Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2335/2025 03.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhər Nizami rayon Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Nizami rayonu Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə və iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1928-ci ildə Füzuli rayonunda anadan olmuş X2 xx.xx.1999-cu ildə Bakı şəhərində, Nizami rayonu, Azər Manafov 2 ünvanında vəfat etmə faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, anası X3 xx.xx.2028-ci il tarixində Azərbaycan Respublikası Füzuli rayonunda anadan olmuş, xx.xx.1999-cu ildə vəfat edərək Fizuli rayonu Horadiz şəhər qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda mərhum anası X1 ev qalmış, vərəsəlik yolu ilə həmin evin sənədləşdirilməsi ölüm haqqında şəhadətnamə olmadığı üçün mümkünsüzdür və həmin şəhadətnaməni başqa yolla əldə edilməsi mümkünsüz haldır. Bakı şəhəri Nizami rayonu Qeydiyyat şöbəsi tərəfindən verilmiş 09 aprel 2025-ci il tarixli arayışdan görünür ki, X3 xx.xx.1999-cu ildə Füzuli rayonu Horadiz şəhər Qəbirstanlığında dəfn edilmişdir. İddia ərizəsinə əlavə edilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, o, ünvan 2 ünvanda yaşayır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhəri, Nizami rayonu, Qeydiyyat Şöbəsinin ona verilən xx.xx.2025-ci il tarixli cavab məktubundan görünür ki, aidiyyəti üzrə məhkəməyə müraciət etməlidir. Ərizəyə əlavə edilmiş anasının baş daşının şəklindən də görünür ki, 1928-ci ildə anadan olmuş 1999-cu ildə vəfat etmişdir.
İş materialları:
3. Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-7xx/xx/2025 nömrəli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.
4. Azərbaucan Respublikası Füzuli Rayonu İcra Hakimiyyəti Başçısının Horadiz şəhəri İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışıdan görünür ki, həqiqətən mərhum X4 xx.xx.1999-cu il tarixində Füzuli rayonu Horadiz şəhər Qəbirstanlığında dəfn olunmuşdur.
5. Nizami rayonu Mənzil Kommunal Təsərrüfatı Birliyinin 28 saylı Mənzil Kommunal İstismar Sahəsinin xx.xx.2025-ci il tarixli, 129 nömrəli arayışından görünür ki, vətəndaş Ərizəçi Bakı şəhəri, Nizami rayonu, A.Manafov küçəsi, 2 saylı evdə yaşayır.
6. Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-16-5/8-405/69/25 nömrəli arayışından görünür ki, xx.xx.1928-ci ildə Azərbaycan Respublikası Füzuli kəndində anadan olmuş X2 ölüm haqqında məlumatın müəyyən edilməsi məqsədi ilə “Vətəndaşlıq vəziyyəti aktları” Avtomatlaşdırılmış qeydiyyat İnformasiya Sisteminə xx.xx.2025-ci il ilədək daxil edilmiş bütün vətəndaşlıq vəziyyəti aktları üzrə yoxlama aparılmış və ölüm haqqında akt qeyd aşkar olunmamışdır.
7. İş materiallarına X2 qəbir daşına dair aid bir ədəd foto şəkil əlavə olunmuşdur.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məkhəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, anası 1928-ci ilin yanvar ayının 1-də anadan olmuş, 1999-cu ilin iyul ayının birində vəfat etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhər Nizami rayonundə Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
11. Məhkəmə iclasında dindirilən şahid X6 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. Atası Sabirabadda vəfat etdikdən sonra anası bir il Sabirabadda qalmış və daha sonra Bakıya gəlmişdir. Bakıya gəldikdən sonra 10 ay onunla qalmışdır. 10 aydan sonra isə ərizəçi olan bacısı ilə birlikdə Qara Qarayevdə qalmışdır. Atası 64, anası 73 yaşında vəfat etmişdir. Atası vəfat etdikdən 4 il sonra anası vəfat etmişdir. Həm anasını, həm də atasını Horadizdə dəfn etmişlər. Anasının vəziyyəti bir müddət yaxşı olmamışdır. İnfarkt keçirmiş, 6 gün xəstə qalmış və daha sonra vəfat etmişdir. Yas mərasimini ərizəçinin evində vermişlər.
12. Məhkəmə iclasında dindirilən şahid X8 izahatında bildirmişdir ki, ərizəçi onun bacısıdır. 1992-ci il tarixindən etibarən Bakıda yaşamışdır. Valideynləri isə Sabirabad rayonunda yaşamışlar. Qardaşı da valideynləri ilə birlikdə Sabirabadda qalmış və bir müddət sonra Nardarana köçmüşdür. Atası 1995-ci il tarixində vəfat etmişdir. Bundan sonra anasını öz yanlarına gətirmişlər. Həm onlar da, həm də bacısıgildə qalmışdır. Ölən ərəfələrdə ərizəçi ilə birlikdə qalmışdır. Belə ki, anası 1999-cu il iyul ayının 1-də infarktdan vəfat etmişdir. Öləndər bir gün sonra onu Horadizdə dəfn etmişlər. Təcili yardıma zəng etsələr də, onlar kömək etməmişlər. Onlar da məcbur qalıb arxivə müraciət etmişlər. İndiyə qədər ölüm haqqında şəhadətnamə lazım olmamışdır.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
16. Ərizəçi anası X1 miras qalmış mənzilin vərəsəlik qaydasında miras əmlak olaraq əldə edilməsi üçün anasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.
17. xx.xx.1928-ci il təvəllüdlü X3 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində vəfat etmiş və Füzuli rayon Horadiz şəhər qəbirstanlığında dəfn edilmişdir.
18. X2 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X2 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
20. Məhkəmə qeyd edir ki, xx.xx.1928-ci il təvəllüdlü X2 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, xx.xx.1928-ci il tarixində Füzuli rayonunda anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
24. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
25. Belə ki, Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X2 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1928-ci il tarixində Füzuli rayonunda doğulmuş X2 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
28. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1928-ci il tarixdə Füzuli rayonunda anadan olmuş X2 xx.xx.1999-cu il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva