Məhkəmə qərarları › İş №2(007)-2811/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-2811/2024

26.08.2024 · Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2811/2024 26.08.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizəsinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi : İddia tələbi :

1. Ərizəçi Maraqlı şəxs qarşı “mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən mediator X7 tərəfindən keçirilmiş mediasiya sessiyasında Maraqlı şəxs ilə Ərizəçi arasında bağlanmış xx.xx.2024-cü il tarixli aliment hissəsində barışıq sazişinin təsdiq edilərək, 08 oktyabr 2007-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 235 manat olmaqla aliment pulunun tutulması və ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, o, Maraqlı şəxs ilə 01 iyun 2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuşlar. Birgə nikahdan 2 övladı var. X5 30 yanvar 2006-cı ildə və X8 08 oktyabr 2007-ci ildə anadan olmuşlar. Aralarında şəxsi və ailə münasibətləri pozulduğuna görə nikahın pozulması və sair mübahisənin həlli məqsədi ilə Mediyasiya Şurasının Bakı 8 saylı Mediasiya Təşkilatına etdiyi müraciət əsasında Təşkilatın mediatoru X7 vasitəsi ilə Maraqlı şəxs ilə onun arasında xx.xx.2024-cü il tarixli Barışıq Sazişi bağlanmışdır. Həmin barışıq sazişinə əsasən:

1. Birinci tərəf: Ərizəçi bu sazişi imzalamaqla ikinci tərəf: həyat yoldaşı Maraqlı şəxs ilə Babək rayonu Nehrəm kənd ƏD üzrə nümayəndəliyində nikahın bağlanması haqqında akt qeydləri kitabında xx.xx.2005-ci il tarixli, 26 nömrəli qeydi ilə bağlanmış nikahın pozulmasına (ləğv edilməsinə) razıdırlar.

2. Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2006-cı il təvəllüdlü X3 və 08.10 2007-ci il təvəllüdlü X4 birinci tərəf (ananın) Ərizəçi yanında (himayəsində) qalmalarına razıdır.

3. Birinci tərəf: Ərizəçi ikinci tərəf Maraqlı şəxs ilə birgə nikah münasibətlərindən dünyaya gələn övladları xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün ikinci tərəf Maraqlı şəxs birinci tərəf Ərizəçi qızma 01 mart 2024-cü il tarixdən etibarən hər nöbəti ayın 10-na kimi 235 AZN məbləğində aliment pulu ödəyəcəyi ilə bağlı öz üzərinə götürdüyü öhdəliklə razıdır. Bu vəsaitin ikinci tərəfə təqdim edəcəyi ona məxsus olan bank hesabına (kartına) ödəniləcəyi ilə razıdır.

4. Birinci tərəf: Ərizəçi bu sazişi imzaladıqdan sonra ikinci tərəf Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin) Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, (stansiya Qala, yeni yaşayış massivi ünvanında) 2,5 ha torpaq sahəsində inşa edilən, 1 (bir) mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 110 kv.m olan, fərdi yaşayış evinin yalnız onun iştirakı ilə 60000 AZN qiymətinə 3 ay ərzində satışını birgə təşkil edərək, bu satışda əldə olunacaq pul vəsaitin 2/1 (yarasını) hissəsini (satış günü) ona ödəyəcəyinə dair ikinci tərəfin öz üzərinə götürdüyü öhdəliklə razıdır. Birinci tərəf Ərizəçi ikinci tərəf Maraqlı şəxs mənzilin satışı ilə bağlı ondan gizili beh almayacağı barədə öz üzərinə götürdüyü öhdəliklə razıdır.

5. Birinci tərəf: Ərizəçi bu mübahisənin məhkəmədən kənar qaydada həll olunduğunu təsdiq edir və ikinci tərəfə qarşı digər tələbinin olmadığını təsdiq edir. İkinci tərəf bu sazişin 3 və 4-cü bəndlərində öz üzərinə götürdüyü öhdəliklərini pozduqda aidiyyəti məhkəməyə müraciət etmək (sazişi təsdiq etdirmək) hüququnu öz üzərində saxlayır. Birinci tərəf nikahın pozulması hissəsində aidiyyəti məhkəməyə müraciət edəcəyinə dair öhdəlik götürür. Tərəflər arasında qeyd edilən şərtlərlə barışıq sazişinin imzalanmasına baxmayaraq, X2 3 və 4-cü bəndlərində göstərilən öhdəliklərini bu günədək icra etməmişdir.

İş materialları :

3. Bakı 8 saylı Mediasiya təşkilatının MŞB/8/2024-00306 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinə əsasən müəyyən olunur ki, tərəflər Ərizəçi və Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə bağlanmış 26 nömrəli nikahın pozulmasına, birgə nikahdan olan xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2007-ci il təvəllüdlü X4 anası Ərizəçi himayəsinə verilməsi barədə razılığa gəlmişlər və Maraqlı şəxs birgə nikahdan dünyaya gəlmiş xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Ərizəçi xx.xx.2024-cü il tarixdən etibarən hər növbəti ayın 1-dən 10-na kimi 235 manat məbləğində aliment pulunu Ərizəçi təqdim edəcəyi bank hesabına (kartına) ödəyəcəyinə dair və Ərizəçi bu sazişi imzaladıqdan sonra ikinci tərəf Maraqlı şəxs birgə nikah dövründə əldə etdikləri daşınmaz əmlak (torpaq sahəsi və fərdi yaşayış evinin) Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, (stansiya Qala, yeni yaşayış massivi ünvanında) 2.5 ha torpaq sahəsində inşa edilən, 1 (bir) mərtəbəli, 5 otaqlı, ümumi sahəsi 110 kv.m olan, fərdi yaşayış evinin yalnız onun iştirakı ilə 60000 AZN qiymətinə 3 ay ərzində satışını birgə təşkil edərək, bu satışda əldə olunacaq pul vəsaitin 2/1 (yarasını) hissəsini (satış günü) ona ödəyəcəyini öhdəsinə götürmüşdür.

4. AZ-İİ seriyalı, 161159 nömrəli “doğum haqqında şəhadətnamə”nin surətindən görünür ki, X8 xx.xx.2007-ci ildə anadan olmuşdur, atası Maraqlı şəxs və anası Ərizəçidır.

Tərəflərin izahatları :

5. Məhkəmə iclasında Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək əlavə olaraq bildirmişdir ki, Maraqlı şəxs barışıq sazişinə əsasən mart ayından aliment ödəməyi öhdəsinə götürməsinə baxmayaraq aliment ödəniş etməmişdir. Belə ki, ona kart hesabı verilməsinə baxmayaraq bildirmişdir ki, məhkəmə tərəfindən kart hesabı verildikdən sonra ödəniş edəcəkdir. Bu səbəbdən hazırki ərizə ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərin nəzərə alınaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etmişdir.

6. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş Maraqlı şəxs məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.

7. Məhkəmə iclasında Maraqlı şəxs ilə whatsapp sosial tətbiq vasitəsilə telefon əlaqəsi saxlanılmışdır. O, barışıq sazişi ilə razı olduğunu, lakin ona bank hesabı təqdim edilmədiyi üçün ödəniş edə bilmədiyini bildirmişdir.

Tətbiq edilən hüquq :

8. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :

14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 234.2.1. Şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. 305.1.17. məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. 355-25.3. Məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. 355-26.1. Məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. 355-26.2. Barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun.

9. Azərbaycan Respublikası Ailə Məcəlləsi:

75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar. 75.2. Uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. 75.5. Aliment ödənilməsi barədə valideynlər arasında saziş olmadıqda, valideynlər (onlardan biri) uşaqları saxlamadıqda və məhkəməyə bu barədə iddia verilmədikdə müvafiq icra hakimiyyəti orqanı yetkinlik yaşına çatmayan uşaqlar üçün aliment tutulması barədə valideynlərə (onlardan birinə) qarşı iddia qaldırmaq hüququna malikdir.

10. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanunu:

3.3. Bu Qanunun 3.1-ci maddəsində nəzərdə tutulan mübahisələr mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunduqda belə mübahisələr üzrə mediasiya keçirilə bilməz. Həmin hallar aşkar edildikdə mediator (mediasiya təşkilatı), tərəflər və ya onlardan biri həmin mübahisələr üzrə mediasiya prosesindən imtina edirlər. 26.1. Ailə münasibətlərindən irəli gələn aşağıdakı mübahisələr bu Qanuna uyğun olaraq mediasiya vasitəsilə həll oluna bilər: 26.1.1. nikahın davam etdirilməsi şərtləri; 26.1.2. valideynlik hüquq və vəzifələrinin həyata keçirilməsi qaydası; 26.1.3. uşağın yaşayış yerinin müəyyən edilməsi; 26.1.4. uşağın və əmək qabiliyyəti olmayan digər ailə üzvlərinin saxlanılması qaydası; 26.1.5. ailə münasibətlərindən irəli gələn digər mübahisələr. 33.3. Barışıq sazişi qanuna və bu Qanunun 3.3-cü maddəsinin birinci cümləsinin müddəalarına zidd olmamalıdır. 34.1. Barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.2. Barışıq sazişinin könüllü icrasından boyun qaçırma Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq barışıq sazişində müəyyən olunan məsuliyyətə səbəb olur. 34.3. Əgər barışıq sazişinin könüllü icrasından imtina olunsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. 34.4. Barışıq sazişi məcburi icra edilməsi üçün məhkəmə tərəfindən müvafiq qaydada təsdiq olunur (bu Qanunun 34.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla). 34.5. Barışıq sazişi bu Qanunun 33.3-cü maddəsinə zidd olduqda, onun təsdiq edilməsindən imtina olunur.

11. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunu “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” 27 iyul 2016-cı il tarixli qərarı : Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76.2 və 78.2-ci maddələrinə, bu qərarda formalaşmış hüquqi mövqeyə uyğun olaraq, hər iki tərəfin maddi və ailə vəziyyəti və diqqətəlayiq digər hallarla yanaşı, uşağın əvvəlki təminatının səviyyəsinə də qiymət verməlidir. Həmin qərarın 1-ci bəndində göstərilən hallara qiymət verərkən məhkəmə həmçinin nəzərə almalıdır ki, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.

12. “Uşaq Hüquqları haqqında” Qanun :

5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanunun 19-cu maddəsinin 1-ci bəndinə əsasən uşağın maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir.

İşin faktiki halı :

13. Məhkəmə tərəfindən işin araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi və Maraqlı şəxs xx.xx.2005-ci il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2006-cı il təvəllüdlü X5 və 08.10 2007-ci il təvəllüdlü X8 doğulmuşdur.

14. Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində MŞB/8/2024- 00306 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişi bağlanmışdır. Barışıq sazişinin 3-cü bəndinə əsasən Maraqlı şəxs 01 mart 2024-cü il tarixdən başlayaraq 235 manat məbləğində aliment ödəməyi öhdəsinə götürmüşdür.

15. Maraqlı şəxs qeyd edilən barışıq sazişinin şərtlərini yerinə yetirmədiyindən Ərizəçi 23 fevral 2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin təsdiq edilərək, xx.xx.2007-ci il təvəllüdlü X1 üçün Maraqlı şəxs hər ay 235 manat alimentin Ərizəçi xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Məhkəmənin mövqeyi :

16. Məhkəmə iş materiallarını tədqiq edərək, işdə olan sübutları qiymətləndirərək və tərəflərin izahatlarını dinləyərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

17. Belə ki, ailə qanunvericiliyə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar və uşaqlarını saxlamağın qayda və formasını valideynlər müstəqil müəyyən edirlər. Mediasiya haqqında qanunvericiliyə əsasən isə ailə münasibətlərindən irəli gələn mübahisələr, o cümlədən uşağın saxlanılması qaydası mediasiya vasitəsilə həll oluna bilər. Valideynlər mediasiya prosesində barışıq sazişi bağlamaqla alimentin miqdarını və ödənilmə qaydasını müəyyən edə bilərlər.

18. Mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişi könüllü şəkildə icra edilmədikdə və barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd deyildirsə, mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanılmamışdırsa, məhkəmə qaydasında təsdiq edilə bilər.

19. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Maraqlı şəxs mediasiya prosesi nəticəsində bağlanmış MŞB/8/2024-00306 nömrəli xx.xx.2024-cü il tarixli barışıq sazişinin alimentə dair hissəsinin şərtlərini qanunla müəyyən edilmiş müddətdə yerinə yetirməmişdir.

20. Məhkəmə qeyd edir ki, sözügedən MŞB/8/2024-00306 nömrəli xx.xx.2024-cü il tarixli mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin alimentə dair hissəsi qanuna zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunmur.

21. Sadalanan xüsusatlara əsasən məhkəmə qeyd edir ki, Ərizəçi Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə hazırki ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır.

Nəticə :

22. Beləliklə məhkəmə qeyd edir ki, ərizə təmin edilməli, Ərizəçi ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2024-cü il tarixli, MŞB/8/2024- 00306 saylı barışıq sazişi alimentə dair hissəsində təsdiq edilməlidir.

23. Məhkəmə qeyd edir ki, Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülməlidir.

24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 355-23-355-26, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət Etdi :

Ərizə təmin edilsin. Ərizəçi və Maraqlı şəxs arasında Bakı 8 saylı Mediasiya Təşkilatında bağlanmış MŞB/8/2024-00306 saylı, xx.xx.2024-cü il tarixli barışıq sazişi alimentə dair hissədə aşağıdakı məzmunda təsdiq edilsin: “Maraqlı şəxs bəyan edir ki, xx.xx.2007-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanması üçün 235 manat aliment ödəməyə razıdır və həmin məbləği mart ayından başlayaraq hər ayın 1-dən 10-dək Ərizəçi adına olan bank hesabına ödəniş etməyi öz üzərinə öhdəlik götürür”. Alimentin tutulması xx.xx.2024-cü il tarixdən hesablansın. Qətnamə dərhal icra edilsin. Maraqlı şəxs 100 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə köçürülsün. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar