Məhkəmə qərarları › İş №2(007)-2533/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2533/2025

30.07.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2533/2025 30.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Ərizəçi Maraqlı şəxsnə qarşı tələbinə dair mülki iş üzrə (Açar sözlər: “ölüm faktının müəyyən edilməsi” tələbi) Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb:

1. Ərizəçi Maraqlı şəxsnə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə müraciət edərək, mərhum anası xx.xx.1963cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonunda ölüm faktının müəyyən edilməsinə dair qətnamə qət edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar:

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, hazırda ünvan 1 ünvanındakı evdə qeydiyyatdadır və yaşayır. xx.xx.1963-cü il təvəllüdlü mərhum anası X3 “ürək çatışmamazlığı və xərçəng” xəstəliyindən əziyyət çəkirdi və müalicə olunurdu. Bildirir ki, mərhum anası onunla birlikdə ünvan 2 ünvanında yaşayaraq müalicələr alırdı. Anasının xəstəliyi səbəbindən müvəqqəti olaraq Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X13 ünvanındakı bağ evinə gediblər. xx.xx.1963-cü il təvəllüdlü mərhum anası X2 xx.xx.2024-cü il tarixində yaşadıqları ünvanındakı evdə vəziyyəti ağırlaşıb. O, dərhal X15 çağırıb. X15 gələnə kimi anası vəfat edib. X15 həkimi anasının vəfatı barədə arayış verib. Daha sonra həmin arayışla ərazi üzrə 21 saylı Şəhər Poliklinikasına müraciət edərək anasının ölümü barədə həkim tibbi şəhadətnamə istəyib, lakin mərhum anasının ərazi üzrə poliklinikaya xəstəliyi ilə bağlı müraciət etmədiyi üçün anasının ölümü barədə həkim tibbi şəhadətnamə verməyiblər. Bundan sonra Bakı 4 saylı “Asan Xidmət” X6 ölüm haqqında şəhadətnamə verilməsi üçün müraciət edib, lakin ölüm kağızı verməyiblər və imtina ediblər. Ona məhkəməyə müraciət etməli olduğumu bildiriblər. xx.xx.1963-cü il təvəllüdlü mərhum anası X3 xx.xx.2024-cü il tarixində Bakı şəhəri, Sabunçu rayonu, “Seyidlər” Qəbirstanlığında dəfn olunub.

İş materialları:

3. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən Ərizəçi ünvanlandırılmış 3-16-5/8-Q-xx-xx/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edə bilər.

4. Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2025-ci il tarixli 348 saylı arayışından görünür ki, mərhum X4 xx.xx.2024-cü il tarixdə vəfat edib (Qafqaz Müsəlmanlar İdarəsinin məktubu), Maştağa qəsəbəsi, “Seyidlər” qəbiristanlığında dəfn olunub (əsas: məzar daşının fotoşəkili).

5. Azərbacyan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X16 “Bakı Baş Səhiyyə Mərkəzi” X16 21 nömrəli Şəhər Poliklinikasının xx.xx.2025-ci il tarixli 18-1-1-58/2- A-82-xx-xx/2025 saylı məktubundan görünür ki, Maştağa qəsəbəsi, Çiləgər küçəsi, ünvanında yaşamış 1963-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə vəfat etdiyi və poliklinikaya müracəti olmadığı üçün “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması səlahiyyətimiz xaricindədir.

6. Təcili və X7 Stansiyası Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən görünür ki, X15 briqadasının tərkibi xx.xx.2024-cü il saat 21:45-də, çağırış əsasında Maştağa qəsəbəsi, X13 ünvanına gəlmiş, X2 həkiməqədər ölüm halı müəyyən edilmişdir.

7. Məhkəməyə X2 məzar daşını əks etidirən fotoşəkilləri təqdim edilmişdir.

8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, Ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları və şahid ifadələri:

9. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

11. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, mərhum onun xalasıqızıdır. Mərhum xx.xx.2024-cü ildə Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində vəfat edib və Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfn edilib. Mərhumun öldüyünü təsdiq edir. O, yas mərasimində iştirak edib. Mərhum xərçəng xəstəsi idi.

12. Məhkəmə iclasında şahid qismində dindirilən X5 ifadəsində göstəridi ki, ərizəçi onun iş yoldaşı, mərhum isə nənəsi tərəfindən qohumudur. Mərhum xx.xx.2024-cü ildə vəfat edib və Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfn edilib. Mərhumun öldüyünü təsdiq edir. O, yas mərasimində iştirak edib. Mərhum xərçəng xəstəsi idi.

Tətbiq edilən hüquq:

13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi: 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

14. Azərbaycan Respublikası Ailə Məcəlləsi: 158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

16. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli Qərarının: 1.2. Hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.3. Nəzərə alınmalıdır ki, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. 4.8. Ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

18. Belə ki, Ərizəçi anası xx.xx.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuş X3 xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmiş və xx.xx.2024-cü ildə Maştağa qəsəbəsində yerləşən “Seyidlər” qəbiristanlığında dəfn edilmişdir. X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X2 ölməsi faktının məhkəmədən kənar müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz. Məhkəmə qeyd edir ki, xx.xx.1963-cü il təvəllüdlü X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir. Həmin fakt iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

19. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, hüquqi əhəmiyyətli faktların məhkəmə qaydasında müəyyən edilməsi şərtlərinə ərizəçinin müəyyən edilməsini xahiş etdiyi faktların hüquqi əhəmiyyətli faktlar olması və ərizəçi hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi, yaxud həmin faktları təsdiq edən sənədlərin itirilməsi səbəbindən onları bərpa edə bilməməsi daxildir. Ərizəçinin hüquqi əhəmiyyətli faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməməsi dedikdə, isə həmin sənədləri məhkəmədən kənar qaydada almağın mümkün olmaması başa düşülür. Başqa sözlə, müəyyən edilməsi tələb edilən hüquqi əhəmiyyətli faktı təsdiq edən sənədin əldə olunması və ya bərpa edilməsi mümkün olmamalıdır.

20. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun anasının ölüm faktı müəyyən olunmalıdır.

Nəticə:

21. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli, xx.xx.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

22. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir.

23. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. xx.xx.1963-cü ildə Mingəçevir şəhərində anadan olmuş X2 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Qumru Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar