Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2419/2025 04.06.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədova Həqiqət Mülazim qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Ləman Faiq qızının katibliyi, Ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızının və Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızının Maraqlı şəxs qarşı “barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : Ərizə və onun əsaslandırıldığı hallar: Ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı Maraqlı şəxs qarşı “barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, mediator X4 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış 02 oktyabr 2023-cü il tarixli barışıq sazişinin aliment hissəsinin təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs Rəlail oğlu ilə 06 oktyabr 2012-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, birgə nikahdan 08 iyul 2013-cü il təvəllüdlü X3 və 14 oktyabr 2015-ci il təvəllüdlü X2 adlı övladları anadan olmuşdur. Aralarında baş vermiş narazılıqlar nəticəsində nikahlarının pozulması ilə bağlı iddia ərizsi ilə məhkəməyə müraciət etmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2023-cü il tarixli, 2(007)-3197/2023 saylı qətnaməsi ilə aralarında olan nikah pozulmuşdur. Ailə mübahisəsinin həlli məqsədi ilə Mediasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatına müraciət etmiş və onun əsasında Təşkilatın mediatoru X4 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında 02 oktyabr 2023-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Mübahisənin həlli istiqamətində tərəflərin qəbul etdiyi şərtlər, həmin şərtlərin yerinə yetirilməsinin üsul və müddətləri: 1) Bu sazişin tərəfləri Ərizəçi və Maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi tərəfindən 06 oktyabr 2012-ci il tarixdə 367 qeydiyyat nömrəsi ilə bağlanan nikahın pozulmasına (ləğv olunmasına) qarşılıqlı şəkildə razılıqlarını təsdiq edirlər və birinci tərəf aidiyyəti məhkəməyə müraciət edəcəyini öz üzərinə götürür. 2) Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 noyabr 2023-cü il tarixindən başlayaraq hər uşağa 110 manat olmaqla birinci tərəf Ərizəçi iki uşağa görə hər ay 220 manat alimentin birinci tərəfin bank kartına köçürülməsi yolu ilə ödənilməsini öhdəsinə götürür. Alimentin məbləği hər ayın iyirminci günü ödəniləcək (hesaba köçürüləcək). 3) Tərəflər razılığı gəlirlər ki, nikahları pozulduqdan sonra hər iki tərəf - Maraqlı şəxs Ərizəçi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 50 saylı 28 aprel 2016-cı il tarixli sərəncamı ilə ayrılmış Nizami rayonu, ünvan 1 ünvanda yerləşən sahəsi 64,8 kv.m., 2 otaqlı, 8 saylı mənzildə bir yerdə yaşayacaqlar. Birgə yaşayacaqları mənzilin istismarı ilə bağlı aylıq kommunal xərcləri (işıq, su və qaz) Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 4) Mübahisənin predmeti ilə bağlı tərəflər bir-birinə qarşı başqa tələblərinin olmadığını və bu mübahisənin məhkəmədənkənar qaydada, qarşılıqlı razılaşma yolu ilə həll olunduğunu təsdiq edir. Bu barışıq sazişinin şərtləri lazımi qaydada və vaxtında icra olunmadığı təqdirdə, tərəflər məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququna malikdirlər. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, Maraqlı şəxs sazişdə göstərilən öhdəliklərini bu günədək icra etməmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, 2022-ci ildə nikahın pozulması barədə ərizə ilə məhkəməyə müraciət etmiş, lakin sonradan barışıq olduğu üçün məhkəməyə ərizə ünvanlamış və ərizə nəzərə alınaraq aralarında olan nikah pozulmamışdır. Bundan sonra 2023-cü ildə nikahın pozulması üçün yenidən məhkəməyə müraciət etmiş, 2024-cü ilin yanvar ayında barışıq ərizəsi verməsinə baxmayaraq məhkəmə tərəfindən nikahın pozulması barədə qətnamə qəbul edilmiş, ərizələri nəzərə alınmamışdır. Onun boşanmadan xəbəri olmamış, qətnamədən qarşı tərəf yenə içdiyi üçün boşanmaq üçün müraciət edən zaman 2024-cü ilin dekabr ayında xəbəri olmuşdur. Ona görə də alimentin 2024-cü ilin dekabr ayından tutulmasını istəyir. Boşanandan sonra qarşı tərəflə eyni evdə yaşamışlar, lakin bu müddət ərzində aralarında olan nikahın pozulmasından məlumatı olmamışdır. Onlar internatda böyüdükləri üçün dövlət onları evlə təmin etmiş, ev Maraqlı şəxs verilmiş, onun da gedəcək yeri olmadığı üçün məcbur həmin evdə qalmışdır. Bu müddət ərzində 2024-cü ilin noyabr ayına kimi qarşı tərəf nə istəyibsə alıb gətirmiş, tərəfindən nə deyilibsə etmişdir. O, alimentlə bağlı məhkəməyə müraciət etmək istəmirdi, ancaq qarşı tərəf onu sıxdığı üçün məhkəməyə müraciət etmişdir. Belə ki, Elnur onu təhqir və tənqid edir ki, 1 ildir onu aldatmış, onun olmamağından istifadə edib ondan ayrılmışdır. Səhər gələndə də dava etdi ki, bir evdə yaşaya-yaşaya aliment tələb edə bilməzsən. Bu pul onun uşaqları üçündür. İndi də bir evdə yaşayırlar, çünki onun gedəcək yeri yoxdur. Hazırda özü işləyir, uşaqlar üçün bazarlığı artıq özü edir. Qeyd olunanlara əsasən, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Maraqlı şəxs bildirdi ki, əvvəl içki içirdi, sonra anası evini satıb pulunu onun üçün vermiş və o da müalicə üçün “Güvən” Reabilitasiya Mərkəzində yatmışdır. O, mərkəzdə olanda hər həftənin bazar günü uşağı və yoldaşı ilə danışırdı. O, 1 il müalicə almış, 19 ayda cəmi 1 dəfə içki içmişdir. O, bu 1 il ərzində evə canını qoymuş, bu il ərzində təkcə kartına göndərdiyi məbləğ 6000 manatdan çox olmuş, bir gün ərzində həyat yoldaşına 180-190 manat pul göndərmişdir. Təkcə qarşı tərəfin saçının qaynağına 1 gün içində 120 manat pul vermişdir. Hələ ev üçün bazarlıq da etmişdir. O, elə gün olub ki, 50 manat vermişdir ki, qarşı tərəf uşaqlara paltar alsın, uşaq gündəlik nə istəyirsə onu alır, bir ana evə, makaron, kartof alırsa o nə bazarlıqdır. Uşaqların ürəyi hər hansı bir şey istəyəndə tərəfindən ərizəçinin kartına pul atılır ki, ərzaqları alıb uşaqlara istədiyi yeməyi bişirsin. Üstəlik 1 il ərzində onu boşadığı halda onunla bir evdə yaşamışdır. O başa düşür ki, ərizəçinin tələb etdiyi aliment məbləği uşaqların puludur, ancaq o, bir evdə yaşayayaşaya aliment verməyəcəkdir. O, ərizəçiyə təklif etmişdir ki, notariusda razılıq versin ki, ev alana kimi qarşı tərəfə 500-600 manata kirayə ev tapsın, ərizəçi də həmin evdə qalsın, o da bu müddətdə onun 500-600 manat kirayə pulunu ödəməyi öz öhdəsinə götürmüşdür. Bundan əlavə evi satmaq istəmiş, lakin sata bilməmiş, birinə 5000 manat pul göndərmiş, həmin pul batmışdır. İndi də işləyir ki, həmin pul məbləğini versin. İşin faktiki halı: Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı və Maraqlı şəxs rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından 08 iyul 2013-cü il təvəllüdlü X3 və 14 oktyabr 2015-ci il təvəllüdlü X2 adlı uşaqları doğulmuşdur. Ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində Bakı 8 saylı Mediasiya təşkilatında xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02038 saylı barışıq sazişi bağlanmışdır. Barışıq sazişinə əsasən 1) Bu sazişin tərəfləri - Ərizəçi və Maraqlı şəxs Quba rayon Qeydiyyat şöbəsi tərəfindən 06 oktyabr 2012-ci il tarixdə 367 qeydiyyat nömrəsi ilə bağlanan nikahın pozulmasına (ləğv olunmasına) qarşılıqlı şəkildə razılıqlarını təsdiq edirlər və birinci tərəf aidiyyəti məhkəməyə müraciət edəcəyini öz üzərinə götürür. 2) Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və 14.10. 2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 20 noyabr 2023-cü il tarixindən başlayaraq hər uşağa 110 manat olmaqla birinci tərəf Ərizəçi iki uşağa görə hər ay 220 manat alimentin birinci tərəfin bank kartına köçürülməsi yolu ilə ödənilməsini öhdəsinə götürür. Alimentin məbləği hər ayın iyirminci günü ödəniləcək (hesaba köçürüləcək). 3) Tərəflər razılığı gəlirlər ki, nikahları pozulduqdan sonra hər iki tərəf Maraqlı şəxs Ərizəçi Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətinin başçısının 50 saylı 28 aprel 2016-cı il tarixli sərəncamı ilə ayrılmış Nizami rayonu, ünvan 1 ünvanda yerləşən sahəsi 64,8 kv.m., 2 otaqlı, 8 saylı mənzildə bir yerdə yaşayacaqlar. Birgə yaşayacaqları mənzilin istismarı ilə bağlı aylıq kommunal xərcləri (işıq, su və qaz) Maraqlı şəxs tərəfindən ödəniləcəkdir. 4) Mübahisənin predmeti ilə bağlı tərəflər bir-birinə qarşı başqa tələblərinin olmadığını və bu mübahisənin məhkəmədənkənar qaydada, qarşılıqlı razılaşma yolu ilə həll olunduğunu təsdiq edir. Bu barışıq sazişinin şərtləri lazımi qaydada və vaxtında icra olunmadığı təqdirdə, tərəflər məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququna malikdirlər. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 15 dekabr 2023cü il tarixli, 2(007)-3197/2023 saylı qətnaməsi ilə tərəflərin aralarında olan nikah pozulmuşdur. Hazırda tərəflərin Barışıq Sazişindən sonra uzun müddət birgə yaşaması və maraqlı şəxs tərəfindən xərclərin çəkilməsi öz təsdiqini tapmış və ərizəçi məhkəmə iclasında verdiyi izahatında alimentin 2024-cü ilin dekabr ayından tutulmasını istədiyini bildirmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını tədqiq edərək qeyd edir ki, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 3.3-cü, 9.3, 34.1-ci, 34.2-ci, 34.3-cü, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17-ci, 355-23.1-ci, 355-26-cı maddələrinin müddəalarına əsasən, ərizə qismən təmin edilməlidir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi MPM-nin 355-26-cı maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3-cü maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Hazırda ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı məhkəməyə ərizə ilə müraciət edərək, Barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Barışıq sazişinin 6-cı və 8-ci bəndlərinə əsasən Sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, saziş imzalandığı gündən Tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə Tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim günü müddətində könüllü icra olunmalıdır. Sazişin könüllü icrasından imtina olunsa, tərəf sazişin məcburi icrası ilə məhkəməyə müraciət edə bilər. Lakin qeyd olunan barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.1.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin aliment hissəsində təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Məhkəmə bildirir ki, Barışıq sazişi üzrə maraqlı şəxsin xx.xx.2023-cü il tarixdən ödəniş etməsi qeyd edilsə də, tərəflərin izahatı ilə maraqlı şəxslə ərizəçinin uzun müddət, eyni evdə yaşaması, 2024-cü ilin dekabr ayına kimi aralarında olan nikahın pozulmasından məlumatlarının olmaması və maraqlı şəxsin uşaqlarına baxmasının öz təsdiqini tapması, ərizəçinin də 2024-cü ilin dekabr ayından alimentin tutulmasını istəməsi və Barışıq sazişinə əsasən alimentin məbləğinin hər ayın iyirminci günü ödənilməli olması nəzərə alınaraq ərizə qismən təmin edilərək alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablanılmalıdır. Məhkəmə hesab edir ki, qətnamə alimentin alınmasına dair hissədə Azərbaycan Respublikası MPM-nin 234.2.1-ci maddəsinə əsasən dərhal icra olunmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməli, Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli MŞB/8/2023-02038 saylı barışıq sazişi təsdiq edilməli, ərizə qalan hissədə təmin edilməməlidir. Məhkəmə xərcləri: AR MPM-nin 119.2-ci və “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci və 9.1.2-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu maraqlı şəxsdən tutularaq ərizəçiyə ödənilməlidir. Nəticə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: Ərizə qismən təmin edilsin. Ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli, MŞB/8/2023-02038 saylı barışıq sazişi aşağıdakı məzmunda təsdiq edilsin: - Maraqlı şəxs Ərizəçi ilə birgə nikahdan olan övladları xx.xx.2013-cü il təvəllüdlü X3 və xx.xx.2015-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün 20 noyabr 2023-cü il tarixindən başlayaraq hər uşağa 110 (bir yüz on) manat olmaqla Birinci tərəf Ərizəçi iki uşağa görə hər ay 220 (iki yüz iyirmi) manat alimentin Birinci tərəfin bank kartına köçürülməsi yolu ilə ödənilməsini öhdəsinə götürür. Alimentin məbləği hər ayın iyirminci günü ödəniləcək (hesaba köçürüləcək). Alimentin ödənilməsi xx.xx.2024-cü il tarixdən hesablanılsın. Ərizə qalan hissədə təmin edilməsin. Ərizəçi Qədirova (Kəramətzadə) Leyla Hüseyn qızı tərəfindən ödənilmiş 100 manat dövlət rüsumu Maraqlı şəxs tutulub ərizəçiyə ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Əhmədova
Məhkəmə qərarları › İş №2(007)-2419/2025
Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2419/2025
04.06.2025 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver