Məhkəmə qərarları › İş №2(007)-2379/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2379/2024

04.10.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2379/2024 04.10.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi cavabdeh Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1977-ci il təvəllüdlü Lənkəran rayonu, Boladi kəndində anadan olmuş, anası X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi anası X1 xx.xx.2024-cü il tarixdə yaşadıqları evdə vəziyyəti qəflətən pisləşmişdir. Təzyiqi qalxmışdır. Təcili tibbi yardım çağırsalar da, təcili tibbi yardım gecikdiyi üçün anasını özü xəstəxanaya aparmışdır. Lakin anası xəstəxanaya çatmamış yolda vəfat etmişdir. Anası Xəzər rayon Türkan qəbiristanlığında dəfn olunmuşdur. Ölüm haqqında 106 saylı tibbi şəhadətnamə almaq üçün dəfələrlə Bakı şəhəri, Nizami rayonu 32 saylı poliklinikasına müraciət etsə də, anasının xəstəliyi ilə bağlı poliklinikada heç bir məlumatın və onun adına tibbi kartın olmadığı üçün ölüm haqqında tibbi şəhadətnamənin ona verilməsindən imtina olunmuşdur. Ona məhkəməyə müraciət olunmaq məsləhət görülmüşdür. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

İş materialları :

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Həkimə qədər ölüm halını təsdiq edən” xx.xx.2024-cü il tarixli, 22 nömrəli aktdan görünür ki, xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2024-ci il tarixdə, saat 21:10-da həkiməqədər ölüm halı təsdiq edilmişdir.

4. Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən Ərizəçi ünvanlanmış 3-16-5/7-1513-15/24 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı ölüm haqqında tibbi şəhadətnaməsi ilə təsdiq olunmalıdır. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

5. AZE seriyalı, 17024459 nömrəli “şəxsiyyət vəsiqəsi”nin surətindən görünür ki, X2 xx.xx.1977-ci il tarixdə, Lənkəran rayonunda doğulmuşdur.

6. Azərbaycan Respublikası Bakı şəhəri, Sədərək Xeyriyyə Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2024-ci il tarixli 03/24 nömrəli arayışdan görünür ki, 20 iyun 1977-ci ildə Lənkəran rayonu, Boladi kəndində anadan olmuş mərhumə X3 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən, Sədərək Xeyriyyə Cəmiyyətinə məxsus qəbiristanlıqda dəfn edilmişdir.

7. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

8. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

9. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında gəlməmişdir.

10. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri :

11. Məhkəmə iclasında dindirilən Şahid izahatında bildirmişdir ki, X3 onun anasıdır. Anasının ürəyi ilə bağlı problemi var imiş və müalicə alırmış. Anasının vəfat etdiyi gün, xx.xx.2024-cü il tarixdə, evdə anası və o olmuşdur. Səhər saatlarından etibarən anasının halı pisləşmiş, qonşuları ilə birlikdə təcili tibbi yardıma zəng etmiş, təcili tibbi yardım gəldikdə, anasının təzyiqinin yuxarı olduğunu bildirmiş və ona iynə vurmuşlar. İynə vurduqdan sonra anasının halı yaxşılaşmış, təzyiqi normaya düşmüşdür. Daha sonra anası normal, gündəlik həyatdakı vəziyyətinə geri qayıtmış, təxminən axşam saat 19:00 radələrində yemək yedikdən sonra anasının yenidən halı pisləşmiş, boğulmağa başlamışdır. Evdə tək olduğuna görə Şahid adlı qonşularını köməyə çağırmış və təcili tibbi yardıma zəng etmişlər. Təcili tibbi yardım gəlmədiyi üçün, o, ərizəçiyə, yəni qardaşına zəng etmiş, qardaşı dərhal gələrək anasını xəstəxanaya aparsa da, həkimlər anasının xəstəxanaya gətirilənə qədər vəfat etməsini bildirmişlər.

Tətbiq edilən hüquq :

12. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

13. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İşin faktiki halı :

15. xx.xx.1977-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində həkimə qədər ölüm halı təsdiq edilmiş və Bakı şəhəri, Suraxanı rayonu, Türkan qəsəbəsində yerləşən, “Sədərək” Xeyriyyə Cəmiyyətinə məxsus qəbirstanlıqda dəfn edilmişdir.

16. X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.

17. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X1 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.

18. Məhkəmə qeyd edir ki, xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

19. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

20. Belə ki, xx.xx.1977-ci il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.

21. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı müəyyən olunmalıdır.

Nəticə :

22. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1977-cü il təvəllüdlü X1 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

23. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. xx.xx.1977-ci il təvəllüdlü Lənkəran rayonu, Boladi kəndində anadan olmuş X1 xx.xx.2024-ci il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar