Məhkəmə qərarları › İş №2(007)-3239/2024

Bakı Şəhəri Nizami Rayon Məhkəməsi Qətnamə — İş №2(007)-3239/2024

22.11.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Ölümün qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(007)-3239/2024 22.11.2024 BAKI ŞƏHƏRİ NİZAMİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyeva Starə Vidadil qızının sədrliyi, Məhkəmə iclas katibi Nağıyeva Əfsanə Fərhad qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı olan “ölüm faktının müəyyən edilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə aşağıdakı qətnaməni qəbul etdi. Tələb :

1. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə Bakı şəhəri Nizami rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən ərizəni təmin edib, xx.xx.1949-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

Ərizənin əsaslandırıldığı hallar :

2. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə evdə olduqları vaxt X1 vəziyyəti pisləşmişdir. O, dərhal Təcili Yardıma zəng vurmuş, lakin Təcili Yardım gələnə kimi atası rəhmətə getmişdir. X2 Şüvəlan qəbirstanlığında dəfn etmişlər. Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinə atasının ölüm şəhadətnaməsinin alınması ilə müraciət etmişdir. Lakin müvafiq orqan ölüm faktını təsdiq edən tibbi şəhadətnaməsinin olmaması səbəbindən onun müraciəti təmin olunmamışdır. Bu sbəbdən ölüm faktının müəyyən edilməsi üçün aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. X1 ölümünü təsdiq edən şəhadətnamə olmadığından sənədləşmə işlərində problemlərlə üzləşirlər. Bu səbəbdən də məhkəməyə müraciət etmişdir.

İş materialları :

3. Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik hüquqi şəxsi “Bakı Baş Səhiyyə Mərkəzi” publik hüquqi şəxsi 46 nömrəli şəhər poliklinikası tərəfindən verilmiş 23 sentyabr 2024-cü il tarixli arayışdan görünür ki, xx.xx.2024-cü il tarixində 10 saylı TTYS tərəfindən verilmiş məlumata əsasən Bakı şəhəri, Nizami rayonu, Sabir 16 ünvanında qeydiyyatda olmuş, xx.xx.1949-cü il təvəllüdlü X6 vəfat etmişdir. Vəfat etmiş şəxsin 46 saylı şəhər poliklinikasında tibbi qeydiyyatı, ambulator kitabçası olmadığına və ölümünə səbəb olacaq xəstəlik haqqında heç bir tibbi sənəd təqdim edilmədiyinə görə ölümü haqqında tibbi şəhadətnamə verilməsi mümkün olmamışdır.

4. Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-23xxxx/2024 saylı, xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən olunur. Ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir.

5. AZE seriyalı, 01232178 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1949-cu il tarixində Bakı şəhərində doğulmuşdur.

6. xx.xx.2024-cü il tarixli “Təcili və X9 Stansiyası Xəbərdarlıq vərəqəsi”ndən görünür ki, təcili tibbi yardım briqadasının tərkibi xx.xx.2024-ci il tarixdə, saat 14:15-də çağırış əsasında ünvan 2 ünvanına gəlmiş, X3 həkiməqədər ölüm halı müəyyən edilmişdir.

7. Azərbaycan Respublikası Bakı şəhəri Xəzər rayonu Şüvəlan Bələdiyyəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 177 nömrəli arayışa əsasən müəyyən edilir ki, X6 xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Şüvəlan qəristanlığında dəfn olunmuşdur.

8. Təcili və X9 Stansiyasının xx.xx.2024-cü il tarixli, “ölüm haqqında xəbərdarlıq vərəqəsi”ndən görünür ki, X6 barəsində həkimə qədər ölüm faktı müəyyən edilmişdir.

9. xx.xx.2024-cü il tarixli, ********** nömrəli mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət etmək üçün 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.

Tərəflərin izahatları :

10. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasında gəlməmişdir. Məhkəmə maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Şahid ifadələri :

12. Məhkəmə iclasında şahid qismində dindirilən X5 izahatında bildirmişdir ki, mərhum şəxs onun həyat yoldaşıdır. Onlar 10 sentyabr 2024-cü il tarixində bağ evindən şəhər evlərinə köçmüşlər. Mərhum demişdir ki, o, şəhər evinə köçmək istəmir. Bağ evi onun üçün rahatdır. Bağ havası ona düşür. Mərhuma nə qədər desələrdəki, həkimə get o getməkdən imtina etmişdir. Vəfat etdiyi günün səhərisi oğluna zəng edib bildirmişdi ki, “halım yaxşı deyil, 18 sentyabrda məni həkimə apar”. Elə oldu ki, 17 sentyabr 2024-cü il tarixində axşam saatlarında elə bağ evində vəfat etdi. Oğlu ona zəng edib bildirdi ki, atası vəfat edib, o, tez yan bağ qonşuları olan baldızına zəng edərək xəbər vermişdir. O, bağ evinə gedəndə iki qonşusu, baldızı, onun uşaqları da orada olmuşdur. Mərhum Mərdəkanda dəfn edilmişdir.

13. Məhkəmə iclasında dindirilən şahid X7 izahatında bildirmişdir ki, vəfat edən şəxs onun qardaşıdır. Mərhum qardaşı 17 sentyabr 2024-cü il tarixində bağda rəhmətə getmişdir. Bağ evi Şağanda yerləşir. Mərhum qardaşının bir neçə müddət idi ki, halı yaxşı deyildi. Mərhum qardaşına həkimə getməsini bildirsələr də, getməkdən imtina etmişdir. Vəfat etdiyi günün səhərisi yaxşı olmadığını, ərizəçiyə onu həkimə aparmasını bildirmişdir. Vəfat etdiyi zaman bağda onun yanında olmamış, ərizəçi ona zəng edib, qardaşının vəfat etməsini bildirmişdir. Ona axşam tərəfi məlumat verilmişdir. X14 ağanın dəfn edildiyi yerdə dəfn edilmişdir. Rəhmətə getdikdən sonra bağa qonşuları, onun oğlu, qızı gəlmişdilər.

Tətbiq edilən hüquq :

14. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi : 14.2. məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

77. hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları sübut etməlidir.

107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1. məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.8. müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının;

308. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1. Ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.

311. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

15. Azərbaycan Respublikası Ailə Məcəlləsi :

158.2. Doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. 164.4. Vətəndaşlıq vəziyyəti aktının qeyd olunduğu haqqında ərizə verən şəxslərə müvafiq şəhadətnamə verilir. 164.5. Vətəndaşlıq vəziyyəti akt qeydi “Elektron məhkəmə” informasiya sistemindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülmüş məhkəmə qətnaməsindən çıxarışa əsasən aparıldıqda, akt qeydi üzrə şəhadətnamə və ya arayış barəsində akt qeydi tərtib edilmiş şəxs müraciət etdikdə verilir.

193. Ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. 194.2. Ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal hakim tərəfindən gücləndirilmiş elektron imza ilə təsdiqlənərək “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülür. 195.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

16. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, 31 oktyabr 2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”nın 8.5-ci bəndi: Ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm faktını təsdiq edən sənəd ölüm haqqında akt qeydlərinin ikinci nüsxəsinə əlavə olunmalı və onun üzərində qeydlərin nömrəsi, ölümün qeydiyyat tarixi yazılmalıdır. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir.

İşin faktiki halı :

17. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, Ərizəçi müxtəlif sənədləşmə işləri apararkən ondan atasının ölüm haqqında şəhadətnaməsi tələb olunduğuna görə məhkəməyə müraciət etmişdir.

18. xx.xx.1949-cü il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi ünvanında təcili tibbi yardım gələnədək vəfat etmiş və Şüvəlan qəbiristanlığında dəfn edilmişdir.

19. X3 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı) olmadığı üçün Maraqlı şəxs tərəfindən ölüm barədə akt qeydinin aparılmasından imtina edilmişdir.

20. İşin məhkəmə tərəfindən araşdırılan halları ilə müəyyən edilmişdir ki, X3 ölməsi faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi mümkün deyil və ərizəçi həmin faktı təsdiq edən sənədi başqa qaydada ala bilməz.

21. Məhkəmə qeyd edir ki, xx.xx.1949-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsinə dair hüquqi əhəmiyyətli fakt müəyyən edilməlidir.

Məhkəmənin mövqeyi :

22. Məhkəmə ərizəçinin izahatını və şahid ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək, eyni zamanda işdə olan sübutları qiymətləndirərək qeyd edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir.

23. Belə ki, xx.xx.1949-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktı, iş materialları, ərizəçinin izahatı, şahid ifadələri ilə öz təsdiqini tapmışdır.

24. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, qərarının 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biri-birindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur.

25. Mülki işin materiallarından da görünür ki, Ərizəçi qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm faktını təsdiq edən ölüm haqqında tibbi şəhadətnamə olmaması səbəbindən ölüm haqqında akt qeydinin aparılması mümkün olmamışdır.

26. Belə ki, Nizami rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 3-16-5/8-23xx-xx/2024 saylı xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, X3 ölüm faktını təsdiq edən sənəd təqdim edilmədiyindən ölüm akt qeydinin aparılmasından imtina edilmiş və ölüm faktını müəyyən etmək üçün məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. Buna görə də ərizəçi mövcud ərizə ilə məhkəməyə müraciət etmişdir.

27. Hazırkı halda ölüm faktının məhkəmədən kənar qaydada müəyyən edilməsi və ərizəçinin həmin faktı təsdiq edən sənədi başqa qaydada alması mümkün olmadığından ərizəçi haqlı olaraq məhkəməyə müraciət etmiş və onun oğlunun ölüm faktı məhkəmə qaydasında müəyyən olunmalıdır.

Nəticə :

28. Beləliklə, məhkəmə qanunvericiliyin tələblərinə əsasən iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək qeyd edir ki, ərizə təmin edilməli və xx.xx.1949-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilməlidir.

29. Məhkəmə qeyd edir ki, ərizənin verilməsinə görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçinin özünə aid edilməlidir.

30. Belə olan halda, məhkəmə qeyd edir ki, iddiaçının ödəməkdən azad edildiyi məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir.

31. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 358-360 və 362-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Qət Etdi :

Ərizə təmin edilsin. xx.xx.1949-cü il təvəllüdlü X3 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamə ölüm barədə akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Nizami Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim Starə Əliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar