Məhkəmə qərarları › İş №2(007)-2633/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2633/2024

25.09.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2633/2024 25.09.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Rauf Tağı oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyeva Lamiyə Natiq qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs cəlb olunmaqla “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1971-ci il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə evdə olduqları vaxt X1 vəziyyəti pisləşmişdir. Onlar dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi qardaşı rəhmətə getmişdir. X2 Hövsan qəsəbəsi «Zeytun sovxozu qəbirsanlığı»nda dəfn etmişlər. Maraqlı şəxsnə qardaşının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təstiq edən tibbi şəhadətnamənin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu səbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməyin məsləhət görmüşlər. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşir. Bu səbəbdən də məhkəməyə müraciət edir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edib, ərizədə göstərilənlərlə eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X5 ifadəsində bildirdi ki, mərhum X6 onun qardaşıdır. Həkimlərə aparmışlar, bütün orqanlarını yoxlatdırmışlar. Amma xəstəlik ürəyində imiş. Onlar isə ürəyini yoxlatdırmamışdılar. 52 yaşında vəfat etmişdir, keçən il infarktdan vəfat edib. Təzyiqi də həmişə 200 ölçüdə olurdu. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X8 ifadəsində bildirdi ki, mərhum X6 onun atasıdır. Atası ürək xəstəsi olub. Dəfnində iştirak etmişdir. Yas mərasimlərində də iştirak etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X7 ifadəsində bildirdi ki, mərhum onun həm qonşusu, həm də qohumu olub. O, həm mərhumun dəfnində, həm də yas mərasimlərində iştirak etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadəsini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1975-ci il tarixdə Gədəbəy rayonunda anadan olmuşdur, ünvan 1 ünvanında qeydiyyatdadır. - BŞT və TTTYS-nin 2 saylı Bölməsinin xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, ünvan 2 ünvanında yaşayan X6 həmin tarixdə ölmüşdür. Ölümün ilkin səbəbi “həkimə qədər ölüm” kimi qeyd edilmişdir. - Maraqlı şəxs xx.xx.2024-cü il tarixli 3-16-5/7-1781-15/24 nömrəli cavab məktubundan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydasının 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənədin olmamasını nəzərə alaraq, qeydiyyat şöbəsində ərizəçinin ərizəsinin təmin edilməsi mümkün deyil. X3 ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə olunur. - Bakı şəhəri Suraxanı rayonu Hövsan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 205 nömrəli arayışından görünür ki, X6 xx.xx.2024-cü ildə vəfat etmişdir və Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Zeytun sovxozu qəbiristanlığında dəfn olunmuşdur. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1971-ci il tarixdə Tovuz rayonu, Qoşabulaq kəndində anadan olmuşdur. - xx.xx.2024-cü il tarixli ödəniş qəbzindən görünür ki, Ərizəçi məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Şəxsiyyət vəsiqəsi məlumatlarından görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatdadır. 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6.-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir 4.8-ci bəndinə əsasən, ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi, X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1971-ci il tarixdə Tovuz rayonu, Qoşabulaq kəndində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərclərinə aid olan ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin olunsun. xx.xx.1971-ci il tarixdə Tovuz rayonu, Qoşabulaq kəndində anadan olmuş X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi barədə hüquqi fakt müəyyən edilsin. Qətnamə ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Məhkəmə xərclərinə aid olan ödənilmiş 100 manat dövlət rüsumu Ərizəçi aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya qaydasında şikayət verilmədikdə qətnamə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Rauf Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar