Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3097/2023 19.10.2023 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Qumru Yəhya qızının sədrliyi, Kərimli Aygül Əfqan qızıın katibliyi, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi MMC-nin Maraqlı şəxs qarşı “barışıq sazişinin təsdiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında xx.xx.2023cü il tarixdə Bakı şəhəri 18 saylı Mediasiya Təşkilatında MŞB/18/2023-00517 sayla bağlanmış Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında Bakı 18 saylı Mediasiya Təşkilatında MŞB/18/2023-00517 saylı xx.xx.2023-cü il tarixli Barışıq Sazişi imzalanmışdır. Barışıq Sazişin predmeti ondan ibarət olmuşdur ki, Maraqlı şəxs Ərizəçi MMC-yə 9871,20 manat məbləğində borclu olmasını etiraf edir və 2023-cü ilin may ayının 20-dən 30-dək hər ay 800 manat olmaqla, 12 ay ərzində həmin borcu hissə-hissə ödəməyi üzərinə götürür. Borcun ödənilməsi 2024-cü ilin iyul ayında başa çatmalı idi, Maraqlı şəxs ardıcıl olaraq 3 ay ərzində davamlı şəkildə borcunu ödəmədiyi halda ərizəçi mediasiya sazişinin təsdiq edilməsi ilə bağlı məhkəməyə müraciət edə bilər. Sazişin predmetindən göründüyü kimi maraqlı şəxs 2023-cü ilin may ayının 20-dən etibarən hər ay ödəniş etməli olduğu halda bu günə kimi ödəniş etməmiş, Barışıq Sazişin 2-ci bəndinin tələblərini pozmuşdur. Maraqlı şəxs aralarında bağlanmış Barışıq Sazişin tələbinə əməl etmədiyinə görə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq Barışıq Sazişin təsdiq edilməsi üçün məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmir. Ərizəni müdafiə edirəm, işə iştirakı olmadan baxılaraq Barışıq Sazişinin təsdiq edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Maraqlı şəxs ərizənin təmin edilməsinə etiraz etmədi. Məhkəmə maraqlı şəxsin izahatını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun: 34.1-ci maddəsinə əsasən barışıq sazişi, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən tərəflər üçün məcburi xarakter daşıyır. Barışıq sazişində tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə barışıq sazişi imzalandığı gündən 10 gün müddətində könüllü şəkildə icra olunmalıdır. 34.3-cü maddəsinə əsasən əgər barışıq sazişinin könüllü icrasından imtina olunarsa, tərəf (o cümlədən məhkəmə baxışında olan işlər üzrə tərəf) barışıq sazişinin məcburi icrası üçün məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM-nin): 305.1.17-ci maddəsinə müvafiq olaraq, məhkəmə xüsusi icraat qaydasında “mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında” işə baxır. 355-23.1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində xx.xx.2023-cü il tarixli barışıq sazişi bağlanmış və barışıq sazişi əsasında tərəflər razılaşmışlar ki, İİ Tərəf "xxxx" MMC-yə 9871.20 azn borcun olmasını etiraf edir. İİ Tərəf həmin borcun cari ayın may ayının 20-dən 30-dək başlayaraq, hər ay ən azı 800 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi üzrərinə götürür. Borcun ödənilməsinin son tarixi güzəştli müddət daxil olmaqla 2024-cü ilin iyul ayı müəyyən edilir. İİ Tərəf ardıcıl olaraq 3 ay ərzində davamlı şəkildə borcu ödəmədikdə İ Tərəf hazırki sazişin məcburi icrası üçün məhkəməyə müraciət etməyə hüquq verir. Tam mediasiya xərcini İ Tərəf (100 manat) və İİ Tərəf (100 manat) bərabər şəkildə ödəyir. Barışıq Sazişinin 6-cı bəndində qeyd edilmişdir ki, əgər sazişdə ayrı şərt nəzərdə tutulmayıbsa, imzalandığı gündən saziş tərəflər üçün məcburi xarakter daşıyır. Sazişdə tərəflər arasında ayrı müddət müəyyən edilməyibsə tam imzalandığı gündən 10 təqvim gün müddətində könüllü icra olunmalıdır. Lakin barışıq sazişinin şərtləri maraqlı şəxs tərəfindən qanunla müəyyən edilmiş müddət ərzində icra edilməmişdir. Hazırda ərizəçi xx.xx.2023-cü il tarixli barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə qəbul olunmasını xahiş edir. Məhkəmə ilk öncə qeyd edir ki, sözügedən xx.xx.2023-cü il tarixli barışıq sazişi MPMnin 355-26 maddəsinə və “Mediasiya haqqında” AR Qanununun 3.3 maddəsinə zidd deyildir və mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanmamışdır. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, ərizəçi Maraqlı şəxs Azərbaycan Respublikası Azərbaycan Respublikası MPM-nin 305.17-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsi barədə mövcud ərizə ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Beləliklə məhkəmə hesab edir ki, ərizə təmin edilməli, Ərizəçi MMC ilə Maraqlı şəxs arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi təsdiq edilməlidir. "Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Məhkəmə hesab edir ki, ərizəçi tərəfindən mediasiya xidmətinə görə 100 manat məbləğində pulun ödənilməsi səbəbindən tərəflər iddia ərizəsinin verilməsi üçün ödəməli olduğu dövlət rüsumundan azad edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi MMC (İ Tərəf) ilə Maraqlı şəxs (İİ Tərəf) arasında mediasiya prosesi nəticəsində bağanmış xx.xx.2023-cü il tarixli barışıq sazişi aşağıdakı şərtlərlə təsdiq edilsin:
1. İİ Tərəf "xxxx" MMC-yə 9871,20 azn borcun olmasını etiraf edir;
2. İİ Tərəf həmin borcun cari ayın may ayının 20-dən 30-dək başlayaraq, hər ay ən azı 800 manat olmaqla 12 ay ərzində hissə-hissə ödəməyi üzrərinə götürür;
3. Borcun ödənilməsinin son tarixi güzəştli müddət daxil olmaqla 2024-cü ilin iyul ayı müəyyən edilir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nizami Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Qumru Əliyeva