Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-2859/2025 29.09.2025 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Teymurov Ayaz Yunus oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :
1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.1957-ci il təvəllüdlü atası X1 xx.xx.2014-cü il tarixdə vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Ərizənin əsaslandırıldığı hallar :
2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1957-ci il təvəllüdlü atası X4 uzun sürən xəstəlikdən sonra xx.xx.2014-cü il tarixdə vəfat etmişdir. Evə çağırılmış Təcili və X6 Stansiyasının ölüm haqqında Xəbərdarlıq vərəqəsində qeyd olunmuşdur kı, Nizamı rayonu, E.Süleymanov küç, ev 114, mənzil 43 ünvanında xx.xx.2014-cü il tarixdə saat 14:10-da X1 meyiti aşkarlanmışdır. Ərazi üzrə poliklinikaya tibbi şəhadətnamənin alınması üçün müraciət edilmiş, lakin almaq mümkün olmamışdır. Tibbi şəhadətnamənin olmaması səbəbindən 4 saylı Bakı “ASAN xidmət" X5 ölüm faktını qeydə alınmasından imtina etmişdir. Belə olduğu halda məhkəməyə müraciət etmək məcburiyyətindədir.
İş materialları :
3. 07AD33932 nömrəli pasportun surətindən görünür ki, İsmayılov Namiq xx.xx.1957-ci il tarixində doğulmuşdur.
4. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur.
5. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” PHŞ “Bakı Baş Səhiyyə Mərkəzi” PHŞ 26 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, xx.xx.2014-cü il tarixində 6 saylı TTTYS tərəfindən verilmiş məlumata əsasən ünvan 1 ünvanında xx.xx.1957-ci il təvəllüdlü X4 vəfat etmişdir. Vəfat etmiş şəxsin 26 nömrəli şəhər Poliklinikasına xəstəliyi ilə əlaqədar müraciət etmədiyinə və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim etmədiyinə görə Azəbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının 31 yanvar 2018-ci il tarixli 05 nömrəli qərarına müvafiq olaraq poliklinika tərəfindən 106 nömrəli ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.
6. xx.xx.2014-cü il tarixli Bakı şəhəri Təcili və X6 Stansiyası sahə həkimi üçün xəbərdarlıq vərəqəsinin əslindən görünür ki, xx.xx.2014-cü il tarixində E.Süleymanov küçəsi, ev 114, mənzil 43 ünvanına çağırış zamanı ünvanda X1 meyiti aşkar edilmişdir.
7. Azərbaycan Respublikası Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti Başçısının Bakıxanov qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəsinin aktından görünür ki, xx.xx.2014-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda X4 dəfn edilmişdir.
8. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, ərizəçi tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
Tərəflərin izahatları :
9. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhər Nizami rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid ifadələri :
11. Məhkəmə iclasında şahid qismində dindirilən X3 izahatında bildirmişdir ki, ərizəçi onun qardaşıdır. Atası kəskin leykoz xəstəliyindən əziyyət çəkmişdir. Noyabr ayının 9-u günorta saat 13:00-14:00 radələrində atası rəhmətə getmişdir. Rəhmətə gedərkən o yanında olmuşdur. Rəhmətə getməmişdən bir müddət əvvəl Gürcüstana getmişdir. Razin qəbiristanlığında dəfn edilmişdir. Yas mərasimini isə burada vermişlər. Onlar atasını özəl xəstəxanalara aparmış, müxtəlif yerlərdə müalicələr etdirmiş, dövlət xəstəxanasında isə qeydiyyata alınmamışdır. Onlar ölüm haqqında şəhadətnamə almaq üçün bura müraciət etdikdə, atası Gürcüstan vətəndaşı olduğundan Gürcüstana müraciət etməli olduqları bildirilmişdir. Gürcüstanda isə şəxsin rəhmətə getdiyi yer üzrə müraciət edilməli olduğu bildirilmişdir. Müxtəlif sənədləşmə işlərində problem yaranır. Buna görə də, məhkəməyə müraciət etmişlər.
12. Məhkəmə iclasında şahid qismində dindirilən X2 ifadəsində bildirmişdir ki, ərizəçi onun oğludur. Mərhum əri qan xərçəngindən əziyyət çəkmişdir. Uzun müddət müalicə almamışdır. 5-6 ay idi xəstəliyi var idi. Bakıxanov qəbiristanlığında dəfn olunmuşdur. Rəhmətə gedərkən yanında ailə üzvləri olmuşdur.
Tətbiq edilən hüquq :
13. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi :
14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.
107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;
308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
14. Azərbaycan Respublikası Ailə Məcəlləsi :
218.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.
193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür.
15. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.
İşin faktiki halı :
16. Ərizəçi tərəfindən müxtəlif sənədləşmə işləri aparılarkən ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət edilmişdir.
17. xx.xx.1957-ci il tarixdə Dmanisidə anadan olmuş X4 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində vəfat etmiş və Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi ərazisində yerləşən Şəhriyar adına qəbirstanlıqda dəfn edilmişdir.
18. X1 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.
19. X1 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.
20. Məhkəmə qeyd edir ki, xx.xx.1957-cı il tarixdə Dmanisidə anadan olmuş X1 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.
Məhkəmənin mövqeyi :
21. Məhkəmə ərizəçinin izahatını və şahid ifadəsini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.
22. Belə ki, xx.xx.1957-cı il tarixdə Dmanisidə anadan olmuş X1 xx.xx.2014-cü il tarixdə vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadəsi ilə öz təsdiqini tapmışdır.
23. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.
24. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.
25. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X5 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölümü təsdiq edən sənəd olmadığından, qeydiyyat şöbəsində öülmün qeydə alınması mümkün deyildir. Ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə olunmuşdur. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.
26. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun atasının ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.
Nəticə :
27. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1957-ci il tarixdə Dmanisidə anadan olmuş X1 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.
28. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.
29. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə
Qət Etdi :
Ərizə təmin edilsin. xx.xx.1957-ci il tarixdə Dmanisidə anadan olmuş X1 xx.xx.2014-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Ərizəçi tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Hakim Starə Əliyeva