür. - X14 X13 tərəfindən verilən stasionar xəstənin tibb kartasından 0808 nömrəli çıxarışdan görünür ki, X9 xx.xx.2023-cü il tarixdə reanimasiya şöbəsinə “hipertoniya xəstəliyi. ÜİX Proqresiv edən stenokardiya” diaqnozu ilə daxil olub. xx.xx.2023-cü il tarixdə ümumi intubasion narkoz ilə xəstəyə cərahi əməliyyat- “xolesistektomiya” aparılmışdır. - AR Dövlət Miqrasiya Xidmətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Rusiya Federasiyasının vətəndaşı xx.xx.1991-ci il təvəllüdlü Ərizəçi sonuncu dəfə ünvan 2 ünvanında qeydiyyata alınmışdır. - 45 nömrəli Şəhər Poliklinikasının 01 iyun 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.1949-cu il təvəllüdlü X9 xx.xx.2023-cü il tarixdə evdə ölmüşdür. Ölümə qədər hər hansı bir xəstəliklə əlaqədar poliklinikaya müraciət etməmiş və dispanser qeydiyyatda olmamışdır. Ölümünə səbəb olan hər hansı bir diaqnozu təsdiq etmək mümkün olmadığına görə poliklinika tərəfindən ölüm haqqında şəhadətnamənin (№AZS-106) verilməsinə imtina edilmişdir və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. - Maraqlı şəxs 04 iyul 2023-cü il tarixli 3-16-5/7-15-1490/23 nömrəli cavab məktubundan görünür ki, ərizəçinin xx.xx.2023-cü il tarixli ərizəsinə baxılmış və Azərbaycan Respublikası Ailə Məcəlləsinin 193-cü maddəsinin tələblərinə əsasən “Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasının 8.4. bəndinə əsasən ölüm haqqında məlumat Qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyinə ölümün baş verdiyi və ya meyitin tapıldığı vaxtdan on gündən gec olmayaraq verilməlidir. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. X5 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. - Bakı şəhər Təcili və X3 Stansiyasının 25 may 2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 23:13-də “103" xidmətinə Xəzər rayonu, Mərdəkan qəsəbəsi ünvanından Arif Məmmədovun adına “halı pis" səbəbi ilə çağırış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin həkimi Cəmər Həsənova icra edərək, ünvanda X8 (74 yaş) məxsus meyit ilə rastlaşmış, “Həkimə qədər ölüm. Kişi cinsli meyit” diaqnozu qoymuş və Covid-19 virus infeksiyasının aşkarlanması üçün yaxma nümunəsi götürmüşdür. Hadisə barədə 1-ci polis bölməsinə kapitan Abbasova məlumat verilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, Ərizəçi iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə iclasında müəyyən olundu ki, X9 xx.xx.2023-cü il tarixdə Təcili və X3 gələnə qədər ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X5 xx.xx.2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X5 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 22 aprel 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğundan məhkəmə xərci olan dövlət rüsumu iddiaçıya aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1949-cu il tarixdə Bakı şəhərində anadan olmuş X5 22 aprel 2023-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Ülkər Yusifova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar