Məhkəmə qərarları › İş №2(007)-2851/2025

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qərardad — İş №2(007)-2851/2025

18.07.2025 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(007)-2851/2025 18.07.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi ilə, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı “əmlakın geri alınması” tələbinə dair iddia ərizəsinin məhkəmənin icraatına qəbul edilməsinin mümkünlüyünə məhkəmənin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi :

1. İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı “əmlakın geri alınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 106 C ünvanında Cənnət Mərasim evinin binasında yerləşən ambarda saxlanılan və iddiaçı hüquqi şəxsə məxsus olan 350 ədəd "Neo Line” compact markalı su təmizləyici hər birinin dəyəri 202 manat; 107 ədəd "Neo Line” Smart markalı su təmizləyici hər birinin dəyəri 231 manat; 83 ədəd "Neo Line” Premium markalı su təmizləyici hər birinin dəyəri 431 manat və 350 ədəd duş üçün filter hər birinin dəyəri 8 manat avadanlıqların cəmi: 133.990 manat dəyərində olan su təmizləyici avadanlıqların cavadehlər X1 və Cavabdeh1 alınaraq "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinə qaytarılması barəsində bu mümkün olmadığı təqdirdə həmin malların dəyəri oları 133.990 manat vasitinin cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçı "X5” Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar :

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Babək prospekti 106C ünvanında yerləşən "Cənnət" Mərasim evinin binasında yerləşən ambarda müvvəqqəti saxlanılmasına verilmiş iddiaçı "X5" MMC-yə məxsus satış üçün Türkiyyə Cümhuriyyətindən gətirilmiş ümumi dəyəri 133.990 manat dəyərində olan 350 ədəd "Neo Line" compact markalı su təmizləyici hər birinin dəyəri 202 manat; 107 ədəd "Neo Line" Smart markalı su təmizləyici hər birinin dəyəri 231 manat; 83 ədəd "Neo Line" Premium markalı su təmzləyici hər birinin dəyəri 431 manat və 350 ədəd duş üçün filter hər birinin dəyəri 8 manat su təmizləyici avadanlıqları "X5" MMC-ə qaytarmağı imtina etmişdirlər. Həmin avadanlıqların cavabdehlərə məxsus olan obyektdə olmasını təsdiq edən və hal- hazırda cavadehlərdə olmasını təsdiq edən audio və video yazılar iddia ərizəsinə əlavə edilir. Həmin əmlakların bu günə gömrük dəyəri toplam olaraq 133.990 manat təşkil edir.

Tətbiq edilən hüquq :

3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin :

1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. 32.3. hakimin özü də mübahisənin məhkəməyə aidiyyəti olmamasını aşkara çıxara bilər. 32.5. Aidiyyət haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır : 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa.

4. “Dövlət rüsumu haqqında” Qanun :

5.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda dövlət büdcəsindən qismən və ya tamamilə qaytarılır: 5.1.2. ərizələr (şikayətlər) qaytarıldıqda və ya ərizə baxılmamış saxlanıldıqda, habelə notariat əməliyyatlarının icrasından imtina edildikdə.

5. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarı.

Məhkəmənin mövqeyi :

6. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qeyd edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlər ilə birlikdə geri qaytarılmalıdır.

7. Belə ki, mülki prosessual qanunvericiliyə əsasən sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. Qüvvədə olan qanunvericiliyə əsasən məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur.

8. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 Sentyabr 2020-ci il tarixli Qərarında qeyd edilir ki, O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir.

9. “Elektron məhkəmə informasiya sistemi”ndən əldə edilən sorğu məlumatından görünür ki, iddiaçı və cavabdehlər Cavabdeh1 vı ŞirməmmədovNüsrət Rəhim oğlu sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. İşin məhkəmə tərəfindən araşdırılan hallarından görünür ki, iddiaçı sahibkarlıq fəaliyyəti həyata keçirmək məqsədi ilə cavabdehlər ilə şifahi saxlama müqaviləsi bağlamışdır.

10. Məhkəmə qeyd edir ki, işin məhkəmə tərəfindən tədqiq edilən hallarından görünür ki, tərəflər arasında yaranmış hazırki mübahisə müqavilə münasibətlərindən irəli gələn mahiyyət etibarı ilə iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki mübahisəyə tətbiq edilən maddi hüquq normaları sahibkarlıq fəaliyyətini tənzimləyən normalara aid olduğundan hazırki iddiaya ümumi məhkəmədə baxıla bilməz.

11. Bu səbəbdən, mülki prossesual qanunvericiliyə əsasən əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Belə ki, ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulmasına yol verilmir.

Nəticə :

12. Beləliklə, məhkəmə qeyd edir ki, İddiaçı MMC cavabdehlər Cavabdeh1 və X2 qarşı qaldırılmış iddia müqavilə münasibətlərindən irəli gələn iqtisadi məzmunlu mübahisə olduğundan və hazırki iddiaya ümumi məhkəmədə baxıla bilmədiyindən iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır.

13. Həmçinin məhkəmə qeyd edir ki, hazırki mülki iş materiallarına əlavə edilmiş 424 (dörd yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu (Ödəyici:”X5” MMC,VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:14221105; tarix:xx.xx.2025, saat:09:18:09) dövlət büdcəsindən iddiaçıya geri qaytarılmalıdır.

14. İddiaçıya hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir.

15. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 31-32, 263-264, 267-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara Aldı:

İddiaçı MMC-nin cavabdehlər Cavabdeh1 və X2 qarşı “əmlakın geri alınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ödənilmiş 424 (dörd yüz iyirmi dörd) manat məbləğində dövlət rüsumu (Ödəyici:”X5” MMC, VÖEN:**********; qəbzin nömrəsi:**********; büdcə təsnifat kodu:14221105; tarix:xx.xx.2025, saat:09:18:09) dövlət büdcəsindən iddiaçıya geri qaytarılsın. İddiaçıya hazırki iddia tələbi ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmək hüququ izah edilməlidir. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Elektron məhkəmə informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə şikayət verilə bilər.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar